Məhkəmə qərarları › İş №2(027)-527/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-527/2023

13.03.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-527/2023 13.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X3, İddiaçı, Cavabdeh Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa və əmək haqqı tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı Quba Rayon X14 Məktəbinin həmin məktəbdə kitabxana müdiri vəzifəsindən azad olunması barədə olan 10 mart 2022-ci il tarixli əmrin ləğv edilməsi, öz əvvəlki “kitabxana müdiri” vəzifəsinə bərpa olunması və məcburi proqulda qaldığı günlərin əmək haqqısının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlayıb, xx.xx.1997-ci il tarixdə cavabdeh təşkilatda təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən isə cavabdeh təşkilatdan təsərrüfat müdiri vəzifəsindən azad edilərək kitabxana müdiri vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə təhsil şöbəsinin 170N- 1İ məktubuna əsasən işdən azad edilmişdir. Onun işdən azad edildiyi barədə əmrini qanunsuz və ədalətsiz hesab edir, barəsində olan əmrin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. X14 məktəbində kitabxana müdiri, həyat yoldaşı isə məktəbin direktoru təyin olunduqdan sonra X14 məktəbində təsərrüfat müdiri vəzifəsində çalışıb, həyat yoldaşı məktəbə direktor təyin edildikdən sonra maddi məsul vəzifədən imtina edib ərizə ilə kitabxana vəzifəsinə keçib. O Quba Rayonu X14 məktəbində kitabxana müdiri vəzifəsində çalışmış, işinin öhdəsindən gəlmiş və məktəbin rəhbərliyi tərəfindən cəza almamışdır. Təngəaltı kənd məktəbində kitabxana müdiri vəzifəsi maddi məsul vəzifə deyil, kitabxanada yalnız kitablardır və həmin vəzifədə çalışıb hər hansı korrupsiya halı baş verməsi qeyri-mümkündür və “Korrupsiyaya qarşı Mübarizə haqqında Azərbaycan Respublikası Qanunu”nun 7.1-ci maddəsinin onun X14 məktəbində kitabxana müdiri, həyat yoldaşı isə məktəbin direktoru işləməsi və onun həmin əsasa görə işdən azad edilməyi üçün əsas ola bilməz. Quba Rayon Təhsil Şöbəsinin 10 mart 2022-ci il tarixli məktubu ilə X14 Məktəbinin direktoruna onun işdən azad edilməyi barədə gəstəriş verməsi qanunsuz bir göstərişdir və məktəbin direktorunun da ondan heç bir izahat almadan xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə ziddir. O, Təngəaltı məktəbində kitabxana müdiri işlədiyi xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan müddətdə məktəb rəhbərliyi tərəfindən heç bir cəza almamışdır. O, 2015-ci ildən X14 Məktəbində kitabxanaçı vəzifəsində 7 ilə yaxın müddət çalışıb və işdən azad olunduqdan sonra həyat yoldaşı da X14 məktəbinin direktoru vəzifəsindən azad edilib. O, qanunsuz olaraq işdən azad edilib, ona görə də öz əvvəlki işinə bərpa olunmasını xahiş edir. Bu günə kimi işdən azad olunmağı barədə əmrin surəti verilməyib, əmək kitabçasını 2022-ci ilin noyabr ayının əvvəllərində ona təqdim ediblər, işdən azad olunmağı barədə məlumatı rəsmi bilinən kimi mediasiya şurasına müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, ərizəsinin məzmununa uyğun izahat verərək,yoldaşı tərəfindən işdən çıxarıldığı üçün münasibətləri pisləşdiyi və nikahının da pozulduğunu bildirmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin nümayəndəsi X10 iddia tələbini qəbul etməmiş və yazılı etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı işdən azad olunduğu vaxtda o Təngəaltı kənd tam orta məktəbində coğrafiya müəllimi işləmiş, onun məktəbin idarəetmə strukturunda, həmçinin ictimai təşkilatlarda heç bir vəzifəsi olmamışdır. O məktəbə xx.xx.2022-ci il tarixində direktor əvəzi təyin olunmuşdur. Kitabxanaçı İddiaçı işdən çıxması sabiq direktor X1 işlədiyi dövrə təsadüf edir. Odur ki, bu prosesdə onun heç bir iştirakı olmamışdır. Əlavə olaraq həmin vəzifəyə işçi təyin olunduğunu və hazırda kitabxana müdiri vəzifəsində əməkdaşın işlədiyini bildirmişdir. Məhkəmə iddiaçını və cavabdehin izahatlarını dinləyib, iş materialını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə əmək fəaliyyətinə başlamış, xx.xx.1997-ci il tarixdə cavabdeh təşkilatda “təsərrüfat işləri üzrə direktor müavini” vəzifəsinə təyin olunmuş, xx.xx.2015-ci il tarixdən isə cavabdeh təşkilatdan təsərrüfat müdiri vəzifəsindən azad edilərək “kitabxana müdiri” vəzifəsinə təyin olunmuş və xx.xx.2022-ci il tarixdə təhsil şöbəsinin 170 N-li məktubuna əsasən işdən azad edilmişdir. İş materiallarında olan Quba Rayon Təhsil Şöbəsi özünün 10 mart 2022-ci il tarixli 170 nömrəli Cavabdeh direktoru X2 ünvanlanmış məktubunda qeyd olunur ki, rəhbərlik etdiyi təhsil müəssisəsində həyat yoldaşı İddiaçı “kitabxana müdiri” vəzifəsində çalışmasına “Korrupsiyaya qarşı ımübarizə haqqında” Azərbaycan Respublikası qanununun 7.1-ci maddəsinə əsasən vəzifəli şəxslərin yaxın qohumları seçkili vəzifələr və qanunvericilikdə nəzərdə tutulmuş digər hallar istisna olmaqla bilavasitə onun tabeçiliyində olan heç bir vəzifə tuta bilmədiklərindən 30 gün müddətində vəzifədən azad edilməsi və nəticəsi barədə Quba Rayon Təhsil Şöbəsinə rəsmi məlumat verilməsi xahiş edilmişdir. Cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin direktoru imzası və məktəbin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 27 nömrəli əmrdən çıxarışdan göründüyü kimi, Təngəaltı kənd tam orta məktəbinin kitabxanaçısı İddiaçı öz ərizəsilə xx.xx.2022-ci il tarixdən işdən azad edilməsi və son əmək haqqının hesablanması əmr edilmişdir. İş materiallarına əlavə olunan AZ-İ 406923 seriya və nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, tərəflərin xx.xx.2022-ci il tarixli birgə ərizəsilə X4 ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 49 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Quba-Xaçmaz Regional Təhsil idarəsinin xx.xx.2022-ci il tarixli, K-132 nömrəli vəzifənin həvalə olunması barədə əmrin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci bəndinə əsasən, Quba rayonu R.Cəbrayılov adına Təngəaltı kənd tam orta məktəbin direktoru vəzifəsi 27 oktyabr 2022-ci il tarixdən həmin məktəbin coğrafiya müəllimi X9 həvalə edilməsi və ona boş vəzifə maaşının 50 faizinin ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan X8 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ38/1/00197 saylı arayışına əsasən, məlum olur ki, İddiaçı əmək müqaviləsinin bərpa edilməsi üçün mediasiyaya müraciət etmiş, lakin “Rizvan Cəbrayılov adına Cavabdeh”nin nümayəndəsi X8 iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələridir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 70—ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 1997-ci ildə əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən iddiaçı təsərrüfat işləri üzrə direktor müavini üzrə işə qəbul olunmuşdur. Tərəflər arasında bağlanılmış əmək müqvailəsinə xitam verilməsinə dair işəgötürən tərəfindən iki əmr –27 № li xx.xx.2022-ci il tarixli və 27 № li xx.xx.2022ci il tarixli əmrlər çıxarılmışdır. Həmin əmrlərdən birində işçi ilə əmək müqvailəsinə xitam verilməsinin əsası kimi işçinin öz ərizəsi, digərində isə əmək kitabçasında qeyd olunmaqla Təhsil şöbəsinin 170 nömrəli məktubuna əsasən işdən azad edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, işçi ilə əmək müqaviləsinə Əmək qanunvericiliyində qeyd edilmiş əsaslardan yalnız bir ilə xitam verilə bilər. İndiki halda isə işçi ilə əmək müqvailəsinə iki ayrı əsasla xitam verilməsi halı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqvailəsinə xitam verilməsi ilə bağlı 27 N-il xx.xx.2022-ci il tarixli əmrdə xitamın əsası kimi Təhsil şöbəsinin 170 nömrəli məktubuna əsasən qeyd edildiyi halda, əmək müqaviləsinin xitam olunmasına dair 27 N-il xx.xx.2022-ci il tarixli tarixli əmrin məzmununda isə xitamın əsası kimi “öz ərizəsinə əsasən” qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəf qeyd edilən əmək müqaviləsinə xitam verilməsi barədə iki ayrı əsasla əmrin mövcudluğu ilə bağlı ziddiyətli halın aradan qaldırılmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Həmçinin, həmin əmrlərdə digərinin qüvvədən düşməsinə dair qeyd aşkar edilməmişdir. Deməli işçi ilə əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürən tərəfindən qəbul edilmiş iki ayrı əsasa istinad edilmiş qüvvədə olan fərqli tarixli iki əmr mövcuddur. Qeyd edilən hallar isə Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə ziddir. Həmçinin məhkəmə araşdırması zamanı işçinin öz ərizəsi əsasında əmək müqvailəsinə xitam verilməsi ilə bağlı işçi qismində çıxış edən ididaçı tərəfindən yazılmış və imzalanmış belə bir məzmunlu ərizənin olması halı aşkar edilməmişdir. Cavabdeh tərəf də belə bir ərizənin olmadığını qəbul etmişdir. Bu halda, məhkəmə hesab edir ki, işçi ilə bağlanılmış əmək müqvailəsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi ilə xitam verilməsinə dair işəgötürən tərəfindən qəbul edilmiş 27 № li əmr xx.xx.2022-ci il tarixli əmr əsassız olmuşdur. Həmçinin, məhkəmə Təhsil şöbəsinin 170 nömrəli məktubuna əsasən işdən azad olunma əsası ilə bağlı qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinin xitam verilməsi əsaslarının seçməsinə dair işəgötürənin hər hansı hüququnun (vəzifəsinin) olması və ya işçinin belə bir hüququnun (vəzifəsinin) olmasına dair heç bir norma mövcud deyildir. Eyni zamanda əmək müqaviləsinin xitamı əsaslarının hər biri əmək qanunvericiliyində ayrı-ayrılıqda və dəqiq şəkildə tənzim olunmuş və yalnız həmin əsaslardan yalnız biri ilə əmək müqaviləsinin xitam edilməsinin mümkünlüyü imperativ normadır. İşəgötürənin əmək müqaviləsinin xitamı üçün əsas olan bir halın işəgötürən tərəfindən öz iradəsi əsasında başqa əsasla əvəz edilməsi halı da qanunvericilikdə qeyd edilməmiş, habelə qeyd edilən hal özlüyündə əmək qanunvericiliyin norma və prinsiplərinə ziddir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 9,16,69,76-cu maddəsinin tələbi pozulduğundan, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi əsaslı olmaqla, təmin olunmaılıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsində (peşəsində) işləmiş İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə həmin məktəbin 27 nömrəli 10 mart 2022-ci il və 30 aprel 2022ci il tarixli əmrləri ləğv edilməli, İddiaçı Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsinə (peşəsinə) bərpa edilməli və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki mülki iş üzrə ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsində (peşəsində) işləmiş İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə həmin məktəbin 27 nömrəli 10 mart 2022-ci il və 27 nömrəli 30 aprel 2022-ci il tarixli əmrləri ləğv edilsin. İddiaçı Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbinin kitabxana müdiri vəzifəsinə (peşəsinə) bərpa edilsin və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İş üzrə ödənilməli olan 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh Quba rayonu “Rizvan Cəbrayılov adına” Təngəaltı kənd tam orta məktəbindən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar