Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-529/2021 11.02.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və alimentin təyin edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx.xx.2016-cı il tarixli nikahıb bağlanması haqqında akt qeydləri kitabında 628 nömrə ilə qeyd olunmuş nikahın pozulması, birgə nikahdan xx.xx.2017-ci ildə anadan olmuş uşaqları X1 üçün cavabdeh X2 hər ay 180 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi, 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun və hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından – xx.xx.2017-ci ildə X5 anadan olmuşdur. Ailə qurduqdan bir müddət sonra cavabdeh ona qarşı soyuqluq nümayiş etdirməyə başlamışdır. Bir müddət keçdikdən sonra bu münasibət təhqir və haqsız tənbehlərə çevrilmişdir. Cavabdehin psixoloji durumu, öz ailə üzvlərinə, yaxın keçmişdə atasına qarşı nalayiq söyüşlər ifadə etməsi, valideynlərini və onu öldürəcəyi ilə hədələri onda stress yaradıb. Nəticə də, xx.xx.2019-cu il tarixdən faktiki olaraq ayrı yaşayırlar. Məhkəmə həmçinin tərəflərin ailə münasibətlərinin bərpa edilməsinə kömək etmək məqsədi ilə işə baxılmasını 3 (üç) ay müddətinə təxirə salmış, lakin tərəflər bu müddət ərzində barışmamış, məhkəmə iclasına gəlmiş tərəflər nikahın pozulmasına təkid etmişlər. İddiaçı məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, nikahın pozulmasını, uşaqların onun yanında saxlanılmasını və nikah pozulduqdan sonra uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iddianı qismən qəbul edərək, heç yerdə işləmədiyini, məhkəmədən aliment hissəsində qərar qəbul edilərkən nəzərə alınmasıı xahiş etdi. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş “Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, tərəflər arasında xx.xx.2016-cı il tarixdə nikahları bağlanmış və nikah Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 628 nömrəli akt qeyd ilə qeyd edilmişdir. İş materiallarında əlavə edilmiş Quba rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, tərəflərin birgə nikahlarından – xx.xx.2017-ci il təvəllüdlü X5 anadan olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşağın yaşını, anasına daha çox bağlı olduğunu, iddiaçının uşağın onun yanında qalmasını tələb etdiyini nəzərə alıb hesab edir ki, nikahın pozulmasından sonra uşaq iddiaçının (ananın) himayəsində qalmalıdır. Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşağın saxlanması üçün aliment ödəməyə borcludur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdehin əmlak vəziyyəti, o cümlədən qazancının məbləği barədə məlumat olmadan alimentin miqdarı uşaq üçün 180 manat məbləğində müəyyən edilə bilməz. İddiaçının uşaqların onun yanında qalmasını tələb etdiyini və onların saxlanmasında çətinlik çəkəcəyini nəzərə alınaraq, aliment uşaq üçün hər ay 140 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Uşaq hüquqları haqqında Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, uşaq üçün hər ay 140 manat məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Bundan başqa, İddiaçı hüquqi xidmətə görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq ona verilməsini tələb etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də, iddia həmin hissə də təmin edilməməlidir. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddian qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-ci il tarixdə Quba rayon Qeydiyyat Şöbəsi tərəfindən həmin tarixli 628 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 adlı uşağı anası İddiaçı himayəsində qalsın. Nikahın pozulmasından sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixindən başlayaraq hər ay uşağa görə 140 (bir yüz qırx) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-529/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-529/2021
11.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver