Məhkəmə qərarları › İş №2(027)-542/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-542/2024

08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-542/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus yuxarıda qeyd edilmiş 3.000 manat dəyərində qızıl-zinət məmulatlarının və mobil telefonun özünü, əgər bunlar yoxdursa, onların pul şəkilində manat dəyərinin, 50 manat dövlət rüsumunun və 50 manat medıasiya ilə bağlı xidmət haqqının, həmçinin ona vurulmuş mənəvi ziyana görə təzminat qaydasında 5.000 (beş min) manat məbləğdə kompensasiyanın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin yanvar ayında sosial şəbəkədə Quba rayon sakini Cavabdeh ilə tanış olmuş. Bir müddət onunla telefon vasitəsilə danışmış və yazışmalar aparmış və onunla ailə həyatı qurmağı təklif etmişditdib. Ona elçi gəlmələrini təklif edib, lakin Nurəddin atasının elçi gəlmədiyini əsas tutaraq, onunla birgə getməyini təklif edib. O bu təklifə razılığını verib. Bundan sonra, 19 fevral 2023-cü il tarixdə, saat 03-04 radələrində Nurəddin mənə zəng vurub və küçəyə çıxmağını xahiş edib. O şəxsiyyət vəsiqəsini və “Redmi Note-9” markalı telefonunu götürüb küçəyə çıxıb. Burada onu Nurəddin və Göyçay rayonunun Alpout kəndində yaşayan ögey xalası Fərqanənin əri kimi təqdim etdiyi Həsən adlı şəx qarşılamışlar. Tanımadığı taksi sürücüsünün maşınına əyləşib ögey xalası yaşayan Göyçay rayonunun Alpout kəndinə gəlmişdir. Bu barədə o valideynlərinə məlumat verməmişdir. Bu hadisədən xəbər tutan atası X8 DİN-nin “102” qaynar xəttinə zəng vuraraq bu barədə məlumar verdikdən sonra, onu, atasını və Nurəddini Kürdəmir rayon Polis Şöbəsinə dəvət ediblər və izahatlarını almışlar. Bundan sonra valideynlərinin razılığı əsasında əsasında öz xoşuyla Nurəddinlə birgə getdiyi və şikayətçi oimamağı barədə Kürdəmir RPŞ-nə ərizə vermişdir. xx.xx.2023-cü il tarixdə Nurəddinlə birgə onun yaşadığı Quba rayonunun Paşaoba kəndinə gəlmiş, onun ailəsi ilə tanış olmuş, onlar onu normal qəbul etmişlər. Burada 2 ay yaşadıqdan sonra, 24 aprel 2023-cü il tarixdə adət-ənənəyə uyğun olaraq toyları olmuşdur. Toya qədər onun valideynləri Nurəddinə 280 manat dəyərində qızıl üzük hədiyyə etmiş, ona isə 3.000 manat dəyərində qızıl-zinət əşyaları verilmişdir. Nurəddinlə onun valideynlərinə məxsus evdə ər-arvad kimi yaşadığı 71 gün ərzində əvvəllər münasibətləri normal olmuş, sonradan isə münasibətlərdə gərginlik yaranmışdır. Belə ki, Nurəddin başqa qızlarla yazışmağa başlamış, evə gec gəlib, mütamadi olaraq spirtli içki qəbul etmiş və onu döymüşdür. Şəxsiyyət vəsiqəsi və mobil telefonu qaçırılan zaman ondan alınmışdır. Göyçay rayonunun Alpout kəndində yaşayan ögey xalasında saxlandığından nikah müqaviləsinin bağlanmasını bəhanə gətirilərək Nurəddın tərəfindən uzadılmışdır və baş verən hadisələr barədə valideynlərində əlaqə saxlaya bilməmişdir. 05 iyul 2023-cü il tarixdə valideynlərinin yaşadığı Kürdəmir rayonunun Qarabucaq qəsəbəsinə qonaq çağrılmağıyla əlaqədar Nurəddin onu həmin məkana gətirib və gecəni bu qəsəbədə yaşayan ögey anasının qohumları evində keçirib. Bundan sonra Nurəddin ona bildirib ki, 3-4 günə qayıdıb onu Qubaya aparacaq və özü Qubaya qayıtmışdır. Keçən 1 ay ərzində Nurəddin onunla heç bir əlaqə saxlamamış, onu daha axtarmayacağını və onunla yaşamayacağını demişdir. Bundan sonra Nurəddin tərəfindən qaçırılmağı, 18 yaşı tamam olmadığı halda, aldadılaraq onu valideynlərinə təhvil verməsi və daha onunla yaşamayacağını, ona məxsus şəxsiyyət vəsiqəni, mobil telefonunu və qızıllarının Nurəddində saxlanılması barədə Quba Rayon Polis Şöbəsinə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edib. Ərizənin araşdırılması Quba RPŞnin TB-nin təhqiqatçısı X1 həvalə olunub və o baş verənlər barədə onun izahatı alınıb. Bundan sonra tələbi əsasında 21 avqust 2023-cü il tarixdə təhqiqatçı ona “cinayət içinin rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı təqdim edib. Həmin Qərarla tanış olduqdan sonra ona məlum olub ki, bu məsələni araşdıran təhqiqatçı Mübariz Zəkəryəyev bilavasitə və dolayı yolla işin nəticəsi ilə maraqlı olmuş, araşdırmada öz obyektivliyini itirmiş və nəticədə birtərəfli mövqedən çıxış edərək təqsirkar Cavabdeh vəkilinə çevrilmişdir. Bundan sonra Nurəddin ona qarşı olan qanunsuz hərəkətləri barədə həm Quba rayon və həm də Kürdəmir rayon Prokurorluğuna şikayətəri nəticəsiz qalmışdır. Artıq 5 aydır ki, valideynlərinə məxsus Kürdəmir rayonunun Qarabucaq qəsəbəsində yaşayır, cavabdehlə aralarındakı bütün münasibətlərə son qoyulmuş və onunla birgə təsərrüfat aparmır və bundan sonra onunla ər-arvad kimi yaşamaq istəmir. Lakin, keçən 5 ay ərzində cavabdehdə saxlanılan və ona mənsub sahiblik hüququ olan mobil telefonun və 3000 manat dəyərində olan qızıl-zinət əşyalarının ona qaytarılmasını dəfələrlə cavabdehdən tələb etmişdir. Buna baxmayaraq cavabdeh bu tələbin icrasından tam imtina etdiyindən həmin əşyaların məhkəmə qaydasında əldə olunmasına qərar verib. Bu məqsədlə əvvəlcə Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etmiş və ilkin Mediasiya sesiyasında iştirak etmək üçün cavabdeh xx.xx.2023-cü il tarixdə saat 11:00-da sesiyada iştirak etmək üçün dəvət olunmuşdur. Sesiya günü cavabdehlə telefon əlaqəsi saxlanılmış, o bu sesiyada iştirak etməkdən imtina etmişdir. Bundan sonra Mediasiya sesiyasında iştirak edilməməsi barədə ona xx.xx.2023-cü il tarixli arayış təqdim olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, o lombard mütəxəssisinin qızıllara verdiyi qiymətlə razılaşmır, belə ki, iddia ərizəsində qeyd edilən qiymətə həmin qızılların alınıb ona verilməsini tələb edir. Qızılların dəyəri 3000 manat təşkil edir və qızıllar qaytarılmırsa, 3000 manat dəyərinin, həmçinin onun həyatını məhv etdiyinə görə ona dəyən mənəvi ziyanın ona verilməsini tələb etmişdir. Əlavə edərək ərizə təqdim etmiş və telefon qaytarıldığından, iddiasının telefonla bağlı hissəsindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, telefon hazırda ondadır və qaytarmağa hazırdır, lakin o iddiaçıya qızıl almamış, razılığa gələrək onunla qaçıb və adət-ənənə ilə toyları olsa da, şəkillərdə olan qızıllar onun bibisinə məxsus olmuş və atası onları müvəqqəti toya görə almışdır Toydan sonra da qızıllar bibisinə qaytarılmışdır. Qızıların qiyməti barədə fikir bildirməmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, məhkəməyə sübut kimi təqdim olunan səs və yazışmalar ona məxsusdur və sübut kimi qəbul olunmasına etiraz etmir. Gəlinin atası ilə telefonla danışarkən, ondan qızına aldığı qızılı tələb etdikdə, əsəbləşib qızılları satdığını etiraf etmişdir. Halbuki, qızıllar faktiki mövcud olmamışdır. Qız qaçıb gəlmiş və onlar da qəbul edib bir ayın içində oğluna toy etmişdir. Özü tır sürücüsü işləyir, onun bir ayın içində həm toy xərcləri, həm də qızıl almağa maddi imkanı olmamışdır. Qızıllar bacısının olmuş, müvəqqəti almış və toydan sonra qaytarmışdır Məhkəmə iclasında dəvət olunmuş lombard mütəxəssisi X6 izahatında bildirmişdir ki, iş materiallarında olan fotolardan müəyyən olur ki, 585 əyarında olan komplektin çəkisi təxminən 22 qram, üzüyün isə 3 qram olduğunu qeyd edərk, indiki bazar qiymətlərilə qiymətləndirildikdə, qramı 70 manatdan hesablanaraq, komplektin qiyməti 1540 manat, üzüyün qiyməti isə 210 manat təşkil edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, İddiaçı hədiyyəsi kimi qızıllar təqdim olunur. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə 04 avqust 2023-cü il tarixli qərardan göründüyü kimi, İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi olmadığından HK-1/1803 və HK-1/1684 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilmiş, X5, qızıl-zinət əşyalarının və «Redmi Note 9» markalı mobil telefonunun tələbi ilə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah olmadan ailə qurmuş, bir müddət sonra ayrılmışlar. İddiaçı ona hədiyyə olunmuş 3.000 manat dəyərində qızılzinət əşyalarının və “Redmi Note-9” markalı telefonunun cavabdehdə qaldığını iddia edərək, həmin əşyaların və ya onların dəyərinin, həmçinin ona dəyən mənəvi ziyanın ona ödənilməsini tələb edir. Eyni zamanda cavabdeh telefonla bağlı hissədə iddianı etiraf etməklə qaytarsa da, qızılların mövcud olmadığını, qızılların Rusiya Federasiyasında yaşyan bibisinə məxsus olmaqla toy ərəfəsində alınmaqla sonradan bibisinə qaytarıldığı üçün iddiaya həmin hissədə etiraz edir. İddiaçı telefonu qəbul etmiş və ərizə təqdim edərək iddia tələbindən həmin hissədə imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən bağışlama daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə etibarlıdır. Qeyd edilən Məcəllənin 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 ” mart 2024-cü il tarixli Qərarının 5.10-cu bəndinə əsasən nikaha daxil olanadək və nikah dövründə keçirilən mərasimlərdə (elçilik, nişan, toy və sair) tərəflərdən birinə hədiyyə verilən zinət əşyaları onların ayrıca əmlakı sayılır və Ailə Məcəlləsinin 34.2-ci maddəsində müəyyən edilmiş istisnanın təsir dairəsinə düşmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçisi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qızıl-zinət məmulatlarının və ya dəyərinin qaytarılması hissəsində əsaslıdır. Belə ki, sübut kimi təqdim olunmuş əlaqədar şəxslər arasında olan danışıqların məzmununda qızılların satıldığı və əldə olunmuş məbləğin sərf olunduğuna dair təsdiqedici ifadələr səsləndirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ”N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına əsasən mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Həmin Qərara əsasən başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı qızılları 3.000 manat dəyərində qiymətləndirmiş və aşkar olunmazsa dəyərini tələb etmişdir. Qızılların dəyəri ilə bağlı sübut təqdim olunmamışdır. Məhkəmə iclasında lombard mütəxəssisi X2 izahatı ilə və təqdim etdiyi 08 may 2024-cü il tarixli aktla müəyyən edilmişdir ki, təqdim olunmuş qızıl-zinət əşyalarının real bazar qiymətləri, qarnitur 585 əyar, çəkisi 22 qram, qiyməti 1540 manat, üzük 585 əyar, çəkisi 3 qram, qiyməti 210 manat təşkil edir. Qiymətləndirməyə görə xidmət haqqı 50 manat müəyyən olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qızılların 3000 manat dəyərində qiymətləndirilməsi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. İddia ilə həmçinin ona vurulmuş mənəvi ziyana görə təzminat qaydasında 5.000 (beş min) manat məbləğdə kompensasiyanın tutulması xahiş olunmuşdur. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 5000 manat məbləğin cavbdehdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının qeyd edilən həcmdə fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin hansı qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin əmlaklarının qaytarılmamasında ifadə olunan hərəkətləri öz təsdiqini tapdığından, bu hərəkətlərə görə mənəvi ziyana görə istisna olunmayan 500 manat ağlabatan məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) İddiaçı həmçinin ilkin mediasiya prosesinin keçirilməsi üçün ödədiyi 50 (əlli) manat xidmət haqqının və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, qeyd edilən məbləğlərin iddianın ödənilmiş hissəsinə mütənasib hissəsini təşkil edən 28 manat cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Qiymətləndirməyə görə xidmət haqqı 50 (əlli) manat məbləğ tərəflərdən bərabər qaydada tutulalaraq X3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Çəkisi 22 qram, dəyəri 1540 (min beş yüz qırx) manat qızıl komplekt və çəkisi 3 qram, dəyəri 210 (iki yüz on) manat qızıl üzük Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə icra olunan vaxt qeyd edilən qızıllar mövcud olmazsa, onların dəyərini təşkil edən cəmi 1750 (min yedi yüz əli) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Mənəvi ziyana görə 500 (beş yüz) manat, mediasiya xərci və dövlət rüsumundan 28 (iyirmi səkkiz) manat, cəmi 528 (beş yüz iyirmi səkkiz) manat Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndirməyə görə xidmət haqqı cəmi 50 manat, bərabər qaydada Cavabdeh 25 (iyirmi beş) manat və İddiaçı 25 (iyirmi beş) manat tutularaq X3 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar