Məhkəmə qərarları › İş №2(103)-1771/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1771/2025

24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1771/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5/2025 saylı qərardadından Cavabdeh1 nümayəndəsi-Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv,m olan qeyri-yaşayış sahəsinin (“Mehriban” kafesi) boşaldılması və əmlakın onun sahibliyinə geri qaytarılması, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması və bu cür qanunsuz hərəkətlərə son qoyulması, əldə edilmiş 168000 manat gəlirdən onun payına düşən 50% 840000 manat pul məbləğinin və 20000 manat mənəvi ziyanın müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, və Cavabdeh6 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 13 yanvar 2025-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv,m olan qeyri-yaşayış sahəsinin 2019-cu ilin iyun ayından halhazıradək İddiaçı tərəfindən icarəyə verilməsindən əldə edilmiş 74.800 manat pul vəsaitinin 50%-ni təşkil edən 37.400 manat pul vəsaiti İddiaçı alınaraq Cavabdeh1 verilməsi barədə, mülkiyyətçi Cavabdeh1 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv,m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququna cavabdeh İddiaçı tərəfindən edilən qanunsuz müdaxilələrin aradan qaldırılması, qeyri-yaşayış sahəsinin ("Mehriban" kafesi) boşaldılması və əmlakın Cavabdeh1 sahibliyinə geri qaytarılması, Cavabdeh1 etibarnamə ilə səlahiyyət verdiyi şəxslərin (qohumlarının və nümayəndələrinin) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsinə giriş-çıxışına və həmin əmlakdan istifadə etmələrinə dair edilən maneələrin İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5/2025 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh1 nümayəndəsi-Vəkil2 şikayət verərək, qərardadın ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəməyə verilmiş qarşılıqlı iddia birbaşa hazırki icraatda olan iddia ilə sıx bağlı olmuş, bundan başqa məhkəmə tərəfindən Bakı şəhər, Binəqədi rayon məhkəməsinin 2(001)-5317/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 916,3 kv.m olan qeyri-yaşayış sahəsindən (“Mehriban” kafesi) istifadə edilməsinin, yəni əraziyə daxil olmaq, həmin sahədə fəaliyyət göstərmək Cavabdeh1 istisna olmaqla digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və digər şəxslərə qadağan edilməsindən sonra İddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsinin icarəyə verilməsi nəticəsində əldə edilmiş pul vəsaitlərinin bölünməsi və həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququna edilən müdaxilələrin aradan qaldırılması ilə bağlı olmuşdur. Qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırdığı üçün Cavabdeh1 qarşılıqlı iddiası ilkin iddia ilə birlikdə baxılmalı olduğu halda hakim həmin iddianı qanunsuz olaraq geri qaytarmışdır. İlkin iddia 2019-cu ilin iyun ayında verildiyi üçün həmin dövrdə Azərbaycan Respublikası MPM-nin 155.1-ci maddəsində nəzərdə tutulmuş cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir (155-ci maddəsinin əvvəlki redaksiyasına əsasən xx.xx.2021-ci il tarixli) müddəasının tələbləri pozulmuşdur. Qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir və Azərbaycan Respublikası MPM 155.1-ci maddəsinin xx.xx.2021-ci il tarixədək olan redaksiyaya əsasən məhkəmə baxışı başlananadək verildiyi üçün məhkəmə qanunsuz olaraq onu icraatına götürməkdən imtina etmişdir. Məhkəmə qərardadı qanunsuz olduğu üçün ləğv edilməli, qarşılıqlı iddia ərizəsi icraata götürülməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5/2025 saylı, 17 yanvar 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Abbas oğlu iddia ərizəsi ilə məhkəməyə xx.xx.2019-cu il tarixində müraciət etmiş, iş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2019-cu il tarixində keçirilmiş və məhkəmənin baxış iclası xx.xx.2019-cu il tarixinə təyin edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (xx.xx.2021-ci il tarixli redaksiyanın) 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qəbul edir: 156.1.1-ci maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə; 156.1.2-ci maddəsinə əsasən qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa; 156.1.3-cü maddəsinə əsasən qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə. Göründüyü kimi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılaraq sahibliyə geri qaytarılması, pul və s.” tələbinə dair iddia ərizəsi artıq 5 ildir ki, məhkəmənin icraatındadır. Həmçinin ötən müddət ərzində keçirilmiş məhkəmə iclaslarında qarşılıqlı iddianın verilməsinə şərait yaradan əsaslar birinci instansiya məhkəməsində müzakirə edilsə də, cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi müzakirə mövzusu olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsi-vəkili tərəfindən hazırki mərhələdə qarşılıqlı iddianın verilməsini hüquqdan sui-istifadə hesab etməklə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, şikayətdə qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir və Azərbaycan Respublikası MPM 155.1-ci maddəsinin xx.xx.2021-ci il tarixədək olan redaksiyaya əsasən məhkəmə baxışı başlananadək verildiyi üçün məhkəmə qanunsuz olaraq onu icraatına götürməkdən imtina edilməsi qeyd edilsə də iş materialları ilə müəyyən edilmişdir ki, hazırki iddia ərizəsi 5 ildir ki, məhkəmənin icraatındadır və iş üzrə məhkəmənin baxış iclası xx.xx.2019-cu il tarixinə təyin edilmişdir, qarşılıqlı iddia isə 13 yanvar 2025-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Beləliklə müəyyən edilir ki, mülki işin uzun illərdir məhkəmənin icraatında olsa da cavabdeh tərəfindən qarşılıqlı iddianın verilməsi müzakirə mövzusu olmamış, mülki iş üzrə məhkəmə baxışı təyin edildikdən 5 il sonra qarşılıqlı iddia ərizəsi verilmişdir. Həmçinin də qarşılıqlı iddianın verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlməsi iş materiallarından müəyyən edilməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək həmçinin qeyd etməyi də zəruri sayır ki, qarşılıqlı iddianın verilməsi ilə bağlı MPM-nin əvvəlki redaksiyasında da yuxarıda sadalanan normalara görə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilə bilməzdi. Belə ki, qarşılıqlı iddia verilməsinə əsas kimi göstərilmiş hallar 5 il ərzində gedən məhkəmə baxışı dövründə də tərəfə məlum idi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-5/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar