Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-547/2021 29.03.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXdan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evini və 0,15 ha həyətyanı torpaq sahəsini atası X2 xx xxxx 2018-ci il tarixli vəsiyyətnamə ilə-ona vəsiyyət etmişdir. O da, həmin vəsiyyətnamə əsasında Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evinə və 0,15 ha həyətyanı torpaq sahəsinə dair adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** saylı qeydiyyat nömrəli, ******* №li xx xxxx 2018-ci il tarixli çıxarış verilmişdir. Qeyd olunan yaşayış evində o, atası və mərhum anası qeydiyyatda olmuşlar. Qardaşı Cavabdeh sərxoşluqla məşğul olur, evdə heç bir səbəb olmadan mütəmadi olaraq söz-söhbət və mübahisə yaradır. Onunla və ailə üzvləri ilə yola getmir. Bu səbəbdən də dəfələrlə Quba rayon Polis şöbəsinə müraciət etmişlər. Quba rayon məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 3(027)- 659/2016 saylı qərarı ilə Cavabdeh 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa Cavabdeh xx xxx 2019-cu il tarixdə, saat 19 radələrində ağac parçası və sillə ilə atasını döydüyünə görə Quba rayon polis şöbəsi tərəfindən araşdırılma aparılmış, barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə protokol tərtib edilmişdir. Bundan sonra Cavabdeh onu Reyestr çıxarışına əsasən adına olan yaşayış evinə buraxmadığından, o, 2018-ci ilin sentyabr ayında evə köçürülmə və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Quba rayon məhkəməsinə müraciət etmişdir. Quba rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2 (027)-863/2019 saylı qətnaməsi ilə Quba rayonu, Yenikənd kəndində yerləşən mülkiyyət hüququ əsasında ona məxsus yaşayış evinin birinci mərtəbəsində yerləşən sahəsi 16,2 kvm olan otaqdan istifadə hüququnun müəyyən edilməsi, onun həmin yaşayış evinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş və onun apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmişdir. Cavabdeh və ailə üzvləri ona yaşayış evindən istifadə etməyə maneəçilik törədərək onun mülkiyyət hüquqlarını qanunsuz olaraq pozur, ona ziyan vuraraq, evi qəsdən dağıdırlar. Ona görə də o, məcbur olub qanuna uyğun olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə onuın iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Quba rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evinin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən 16.2 kv.m olan otağında istifadə hüququ saxlanılmaqla istifadə etməsi, İddiaçı Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evə köçürülməsi qərara alınmışdır. İş materiallarında olan Quba rayon Polis Şöbəsinin xx.xx.2016-cı il tarixli və xx.xx.2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarlarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi deyil, Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 3(027)-659/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarından görünür ki,Cavabdeh Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 manat miqdarında cərimə olunmuşdur. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2601/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək, Quba rayon Məhkəməsinin 2(027)-863/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh İddiaçı məxsus olan Quba rayonu, Yenikənd kəndində yerləşən sahəsi 137.7 kv.m olan evin otaqlarını boşaltması və həmin evin 1-ci mərtəbəsində yerləşən sahəsi 16.2 kv.m olan otağından istifadə hüququ saxlanılmaqla həmin otaqdan istifadə edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qanun normasından görünür ki, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb etməsi üçün 3 dispozitiv şərtin olması vacibdir:1) şəxsin həmin əmlaka mülkiyyət hüququ olmalı;2) həmin əmlak başqasının sahibliyində, həmçinin istifadəsində olmalı; 3) başqasının həmin əmlaka sahibliyi və istifadəsi qeyri-qanuni olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Daşınmaz əmlaka mülkiyyət hüququnun əmələ gəlməsində dövlət qeydiyyatının əhəmiyyətini açıqlayaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakının dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli qərarı). Məhkəmə araşdırması zamanı sübuta yetirilmişdir ki, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Yenikənd kəndində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İddiaçı tələbində Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ona məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh ilə iddiaçı arasında yaranmış mübahisələr Quba RPŞ-nin əməkdaşlarının müdaxiləsi nəticəsində həll olunmuş və cavabdehin əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan Quba rayon Məhkəməsinin 3(027)-659/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə 300 manat məbləğində inzibati tənbeh növündə cərimə edilmişdir. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus olan fərdi yaşayış evindən istifadə edə bilmir. Belə olduğu halda, iddiaçının həmin ev üzərində yaranmış mülkiyyət hüquqları cavabdeh tərəfindən kobud şəkildə pozulur. Məhkəmə yuxarıda göstərilən qanun normalarına istinad edərək, hesab edir ki, Cavabdeh və ailə üzvləri mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh və ailə üzvlərinin mülkiyyət hüququ üzrə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dan ********** qeydiyyat nömrəli, ******* reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışa əsasən İddiaçı məxsus Quba rayonu, Yenikənd kəndində yerləşən yaşayış evindən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-547/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-547/2021
29.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver