Məhkəmə qərarları › İş №2(027)-564/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-564/2021

06.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-564/2021 06.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı, Cavabdeh-nin nümayəndəsi X2 və üçüncü şəxs Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsi, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsi, istirahət və bayram günlərində işlədiyi günlərin Əmək Məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsi, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılması barədə qətnamə, qanun pozuntularına yol verdikləri üçün şirkətin baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək onun Cavabdeh-də əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, Cavabdeh-nin (Quba Palas oteli) Qolf şöbəsində Qolf sahəsi üzrə yaşıllaşma mütəxəssisi vəzifəsində çalışmışdır. 26 oktyabr 2020-ci il tarixdə şirkətin İnsan Resurslarına dəvət olunaraq ona şirkət rəhbərliyi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə şirkətin daxili nizam-intizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəldiyinə görə töhmət verilməsi barəsində əmr təqdim edilmişdir. Eyni zamanda onun pozulan hüquqlarının bərpası barədə rəhbərliyə etdiyi rəsmi və şifahi müraciətlərinə heç bir rəsmi cavab verilmədən ona qarşı şirkətdə rəhbərlik səviyyəsində ayrıseçkilik, istirahət günlərinin mənimsənilməsi, təhdidlər, qanunsuz olaraq əmək funksiyasını dəyişmə cəhdləri həyata keçirilməkdə davam etmişdir. Bu təhdid və təpkilərə dözməyərək 16 noyabr 2020-ci il tarixdə şirkət rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək onu bir ay müddətinə öz hesabına məzuniyyətə getməyi xahiş etmişdir. 07.10.2020 tarixdə işə üzrlü səbəbdən gecikməyi barədə şöbənin nəzarətçisinə öncədən məlumat vermiş, bu barədə sözü gedən məsələ ilə bağlı rəhbərliyə təqdim etdiyi izahatda müvafiq qeydləri təqdim edərək bildirmişdir ki, şəxsi işi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə çağırılmışdır. Eyni zamanda şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeləri barəsində rəhbərliyə kifayət qədər rəsmi məlumat vermişdir. X.Cabbarovun ona qarşı qərəzli olmasının başlıca səbəbi bu şəxsin əvvələr və indi də Qolf şöbəsində davamlı olaraq etdiyi özbaşnalıqlar, işçilərin əmək hüquqlarını pozması, işçilərin əmək haqlarını mənimsəməsi, qanunsuz ixtisarları, şöbəyə ayrılan pul vəsaitlərini və əmlakını mənimsəməsi, qolf sahəsinə qəsdən vurduğu zərərlər və sair qanunsuz hərəkətləri və bu hərəkətlərin onun tərəfindən aşkarlanaraq rəhbərliyi məlumatlandırmağı səbəb olmuşdur. Rəhbərlik öz növbəsində ona gözləmə mövqeyində olmağını tövsiyyə edib, o da, buna əməl etmişdir. Əfsuslar olsun ki, bu ilin mart ayından başlayaraq ölkəmizdə baş verən mövcud pandemiya şəraiti səbəbindən bir çox sahələrdə olduğu kimi Cavabdeh də müəyyən problemlər yaşandı. Mart ayından başlayaraq ölkə başçısının fərmanı və nazirlər kabinetinin qərarına əsasən ölkədə karantin rejimi tətbiq olunmağa başladı. Bu səbəbdən işçilər, o da, daxil bir aylıq evə buraxılmışlar, lakin sonradan ara- sıra işə çağırılmışlar. May ayında işə tam olaraq gəldikdən sonra, o, şirkətin İnsan resurslarına dəvət olunaraq, karantin müddətində məzuniyyətə göndərilməyi barəsində ərizə yazmaq tələb edilmişdir. Bunun qanunsuz olduğunu və məzuniyyətini may ayı üçün almağını planlaşdırdığını bildirmişdir. Ona bildirilmişdir ki, məzuniyyət günlərinin əvəzini birdəfəlik və ya hissə-hissə istədiyi vaxt yalnız şöbə müdirini məlumatlandırmaqla ala bilər və may ayında aprel ayı üçün məzuniyyət yazmaqda məqsəd şirkətin pandemiya ilə əlaqədar bəzi sənədləşmələrdən özünü maliyyə cəhətdən sığortalamaq məqsədi güdür və bütün işçilərə bu qayda tətbiq edilib. Rəhbərliklə münasibətlərin pozulmaması naminə o, aprel ayı karantin müddəti ərzində güya məzuniyyətdə olmağı barəsində may ayında ərizə yazmışdır. Lakin, məzuniyyət günlərini geri istəsə də üç ay ərzində əmək məzuniyyətini ala bilməmişdir. Buna baxmayaraq ki, şöbənin digər işçisi onunla eyni vəziyyətdə olmasına rəğmən ona əmək məzuniyyəti verilmişdir. Bununla yanaşı onun razılığı olmadan iyul ayından pandemiya şəraiti bəhanə edilərək, maaşı əlli faiz aşağı endirilir və iyul- avqust ayları ərzində məcburi öz hesabına ödənişsiz məzuniyyətə göndərilir. Baxmayaraq ki, pandemiyadan əvvəlki illərdə şirkət mənfəətlə işləyib və bu mənfəətdən şəxsən onun maaşına heçbir əlavə vəsait ödənilməyib. Maaşının əlli faiz endirilməsi barədə sentyabr ayında işə geri çağrıldıqdan sonra işdən çıxarılacağı hədəqorxusu ilə bağlanan müqaviləsində əlavəyə imza atmışdır. Avqust ayının beşində əmək məzuniyyətinin və əmək hüquqlarının pozulması barədə şirkətin İnsan Resursları menecərinə rəsmi elektron etiraz ərizəsi təqdim etsə də, ərizəsinə bu gün də cavab verilməyib. Yalnız ona İnsan Rasursunun meneceri şifahi bildirmişdir ki, şirkətin Baş direktoru tapşırıb ki, şirkətin işçi qarşısında hər hansı məsuliyyəti yaranmasın deyə etiraz ərizəsinə heçbir rəsmi izah verilməsin və təkrarən təhdid edərək işdən çıxarılacağı ilə hədələnmişdir. 07 oktyabr 2020-ci il tarixində üzürlü olaraq və xəbərdarlıq əsasında işə gecikməyini X.Cabbarov bəhanə edərək rəhbərliyə məlumat verməsi və ondan izahat alınaraq töhmət verilməsi tam qanunsuzdur. O, izahatla yanaşı rəsmi şikayətini şirkətin İnsan Resurslarına təqdim etmiş və bildirmiş ki, X.Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeyi, şirkət tərəfindən qanuni əmək məzuniyyətinin mənimsənilməsi, ona qarşı ayrı-seçkilik, maaşının iradəsinə zidd aşağı endirilməsi və minimal maaş verilməsi, rəsmi şikayət və etirazlarının cavablandırılmaması Əmək Məcəlləsinin 9-cu və 16-cı maddələrinə əsasən onun məhkəməyə müraciət etmək hüququnu yaradır və ona töhmətin verilməsi tam qanunsuzdur. Belə ki, şirkətin özünün ona kifayət qədər borclu günləri vardır və ən azından həmin günlərdən biri ilə kompensasiya edilə bilərdi, onsuzda şənbə-bazar tətil günləri də işdə olur, baxmayaraq ki, rəsmən beş günlük (qırx saatlıq) iş həftəsi rejimində işləyir. Bu yaxınlarda şəxsi ailə problemiylə əlaqədar olaraq övladları ilə ünsiyyətlə bağlı kassasiya şikayəti vermək üçün Sumqayıt Apellyasiya Məhkəməsinə dövlət hesabına vəkillə təmin olunmağı üçün müraciət etmişdir. Şirkətin maaşını əlli faiz aşağı endirməsi, iki aylıq öz hesabına məzuniyyətə göndərməsi və ona bəzi aylarda verilən minimal əmək haqqı cədvəlini təqdim etdiyindən rəhbərlik 07 oktyabr 2020-ci il tarixdə gecikməyinə görə töhmət verməyi yuxarıdakılarla yanaşı bu səbəbi də bəhanə ediblər. O, beş ilə yaxındır ki, şirkətdə işlədiyi müddət ərzində daim nizam-intizamlı, məsuliyyətli və dürüst bir işçi kimi fəaliyyət göstərmişdir. Əvvəlki iş yerlərindən və yaşayış yerindən təqdim etdiyi xasiyyətnamələrdə də onun barədə pozitiv qeydlər var. Bu qeydlərin biri X.Cabbarovun özü tərəfindən yazılıb və imzası ilə təstiqlənib. İşə davamiyyətinə gəldikdə, onun işə davamiyyəti həmişə yüksək səviyyədə olub. Belə ki, əmək müqaviləsində rəsmi olaraq beş günük (40 saatlıq) iş həftəsi qrafıkində çalışmalı olmağına baxmayaraq o, şirkətdə işlədiyi müddət ərzində altı günlük (45-48 saatlıq, bəzən isə dahada çox) iş həftəsi qrafıkində çalışmış və buna görə əlavə əmək haqqı da ödənilməyib, bundan əlavə bayram günləri də işdə olan vaxtları kifayət qədər olub ki, bütün bunların hamısı Əmək Məcəlləsinə ziddir və qanunsuzdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək qeyd etmişdir ki, əmək müqaviləsinin müddəti bitdiyinə görə iddiaçıya xəbərdarlıq edilərək, onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətini artırmaq mümkün olmamışdır. Çünki o, işdə nizam-intizam qaydalarına riayət etməmişdir. Belə ki, iddiaçı işə vaxtlı-vaxtsız gəlmiş və ona verilən tapşırıqları lazımi qaydada yerinə yetirməmişdir. Dəfələrlə ona şəxsən bu haqda xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı qeyd olunan iradlara məhəl qoymamışdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs Azərbaycan Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X3 qeyd etmişdir ki, iddiaçı çalışdığı şirkət tərəfindən onun hüquqlarının və nizam-intizam qaydalarının pozulması barədə dəfələrlə şikayət etmişdir. Onlar da, iddiaçının şikayətinin qanuniliyinin yoxlanması üçün dəfələrlə araşdırmalar aparmışlar. Bu zaman, iddiaçının maaşının cavabdeh şirkət tərəfindən azalması, məzuniyyətə çıxmaması barədə iddiaçının razılığı və yazılı ərizəsinin olduğu müəyyən edilmişdir. Ona görə də, iddiaçının cavabdeh şirkət barədə şikayətlərində qeyd olunan nizam-intizam pozuntuları iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh onlara iddiaçının müqaviləsinə qanuna uyğun qaydada xitam verilməsi barədə rəsmi sənədlər təqdim etmişdir. Lakin, iddiaçının 50-60 saat cavabdeh şirkət tərəfindən əlavə işlədilməsi barədə halın mövcudluğu heç bir sənəddə öz əksini tapmamışdır. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını, dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh” MMC-nin 06.06.2018-ci il tarixli, 057/18 saylı işə qəbul haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən Cavabdehnin X4 üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bildirişlərindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilənin bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh-nin 26.10.2020-ci il tarixli, 019/20T saylı nizamintizam qaydaların pozulması haqqında əmrindən görünür ki, şirkətin Qolf Şöbəsinin işçisi İddiaçı AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulan davranış qaydalarına riayət etməmişdir. Belə ki, 07.10.2020-ci il tarixində şirkətin daxili nizamintizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəlmişdir. Ona görə də, İddiaçı töhmət verilmişdir. İş materiallarında olan Cavabdeh-nin 06.07.2020-ci il tarixli, 150/20 saylı əmək haqlarının azaldılması haqqında əmrindən görünür ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdeh-də müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. İş materiallarında olan 17.03.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2019-2020ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə Cavabdeh-nin direktoruna müraciət etmişdir. İş materiallarında olan Cavabdeh” MMC-nin 16.03.2020-ci il tarixli, 117/20M saylı məzuniyyətə getməsi haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2019-cu il tarixdən 06.06.2020-ci il tarixdən olan iş ili üçün 21 gün müddətinə 17.03.2020-ci il tarixdən 06.04.2020-ci il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyətinin daxilinə 20-21-22-23-24 mart (Novruz bayramı) təsadüf etdiyindən məzuniyyət günləri 5 təqvim günü müddətinə ödənişsiz uzadılmışdır. Ümumilikdə işçiyə 23 gün məzuniyyət verilmişdir. İş materiallarında olan 29.11.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 2019-cu il üçün 02.12.2019-cu il tarixindən 7 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə Cavabdeh-nin direktoruna müraciət etmişdir. İş materiallarında olan Cavabdeh-nin 02.12.2019-cu il tarixli, 312/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 7 gün müddətinə 02.12.2019-cu il tarixdən 08.12.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan Cavabdeh-nin 03.05.2019-cu il tarixli, 344/19 saylı əmək haqlarının artırılması haqqında əmrindən görünür ki, İddiaçı əmək haqqısı artırılaraq 878,21 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan 25.01.2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 2019-2020ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılması barədə ərizə ilə Cavabdeh-nin direktoruna ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Cavabdeh” MMC-nin 18.02.2019-cu il tarixli, 010/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 14 gün müddətinə 19.02.2019-cu il tarixdən 04.03.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. İş materiallarında olan 31.10.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan xidmətlərin tam göstərilmənin təsdiqi haqqında aktdan görünür ki, İddiaçı icraçının 2017-ci il oktyabr ayı üzrə müqavilənin 1 maddəsində nəzərdə tutulan xidmətlərin həqiqətən tam həcmdə və keyfiyyətli göstərilməsini, sifarişçi tərəfindən həmin müddətdə icraçının göstərdiyi xidmətlərlə bağlı heç bir irad, narazılıq və etirazlarının olmamasını, icraçının sifarişçi tərəfindən 1 dəfə yeməklə, “Rixos Quba Azərbaycan” otelinin ərazisində yerləşdirilmə ilə və otelin ərazisinə gəlib-getməsi məqsədilə nəqliyyatla təmin edilməsi təsdiq edilmişdir. İş materiallarında olan 01.09.2017-ci il tarixli, 17/09/00165 saylı xidməti müqavilədən görünür ki, bir tərəfdən baş menecer X6 şəxsində təmsil olunan Azərbaycan Respublikası qanunlarına əsasən təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında xidməti müqavilə bağlanmışdır. İş materiallarında olan Qolf Şöbəsinin müdri Xeyrəddin Cabbarov tərəfindən Cavabdeh-nin direktoruna ünvanlanmış 07.10.2020-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı şöbə rəhbərliyi tərəfindən verilmiş gündəlik iş tapşırıqlarını 01.10.2020-ci il tarixindən 07.10.2020-ci il tarixinədək olan dövr üçün, öncəki aylarda da olduğu kimi yerinə yetirməməkdədir. İddiaçı eyni zamanda istirahət günlərini şöbənin gündəlik planına uyğun deyil, özünün istəyinə görə seçdiyi günlərdə etməkdədir. Həftə ərzində də seçdiyi istirahət günləri barəsində də şöbə rəhbərliyinə öncədən heç bir məlumat verməmişdir. İş materiallarında olan Cavabdeh” MMC-nin 07.12.2020-ci il tarixli, 235/20 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) 07.12.2020-ci il tarixdən xitam verilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində aşağıdakı tələbləri irəli sürmüşdür. Belə ki, Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsini, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsini, istirahət və bayram günlərində işlədiyi günlər əmək məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsini, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılmasını xahiş edir. Lakin məhkəmə tərəfindən iş materialları ilə iddiaçının qeyd etdiyi tələblərinin təmin edilməsi barədə hər-hansı bir sübutun olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı şirkətdə daxili nizam intizam qaydalarını pozaraq işə vaxtında getməmişdir. Əmək məzuniyyətlərinə isə hər il öz istəyi və Cavabdeh-nin direktoruna ünvanlandığı ərizəsi ilə müraciəti əsasında buraxılmışdır. İş materiallarında olan əmək haqlarının azalması barədə əmrindən də görünü ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdeh-də müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. Bundan başqa iddiaçı qanun pozuntularına yol verdikləri üçün şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Lakin, məhkəmə tərəfindən şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibinin olması və həmin şəxslər tərəfindən qanun pozuntularına yol verilməsi halları müəyyən edilməmişdir. Həmçinin İddiaçı ilə işəgötürən arasında bağlanmış müqavilə müddətli müqavilə hesab edilmiş və onun bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən müqaviləyə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ona xitam verilməsi üçün əsasdır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci bəndində əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi işçi ilə işəgötürən arasında bağlanmış müqavilənin müddəti bitdiyi gün ona xitam verilmiş və əmək münasibətlərinin davam etdirilməsi barədə tərəflər arasında razılıq müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı Cavabdeh-yə qarşı “pozulmuş əmək hüquqlarının bərpası” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar