Məhkəmə qərarları › İş №2(027)-566/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-566/2023

31.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-566/2023 31.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı vəkili və səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə 02 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2414 nömrə ilə rəsmiləşdirilmiş nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, valideynlərinin təkidli sözündən çıxmayaraq Cavabdeh ilə evlənməyə könüllü razılığı olmasa da, razılıq vermişdir. Nəticədə xx.xx.2021-ci il tarixdə 02 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2414 nömrə ilə aralarında nikah rəsmiləşdirilmişdir. Nikah rəsmiləşdirildikdən sonra başa düşmüşdür ki, ciddi surətdə yanılmış, cavabdehlə ailə qura bilməz. Bu barədə dərhal cavabdehə və öz valideynlərinə məlumat verdib və bildirmişdir ki, cavabdehlə ailə qurmaq istəmir və onu heç kəs buna məcbur edə bilməz. Ailə üzvləri onun fikrinə anlayışla yanaşmış və qarşı tərəflə danışaraq nəzərdə tutulan toy mərasimlərini ləğv etmişlər. Cavabdeh özü də başa düşmüşdür ki, onların ailə quraraq birlikdə yaşamaqları mümkünsüz olacaqdır, yəni cavabdehlə ailə qurmağa könüllü razılığı yoxdur. Ümid edir ki, cavabdeh özü də nikahm etibarsız sayılmasına etiraz etməyəcəkdir. Belə ki, rəsmi nikah bağlanmış olsa da, faktiki olaraq ailə qurmamışlar. Onun bundan sonra da cavabdehlə ailə qurmaq niyyəti yoxdur. Qeyd edir ki, Mediasiya prosesinə xx.xx.2023-cü il tarixli protokolla xitam verildiyindən hazırki iddia ilə müraciət edir. Qusar 01 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞQ38/1/00268 saylı arayışından görünür ki, ilkin Mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Protokoldan göründüyü kimi nümayəndəsi tərəfimdən Mediasiyaya 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının keçirilmə yeri və vaxtı barədə lazımi qaydada məlumatlanıdırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185-ci maddəsinə əsasən işə cavabehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarına əlavə edilmiş AZ-T 051038 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah 27 sentyabr 2021-ci il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 2414 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanandan sonra arvada Abdullayeva soyadı verilmişdir; İş materiallarında olan Qusar 1 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli, MŞQ38/1/00268 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiya xərci ödədi; İş materiallarında olan xx.xx.2023-cü il tarixli mediasiya preosesinə xitam verilməsi barədə protokoldan görünür ki, tərəflər İddiaçı və Cavabdeh müraciəti ilə əlaqədar tərəflərin qarşılıqlı razılaşması ilə həllinin mümkünsüzlüyü müəyyən olunmuşdur. “Mediasiya haqqında” Azərbaycan Respublikası qanunun 32-ci maddəsinə əsasən Mediasiya prosesinə xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh onunun 03 mart 2023-cü il tarixli ərizəsindən görünür ki, həqiqətən də iddiaçı ilə aralarında heç bir ailə və nikah münasibəti olmamış, nikahın etibarsız hesab edilməsinə etiraz etmir, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı tələbinin faktiki əsası kimi cavabdehlə ailə qurmaq niyyətinin olmamasına və hüquqi əsas kimi isə Ailə Məcəlləsinin 25-ci maddəsinə istinad edib. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Belə ki, tərəflər rəsmi nikaha daxil olarkən onlar öz iradələrinə uyğun hərəkət etməmişlər və niyyətləri rəsmi nikaha formal olaraq daxil olmaq olmuşdur. Yəni, tərəflər ailə qurmaq niyyəti olmadan nikaha daxil olmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan iddia üzrə cavabdehin iddianı etiraf etməsini, yuxarıda göstərilən Qanunun maddəsinə əsasən, qanuna zidd olmadığını müəyyən edir. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyil, hər hansı şəxsin hüquqların və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Məhkəmə iş üzrə müəyyən olunmuş faktiki hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2414 nömrəli nikah qeydi etibarsız hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış 2414 nömrəli nikah qeydi etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar