Məhkəmə qərarları › İş №2(027)-583/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-583/2024

03.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-583/2024 03.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçinun maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialı cəlb olunmaqla, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 30 may 2005-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əri, İ qrup əlil X12 qulluq etməs faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək 30 may 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əri, İ qrup əlil X12 qulluq etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1963-cü il tarixdə Quba şəhərində anadan olub. 03 mart 1992-ci ildə X17 ilə rəsmi nikaha daxil olmuşdular. Birgə nikahdan 10 sentyabr 1991-ci il təvəllüdlü X7, 01 mart 1993-cü ildə X18 və 18 iyul 1994-cü ildə X9 adlı uşaqları anadan olmuşdur. Həyat yoldaşı X17 birinci Qarabağ müharibəsində iştirak etmiş və İ qrup Qarabağ əlili olmuşdur. Həyat yoldaşı X12 Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar İ qrup müddətsiz əlillik 30 may 2005-ci il tarixdən təyin edilmişdir. Bununla bağlı 22 nömrəli Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 034020 saylı arayışdan da göründüyü kimi X3 şəxsin qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Həyat yoldaşı X12 İ qrup müharibə əlili kimi 30 may 2005-ci il tarixdən vəfat etdiyi xx.xx.2022-ci il tarixə qədər özü baxaraq qulluq etmişdir. Eyni zamanda ona xx.xx.2019-cu il tarixdən İ qrup əlil X12 qulluq etdiyinə görə müddətsiz Prezident təqaüdü də təyin edilmişdir. Əlavə olaraq qeyd edir ki, o 01 sentyabr 1982-ci il tarixdən 25 avqust 1997-ci il tarixə qədər Quba 1 nömrəli konserv zavodunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. O birinci qrup əlilə qulluq etdiyi müddətin, 2 nəfər 18 yaşına çatmayan sağlamlıq imkanları məhdud uşağa qulluq etdiyi və işlədiyi müddətlərin sığorta stajı olaraq nəzərə alınaraq yaşa görə əmək pensiyası təyin edilməsi üçün maraqlı şəxs olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialına müraciət etmişdir. Həmin qurumdan ona 1-ci qrup əlil əri X12 qulluq etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması üçün bu faktın əri vəfat etdiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməli olduğu bildirilmişdir. Belə ki, hal-hazırki qanunvericilin tələbinə əsasən bu fakt yalnız məhkəmə qətnaməsi ilə təsdiqləndiyi halda rəsmiləşdirilmiş hesab olunur. İ qrup əlil olan əri X12 qulluq etməyi faktının müəyyən olunması ona əmək pensiyasının təyin edilməsi üçün lazımdır və əri Fərhad Kazımov vəfat etdiyi üçün bu halı başqa qaydada təsdiq etdirə bilmir və 30 may 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əri, İ qrup əlil X12 qulluq etməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi etiraz ərizəsilə müraciət edərək, etirazı onunla əsaslandırmışdır ki, MPM-nin 308-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər qeyd edilmiş və həmin şərtlər kimi məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); Qaydaların 3.9-ci bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndinə görə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmuş şəxsə qulluqetmə müddəti” əmək pensiyasının təyin edilməsi zamanı: 1-patronajın təyin edilməsi barədə qərara əsasən; 2-qulluq etməyə dair qulluqolunanın və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən nəzərə alınır. Ərizəçi xx.xx.1958-ci il təvəllüdlü İ qrup əlil həyat yoldaşı-X12 30 may 2005-ci il tarixdən vəfat etdiyi 07 dekabr 2022-ci il tarixədək qulluq etdiyini qeyd etsə də, bu qulluq dövrünü təsdiq edən akt, qərar və ərizə mövcud deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəni qəbul etməyərək, izahatında bildirmişdir ki, etirazda qeyd etdikləri kimi, bir sıra hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir, həmçinin xəstəyə qulluq etmə faktı da bu qəbildən olan faktlar sırasındadır, bu səbəbdən ərizə əsassızdır və təmin edilməməlidir. İş üzrə şahid qismində dindirilən X13 ifadəsində bildirmişdir ki, Fərhad Kazımov onun cəbhə yoldaşı olub, uzun müddət bir yerdə döyüşüblər. Cəbhədə yaralandığdan sonra ona əlillik dərəcəsi verilmişdir. Cəbhədən qayıdandan sonra da onların gediş-gəlişi olmuş, Fərhadın kənar qulluğa ehtiyacı olmuşdur. Belə ki, o gəzə bilməmiş, əlil arabası vasitəsilə hərəkət etmiş, ona yardım edən həyat yoldaşı olmuşdur. O digər yoldaşları ilə köhnə cəbhə yoldaşı kimi həmişə onu ziyarət tmiş, illər ərzində dəfələrlə evində olarkən həmişə yoldaşı Nuranə xanımın qulluğunda durduğunu və əziyyətini çəkdiyini, illər ərzində ölənə kimi onun qayğısına qaldığını şahidi olmuşdur. İş üzrə şahid qismində dindirilən X23 ifadəsində bildirmişdir ki, Fərhad onun həm qonşusu, həm də cəbhə yoldaşı olmuşdur. Onlar cəbhəyə bir yerdə könüllü getmişvə Fərhad cəbhədə iki ayağından yaralanmışdır. Müalicələr almış, evdə ona həyat yoldaşı yoldaşı, həm də qonşusu olan yoldaşı Nuranə baxmış və davamlı müalicəsini etdirmişdir. İş üzrə şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o Fərhadı Mehmanın sayəsində tanımış, Fərhad əlil arabası ilə gəzdiyi vaxtlardan yanına getmiş, onu maşınla həkimə aparmağa köməklik göstərmişlər. Fərhadın yoldaşı Nuranə xanım həmişə onun yanında olmuş və ona baxmışdır. Məhkəmə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin və şahidlərin izahatını dinləyib, əlavə edilmiş sənədləri, tam, hərtərəfli və obyektiv araşdıraraq və sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və Vİ-ЖГ 278034 seriyalı “Nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X17 ilə X11 arasında 03 mart 1992-ci ildə tarixdə Quba rayon Qeydiyyat şöbəsində nikah bağlanmış, bu barədə akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra qadına “Kazımova” soyadı verilmişdir. İş materiallarında olan 115779 nömrəli vəsiqədən (surəti ) görünür ki, X17 1-ci qrup müharibə əlil kimi qeydiyyata alınıb. İş materiallarında olan Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş 034020 saylı arayışdan da göründüyü kimi həmin arayışda X3 şəxsin qulluğuna ehtiyacı olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsindən verilmiş xx.xx.2008-ci il tarixli arayışdan görünür ki, X17 1- ci qrup Qarabağ əlili kimi 165.49 manat pensiya alıb. AZ-İİ 314162 seriyalı “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X17 xx.xx.2022-ci ildə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 44 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialının imtina məktubunda Ərizəçi 1-ci qrup əlil əri X12 qulluq etdiyi müddətin sosial sığorta stajı kimi nəzərə alınması üçün bu faktın əri vəfat etdiyi üçün məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Quba-Xaçmaz Regional filialından verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi əri 1-ci qrup əlil X12 qulluq etdiyinə görə xx.xx.2019-cu il tarixdən müddətsiz Prezident təqaüdü təyin olunmuşdur. X17 xx.xx.2022-ci ildə vəfat etdiyi üçün təqaüd ödənişi müvafiq olaraq həmin tarixdən dayandırılmışdır. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 aprel 2024cü il tarixli məlumatında qeyd edilir ki, vətəndaş X4 yarandığı tarixdən (2020-ci il 30 iyun) indiyədək Respublika RM-də reabilitasiya kursu keçməmişdir. Əlavə olaraq qeyd edir ki, 2005-ci ildən Agentlik yarandığı tarixədək vətəndaşın reabilitasiya kursuna dair arxivdə məlumat tapılmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-in Quba RMX-nın 06 aprel 2024-cü il tarixli məlumatında qeyd edilir ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1958-ci il təvəllüdlü, X17, xx.xx.2014-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Quba Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində , “onurğanın yayılmış osteoxondrozu” diaqnozu ilə stasionar müalicədə olmuşdur.(1327610-2090) Daha sonra xx.xx.2017-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Quba RMX-nın Reanimasiya şöbəsində “beyin qan dövranı pozğunluğu hipertoniya xəstəliyi, aşağı ətrafların spastik paraperezi” diaqnozu ilə stasionar müalicədə olmuşdur. (2047750- 1980). Vətəndaş müxtəlif tarixlərdə Quba RMX-nın X30 Stansiyasına müraciət etmiş, ev şəraitində müalicə olunmuşdur. X13, X6, X19, X23 tərəfindən tərtib edilmiş aktdan görünür ki, 1958-ci il təvəllüdlü mərhum X17 həqiqətən 1-ci Qarabağ müharibəsində yaralanaraq əlil olmuş və ona 2005-ci ildən 1-ci qrup müddətsiz əlillik təyin edilmişdir. Kazımov Fərhadın kənar qulluğa ehtiyacı olmuşdur və bu qulluğu ona həyat yoldaşı Ərizəçi etmişdir. Onlar bu illər ərzində dəfələrlə onun evində olmuş və hər zaman həyat yoldaşı Ərizəçi onun yanında olmasının, ona qulluq edərək qayğısına qalmasının şahidi olmuşdular və aktın doğrululuğunu imzalarla təsdiq etmişdilər. İş materiallarına əlavə olunmuş video və foto materiallardan X2 gəzə bilmədiyi üçün arabadan istifadə etdiyi və kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin həyat yoldaşı X17 birinci Qarabağ müharibəsi iştirakçısı olmuş və və yaralanmaqla 30 may 2005-ci il tarixdən Azərbaycan Respublikasının müdafiəsilə əlaqədar ona İ qrup müddətsiz əlillik təyin edilmişdir. X3 şəxsin qulluğuna ehtiyacı olduğu üçün ona vəfat edən günə qədər Ərizəçi qulluq etmişdir. Eyni zamanda ona İ qrup əlil X12 qulluq etdiyinə görə xx.xx.2019-cu il tarixdən müddətsiz Prezident təqaüdü də təyin edilmişdir. Ərizəçi yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəz filialına müraciət etmiş və əri vəfat etdiyi üçün 1-ci qrup əlil əri X12 qulluq etdiyi 2019-cü ilədək olan müddətin sosial sığorta stajı kimi nəzərə alınmasının məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.1.6,-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı İ dərəcə əlilliyi olan şəxsə qulluqetmə müddəti üzrə müəyyən edilir: Həmin müddət isə qulluqetməyə dair qulluqolunanın (onun qanuni nümayəndəsinin) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; 2. “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü’nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına uyğun olaraq, müvafiq təqaüdün ödənilməsinə dair MEİS-in “Sosial ödənişlər” altsisteminin məlumatına əsasən; 3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzaslarında müəyyən edilən sənədlər olmadıqda - məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Məhkəmələr nəzərə almalıdırlar ki, müvafiq qanunvericiliklə başqa qaydada müəyyən edilməsi nəzərdə tutulan hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma, müharibə iştirakçısı, müharibə veteranı kimi tanınma, əmək qabiliyyətinin itirilməsinin səbəb və dərəcəsi, əlilliyin baş verməsi anı və əlillik qrupları, xəstəyə qulluq etmə, yaşın müəyyən edilməsi, eləcə də, hər hansı təhsil müəssisəsini bitirmə kimi hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Beləliklə məhkəmə hesab edir ki, qulluqolunan vəfat etməsi halında qulluqetmə müddəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilməli olduğundan və qanunvericiliklə qulluqolunan vəfat etməsi halında başqa qaydada qulluqetmə müddətinin müəyyən edilməsi nəzərdə tutulmadığından, ərizə təmin edilməli, Ərizəçi 30 may 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əri, İ qrup əlil X12 qulluq etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları, o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qayadada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 307, 308 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin olunsun. Ərizəçi 30 may 2005-ci il tarixdən xx.xx.2019-cu il tarixədək əri, İ qrup əlil X12 qulluq etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar