Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-593/2022 21.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “kompensasiya ödəməklə evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehər Cavabdeh1 və X1 şəxsi təşəbbüsü ilə 2000 (iki min) manat kompensasiya ödəməklə 0.12 ha torpaq sahəsi və orada yerləşən 2 (iki) mərtəbəli 5 (beş) otaqlı, sahəsi 107.8 kv.metr olan yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlərin çıxarılmasını tələb eldiyi 0.12 ha torpaq sahəsi və orada yerləşən 2 (iki) mərtəbəli 5 (beş) otaqlı sahəsi 107.8 kv.m olan yaşayış evi X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH ******* saylı çıxarışa əsasən ona məxsusdur. O, xx xxxxx 1951-ci il tarixdə Quba rayonu, İqriq kəndində anadan olmuşdur. 12 sentyabr 1971-ci il tarixdə X6 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikahlarından 5 övladı dünyaya gəlmişdir. Onlardan biri hal-hazırda cavabdeh qismindədir. Pənah 21 ildir ki, onun evində ailəsi ilə birlikdə yaşayır. O, X3ə ilə ailə qurub, 2 övladı vardır. Oğlu Pənah spritli içki aludəçisidir. Hər dəfə spirtli içkilər içərək onu təhqir edir, döyməkdən belə çəkinmir. Bu səbəbdən qorxduğu üçün qızıgildə qalır. Gecə saatlarında içkili olarkən onu dəfələrlə evdən qovub. Bu barədə dəfələrlə polisə şikayət ərizəsi ilə müraciət etmiş, polis hər dəfə bu barədə tədbirlər görsə də, cavabdehlər qanunsuz hərəkətlərinə davam etmişlər. Cavabdeh1 təxminən 14-15 il olar ki, onun üçün aldığı torpaq sahəsini satmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əri X6 ərizə ilə məhkəməyə müraciət edərək qeyd edir ki, İddiaçı onun həyat yoldaşıdır. Mübahisə predmenti olan ev onların birgə nikah dövründə tikdikləri evdir və onların birgə mülkiyyətlərindədir. İş üzrə cavabdeh – oğlu Cavabdeh1 mübahisə predmenti olan ev tikilən gündən hal-hazıra kimi ailəsi ilə yaşayır və bütün birgə yaşayış qaydalarına riayət etməklə başqa yerdə yaşamaq üçün evi yoxdur. İddiaçı özü 2 ilə yaxındır ki, mübahisə predmenti olan evdən çıxıb gedərək başqa yerdə yaşayır, cavabdehlər Pənah və Zülfiyyə ona qarşı hər hansı bir hərəkət etməyiblər. Mübahisə predmenti olan ev onun və İddiaçı birgə mülkiyyətidir və o, Cavabdeh1 və Məmmədsalahova Zülfiyyəyə 2000 manat kompensasiya ödəməklə evdən çıxarılmalarına etiraz edir, ona görə də İddiaçı iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış , 76,2 kv.m köməkçi sahədən ibarətə fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında 09.09.1971-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X6 və X4 Quba rayonu AİK-nın 24.02.2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Alekseyevka kəndində 0,12 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə JN-166F, kod30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03.02.2021-ci il tarixli qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 və X2 Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelər aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1555/2021 saylı, 21.05.2021-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 və X1 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə qeyd edir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd olunduğu kimi, tərəflər arasında mübahisəli evə dair hüquq münasibətləri 01.09.2000-ci ilədək yarandığından məhkəmə hesab edir ki, hazırkı mübahisəyə məhz 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Eyni Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Məhkəmə araşdırması zamanı sübuta yetirilir ki, Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış, 76,2 kv.m köməkçi sahədən ibarətə fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 mübahisəli ev inşa ediləndən (1985-ci ildən), digər Cavabdeh2 isə nikaha girəndən (1998-ci ildən) fasiləsiz olaraq mübahisəli evdə yaşayırlar. Hazırda isə iddiaçı cavabdehlərin kompensasiya ödənilməklə istifadə hüquqları olan yaşayış sahəsindən məhrum edilmələrini tələb edir. İddiaçı mübahisəli evin 2008-ci ildən mülkiyyətçisi olmasına əsaslanması və buna görə də cavabdehlərin oradan çıxarılmalı olması barədə dəlili əsassızdır və bu hal, oradan istifadə hüququna malik olan Cavabdeh1 və Cavabdeh2nın hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır. Digər tərəfdən, qeyd edildiyi kimi, mübahisəli ev İddiaçı ilə Babaverdi Məmmədsalahovun birgə nikahda olduqları zaman inşa edilmişdir. Deməli, həmin ev onların birgə mülkiyyətidir. Babaverdi Məmmədsalahov isə məhkəməyə ərizə ilə müraciət edərək, hər iki cavabdehin mübahisəli evdən çıxarılmalarına razı olmadığını və iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə təklif etdiyi 2000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Ona görə də, Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “kompensasiya ödəməklə evindən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və X1 qarşı “kompensasiya ödəməklə evindən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-593/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-593/2022
21.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver