Məhkəmə qərarları › İş №2(027)-636/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-636/2025

06.03.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-636/2025 06.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı müqavilələrin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1996-cı ildə Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 400 kv.m torpaq sahəsini alğı-satqı müqaviləsi bağlayaraq, 1200 ABŞ dolları müqabilində torpaq sahəsini almışdır. Alğı-satqı müqavilələri əsasında həmin torpaq sahəsi onun mülkiyyətinə keçdiyi gündən o torpaq sahəsində ev tikmişdir. Qeyd olunan torpaq sahələrinə çıxarış almaq istəyir. Cavabdehə dəfələrlə notariat kontoruna gedərək müqavilə bağlanmasını bildirsə də, o, müxtəlif bəhanələrlə bundan yayınmışdır. Lakin o, vicdanlı alıcı kimi torpağın pulunu ödəyərək razılıq əsasında onu satın almışdır. Cavabdeh yazılı şəkildə tərtib olunmuş aktı tanımaqdan əsassız olaraq imtina edir. Buna görə də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanı Quba RİH Quba şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 03 mart 2025-ci il tarixli məktubuna əsasən Cavabdeh ilə əlaqə yaratmaq və bildirişi təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 147-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası МPМ-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, hazırda yaşadığları məhəllədə ilk ev tikənlərdən olub, 1989-cu ildə evə köçüb orada yaşayır. İddiaçı təxminən 2000- 2001-ci illərdən ev tikib, həmin torpağı yol idarəsində işləyən, adını bilməsə də, xarici görünüşündən tanıdığı ağ saçlı bir kişidən almışdır. Torpağı neçəyə aldığını bilmir, lakin məhlədə bütün qonşular o vaxtdan Şakiri tanıyır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, İddiaçı çoxdan tanıyır, məhəllədə qonşudurlar, evindən iki ev aşağıda ev tikib yaşayır. Eşitdiyinə görə həmin yeri 1200 ABŞ dollarına satın alıb. Bu müddət ərzində heç kim həmin yerlə maraqlanmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, İddiaçı çoxdan tanıyır, məhəllədə qonşudular, köçməmişdən əvvəl də onu tanıyıb. 2000-ci ildə o məhəlləyə köçəndə Şakir artıq orda yaşayırmış, demək olar ki, otuz ilə yaxındır ki, Şakir ev tikib orda yaşayır. Məhkəmə iddiaçının izahatını və şahid ifadələrini nəzərə alaraq, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli Çıxarışının surətindən göründüyü kimi, Quba şəhəri Lenin küçəsi 102 nömrəli evdə yaşayan Cavabdeh Quba şəhəri 32-33-cü kvartalında 400 kv.m torpaq sahəsini verilməsi müəyyən olunmuşdur. iş materiallarında olan notarial təsdiq olunmuş “müqavilənamə”dən göründüyü kimi, Quba şəhər X6 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli qərarına müvafiq olaraq Cavabdeh Quba şəhəri 32-33-cü kvartalında yerləşən 400 kv.m torpaq sahəsini xx.xx.1990-cı ildə almışdır. İş materiallarında olan əlyazma alqı-satqı müqaviləsindən göründüyü kimi, xx.xx.1996-cı ildə Cavabdeh özünə məxsus Quba şəhəri 32-33-cü kvartalında yerləşən 400 kv.m torpaq sahəsini 1200 ABŞ dolları müqabilində İddiaçı satmasını imzası ilə təsdiq etmişdir. İş materiallarında olan 10 noyabr 2007-ci il tarixli aktdan göründüyü kimi, 1996-cı ilin iyul ayının 20-də Quba şəhəri 32-33-cü kvartalında yerləşən Cavabdeh məxsus 400 kv.m torpaq sahəsini 1200 ABŞ dolları müqabilində İddiaçı Cavabdeh almışdır. Həmin torpaq sahəsində tikinti işlərinə başlayaraq, fərdi yaşayış evi tikmiş, ailəsilə ora köçərək, həmin vaxtdan hal-hazıra kimi həmin evdə yaşayır. Həmin ev bənna X1 tərəfindən tikilmişdir. Həmin torpaq sahəsi alınan gündən hal-hazıra kimi torpaq və evin bütün vergi borclarını İddiaçı ödəmişdir. Aktın doğruluğunu X3, X2 və İddiaçı imzaları ilə təsdiq etmişdir. "xxxx" MMC-nin Şimal-Şərq Regional filialının Quba şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli, 18113 nömrəli arayışına əsasən, 2333660-84 saylı telefon xx.xx.2005-ci ildən İddiaçı istifadəsindədir. Quba bələdiyyəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan göründüyü kimi, İddiaçı 2025-ci il daxil olmaqla Quba bələdiyyəsinə olan torpaq və əmlak vergisini tam ödəmişdir və heç bir vergi borcu yoxdur. Quba RİHB-nın Quba şəhər İƏD üzrə nümayəndəliyinin 03 mart 2025-ci il tarixli məlumatına əsasən Cavabdeh məhkəmə iclasında iştirak etmək üçün məhkəmə bildirişinin yəqdim edilməsiylə bağlı araşdırma aparılmış, lakin Cavabdeh ilə əlaqə yaratmaq və bildirişi təqdim etmək mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 331.2-ci maddəsinə əsasən tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı aralarında razılığa gəlmiş, xx.xx.1996-cı ildə Cavabdeh özünə məxsus Quba şəhəri 32-33-cü kvartalında yerləşən 400 kv.m torpaq sahəsini 1200 ABŞ dolları müqabilində İddiaçı satmış və tərəfərin iştirakı ilə torpaq sahəsi təsdiqlənmş alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Məhkəmə qeyd edir ki, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Konstitusiya Məhkəməsinin qərarlarından biri «Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 may 2012-ci il tarixli qərarıdır. X4 Məhkəməsinin hüquqi mövqeyi bundan ibarətdir: Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Qeyd edilən Qərara əsasən notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında, yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş qanuna zidd olmayan əqd mövcuddur. Yazılı əqdin mövcud olması işin mübahisələndirilməyən halıdır. Qeyd edilən hal isə Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq şərtlər üzrə digər dəyərləndirmələrin aparılmasını mümkün edir. Həmçinin bağlanmasının müəyyən edilməsi xahiş edilmiş əqdin icrası elə həmin tarixdən baş tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.1996-cı il tarixli alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 mart 2023-cü il tarixli Qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 400 kv.m torpaq sahəsinin alğı-satqısına dair xx.xx.1996-cı il tarixli müqavilə bağlanmış hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar