Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-75/2021 17.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X3, Cavabdeh və onun nümayəndəsi vəkil X5 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Quba Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən 2010-ci il tarixdə Cavabdeh adına verilmiş В 168199 nömrəli diplomun etibarsız hesab edilməsi və Quba rayonu Aşağı Tüləkərən kənd tam orta məktəbi ilə Cavabdeh arasındakı əmək münasibətlərinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh hazırda Quba rayonunun Aşağı Tüləkərən kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. Müəllimlərin bilik və bacarıqlarının dioqnostik qiymətləndirilməsi zamanı cavabdehin təhsil sənədləri yoxlanılarkən məlum olmuşdur ki, onun məktəbə təqdim etdiyi diplom dövlət nümunəli təhsil sənədi deyildir. Ona görə də, cavabdeh dioqnostik qiymətləndirilməyə buraxılmamış və onun dərs saatları azaldılmışdır. Belə ki, cavabdehin təqdim etdiyi diplom Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialı tərəfindən verildiyi müəyyən edilmişdir. Lakin, onun ali təhsil müəssisəsinə qəbul edilməsi təhsil qanunvericiliyinin tələblərinə ziddiyyət təşkil etdiyini və ona görə də ona məxsus diplomun Təhsil Nazirliyi tərəfindən verilmədiyi aşkar edilmişdir. Onun iş yerinə təqdim etdiyi ali təhsil haqqında В №li 168199 diplomdan görünür ki, o, 2009-cu ildə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının ali peşə istiqaməti üzrə “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. O, 2009-cu ildə ali təhsilini başa vurmasına baxmayaraq, diplom ona 2010-cu ildə verilmişdir. Aparılan araşdırma zamanı cavabdehin diplomunun qanunsuz yolla əldə etməsi sübut edildiyindən, onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunveriviliyinə ziddiyyət təşkil edir. Belə ki, cavabdeh saxta sənəd təqdim etməklə ümumitəhsil məktəbində müəllim kimi işə qəbul edilmiş, fəaliyyəti dövründə təhsilalanların keyfiyyətli təhsil almaq hüquqlarını pozmuşdur. Onun fəaliyyət göstərdiyi məktəb tərəfindən cavabdehə məxsus diplomun sürəti Nazirliyə təqdim edilmiş və məlum olmuşdur ki, diplomun istifadə edilməsinə hüquqi əsas yoxdur. Belə ki, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziyası) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Cavabdehə məxsus diplom Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel, 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi” Qaydasına uyğun gəlmir. Digər tərəfdən, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və onlara verilən diplom blankları Təhsil Nazirliyi tərəfindən sifariş verilməmişdir. Belə ki, 1992-ci il tarixli “Azərbaycan Respublikasının Təhsil Qanun”una əsasən, dövlət ali təhsil müəssisələrinə qəbul yalnız TQDK-nın müəyyən etdiyi qaydada (yəni test üsulu ilə) həyata keçirilir.Lakin həmin şəxsin Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialına testdən kənar qəbul olunması təsdiq olunmuşdur. Belə ki, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 26-cı maddəsində Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun ümumi qaydaları müəyyən edilmişdir. Təhsil qanunvericiliyinin tələbinə görə, ali təhsil müəssisəsinə qəbul yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməlidir. Lakin cavabdehin AMİ- nin Gəncə filialına saxta və qanunsuz yolla qəbul olduğundan onun təhsilinin heç bir hüquqi əsası olmamışdır. Digər tərəfdən diplom saxta olduğundan onun həmin diplomla pedoqoji fəaliyyətlə məşğul olması hüquq normalarına ziddiyyət təşkil edir. Belə ki, cavabdehin şəxsi işindən görünür ki, o, 2006-cı ildən etibarən ibtidai sinf müəllimi kimi məktəbə işə qəbul edilmiş və hal-hazıradək həmin məktəbdə sinif müəllimi vəzifəsində işləyir. Qanunun tələbindən göründüyü kimi, ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sənəd təhsil haqqında dövlət sənədidir. Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq üçün tələb olunan əsas sənəd şəxsin ali təhsilli olmasını təsdiq edən diplomdur. Azərbaycan Respublikasınn Əmək Məcəlləsinin 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürən təhsil barədə müvafiq sənəd təqdim edilir.Yəni pedoqoji fəaliyyətlə məşğul olmaq istəyən şəxs mütləq qaydada ali təhsilli olmasını təsdiq edən dövlət nümunəli təhsil sənədini işgötürünə təqdim etməlidir. Lakin cavabdehin iş yerinə təqdim etdiyi diplomun saxta olduğundan onun pedoqoji fəaliyyətlə məşğul olması əmək qanunvericiliyinə zidiyyət təşkil edir. Ona görə də, onun diplomu məhkəmə qaydasında etibarsız hesab edilməkə yanaşı həm də, məktəblə onun arasındakı əmək münasibətlərinə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən, iş üzrə cavabdehin dövlət standartlarına və qanunvericiliyin tələblərinə cavab verməyən diplomla müəllim işləməsinin qarşısını almaq məqsədi ilə həmin sənəd məhkəmə qaydasında etibarsız hesab edilməli və işəgötürənlə onun arasında olan əmək münasibətlərinə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, TQDK-ya sorğu ünvanladıqlarını, sorğu nəticəsində cavabdehin qəbul imtahanından keçmədən universitet oxuduğunu, diplomun saxta olduğunu və bazada olmadığını bildirərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, test üsulu ilə imtahandan keçərək universitetə qəbul olmuşdur. Uzun müddətdir ki, dövlət tərəfindən verilmiş ali təhsil haqqında diploma əsasən müəllimlik fəaliyyəti ilə məşğul olur və bu müddət ərzində iddiaçı tərəfindən ona hər-hansı bir narazıçılıq bildirilməmişdir. Halbuki işə qəbul edilən zaman işəgötürən tərəfindən bütün bu kimi hallar araşdırılmışdır. Həmçinin Bakı Apelyasiya Məhkəməsi onun xeyrinə əmək fəaliyyəti ilə əlaqədar əvvəllər qərar qəbul etmiş və fəaliyyətini qanuni hesab etmişdir. Qeyd olunanlara əsasən iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi vəkil X6 məhkəmə iclasında iddianın əsassız olmasını əsas gətirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Müəllimlər İnstitunun Gəncə Filialının B168199 saylı diplomundan görünür ki, Dövlət Attestasiya Komissiyasının 16.03.2009-cu il tarixli qərarı ilə, Cavabdeh ibtidai təhsilin pedaqogika və metodikası üzrə bakalavr dərəcəsi verilmişdir. İş materiallarında olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, 14.09.2006-cı il tarixdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmiş, 30.09.2006-cı il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin UBTR vəzifəsinə təyin edilmiş, 30.03.2007-ci il tarixdə həmin vəzifədən azad edilərək, məktəbin ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan xasiyyətnamənin surətindən görünür ki, Cavabdeh 15 sentyabr 2006-ci il tarixindən Quba rayon Aşağı Tüləkəran kənd tam orta məktəbində ixtisası üzrə İbtidai sinif müəllimi təyin edilmişdir və hal hazırda həmin məktəbdə işləyir və məktəbin İV sinfinə rəhbərlik edir. Cavabdeh məktəbdə işlədiyi müddətdə həm müəllimlərin, həmdə şagird kollektivinin dərin hörmətini qazanmışdır. O, dərslərini günün tələbləri səviyyəsində qurmağı bacarır, şagirdlərin vətənpərvərlik tərbiyyəsinə xüsusi fikir vermişdir. O, şagirdlərin sinifdənxaric işlərinə xüsusi fikir verir, məktəb tədbirlərində rəhbərlik etdiyi sinfin şagirdlərinin fəal iştirakı üçün lazımı köməklik göstərir. Vaxtı-vaxtında sinif valideyn iclasları keçirilir, valideynlərə lazimi tövsiyyələrini bildirir və onlarla maarifləndirmə işləri aparır. Cavabdeh işlədiyi müddətdə dinlənilmiş dərsləri qənatbəxş hesab edilmişdir. Müəllim təlimdə geri qalan şagirdlərlə xüsusi məşqul olur. Cavabdeh elmi, siyasi, bədii və metodiki ədəbiyyatı, dövrü mətbuatı müntəzəm oxuyur və maraqlı təkliflər və məruzələrlə çıxış edir. O, metodbirləşmələrdə, seminarlarda və məktəbin ictimai işlərində yaxından iştirak edir. Cavabdeh məktəbin kollektivində qayğıkeş bir insan kimi hörmət qazanmışdır. O, məktəbin rəhbərliyi tərəfindən heç bir töhmət və cəza almamışdır. İş materiallarında olan sertifikatın surətindən görünür ki, Mədən humanitar ictimai birliyi tərəfinədn təşkil edilmiş İKT-nin təhsilə tətbiqi üzrə “X2 Təkminləşdirilməsi” təlim kurslarında iştirak etdiyinə görə X1 təltif olunmuşdur. İş materiallarında olan 005847 saylı sertifikatın surətindən görünür ki, Cavabdeh Aşağı-Tüləkəran kənd tam orta məktəbi ibtidai sinif müəllimi 2011/2012-ci dərs ilində ibtidai sinif şagirlərinə dərs deyəcək müəllimlər üçün yeni kurikulum üzrə təlimində iştirak etmiş və sertifikatla təltif edilmişdir. İş materiallarında olan Aşağı-Tüləkəran kənd tam orta məktəbinin 18.06.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən də, 15.09.2006-cı il tarixdən halhazıradək Quba rayon Aşağı-Tüləkəran kənd tam orta məktəbində ibtidai sinif müəllimi işləyir. İş materiallarında olan Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının 05.10.2009cu il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının “ibtidai təhsilin pedaqogika və metodikası” ixtisasının qiyabi şöbə üzrə bakalavr pilləsinin tam kursunu bitirmiş və diplom hüququ saxlanılmışdır. İş materiallarında olan 29.12.2008-ci il tarixli arayışından görünür ki, Cavabdeh 15.12.2008-ci ildən 25.12.2008-ci ilədək 10 günlük haqqı ödənilən əlavə məzuniyyət verilmişdir. İş materiallarında olan təsdiqedici arayışın surətindən görünür ki, Cavabdeh 15.12.2008-ci ildən 25.12.2008-ci ilədək Qış imtahan yoxlama sesiyasında iştirak etmişdir. İş materiallarında olan 19.12.2007-ci il tarixli arayışından görünür ki, Cavabdeh 20.12.2007-ci ildən 30.12.2007-ci ilədək 10 günlük haqqı ödənilən əlavə məzuniyyət verilmişdir. İş materiallarında olan təsdiqedici arayışın surətindən görünür ki, Cavabdeh 20.12.2007-ci ildən 30.12.2007-ci ilədək Qış imtahan yoxlama sesiyasında iştirak etmişdir. İş materiallarında olan 11.01.2007-ci il tarixli arayışından görünür ki, Cavabdeh 10.12.2006-ci ildən 20.12.2006-ci ilədək 10 günlük haqqı ödənilən əlavə məzuniyyət verilmişdir. İş materiallarında olan təsdiqedici arayışın surətindən görünür ki, Cavabdeh 10.12.2006-ci ildən 20.12.2006-ci ilədək Qış imtahan yoxlama sesiyasında iştirak etmişdir. İş materiallarında olan Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının 27.06.2007ci il tarixli arayışından görünür ki, Cavabdeh Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialının qiyabi şöbə üzrə “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisasının İV kurs tələbəsi olduğuna görə Quba rayon Təhsil Şöbəsinə təqdim etməsi üçün arayış verilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “iş saatının bərpa olunması” tələbi təmin edilməmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 11.07.2019-cu il tarixli, 2(103)- 8356/2019 saylı qətnaməsi ilə, iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məkhəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu, Aşağı-Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən Cavabdeh iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilmiş və iş saatı əvvəlki səviyyəsinə bərpa edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 7727/2019 saylı, 19.11.2019-cu il tarixli qərarı ilə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin kassasiya şikayəti təmin edilmiş və Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1564/2020 saylı, 19.02.2020-ci il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məkhəməsinin 2(005)-947/2019 saylı, 14.03.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu, Aşağı-Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən Cavabdeh iş saatının 2017-2018 dərs ilində 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilmiş və iş saatı əvvəlki səviyyəsinə bərpa edilmişdir.Qeyd edilən qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qüvvəyə minmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Təhsil Nazirliyi Cavabdeh qarşı iddia irəli sürmüşdür ki, o, ali təhsil haqqında diplomu qanunsuz yolla əldə etmiş və onun ali təhsil almadan pedaqoji fəaliyyətlə məşğul olması təhsil qanunvericiliyinə ziddir. Yəni cavabdeh saxta sənəd təqdim etməklə ümumtəhsil məktəbində müəllim kimi işə qəbul edilmişdir. Nazirlik cavabdehin təhsil sənədini araşdırarkən onun dövlət nümunəli olmadığını müəyyənləşdirmişdir. Eyni zamanda, Nazirlik tərəfindən aparılmış araşdırmadan məlum olmuşdur ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş və buna görə də ona verilən diplom blankı müvafiq qurum tərəfindən sifariş verilməmişdir. Belə ki, təhsil sənədi müvafiq əmək fəaliyyətinə başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Buna görə də, ona verilmiş diplom etibarsız hesab edilməli və əmək fəaliyyətinə xitam verilməlidir. Cavabdeh tərəf isə iddianın əsassızlığını onunla əsaslandırmışdır ki, o, Azərbaycan Müəllimlər İnstitunun Gəncə filialını qiyabi formada bitirərək, dövlət attestasiya komissiyasının qərarı ilə ali təhsil haqqında В 168199 nömrəli diplom almışdır. Bununla əlaqədar o, dərslərdə və imtahanlarda iştirak etmiş və diplom müdafiəsindən sonra “İbtidai təhsilin pedaqogika və metodikası” ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Hazırda Quba rayonu Aşağı Tüləkərən kənd tam orta məktəbində müəllim işləyir. İşə götürülərkən bunun üçün lazım olan bütün sənədləşmə işi aparılmış, hər-hansı bir nöqsan bildirilməmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Həmçinin, onun dərs saatlarının azaldılması ilə əlaqədar məhkəmədə qaldırdığı iddia nəticəsində Bakı Apelyasiya Məhkəməsinin 2(103)-1564/2020 saylı, 19.02.2020-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Quba rayonu, Aşağı-Tüləkəran kəndi tam orta məktəbində müəllim işləyən Cavabdeh iş saatının 2017- 2018 dərs ilində 24 saatdan 6 saata endirilməsi qanunsuz hesab edilmiş və iş saatı əvvəlki səviyyəsinə bərpa edilmişdir. O, uzun müddətdir ki, pedoqoji fəaliyyətlə məşğul olur və kənd məktəbində şagirdlərin təhsilə yiyələnməsində yaxından iştirak edir. İddiaçı tərəfin formal əsaslarla onun təhsildən uzaqlaşdırılmasına yönəlmiş bu hərəkəti onunla yanaşı, dərs dediyi və hazırda da müəllimlik etdiyi şagirdlərin aldıqları təhsili şübhə altına almaqla, hüquqlarının pozulmasına gətirib çıxaracaqdır. Qeyd olunanlara əsasən iddianın əsassız olduğu bildirilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 22.3-cü maddəsinə əsasən Bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrıayrı ixtisasların təhsil proqramları üzrə geniş profilli ali təhsilli mütəxəssislər hazırlanır. Bakalavriat təhsili başa çatmış ali təhsildir. Bakalavriatı bitirən məzunlara «bakalavr» ali peşə-ixtisas dərəcəsi verilir. Bakalavriat təhsili almış məzunların əmək fəaliyyəti sahəsi elmi müəssisə və təşkilatlarda və ali təhsil müəssisələrində elmi-pedaqoji fəaliyyət istisna olmaqla, bütün digər sahələri əhatə edir. Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun olan təhsil proqramlarını daha yaxşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, bu Qanunun 26.5-ci və 26.5-3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 27.1-27.2-ci maddəsinə əsasən Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini (doktorantura istisna olmaqla) bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan müvafiq təhsil haqqında dövlət sənədi verilir. Təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının təhsil müəssisələrində müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Həmin qanunun 36-1.2-36-1.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilənlər; ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslər; fəaliyyət qabiliyyətsizliyinə və ya məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 (bir) il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Məhkəmə hesab edir ki, cavabdeh ali təhsil müəssisəsinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlardan kənar yolla qəbul olunmuş olsa belə, ona verilmiş bakalavr diplomu dövlət attestasiya komissiyasının qərarı əsasında təsdiq edilmişdir. Həmçinin, cavabdehə diplom Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi test imtahanlarınına görə deyil, təhsil müəsissəsində aldığı təhsilin və verdiyi imtahanların nəticəsində, eyni zamanda dövlət attestasiya komissiyasının qərarı ilə verilir. Lakin iddiaçı həmin komissiyanın qərarını mübahisələndirmədən, birbaşa sənədin etibarsızlığı ilə əlaqədar rayon məhkəməsinə müraciət etmişdir. Həmçinin tərəflər arasında əvvəllər də, əmək münasibətləri ilə əlaqədar məhkəmə mübahisəsi olsa da, iddiaçı cavabdehin ali təhsilini mübahisələndirməyərək faktiki olaraq onun pedoqoji fəaliyyətinə razılığını bildirmişdir. Cavabdehə qarşı bu formada iddianın qoyulması (hazırki vaxtadək iddiaçının susqunluğu) isə onun indiyədək dərs dediyi şagirdlərin qanunla müəyyən edilmiş hüquqlarını da şübhə altına alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin Cavabdeh qarşı “diplomun etibarsız hesab edilməsi və əmək müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №2(027)-75/2021
Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-75/2021
17.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver