Məhkəmə qərarları › İş №2(027)-776/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-776/2021

04.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-776/2021 04.05.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X19 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi vəkil X9, Cavabdeh nümayəndəsi vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «şəxsin ləyaqətsiz hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, 05 oktyabr 2020-ci il tarixdə şəhid olmuş oğlum X4 atası Cavabdeh oğlu Tamerlan Əliyevə münasibətdə ləyaqətsiz vərəsə sayılmaqla, onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, O, Cavabdeh ilə 1998-ci il el adəti il ailə qurmuşdur. Nikahını isə 05 iyun 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 05 iyul 1999-cu il tarixdə Kənan, 03 yanvar 2002-ci il tarixdə Tamerlan və 29 may 2008-ci il tarixdə Yunis adında uşaqları anadan olmuşdur. Ailə qurduğları vaxtdan bir müddət sonra münasibətlər pişləmiş, o, uşaqlarının və valideynlərinin xətrinə cavabdein hərəkətlərinə dözmüşdür. Lakin cavabdeh öz hərəkətlərindən əl çəkməmiş, nəticədə cavabdehlə aralarında olan nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Əri Rusiya Federasiyasına getmiş, ailənin saxlanılması üçün kifayət qədər yardım etməmiş, yalnız özü işlədiyi üçün, özü öz puluna uşaqlarını saxlamışdır. Quba Rayon Məhkəməsinin 11 avqust 2015-ci il tarixli 2(027)-725/2015 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqları onun himayəsində saxlanılmış və uşaqlarının saxlanılması üçün hər uşaq üçün 60 manat olmaqla cəmi 180 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Həmin qətnamə icra olunması üçün Quba rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh hələ nikahları pozulmamışdan əvvəl evdən çıxmış ümumiyyətlə yaşadığı evə gəlməmiş, yalnız oğlu şəhid olan vaxtı gəlmişdir. Şəhid oğlu Tamerlanın 12 yaşı olanda cavabdeh çıxıb getmiş, uşaqlarının təhsili, tərbiyəsi və nə yeyib yaşaması ilə maraqlanmamışdır. Cavabdeh hətta məhkəmə qətnaməsilə müəyyən edilmiş alimenti ödəməmişdir. Cavabdeh alimenti ödəmədiyi üçün onu ölkəyə gələrkən sərhəddən tutub İcra şöbəsinə gətirmişlər. Cavabdeh onun atasına zəng edərək xahiş etmişdir ki, o, ərizə yazsın tezliklə aliment borcunu ödəyəcəkdir. O da, uşaqlarını düşünərək, cavabadehin uşaqlarının yanında pis olmaması üçün Quba rayon İcra və probasiya şöbəsində ərizə vermişdir. Bu hadisə 2017-ci ildə baş vermişdir. Bundan sonra cavabdeh yenə də öz əməllərindən əl çəkməmiş, aliment borcunu ödəməmişdir. Şəhid oğlu Tamerlanın 11-ci sinifi bitirən zaman dişləri çürümüş, yerinə təzə diş taxdırmaq istəmiş, bu zaman cavabdeh anasının ilinə Rusiya Federasiyasından gəlmiş, oğluna dişlərini taxdırcağını bildirmişdir. Şəhid oğlu ilə birlikdə diş həkiminə getmişlər, diş həkimi müalicə olunmalı və taxılmalı dişlərin qiymətini demiş, cavabdeh dişlərin pullarını verəcəyini bildirmiş, şəhid oğlunun dişlərini yonmuş, yeni dişlər hazır olan vaxtı oğlu dişlərin pullarını vermək üçün cavabdehə zəng etmiş, cavabdeh isə onun zənglərinə cavab verməmişdir. O, məcbur olaraq banklarda krediti olmasına baxmayaraq oğlu dişsiz qalmaması və məktəbi bitirən gənc olduğu üçün Rabitəbankdan kredit almışdır. Oğlu məktəbi bitirdikdən sonra onu Bakı şəhərində “İnnovasiyalar üzrə avtomobil diaqnostikası” hazırlıq və tədris verilən məktəbə qoymuşdur. Onun yaşaması üçün məktəbin yerləşdiyi Bakı şəhərində Dərnəgül adlanan ərazidə kirayə ev tutmuş, şəhid oğlu özündən başqa iki nəfərlə birlikdə 2019-cu ilin dekabr ayına kimi qalmışdır. Yanvar ayında 18 yaşı tamam olduğu üçün təhsilini yarımçıq qoyaraq evə gəlmiş və hərbi xidmətə getmişdir. Şəhid oğlunun aliment pulunu isə cavabdeh hələ bu vaxta kimi ödəməmişdir. Oğlu hərbi xidmətə getmiş, Beylaqan rayonunda hərbi xidmətə başlamış, onun andiçmə mərasimi olan zaman digər uşaqlardan fərqlənməsin, atası olmasını hiss etməsin deyə öz üzüyünü sataraq onun andiçmə mərasiminə getmişdir. 2020-ci ilin sentyabr ayının 27-dən başlayan torpaqların azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 01 oktyabr 2020-ci il tarixdə şəhid olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə onun nəşini gətirmişlər. Oğlunun dəfnindən bir neçə gün sonra cavabdeh gəlmişdir. O, yenə də bir ana kimi cavabdehin evin qarşısında yas mərasimindən iştirak etməsinə etiraz etməmişdir. Oğlunun yas mərasimini keçirdikdən sonra hələ bundan əvvəl dəfələrlə onu çağırmalarına baxmayaraq o, sonradan notariat kontoruna gedərək sənədlərini təqdim etmişdir. Bir müddət sonra eşitmişdir ki, cavabdeh də oğlunun şəhid olması ilə bağlı verilən puldan payını almaq üçün Notariat kontoruna ərizə vermişdir. cavabdeh uşağın böyüməsində, təhsil almasında, hərbi xidmətə getməsində onun müalicə almasında iştirak etməmişdir. Belə olan halda yalnız şəhid pulu üçün valideynlik borcu yadına düşən ata şəhid oğlunun vərəsəsi olmamalıdır. Oğlunun sağlığında atalıq borcunu yerinə yetirməyən atanın onun ölümündən sonra şəhid pulunu almaq istəməsi hazırda şəhid olan oğlunun ruhuna da təhqirdir. Məhkəmədə İddiaçı və onun nümayəndəsi vəkil X20 iddia tələbini müdafiə edərək, cavabdehin hazirki vaxta qədər də, keçmiş qayınatasına (iddiaçının atası) pul borclu olmasını bildirmişlər. Cavabdehin müxtəlif vaxtlarda onlar üçün göndərdiyi pulun əslində aldığı borcun əvəzi kimi qaytarılmasını bildirmişlər. 01.04.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əsassız və yalan olduğunu bilirərək oğlu Tamerlanın Rusiya Federasiyasında onun yanında anadan olduğunu, hər dəfə Azərbaycana gəldiyi zaman alimentdən başqa uşaqlarının müvafiq xərclərini ödədiyini, uşaqları üçün 20.000 dollara ev və torpaq sahəsi aldığını, onun və anasının köməkliyi ilə iddiaçını işə düzəldiyini qeyd edərək iddianın əsassız olduğundan iddia tələbinin rədd edilməsini məhkəmədöən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi vəkil X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, cavabdeh 27.01.2017-ci il tarixdə həmin ilə qədər olan aliment borcunu ödəmişdir. Cavabdeh müxtəlif vaxtlarda aliment öhdəliyini icra etmiş və övladları ilə mütamadi əlaqədə olmuşdur. 16.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki, o, iddiaçının anasıdır. Cavabdehin zərərli vərdişləri olmuşdur. Qızına daima fiziki güc tətbiq etmişdir. Cavabdehin hələ də, onun həyat yoldaşına pul borclu olmasını və məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin əslində borclu olduğu pula aid olduğunu qeyd etmişdir. 16.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X16 bildirmişdir ki, o, iddiaçının atasıdır. Cavabdehin aliment olduğunu qeyd etdiyi ödənişlərin əslində ona olan borcunun ödənişləri olmasını qeyd etmişdir. 16.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, o, iddiaçının qonşusudur. İddiaçının həyat yoldaşını ilk dəfə məhkəmədə görmüşdür. Evinə gedib-gəlməsini heç vaxt şahidi olmamışdır. Cavabdeh tərəfindən iddiaçıya hansısa məbləğdə pul göndərilib və ya göndərilmədiyi barədə məlumatı yoxdur. 16.04.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, o, iddiaçının iş yoldaşıdır. 10 ildir ki, iddiaçı ilə bir yerdə işləyirlər. Daima mehriban münasibətləri olmuşdur. İddiaçı uşaqların xərclərini ödəmək üçün bankdan kredit almış və iş yoldaşımız ona zamin dayanmışdır. İddiaçı daima cavabdeh tərəfindən döyülmüş və işə həmişə döyülmüş vəziyyətdə gəlmişdir. İddiaçının oğlunun yas mərasimində iştirak etmişdir. Lakin cavabdehi tanımadığı üçün onun yas mərasimində iştirak edib və ya etməməsi barədə məlumatı olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 05.10.2020-ci il tarixdə qəlpələrlə törənmiş zədələnmələr nəticəsində döyüş meydanında vəfat etmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X13 arasında olan nikah 12.02.2016-cı il tarixdə ləğv edilmişdir. İş materiallarında olan Quba Regional “ASAN” Xidmət Mərkəzinin Notariat Ofisinin 12.02.2021-ci il tarixli məktubundan görünür ki, 01.12.2020-ci il tarixli 566 saylı vərəsəlik işinə əsasən İddiaçı və Cavabdeh 05.10.2020-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildirlər. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 03.01.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuşdur. Onun anası - İddiaçı, atası– Cavabdehdur. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-725/2015 saylı, 11.08.2015-ci il tarixli qətnaməsi ilə, X13 ilə Cavabdeh arasında 05 iyun 2004-cü il tarixdə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahından 05 iyul 1999-cu il tarixdə doğulmuş X21, 03 yanvar 2002-ci il tarixdə doğulmuş X12 və 29 may 2008-ci il tarixdə doğulmuş X22 anaları X5 yanında saxlanılmış, 05 iyul 1999-cu il tarixdə doğulmuş X21, 03 yanvar 2002-ci il tarixdə doğulmuş X12 və 29 may 2008-ci il tarixdə doğulmuş X14 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla, 12 mart 2015-ci il tarixdən hər uşağa görə ayda 60 (altmış) manat olmaqla, Cavabdeh 3 uşaqa görə hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq, X6 ödənilməsi qərara alınmışdır. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, cavabdeh yaşadığı Rusiya Federasiyasından 08.02.2019-cu il tarixdə 4040 rus rublu (İddiaçı), 26.04.2019-cu il tarixdə 10099 rus rublu (oğlu Kənana), 21.05.2019-cu il tarixdə 12119 rus rublu (oğlu Kənana), 10.06.2019-cu il tarixdə 12119 rus rublu (oğlu Kənana), 02.10.2019-cu il tarixdə 4040 rus rublu (İddiaçı), 04.11.2019-cu il tarixdə 4040 rus rublu (İddiaçı), 21.11.2019-cu il tarixdə 12240 rus rublu (oğlu Tamerlanın dostu X17, iddiaçının bildirdiy kimi), 14.07.2018ci il tarixdə 15080 rus rublu (İddiaçı), 31.07.2018-ci il tarixdə 10100 rus rublu (oğlu Tamerlana), 12.12.2018-ci il tarixdə 6150 rus rublu (oğlu Tamerlana), 25.12.2018-ci il tarixdə 6060 rus rublu (Heybət Xalıqova), 02.02.2017-ci il tarixdə 360 manat (Heybət Xalıqova), 21.03.2017-ci il tarixdə 183 manat (İddiaçı), 28.04.2017-ci il tarixdə 181 manat (İddiaçı), 31.05.2017-ci il tarixdə 191 manat (İddiaçı), 12.07.2017-ci l tarixdə 35.000 rus rublu (İddiaçı), 05.07.2017-ci il tarixdə 100 manat (oğlu Kənana), 25.05.2015-ci il tarixdə 363 manat, 16.07.2014-cü il tarixdə 5100 rus rublu (İddiaçı),23.06.2014-cü il tarixdə 32.320 rus rublu (İddiaçı), 2014-cü ilin müxtəlif tarixlərində 17340 rus rublu, 23227 rus rublu, 15300 rus rublu, 23014 rus rublu, 16320 rus rublu məbləğində pul vəsaitini cavabdehə göndərmişdir. İş materiallarında olan 01.03.2021-ci il tarixli qəbzdən görünür ki, 01.03.2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçının adına 1000 manat məbləğində pul göndərilmişdir. İş materiallarında olan Quba rayon İcra və Probasiya Şöbəsinin 18.02.2021-ci il tarixli məktubundan görünür ki, Quba rayon Məhkəməsinin 2(027)-725/2015 saylı, 11.08.2015-ci il tarixli icra sənədinə əsasən üç uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün borclu Cavabdeh bu günə kimi tələbkar X7 xeyrinə 4960 manat pul ödəmişdir. Hal-hazırda borclu Cavabdeh aliment üzrə 5460 manat məbləğində borcu mövcuddur. İş materiallarında olan 27.01.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı Quba rayon İcra Şöbəsinə müraciət edərək,Cavabdeh aliment borcunu ödədiyini, ona qarşı heç bir məbləğdə borcu olmadığını, Cavabdeh qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1176.2-ci maddəsinə əsasən vəsiyyətnamədə birbaşa göstərişlə mirasdan məhrum edilmiş şəxs vəsiyyətnaməyə daxil olmamış əmlak hissəsinə, vəsiyyət üzrə vərəsələrin mirası qəbul etməkdən imtina etdikləri halda da, qanun üzrə vərəsə ola bilməz. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1193-cü mddəsinə əsasən Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13.12.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Roma hüququnun prinsipləri əsas götürülərək əksər Avropa ölkələrinin qanunvericiliyində üzrlü səbəblər olduğu halda miras qoyanın istəyi ilə mirasda məcburi pay hüququndan məhrumetmə qaydası müəyyən olunmuşdur. Ölkələrin bəzilərində məhrumetmə üçün ciddi əsasların olması tələb olunsa da (məsələn, Almaniya və İsveçrə) digərlərində (məsələn, Rusiya və Qazaxıstan) isə bunu əsaslandırmağın zəruriliyi xüsusi olaraq qanunvericiliklə müəyyən olunmamışdır.Azərbaycan Respublikasının qanunvericiliyində vərəsəlik hüquq institutu və bu institutun ayrılmaz tərkib hissəsi olan vərəsəlikdə məcburi pay hüququ Roman-alman hüquq sisteminə aid ölkələrin qanunvericiliyi ilə oxşar qaydada həll edilmişdir. Belə ki, Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Konstitusiya Məhkəməsi Plenumunun Qərarında “mirasda məcburi pay hüququ” ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən mirasda məcburi pay sosial-iqtisadi və əxlaqi yükü olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Azərbaycan Respublikasının mülki qanunvericiliyi vərəsəlik hüququnda sosial ədalət prinsipindən çıxış edərək, dövlətlə fərd arasında münasibətləri, gender əlaqələrini, gənclə ahıl insan, sabit ailə və digər münasibətləri tarazlayaraq hüquq münasibətlərinin iştirakçısı olan müəyyən kateqoriyalı imtiyazlı şəxslərə (uşaqlar, qadınlar, fiziki qüsurlu insanlar) digərləri ilə nisbətdə bərabər hüquqi imkanlar yaradır.Vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından anadan olmuş 03.01.2002-ci il təvəllüdlü X12 05.10.2020-ci il tarixdə qəlpələrlə törənmiş zədələnmələr nəticəsində döyüş meydanında vəfat etmişdir. Hazırda İddiaçı məhkəmədən 05 oktyabr 2020-ci il tarixdə şəhid olmuş oğlu X4 atası Cavabdeh oğlu Tamerlan Əliyevə münasibətdə ləyaqətsiz vərəsə sayılmaqla, onun vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Əsas kimi isə göstərir ki, cavabdeh uşaqlarına münasibətdə valideyinlik vəzifəsini həyata keçirməmiş, aliment öhdəliyindən yayınmışdır. Lakin, Məhkəmə hesab edir ki, iddiaçı şəxsin ləyaqətsiz vərəsə sayılması üçün məhkəməyə yetərli sübut təqdim etməyib. Belə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərinin surətlərindən görünür ki, cavabdeh müxtəlif tarixlərdə iddiaçının himayəsində olan övladlarının saxlanılması üçün Rusiya Federasiyasından iddaçının adına, övladlarının və iddiaçının atasının adına müxtəlif məbləğlərdə pul göndərmişdir. İddiaçı və şahid qismində məhkəmə iclasında dindirilmiş iddiaçının atası X16 cavabdeh tərəfindən müxtəlif vaxtlarda göndərilmiş pul məbləğlərinin aliment pulu olmadığını, cavabdehin Heybət Xalıqova pul borclu olduğundan həmin borcu ödədiyini iddia etsələr də, cavabdehlə iddiaçının atası X16 arasında borcla bağlı öhdəliyin olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1138-ci maddəsinə əsasən, valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Qanunverici həmin normada “qəti surətdə” ifadəsini işlətməklə məhkəməyə işin araşdırılmış faktiki hallarını nəzərə alaraq, qərar çıxarmaq imkanı verir. Bu cür yanaşma qanunvericiliklə qorunan valideynlik hüququnun və uşaqların xüsusi mənafeyinin müdafiəsindən irəli gəlir. Cavabdeh aliment öhdəliyini qismən icra etmiş və öhdəliyin bu formada icrası onun maddi vəziyyəti ilə əlaqədar olmuş, yəni alimentin ödənilməsindən qəsdən və qərəzli olaraq yayınma faktı olmamışdır. Digər tərəfdən hazırki mübahisəyə baxılan zaman cavabdeh aliment öhdəliyini icra etməkdə davam edir və hazırki vaxta cavabdehin qismən icra edilməmiş aliment öhdəliyi var. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh daima uşaqları ilə ünsiyyətdə olmuş və onlara maddi cəhətdən kömək etmişdir. Beləliklə, iddiaçının cavabdehə qarşı iddia tələbi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «şəxsin ləyaqətsiz hesab edilməsi» tələbinə dair iddiası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetrilmədiyindən və iddiaçı qeyd edilən əsaslarla bağlı məhkəməyə sübut təqdim etmədiyindən təmin edilməməlidir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «şəxsin ləyaqətsiz hesab edilməsi» tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar