Məhkəmə qərarları › İş №2(027)-79/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-79/2024

11.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-79/2024 11.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçılar Quba Regional X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Quba Regional X4 Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Quba Regional X7 Cavabdeh qarşı “özbaşına tutulmuş meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq təhvil verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Quba şəhər sakini Cavabdeh Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0,75 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulması, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq X8 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Quba Regional X7 iddia ərizəsini onunla əsaslandırmışdır ki, X8 Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə Quba meşəbəyliyinin ərazisində meşə fondu torpaqlarının təyinatından kənar istifadə halları yoxlanılarkən Quba şəhər sakini Cavabdeh tərəfindən Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsinin 0,75 ha torpaq sahəsində qeyri-qanuni zəbt edərək tikinti konstruksiya işləri aparmışdır. Həmin fakt əsasında Quba RMTM-nin meşə uçotu və kadastr üzrə baş mütəxəssisi Oruc Bayramov, Quba meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, 1 saylı dolayın meşə gözətçisi Taleh Abdullayevin iştirakları ilə xx.xx.2022-ci il tarixdə müvafiq akt tərtib edilmiş, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillər akta əlavə edilmişdir. Cavabdeh tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2022-ci il tarixli 27/06/174-50 nömrəli məktubun göndərilməsinə baxmayaraq, dövlət meşə fonduna aid torpaq sahəsi hazırki vaxta kimi boşaldılmamışdır. Məhkəmə iclasında iddiaçı Quba Regional X4 nümayəndəsi X2 iddianı müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasında gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 003079 saylı aktdan görünür ki, Quba RMTM-nin meşə uçotu və kadastr üzrə baş mütəxəssisi Oruc Bayramov, Quba meşəbəyliyinin meşəbəyisi Hüseyn Abdulhüseynov, 1 saylı dolayın meşə gözətçisi Taleh Abdullayevin iştirakı ilə Quba şəhər sakini Cavabdeh tərəfindən qanunsuz zəbt olunaraq fəaliyyət göstərdiyi əraziyə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Quba şəhər sakini Cavabdeh tərəfindən Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsinin 0,75 ha torpaq sahəsində qeyri-qanuni zəbt edərək, “Meşə ulduzu” istirahət turizm obyektində qanunsuz fəaliyyət göstərmişdir. İş materiallarından görünür ki, X8 X1 Əliməmmədov tərəfindən meşə qanunvericiliyinin tələbləri pozulduğu üçün adıçəkilən sahənin könüllü boşaldılması barədə onun ünvanına xx.xx.2022-ci il tarixli 27/06/174-50 nömrəli məktubu göndərilmişdir. İş materiallarında olan ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillərdən görünür ki, ərazinin koordinatları, ərazidən çıxarış və fotoşəkillərdən görünür ki, Cavabdeh tərəfindən qanunsuz zəbt olunan torpaq sahəsi həqiqətən də Quba Regional X4 ərazisidir. Beləliklə məhkəmə araşdırılmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı Quba şəhər sakini Cavabdeh tərəfindən Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0,75 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulmasını, ərazinin boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq X8 Təsərrüfatı Mərkəzinə təhvil verilməsini tələb edir. Mübahisə predmetini təşkildən edən və Cavabdeh tərəfindən istifadə olunan 0.75 ha torpaq sahəsinin Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsinin ərazisində yerləşdiyi iş materialları ilə öz təsdiqini tapmışdır. Həmçinin Cavabdeh ona qarşı irəli sürülmüş iddianı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Eləcə də, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 4-cü maddəsinə əsasən Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir. Həmin Məcəllənin 11-ci maddəsinə əsasən Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir və Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Məcəllənin 79-cu maddəsinə əsasən Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsinə Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. (maddə 5.1). Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir (maddə 5.2). Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.(maddə 5.3). Həmin Məcəllənin 46.1-cı maddəsinə əsasən meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla) dövlət mülkiyyətindədir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur (maddə 111.1). Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111.2). Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir (maddə 111.3).. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 saylı Qərarının 16-cı bəndində göstərilmişdir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri həmin torpaqlara hüquqları qanunla müəyyən edilmiş qaydada təsdiq olunan orqanlar, hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikası torpaq qanunvericiliyinə və mülki qanunvericiliyinə uyğun olaraq geri alına bilər. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən təsərrüfat və digər fəaliyyətlər üçün müəyyən edilmiş ekoloji və texnoloji tələblərə, qüvvədə olan standartlara və ətraf mühitin kəmiyyət, keyfiyyət normativlərinə riayət etmək, təbii resurslardan istifadəyə, ətraf mühitin çirkləndirilməsinə görə müəyyən edilmiş ödəniş və cərimələri vaxtında ödəmək, ətraf mühitin mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən orqanların tələbi ilə lazımi məlumatı təqdim etmək təbiətdən istifadəçilərin vəzifələrinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 78 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydaları”nın 1.3-cü bəndinə əsasən meşə fondunun mühafizəsi və qorunmasında məqsəd meşələrin yanğından, qanunsuz qırılmalardan, meşə fondundan istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşələrə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən, xəstəliklərdən mühafizə etmək və qorumaqdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. «İnsan hüquqlarının və X3 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə təqdim olunmuş və məhkəmədə araşdırılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, Avropa Konvensiyasının mülkiyyət hüququ ilə bağlı bu normaları baxımından da iddia təmin edilməli, Quba rayon Küçeyi kənd sakini Cavabdeh tərəfindən Vəl-Vələ meşəbəyliyinin 9 saylı dolayının 12-ci kvartalının 2,4,5-ci bölmələrinin ərazisində özbaşına tutduğu (zəbt etdiyi) 1 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulmalı, ərazi boşaldılmalı, əvvəlki vəziyyətinə qaytarılaraq X8 Təsərrüfatı Mərkəzinə təhvil verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4 və 9.1.14-cü maddlərinə əsasən Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Quba şəhər sakini Cavabdeh Quba meşəbəyliyinin 1 saylı dolayının 2-ci kvartalının 15-ci bölməsində özbaşına tutduğu (zəbt etdiyi) 0,75 hektar meşə fondu torpağının istifadəsinə qadağa qoyulsun, ərazi boşaldılıb əvvəlki vəziyyətinə qaytarılaraq X8 Təsərrüfatı Mərkəzinə təhvil verilsin. Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar