Məhkəmə qərarları › İş №2(027)-891/2020

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-891/2020

20.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-891/2020 20.08.2020 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonu, Tircan inzibati ərazi nümayəndəliyi tərəfindən qeydə alınmış 09 nömrəli nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci təvəllüdlü X3 onun yanında saxlanılması və onların saxlanılması üçün cavabdehdən hər uşağa hər ay 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X8 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda mehriban olsalar da, sonradan cavabdehin ona və uşaqlarına qarşı olan münasibəti, davranışlarına görə münasibəti pozulmuşdur. Artıq 5 ildir ki, cavabdeh evə uşaqlara qayğı göstərmir, iş olduğu halda işləmir. Bu müddət ərzində o, demək olar ki, atasının evində az vaxtlarda isə atasının təmin etdiyi pul və ərzaqlarla cavabdehin evində yaşamışdır. Nikahdan bir müddət sonra cavabdehin pis vərdişləri yaranmış, ailəsinə baxmamışdır. Buna baxmayaraq o, cavabdehə şans vermiş, lakin sonuncu məhəl qoymamışdır. Bununla yanaşı cavabdeh ona nalayiq sözlər deyərək, bir neçə dəfə əl qaldırıb vurmuşdur. Artıq Cavabdeh ona və uşaqlarına bu yanaşmasından bezmişdir. Nikah formal xarakter daşıyır. Bundan sonra birgə yaşayaraq ailənin qorunub saxlanılması qeyri mümkündür. Ona görə də cavabdehlə aralarında olan nikahın pozulmasında qərarı qətidir. Həmçinin, nikah pozulandan sonra uşaqları təkbaşına böyütmək üçün müvafiq xərcləri ödəməyi mümkün deyildir. O, heç bir yerdə işləmir, azyaşlı uşaqlarına baxır. Cavabdeh isə ona köməklik göstərmir və uşaqları ilə maraqlanmır. Ona görə də aralarında olan nikahın pozulması və birgə nikahdan olan uşaqların saxlanması üçün alimentin alınaraq ona verilməsini istəyir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirdi ki, övladlarını maddi ehtiyyaclarını təmin edir, lakin hal-hazırda işsizdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonu, Tircan inzibati ərazi nümayəndəliyi tərəfindən tərəflər arasında nikah bağlanmış və 09 nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin nikahından xx.xx.2015-ci il tarixdə X7 və xx.xx.2017-ci il tarixdə X8 doğulmuşlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu, barışıq üçün müəyyən edilmiş vaxt ərizdə tərəflərin barışmadığını, tərəflərin faktiki ailə münasibətləri kəsildiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Ona görə də nikah pozulmalıdır. Həmin Məcəllənin 20.2-ci maddəsində qeyd olunmuşdur: Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Belə ki, məhkəmə tərəflərin barışması üçün 3 ay müddət müəyyən etmiş, lakin tərəflər arasında barışıq olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalacağıdır. Məhkəmə uşaqların yaşını, anasına daha çox bağlı olduğunu,iddiaçının uşaqları onun yanında saxlanılmasını tələb etməsi, cavabdehin isə bununla bağlı etiraz etmədiyini nəzərə alıb hesab edir ki, nikah pozulandan sonra uşaqlar iddiaçının (ananın) yanında qalmalıdır. Həmin Məcəllənin 22.2.2-ci maddəsinə görə nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərdən biri də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulacağıdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ona görə də cavabdeh iddiaçının yanında qalan uşaqların saxlanması üçün aliment ödəməyə borcludur.İddiaçı uşaqların saxlanması üçün cavabdehdən hər uşağa hər ay ümumilikdə 160 manat məbləğində aliment tələb etsə də, cavabdehin qazancının məbləği barədə sübutlar təqdim etməmişdir. Eyni Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Məhkəmə bu müddəadakı “özlərinin qabiliyyəti çərçivəsində” ifadəsini vurğulayaraq qeyd edir ki, cavabdeh əmək qabiliyyətlidir, hər uşağa görə hər ay 130 manat olmaqla, iki uşağa görə hər ay cəmi 260 manat sabit pul məbləğində aliment ödəməyə imkan verən səviyyədə qazanc əldə etmək imkanına malikdir. Təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək,İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonu, Tircan inzibati ərazi nümayəndəliyi tərəfindən qeydə alınmış 09 nömrəli nikah pozulmalı, birgə nikahdan doğulan xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci təvəllüdlü X1 Aytac Elman qızının yanında saxlanılmalı və onlarınyetkinlik yaşına çatana kimi saxlanması üçün saxlanılması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonu, Tircan inzibati ərazi nümayəndəliyi tərəfindən qeydə alınmış 09 nömrəli nikah pozulsun. Nikah pozulandan sonra xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci təvəllüdlü X8 anaları İddiaçı himayəsində saxlanılsın. xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq hər uşağa hər ay 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar