Məhkəmə qərarları › İş №2(027)-971/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №2(027)-971/2025

16.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № 2(027)-971/2025 16.04.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq əlaqəsinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinə qarşı “qohumluq əlaqəsinin müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 onun anası olmaqla qohumluq faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, Əsədova (Ömərova) Xalidə Mülküm qızı 19 mart 1952-ci ildə Quba rayonu, Zərqava kəndində anadan olmuş, X3, anası Osmanova Məla (Gülpəri) Məhəmməd qızıdır. Valideynləri xx.xx.1943-cü ildə rəsmi nikah qeyd etdirərək ailə qurmuş, birgə nikahdan o və digər bacı-qardaşları doğulmuşdur. Valideynlərinin nikah haqqında şəhadətnaməsində və onun doğum haqqında şəhadətnaməsində anasının adı Osmanova “Gülpəri” Məhəmməd qızı kimi qeyd edilmişdir. Onun doğum haqqında şəhadətnaməsində anasının adında "Gülpəri” sözünün üzərindən xətt çəkilərək “Məla” sözü yazılmış və “uşağın anasının Osmanova Məla olmasına inanmalı” qeydi aparılaraq 16 aprel 1952-ci ildə Quba rayon Zərqava İƏD üzrə nümayəndəsinin (kənd sovetinin) möhürü ilə təsdiq edilmişdir. Lakin həmin düzəliş müvafiq akt qeydləri kitabında aparılmamışdır. Həmin akt qeydləri kitabında anasının adı “Gülpəri” kimi qalmışdır. Yəni bu düzəlişi yalnız doğum haqqında şəhadətnamədə aparmaqla kifayətlənmişlər. X3 xx.xx.2006-cı il tarixdə, anası X4 isə 18 oktyabr 2020-ci il tarixdə vəfat etmişlər. Anasının vəfatından sonra ondan miras əmlak qalmışdır. Qeyd edilən miras əmlakdan ona çatası payın alınması üçün Quba regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmiş, lakin ona anası X4 ilə hər hansı qohumluq münasibətinin təsdiq olunmadığı əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra o, Quba rayon qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək Quba rayon Zərqava İƏD-nin 40 saylı, xx.xx.1952-ci il tarixli doğum haqqında akt qeydində və Quba rayon Zərqava İƏD-nin 05 saylı, 01,05.1943-cü il tarixli nikah haqqında akt qeydində anasının adının Gülpəridən Məlaya dəyişiklik edilməsi ilə əlaqədar müraciət etsə də, bu mümkün olmadığı üçün qohumluq faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. bildirilmişdir. Göstərilənlərə əsasən, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək, ərizədə qeyd olunanlara uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə maraqlı tərəf Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan vəkilin sorğusu əsasında alınmış sənədlərrin surətlərindən görünür ki, mülkiyyətində adına qeydə alınmış torpağa dair sənədlərdə ərizəçinin anasının adı X1 qeydə alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnaməsində və ərizəçinin doğum haqqında şəhadətnaməsində anasının adı Osmanova “Gülpəri” Məhəmməd qızı kimi qeyd edilmiş, "Gülpəri” sözünün üzərindən xətt çəkilərək “Məla” sözü yazılmışdır. İş materiallarında olan Quba regional “ASAN Xidmət” mərkəzi notariat ofisinin xx.xx.2025-ci il tarixli 195 nömrəli məktubundan görünür ki, Ərizəçi ilə X2 qohumluq faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X2 adında dəyişiklik edilməsi və qohumluq faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, X2 həqiqətən də ərizəçinin anası olmasını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi əsaslı olaraq məhkəməyə müraciət etdiyindən, ərizə təmin edilməli, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi anası olması müəyyən edilsin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 Ərizəçi anası olması müəyyən edilsin. Qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar