Məhkəmə qərarları › İş №2(028)-110/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-110/2024

24.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-110/2024 24.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında Ərizəçi, doğulduğu tarix xx.xx.1962-ci il, doğum yeri “Qubadlı rayon, Qarakişilər kəndi”, ata qrafasında X4, milliyəti azərbaycanlı, ana qrafasında X7, milliyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək göstərdi ki, o, xx.xx.1962-ci il tarixdə Qubadlı rayonu, Qarakişilər kəndində anadan olmuşdur. X1, anası X7, milliyətləri azərbaycanlıdırlar. Onun doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. O, təkrar şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin doğum haqqında şəhadətnaməni almaq mümkün olmamışdı. Şöbədə ona doğum faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. X2 göstərdi ki, o, xx.xx.1967-ci ildə Qubadlı rayon Qarakişilər kəndində anadan olmuşdur. Səkinə onun bacısıdır. 5 yaş fərqləri var. Ərizəçi 1962-ci ildə anadan olub. X3 göstərdi ki, o, xx.xx.1969-cu ildə Qubadlı rayon Qarakişilər kəndində anadan olmuşdur. Səkinə onun bacısıdır. Bacısı ondan böyükdür. Ərizəçi 1962-ci ildə anadan olub. Məhkəmə iş üzrə ərizəçini, şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Qubadlı rayon Zilanlı kənd VVADQ tərəfindən verilmiş evlənmək haqqında şəhadətnamənin kserosurətindən görünür ki, xx.xx.1955-ci ildə doğulmuş X9 və xx.xx.1962-ci ildə doğulmuş Ərizəçi xx.xx.1980-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2 № ilə qeyd edilmişdir. İşmateriallarında olan Maraqlı şəxs 3-16-5/8-B-2xx-xx/2023 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Ərizəçi barəsində Maraqlı şəxs arxivində doğum aşkar olunmamışdı. Arxiv məlumatları Maraqlı şəxs, Qubadlı rayon Həmzəli (Mollu) icra nümayəndəliyi, Qubadlı rayon Qaracallı icra nümayəndəliyi üzrə 1959-1965-ci illər və 1963-1980-cı illərə dair bərpa akt qeydləri yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-B-xx/xx/2023 saylı məktubda göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəməyə müraciət etmək tövsiyyə olunur. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, məhkəmə istintaqı zamanı dindirilmiş Ərizəçi ifadəsində bildirmişdir ki, o, məcburi köçkün kimi Sumqayıt şəhərinə köçdüyündən və maddi durumu aşağı olduğundan çoxuşaqlı analar üçün nəzərdə tutulmuş pensiya almaq istəmişdir. O, Qubadlı rayon Əahlinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etdikdən sonra onun sənədlərində kimsə təvəllüdünü xx.xx.1962-ci il olduğu halda xx.xx.1945-ci il kimi dəyişiklik etmişdir. Sonradan şəxsiyyət vəsiqəsi əldə etdikdə həmin sənəddə də əvvəldən dəyişiklik edilmiş təvəllüdü, yəni xx.xx.1945-ci il qeyd olunmuşdur. Şəxsiyyət vəsiqəsində və fərdi uçot kartoçkasında doğum tarixi xx.xx.1945-ci il, Qubadlı rayon VVAQ şöbəsində övladlarının doğum aktları qeydlərində doğum tarixi xx.xx.1962-ci il qeyd olunmuşdur. Doğum tarixini təstiq edəcək heç bir məhkəmə qərarı və doğum haqqında şəhadətnamə olmamışdır. Onun həqiqi doğum tarixi xx.xx.1962-ci il olmuşdur. Həmin hökmdə məhkəmə istintaqı zamanı dindirilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi ifadəsində bildirmişdir ki, xx.xx.1945-ci il təvəllüdlü vətəndaş Ərizəçi Qubadlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 526 nömərli xx.xx.1995-ci il tarixli qərarı ilə xx.xx.1995-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçi təvəllüdü xx.xx.1962-cı il tarixi kimi nəzərə alındıqda pensiya işinin tərkibindəki olan sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq vətəndaşın yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “ Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə işə qeydiyyatın həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1962-ci il tarixdə Qubadlı rayonu, Qarakişilər kəndində doğulması faktı müəyyən edilsin. Doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında Ərizəçi, doğulduğu tarix xx.xx.1962-ci il, doğum yeri Qubadlı rayon, Qarakişilər kəndi, ata qrafasında X4, milliyyəti azərbaycanlı, ana qrafasında X7, milliyyəti azərbaycanlı kimi qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar