Məhkəmə qərarları › İş №2(028)-194/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-194/2025

18.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-194/2025 18.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Mübariz oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu) sığorta stajına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işlədiyi müddətin sığorta stajına hesablanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1965-ci il tarixdə Qubadlı rayonu, Xocahan kəndində doğulmuşdur. Müharibə nəticəsində məcburi köçkün düşmüşdür. Pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququndan istifadə edə bilməyi üçün iş stajına dair sənədlərin təqdim olunması tələb olunacaq. Lakin xx.xx.1993-cü ildə işlədiyi ərazi işğala məruz qaldığı üçün, həmin müəssisə məxsus bütün sənədlər məhv edilmişdir. 1983-1985-ci il aralığında Rusiya dövlətində hərbi xidmətdə olmuşdur. “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləmişdir. Həmkəndliləri bunu təsdiq edə bilər. Sığorta stajının müəyyən edilməsi pensiya hüququnun həyata keçirilməsi üçün lazımdır. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, ərizəçinin məhkəmənin icraatında olan 2(028)-194/2025 nömrəli mülki iş üzrə ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında xx.xx.2019-cu il tarixli 03 saylı qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnaməyə görə yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli, şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Qeyd edilir ki, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda qeyd edilir ki, ərizəçi tərəfindən iş materiallarına şahidlər barəsində məlumatlar və ya onların əmək kitabçasının surətləri əlavə edilməmişdir. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi ilə iş yoldaşı olmuşdur. Belə ki, 1979-cu ildə “Məşədi Əzizbəyov adına” kolxozda sıravi kolxoçzu kimi işə başlamışdır. 1983-cü ildə kolxozda iqtisadçı, 1985-1987-ci illərdə baş iqtisadçı, 1987-1993-cü illərdə isə baş mühasib vəzifəsində işləmişdir. Qeyd edir ki, ərizəçi 1981-ci ildə həmin kolxozda əvvəl sıravi kolxozçu kimi işə başlamış, sonradan yem qaravolçusu, o cümlədən kolxozun fəaliyyət göstərdiyi müxtəlif sahələrdə fəhlə kimi işləmişdir. Eyni zamanda bildirmişdir ki, həmin illərdə işləməsini təsdiq edən əmək kitabçası məcburi köçkünlük dövründə işğal olunmuş ərazilərdə qalmış, bununla bağlı özü məhkəməyə müraciət etmiş, qeyd edilənlərlə bağlı Qubadlı Rayon Məhkəmənin 2(028)-602/2015 saylı xx.xx.2015-ci il tarixli qiyabi qətnaməsi qəbul edilmişdir. Məhkəmə iclasında Nurəddin Quliyev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Ərizəçi 1981-ci ildən 1983-cü ilə və 1985-ci ildən 1993-cü ilə kimi “Məşədi Əzizbəyov adına” kolxozda işləmişdir. Məhkəmə iclasında şahid X3 bildirdi ki, o, Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda işləmişdir. İşlədiyi müddətdə ərizəçinin həmin kolxozda fəhlə kimi işlədiyinin şahidi olmuşdur. Məhkəmə iclasında Mirhüseyn Həsənovona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o, 1979-1981-ci ilə kimi “23-cü Partiya Qurultayı” kolxozunda baş mühasib vəzifəsində işləmişdir. 1981-ci ildə öz ərizəsi ilə işdən çıxmışdır. Qeyd edir ki, “23-cü Partiya Qurultayı” kolxozu il “Məşədi Əzizbəyov adına” kolxozu arasında məsafə çox qısa olmuş və ərizəçi də orada işləmişdir. Xatırladığı qədər 1980-cı ilin sonunda “23-cü Partiya Qurultayı” kolxozu, “Məşədi Əzizbəyov adına” kolxozu və digər kəndlərdəki kolxozlar Məşədi Əzizbəyov adı altında birləşdirilmişdir. O, xx.xx.1989-cu ildə “Məşədi Əzizbəyov” adına kolxozunda əmək fəaliyyətinə başlamış və həmin vaxt Ərizəçi işçi olaraq əmək fəaliyyətini orada davam etmişdir. Ərizəçi həmin kolxozda yem qaravolçusu, sıravi kolxozçu və fəhlə qismində işləmişdir. Məhkəmə iclasında şahid X6 bildirdi ki, o, 1974-cü ilin sentyabr ayından 1993-cü ilin avqust ayının sonunadək Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda sürücü işləmişdir. İşlədiyi müddətdə Ərizəçi da həmin kolxozda fəhlə kimi işlədiyinin şahidi olmuşdur və bu halı bir daha təstiq edir. Məhkəmə iclasında Əli Ağayev ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 1974-cü ildən həmin kolxozda işləməsini təsdiq edən əmək kitabçası vardır. O, məcbur köçkün düşənə kimi adı çəkilən kolxozda işləmiş və həmin vaxtan sonra heç yerdə işləməmişdir. Həmin dövrdə ərizəçi onunl bərabər yem qaravolçusu, sıravi kolxozçusu və fəhlə kimi işləmişdir. Sonradan beş kənd kolxozu vahid ad altında - “Məşədi Əzizbəyov” adı altında birləşdirilmişdir. Məhkəmə iş üzrə ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizəçinin tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi xx.xx.1965-ci ildə Qubadlı rayonu, Xocahan kəndində anadan olmuşdur. Bu hal Ərizəçi məxsus vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurəti ilə sübut olunur. Məcburi kpçkün vəsiqəsinin surətinə əsasən Ərizəçi ubadlı rayonundan məcburi köçkündür. Qubadlı Rayon Məhkəməsinin 2(028)-602/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin kserosurətinə əsasən X1 1979-cu ilin iyul ayından 1993-cü ilin avqust ayının 31-dək Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxozunda kolxozçu işləməsi faktın müəyyən edilmişdir. Əmək kitabçasının kserosurətinə əsasən X3 xx.xx.1979-cu il tarixdə Partiyanın 23cü qurultayı kolxozuna baş mühasib, xx.xx.1989-cu il tarixdə Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxoza baş mühasib vəzifəsinə təyin edilmişdir. Əmək kitabçasının kserosurətinə əsasən X6 xx.xx.1974-cü il tarixdə Qubadlı rayonunun Məşədi Əzizbəyov adına kolxoza sürücü vəzifəsinə işə götürülmüşdür. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndində qeyd edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 13-cü bəndində qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarından müəyyən edilmişdir ki, Ərizəçi həqiqətən də 1981-1983-cü ilədək və 1985-1993-cü ilədək Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozunda fəhlə işləmişdir. Bu hal ərizəçinin, o cümlədən şahidlərin məhkəmə iclasında verdikləri izahatları və onların həmin kolxozda işləmələrini təsdiq edən müvafiq sənədlərlə sübut olunmuşdur. Odur ki, məhkəm hesab edir ki, ərizəçinin ərizəsi təmin edilməli, onun 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1981-ci ilin avqust ayından 1983-cü ilin may ayınadək, 1985-ci ilin avqust ayından 31 avqust 1993-cü il tarixədək Azərbaycan Respublikasının Qubadlı rayonu Xocahan kəndi ərazisində yerləşən “Məşədi Əzizbəyov adına” kolxozda fəhlə işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar