Məhkəmə qərarları › İş №2(028)-284/2020

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-284/2020

11.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-284/2020 11.11.2020 QUBADLI RAYON MƏHKƏMƏSİ Hakim Vladimir Yefimoviç Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinə qarşı buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğvi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğv edilməsi barədə, onun əvvəlki iş yerinə - Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə bərpa olunması barədə, qanunsuz olaraq işdən çıxarılmaqla əlaqədər məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, xx xxxxxx 2003-cü il tarixdə Qubadlı rayon Təhsil şöbəsi üzrə 31384 № əmri ilə Azərbaycan Respublikası Dövlət Pedaqoji Universitetinin tarix ixtisasının tam kursunu bitirmiş, ali bakalavr dərəcəli ixtisas üzrə müqavilə əsasında Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. xx xxxx 2017-ci il tarixdə Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəb üzrə 10882 № əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən məktəb üzrə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmişdir. İşdən azad olunmağına iki əsas göstərmişdir:1) müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi, 2) əmək vəzifələrini kobud şəkildə pozması, heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Göstərilənlər tamamilə qanunsuz və əsassızdır. Ona şər atılmış, ailədə, səhhətində problemlər yaranmış, bu səbəblərə görə də üzürlü olaraq isə gedə bilməmişdir.Bu barədə müdriyyətə məlumat vermişdir. Həmçinin haqsız olaraq xx xxxxxx 2017-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 149.2.5,150.2.5 və 182.2.2-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 41.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət almış, həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalından dərhal azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Heç bir təqsirin olmamasına baxmayaraq, həbsə alınmış, dəfələrlə izahat verilməsi üçün prokurorluq, istintaq orqanlarına çağırılmış, müvafiq məhkəmə instansiyalarında keçirilən iclaslarında iştirak etməli olmusdur.Qeyd etdikləri üzürlü səbələrdən öz əmək vəzifələrini yerinə yetirə bilməmiş, işdən çıxarmağı barədə əmrdən şikayət vermə müddətini ötürmüşdür. Göstərilən hallar barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə ona bildirilmişdir ki, əmək qanunvericiliyə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göstərilənlərini nəzərə alaraq iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinin məlum olan axırıncı ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin ünvan tam olmadığına görə məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Bu barədə «Poçt haqqında» Azərbaycan Respublikasının qanununa uyğun olaraq «Azərpoçt» tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdeh Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbi nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən, ərizədə işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və İddiaçı məxsus olan əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 2003-cü il tarixdə Qubadlı rayon Təhsil şöbəsi üzrə 31384 № əmri ilə Azərbaycan Respublikası Dövlət Pedaqoji Universitetinin tarix ixtisasının tam kursunu bitirmiş, ali bakalavr dərəcəli ixtisas üzrə müqavilə əsasında Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi təyin edilmişdir. xx xxxx 2017-ci il tarixdə İddiaçı Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəb üzrə 10882 № əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən məktəb üzrə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmişdir. İş materiallarında olan Azərbayçan Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı ünvanlamış xx.xx.2019-cu il tarixli B-16208/1024 №-li məktubda göstərilmişdir ki, əmək qanunvericiliyə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.Aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən İddiaçı ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 149.2.5,150.2.5 və 182.2.2-ci maddələri ilə Azərbaycan Respublikası CPM-nin 41.1.2-ci maddəsinə əsasən əməlində cinayət tərkibi olmadığına görə bəraət almış, xx xxxxxx 2017-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və məhkəmə zalından azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüququ aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifəsidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisəsində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin birinci hissəsində əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin məzmununda zəruri məlumatlar göstərilir. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərinə işəgötürən tərəfindən əməl olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Məhkəmə Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinin 10882 nömrəli, xx xxxx 2017-ci il tarixlı əmrindən şikayəti vermə müddətinin üzrlü səbəbdən ötürüldüyü barədə ərizəçinin dəlilini qəbul etmir. Məhkəmə qeyd edir ki, İddiaçı xx xxxx 2017-ci il tarixdə tutduğu tarix müəllimliyi vəzifəsindən azad edilmiş və işinə xitam verilmiş, xx xxxxxx 2017-ci il tarixdə o, həbs olunmuş və xx xxxxxx 2018-ci il tarixdə bəraət almış və məhkəmə zalından azad edilmişdir. İddiaçı xx xxxx 2017-ci il tarixli əmrdən şikayət vermək üçün qanunda nəzərdə tutulmuş zəruri və yetərli müddətə malik olduğuna baxmayaraq, bunu etməmiş və 3 ildən sonra - 2020-ci ilin iyun ayında məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı iddianı vermək müddətini üzrsüz səbəbdən buraxmışdır. Azərbaycan Respublikası MPM-nin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı buraxılmış müddətin üzürlü hesab edilərək bərpası, əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə - Qubadlı rayon Xanlıq 1 saylı tam orta məktəbinə tarix müəllimi vəzifəsinə bərpa olunması, qanunsuz olaraq işdən çıxarılmaqla əlaqədər məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasına dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar