Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-304/2025 30.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X13 Mübariz oğlunun sədrliyi, Mustafayeva Aynurə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və buraxılmış müddətin əmək stajına daxil edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilən xx.xx.2024-cü il tarixli, 343 saylı Əmrin ləğv edilməsi, iddiaçının Cavabdehndə ixtisası üzrə ibtidai sinif müəllimi kimi işə bərpa edilməsi, əmək haqqına edilmiş artımlar da nəzərə alınmaqla məcburi iş buraxma müddəti üzrə əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsinə və həmin müddətin əmək stajına daxil edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Müəllimlər İnstitunun Sumqayıt filialının ibtidai sinif müəllimi ixtisasını bitirmişdir. Qubadlı Rayon Təhsil Şöbəsinin xx.xx.2006-ci il tarixli, №141 nömrəli Əmri ilə onunla müqavilə bağlanmış və Xıdırlı kənd əsas məktəbinə ixtisası üzrə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. Xıdırlı kənd əsas məktəbinin adı sonradan dəyişdirilmiş, hazırda Xıdırlı kəndi tam orta məktəbi adlandırılır. Üzrlü səbəblərə görə imtahana kifayət qədər hazırlaşa bilmədiyi üçün keçirilən təkrar sertifikatlaşdırma imtahanında nəzərdə tutulmuş keçid balını toplaya bilməmiş, nəticəsində məktəbin direktorunun xx.xx.2024-cü il tarixli, 343 saylı əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c’’ bəndi əsasında ləğv edilmişdir. Əmək müqaviləsinin ləğv edilməsinə əsas kimi təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balını toplaya bilməməsi və təkrar sertifikatlaşmadan keçməmiş hesab edilməsi göstərilmişdir. Sertifikatlaşdırma imtahanı keçilirən ərəfələrdə şəxsi həyatında bir sıra çətinliklər yaşamışdır. Belə ki, imtahan vaxtına çox az müddət qalmış qardaşı vəfat etmişdir. Bundan başqa qeyd edir ki, öhdəsində orqanizm funksiyalarının 90% pozulmasına görə əlilliyi müəyyən edilmiş (birinci dərəcə əlilliyi olan) şəxs də mövcuddur. Belə ki, həyat yoldaşı Xalid Nəbiyev orqanizm funksiyalarının 90% pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdir. Onlar arasında nikah xx.xx.2005-ci il tarixdə, 1224 № ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sistemindən olan çıxarışa əsasən Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2023-cü il tarixdə keçirilmiş sonuncu müayinə aktına əsasən Xalid Nəbiyevin orqanizm funksiyalarının 90% hissəsinin pozulduğu müəyyən edilmişdir. Onu da qeyd edir ki, onun əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə ləğv edilməsinə baxmayaraq, əmək kitabçası uzun müddət məktəb rəhbərliyində qalmış, kitabçanı rəsmi şəkildə xx.xx.2025-ci il tarixdə əldə etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpa edilməsi üçün uzun müddətdən sonra məhkəməyə müraciət etmişdir. Əmək müqaviləsi ləğv edildikdən sonra məktəb rəhbərliyi tərəfindən məktəbdə “Sosial pedaqoq” ştatının mövcud olduğu və buna görə həmin ştat üzrə işə götürüləcəyi ona vəd edilmişdir. Həmin müddət ərzində, ona işə götürüləcəyi vəd edilərək əmək kitabçası uzun müddət məktəb rəhbərliyində qalmışdır. Lakin sonradan məktəblərdə “Sosial pedaqoq”-un fəaliyyət göstərməsi təcrübəsi dayandırılmışdır. Əmək kitabçasının uzun müddətdən sonra əldə etməsinin səbəbi də məhz “Sosial pedaqoq” ştatı üzrə onun eyni məktəbə işə götürüləcəyinə dair ona verilən vəd olmuşdur. Bildirir ki, cavabdehə mediasiya sessiyasında iştirak üçün ərizə ünvanlanmış, Sumqayıt 1 X3 MŞS/MT030/2025/00518 saylı, xx.xx.2025-ci il tarixli İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi, Cavabdeh mediasiyada iştirak etməmişdir. Əmək kitabçasını rəsmi şəkildə xx.xx.2025-ci il tarixdə əldə etmiş və xx.xx.2025-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Mediasiya prosesininin yekununa dair arayışı xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi İddiaçı barəsində Türkiyə Respublikasında yerləşən Hacettepe Universitetinin verdiyi arayışdan (rapor) görünür ki, iddiaçının əri Xalid Nəbiyev ona böyrək köçürülməsi üçün xx.xx.2023-cü il tarixdə həmin xəstəxanaya müraciət etmiş, xx.xx.2023-cü il tarixdə sonuncuya anasının böyrəyi köçürülmüş və müalicəsi davam etdiyi üçün xəstənin arvadı İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həmin xəstəxanada ərinə qulluq etmişdir. Qeyd edir ki, İddiaçı müraciəti əsasında məktəb direktoru tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişsiz məzuniyyət verilmişdir. Vəkil qeyd etmişdir ki, birinci atestasiya məhz iddiaçının Turkiyə Respublikasında yerləşən Hacattepe xəstəxanasında ərinə qulluq etdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə keçirilmişdir. Bildirir ki, bundan sonra xx.xx.2023-cü il tarixdə X2 ümumi xəstəlik əsası ilə birinci dərəcəli əlillik verilmiş, həmin tarixdən arvadının himayəsindədir. Vəkil izahatında eyni zamanda bildirmişdir ki, Gülüş Nəbiyevə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə sertifikasiya imtahanında iştirak etsə də, yuxarıda göstərilənlərə əsasən imtahandan keçə bilməmişdir. Səbəb olaraq elektron sistem vasitəsi ilə yüklənilən çıxarışından birinci qrup əlil Xalid Nəbiyevin arvadı İddiaçı himayəsində olduğu müəyyən edildiyini göstərmişdir. Xalid Nəbiyevin əlilliyi 2023-cü ilin oktyabr ayından iki il müddətinə təyin edilib və xəstənin sağlamlıq vəziyyətində dəyişiklik olmadığına görə tibbi komisiyadan yenidən keçəndən sonra 2025-ci il oktyabrında yenidən həmin müddətin uzadılması ehtimalı vardır. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında işitrak edən cavabdehin nümayəndəsi iddia tələbinin əsassız olduğunu bildirərək, qeyd etmişdir ki, iddiaçı ilkin sertifikasıyada iştirak etməmişdir. Belə ki, iddiaçının əri əməliyyat olunduğuna görə sonuncu öz hesabına məzuniyyət götürmüş, bu səbəbdən sertifikasiya imtahanında iştirak edə bilməmişdir. Qeyd edir ki, 2024cü ilin may ayında Təhsil Nazirliyindən məktəbə iddiaçının ilkin sertifikasiya imtahanında hansı səbəbdən iştirak etməməsi barədə sorğu göndərilmiş, o, sorğuya cavab olaraq iddiaçı tərəfindən təqdim edilmiş X10 Respulikasında əməliyyat olunmasına dair sənədi Nazirliyə göndərmişdir. Bildirir ki, sertifikasiyaya dair məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilir. Məhz İddiaçı ərizə ilə müraciəti əsasında sonuncuya ödənişsiz məzuniyyət verilmişdir. Qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 155 saylı, xx.xx.2020ci il tarixli qərarına əsasən müəllimlərin sertifikasiyası həyata keçirilir. İlkin sertifikasiyada üzrlü səbəbdən istirak etməyən şəxs növbəti sertifikasiyaya çağırılır. Həmin mərhələdə test imtahanından ən azı 30, müsahibədən 20 bal toplamış şəxs uğurla sertifikasıyanı keçmiş hesab olunur. Hazırkı halda üzrlü səbəbdən ilkin sertifikasiyada iştirak etməyən iddiaçı verilmiş ikinci şansdan da yararlana bilməmiş, imtahandan keçə bilməmişdir. Sözügedən qaydalarda bildirilir ki, sertifikasiya olunmuş şəxs nəticədən narazı qaldığı halda 30 gün müddətində qərardan şikayət vermək hüququna malikdir. Sertifikasiyada iştirak etmək bütün müəllimlər üçün məcburidir. İddiaçı tərəfin qeyd etdiyi hal onu sertifikasiyada iştirak etməsindən azad edilməsi üçün nəzərdə tutulan hal deyildir. Növbəti sertifikasiya dövrünə kimi, yəni 2024-cü ilin may ayına kimi həmin sənədləri sertifikasiya olunan şəxs özü təqdim etməlidir. Vətəndaşın elektron kabineti vasitəsi ilə sertifikasiya nəticəsinə görə vaxtında lazımi qurumlara müraciət etmək hüququ olduğu halda, bunu etməmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, Sumqayıt şəhər nikah evi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 və X7 xx.xx.2005-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1224 № ilə qeyd edilmişdir. Cavabdehn xx.xx.2023-cü il tarixli əmrindən olan çıxarışa əsasən məktəbin müəllimi İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ödənişsiz məzuniyyətə çıxarılmışdır. X1 xx.xx.2023-cü il tarixli Raporundan (arayışında) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Xalid Nəbiyev xəstəxananın Nefroloji Bölümündə müayinə edilmiş, xəstəyə xx.xx.2023-cü il tarixdə böyrək köçürülmüşdür. X1 xx.xx.2023-cü il tarixli Raporundan (arayışında) müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Xalid Nəbiyev xəstəxananın Nefroloji Bölümünə müraciət etmişdir. Xəstəyə xx.xx.2023-cü il tarixdə anasının böyrəyi köçürülmüş, xəstənin arvadı İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixinə qədər baxmışdır. Azərbaycan Respiblikası ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2025-ci il tarixli çıxarışa əsasən xx.xx.1977-ci i il tarixdə doğulmuş X4 orqanizmin funksiyalarının 90% pozulmaqla birinci dərəcəli əlildir. Qiymətləndirmə və təyinat tarixi - xx.xx.2023-cü il. Diaqnozu – Transplantasiya olunmuş böyrəyin olması. Böyrəklərin xroniki qopma sindromu. Xroniki böyrək xəstəliyi İİ mərhələ. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – xx.xx.2025-ci il. Azərbaycna Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlliliyə qulluğun qiymətləndirilməsinin nəticəsinə dair arayışa əsasən İddiaçı İ qrup əlil olan şəxs X2 qulluq edən şəxsdir. SMS çıxarışa əsasən xx.xx.2024-cü il tarixli bildirişdə İddiaçı təkrar imtahandan uğursuz nəticə əldə etdiyi göstərilmişdir. 0073318 seriya nömrəli Əmək kitabçasının kserosurətinə əsasən İddiaçı 343 saylı xx.xx.2024-cü il tarixli əmrə görə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığına yoxlanması məqsədilə keçirilmiş təkrar sertifikatlaşmada müəyyən olunmuş keçid balını toplaya bilməyən Cavabdehn ibtidai sinif müəlliməsi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi əsasında ləğv edilmişdir. 05/09İS/074369-25 saylı xx.xx.2025-ci il tarixli Ailə tərkibi haqqında arayışa əsasən xx.xx.1983-cü il təvəllüdlü İddiaçı ailə üzvləri xx.xx.1977-ci il təvəllüdlü əri - X4, oğlu xx.xx.2006-cı il təvəllüdlü X9 və oğlu – xx.xx.2008-ci il təvəllüdlü X5r. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışa əsasən mediasiya prosesinin keçirilməsinə dair xx.xx.2025-ci il tarixdə tərəflərə (İddiaçı nümayəndəsi və Cavabdeh) bildiriş göndərilmiş, İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh iştirak etməmişdir. Azərbaycan Respublikasının Konstitusiya: - 25-ci maddəyə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 294.1-ci maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. - 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. - 294.5-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Fərdi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. - 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: - 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. - 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. - 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 379.1.6-cı maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdehndə ibtidai sinif müəlliməsi vəzifəsində işləyən İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığının yoxlanması məqsədilə keçirilmiş təkrar sertifikatlaşmadan keçmədiyinə görə məktəbin 343 saylı, xx.xx.2024-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilmiş və əmək kitabçası xx.xx.2025-ci il tarixdə rəsmi şəkildə əldə etmişdir. Bundan sonra iddiaçı mediasiya təşkilatına müraciət etmiş və cavabdehə mediasiya tətbiqi barədə xx.xx.2025-ci il tarixli bildiriş göndərilmiş, xx.xx.2025-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, lakin davam etdirilməsi mümkün olmamışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə müddətini ötürməmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. - 79-cu maddəsinə əsasən işəgötürən tərəfindən bi sıra əsaslarla bərabər: - öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmişdir. “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsinə əsasən aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. “Dövlət ümumi təhsil müəssisəərində işləyən təhiverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü maddəsinə əsasən təhsilverənlər sertifikatlaşdırmadan keçmirlər: 1.4.1. hamilə qadınlar; 1.4.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 1.4.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 1.4.4. azı 3 (üç) dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. Həmin Qaydaların 5.2-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36-2.3-cü maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.4-cü bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və Qaydanın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi fərqli ictimai münasibətləri tənzimlədiyindən həmin normalar arasında hər-hansı kolliziya mövcud deyil və həmin normalar Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyyət yaratmırlar. Odur ki, Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən “Təhsil haqqında” Qanuna uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas yaradır. İşəgötürən tərəfindən əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq ləğv edilərkən həmin Məcəllənin 79-cu maddəsi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarında müəyyən olunmuşdur ki, iddiaçının ərinə xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək orqanizmin funksiyasının 90 faizinin pozulması əsası ilə birinci qrup əlillik dərəcəsi verilmişdir. xx.xx.2024-cü il tarixli təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralığına yoxlanması məqsədilə keçirilmiş təkrar sertifikasiyaya əsasən iddiaçı uğursuz nəticə əldə etmiş və cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə işdən azad edilmişdir. Məhkəmə qanunvericilik normalarına əsasən və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarını rəhbər tutaraq, belə qənaətə gəlir ki, hazırki halda İddiaçı sertifikasiya nəticəsində uğur əldə etməmiş olsa da, həmin dövrdə onun himayəsində orqanizmin funksiyasının 90 faizinin pozulması ilə birinci qrup əlil olan əri olduğu üçün cavabdeh onunla əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndini düzgün tətbiq etməmişdir. Belə ki, İddiaçı Cavabdehndə ibtidai sinif müəllimi vəzifəsində çalışarkən, “Təhsil haqqında” Qanunun 36-2-ci maddəsinə və Nazirlər Kabinetinin 2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiqlənmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları”na əsasən sertifikatlaşdırmadan keçməli olmuşdur. İddiaçı sertifikatlaşdırmanın ilk mərhələsində iştirak etməmiş, lakin onun iştirak etməməsi tibbi sənədlərlə sübuta yetirilmiş üzrlü səbəblərlə bağlı olmuşdur. Daha sonra keçirilmiş imtahanda iddiaçı iştirak etmiş, lakin nəticə uğursuz olmuş və bu nəticəyə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşəgötürən tərəfindən verilmiş bu əmr “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydaları”nın 5.2-ci maddəsinə istinadla əsaslandırılmışdır. Həmin maddəyə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Lakin təqdim edilmiş sənədlər və mövcud hüquqi vəziyyətin təhlili göstərir ki, iddiaçının ikinci imtahanda iştirakı onun birinci və faktiki olaraq yeganə cəhdi olmuşdur və işəgötürən tərəfindən həmin cəhd “təkrar imtahan” kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının verdiyi imtahanın “təkrar imtahan” kimi qiymətləndirilməsi hüquqi baxımdan yanlışdır. Belə ki, iş materialları və təqdim olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı sertifikatlaşdırma prosesinin ilk mərhələsində iştirak etməmişdir. Lakin onun iştirak etməməsi səbəbsiz deyil, üzrlü və obyektiv səbəblərlə bağlı olmuşdur. Konkret olaraq, həmin dövrdə iddiaçının əri ağır cərrahi əməliyyat keçirmiş və iddiaçı ailə üzvünə qulluq etmək məqsədilə imtahanda iştirak edə bilməmişdir. Bu hal tibbi sənədlərlə təsdiqlənmiş və tərəflər arasında da mübahisə doğurmamışdır. Qaydaların 5.2-ci maddəsində üzrlü səbəbdən imtahanda iştirak etməyən şəxslərə təkrar sertifikasiyada iştirak hüququ tanınsa da, bu cəhd hüquqi və faktiki mahiyyət etibarilə iddiaçının real və yeganə imtahan iştirakıdır. Üzrlü səbəbdən iştirak edilməyən mərhələ, iştirak edilmiş və uğursuz nəticə ilə yekunlaşmış mərhələ ilə eyni hüquqi nəticə doğura bilməz. Əgər iştirak etmiş şəxsə iki dəfə cəhd hüququ verilirsə, üzrlü səbəbdən iştirak etməmiş şəxsə yalnız bir cəhd hüququnun verilməsi, nəticə etibarilə həmin şəxsi əvvəlkindən daha zəif hüquqi vəziyyətə salır. Bu isə qanun qarşısında bərabərlik prinsipinə ziddir və hüquqi baxımdan əsassız fərqləndirmə yaradır. Belə olan halda, iddiaçının iştirak etdiyi imtahan hüquqi baxımdan “təkrar” deyil, onun birinci və yeganə real imtahan cəhdi kimi qiymətləndirilməli idi. Çünki bu yanaşma həm iddiaçının real vəziyyətini düzgün şəkildə əks etdirir, həm də hüquqi bərabərliyin və ədalətli münasibətlərin qorunması baxımından zəruridir. Bu səbəbdən iddiaçının yalnız bir imtahan cəhdi ilə qiymətləndirilməsi və ona təkrar iştirak hüququnun verilməməsi, sertifikatlaşdırma prosesində bərabər imkanların təmin olunmadığını göstərir və iddiaçının əmək hüquqlarının pozulduğuna dair əsaslı nəticəyə gəlməyə imkan verir. Yəni, iddiaçıya münasibətdə belə yanaşma Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 35-ci maddələrində təsbit edilmiş qanun qarşısında bərabərlik və əmək hüququnun müdafiəsi prinsiplərinə ziddir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarında qeyd edilmişdir ki, “Təhsil haqqında” Qanunun 36-2.3-cü maddəsi və “Sertifikatlaşdırma Qaydaları”nın 1.4-cü bəndi ilə Əmək Məcəlləsinin 79-cu maddəsi arasında hüquqi kolliziya mövcud deyil, çünki bu normalar fərqli ictimai münasibətləri tənzimləyir. Qanunverici sertifikatlaşdırmada ilk cəhddə uğursuz olan təhsilverənlərə əmək müqaviləsinin dərhal ləğvini deyil, iş yeri və əmək haqqı saxlanılmaqla bir il müddətində təkrar imtahanda iştirak hüququnun verilməsini nəzərdə tutur. Qanunvericilik eyni zamanda bəzi sosial qruplar üçün (hamilə qadınlar, sosial məzuniyyətdə olanlar və s.) sertifikatlaşdırmanı tam ləğv etmir, yalnız müvəqqəti təxirə salır. Konstitusiya Məhkəməsi qeyd edir ki, sertifikatlaşdırmadan keçməyən işçi “Təhsil haqqında” Qanuna əsasən pedaqoji fəaliyyətə buraxılmaya bilər və bu hal Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə əmək müqaviləsinin ləğvi üçün əsas yarada bilər. Lakin bu zaman Əmək Məcəlləsinin 79-cu maddəsində nəzərdə tutulmuş məhdudiyyətlər də nəzərə alınmalıdır. Nəticə etibarilə, Konstitusiya Məhkəməsi bu normativ aktların Konstitusiyanın 35-ci maddəsinə və əmək hüquqlarına zidd olmadığını, lakin onların tətbiqi zamanı əmək hüququnun müdafiəsinin və sosial ədalətin əsas götürülməli olduğunu bəyan etmişdir. Göründüyü kimi, qərarda açıq şəkildə ifadə olunmuşdur ki, təhsil sahəsində tənzimlənən sertifikatlaşdırma qaydaları əmək münasibətlərinə təsir göstərdikdə, həmin qaydaların tətbiqi zamanı əmək hüququnun müdafiəsi təmin olunmalıdır. Bu o deməkdir ki, sertifikatlaşdırma prosesi nəticəsində əmək müqaviləsinin ləğvi yalnız o halda hüquqi əsaslı sayıla bilər ki, bu zaman əmək münasibətlərinin sosial mahiyyəti və işçinin hüquqi müdafiə səviyyəsi təmin edilmiş olsun. Hazırki iş üzrə işəgötürən iddiaçının birinci dəfə sertifikasiya imtahanında iştirak etməməsinin üzrlü səbəbdən baş verdiyini nəzərə almamış və onun daha sonra verdiyi imtahanı “təkrar” cəhd kimi qiymətləndirmişdir. Bu əsasla əldə edilən uğursuz nəticəyə istinad edilərək əmək müqaviləsinə xitam verilmişdir. Halbuki iddiaçı faktiki olaraq yalnız bir dəfə imtahanda iştirak etmişdir və birinci imtahanda iştirak etməməsi onun iradəsindən asılı olmayan üzrlü hallarla bağlı olmuşdur. Bu səbəbdən həmin imtahan hüquqi baxımdan birinci cəhd kimi qiymətləndirilməli, təkrar cəhd hüququ ona tanınmalı idi. Belə olan halda qeyd edilməlidir ki, Qaydaların 5.3-cü bəndinə əsasən, yalnız təkrar sertifikatlaşdırmada müəyyən edilmiş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bu müddəa da bir daha göstərir ki, yalnız təkrar imtahan nəticəsiz olduqda hüquqi nəticə — sertifikatlaşdırmadan keçməmək — tətbiq edilə bilər. İddiaçının verdiyi imtahan isə hüquqi baxımdan "təkrar" deyil, onun üzrlü səbəbdən gecikmiş birinci cəhdi olduğu üçün bu nəticəyə əsaslanaraq əmək müqaviləsinə xitam verilməsi qanuni tələblərə uyğun hesab edilə bilməz. Nəticə etibarilə, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinadla xitam verilməsi formal olaraq qanunvericiliyə uyğun görünsə də, əslində bu qərar sertifikatlaşdırma qaydalarının, həmçinin Konstitusiyada təsbit olunmuş bərabərlik və əmək hüququ prinsiplərinin düzgün tətbiq edilməməsi səbəbindən hüquqi əsasdan məhrumdur. Yuxarıda qeyd olunan hüquqi və faktiki hallar, habelə sadalanan qanunvericilik normaları və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi nəzərə alınaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının sertifikatlaşdırma prosesinin birinci mərhələsində iştirak etməməsi üzrlü səbəblərlə bağlı olmuş və bu iştirak etməmə onun iradəsindən asılı olmayan obyektiv hallar nəticəsində baş vermişdir. Qaydaların 5.2-ci maddəsinə əsasən, üzrlü səbəbdən sertifikatlaşdırmada iştirak etməyən şəxsə 1 (bir) il müddətində təkrar sertifikasiyada iştirak hüququ verilməli olduğu halda, iddiaçının bu hüququndan istifadə etməsi “təkrar” yox, real mənada onun ilk imtahan cəhdi kimi qiymətləndirilməli idi. Bu hüquqi yanaşma tətbiq edilmədiyi üçün iddiaçının qanunvericiliklə təmin olunmuş ikinci iştirak hüququ pozulmuş və o, faktiki olaraq yalnız bir imtahan cəhdi ilə məhdudlaşdırılmışdır ki, bu da qanun qarşısında bərabərlik prinsipini pozmuşdur. İşəgötürən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verərkən, bu normanın tətbiq edilməsinə əsas verən hüquqi və faktiki şərtləri düzgün qiymətləndirməmiş, iddiaçının üzrlü səbəbini və sosial vəziyyətini nəzərə almamışdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək iddiaçının əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsinə dair verilmiş 343 saylı əmr ləğv edilməli, o, həmin tarixdən işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı (əmək haqqına edilmiş artımlar nəzərə alınmaqla) ödənilməlidir. İşçi işə bərpa olunduğu halda onun əmək stajının axımı avtomatik olaraq bərpa olunduğuna görə həmin hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən xitam verilməsinə dair verilmiş 343 saylı əmr ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə əmək haqqısı (əmək haqqına edilmiş artımlar nəzərə alınmaqla) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-304/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-304/2025
30.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver