Məhkəmə qərarları › İş №2(028)-416/2025

Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №2(028)-416/2025

04.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(028)-416/2025 04.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ərizəçi (maraqlı şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, 1993-cü il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndindən məcburi köçkün düşməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1970-ci il tarixdə Qubadlı rayonu, Mahmudlu kəndində anadan olmuşdur. Qubadlı rayonundan məcburi köçkündür. Hazırda Qubadlı rayonunda pasport qeydiyyatında olmaqla müvəqqəti olaraq ünvan 1 ünvanında məskunlaşmışdır. 1993-cü il tarixdə Qubadlı rayonunun işğalı nəticəsində məcburi köçkün düşmüşdür. Bu barədə ona AA201423 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Həmin tarixlərdə baş verən hadisələr ilə bağlı müvəqqəti olaraq ünvan 3 ünvanına pasport qeydiyyatına, daha sonra yenidən Qubadlı rayonu, Mahmudlu kəndinə pasport qeydiyyatına düşmüdür. Həm özü, həm də övladları dövlət tərəfindən məcburi köçkünlər üçün müəyyən edilmiş 60 manat məbləğində çörək pulu da alırlar. Maraqlı şəxs olan Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə yenidən məcburi köçkün vəsiqəsinin verilməsi ilə bağlı müraciət etsə də, ona əvvəl müvəqqəti qeydiyyatdan çıxdığı üçün hazırda bunun mümkün olmaması və yalnız məhkəmə qərarı əsasında verilə biləcəyi bildirilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizəçinin ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin qərarın 5.1-ci bəndində qeyd edilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. - 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq belə qənaətə gəlir ki, ərizəyə inzibati məhkəmədə baxılmalı olduğuna görə onun qəbulundan imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 153-cü və 263-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi (maraqlı şəxs Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilə bilər. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar