Məhkəmə qərarları › İş №2(028)-437/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-437/2024

18.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-437/2024 18.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi tələbinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum faktının qeydə alınması və doğum haqqında bərpa akt qeydi tərtib olunarkən uşaq qrafasında X11, doğulduğu tarix xx.xx.1952-cı il, doğum yeri “Qubadlı rayon, Xəndək kəndi”, ata qrafasında X5, milliyyəti azərbaycanlı, ana qrafasında X2, milliyyəti azərbaycanlı kimi qeyd olunmasına dair doğum haqqına akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, xx.xx.1952-ci ildə Qubadlı rayonu, Xəndək kəndində anadan olub. X1, anası X2 olmuşdur. Onlar milliyyətcə azərbaycanlı olublar. Doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itmişdir. Doğum haqqında arayış almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin doğum haqqında arayışı almaq mümkün olmamışdı. Maraqlı şəxsndə ona izah olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Göstərilənlərə əsasən doğum faktının məhkəmə tərəfindən müəyyən edilməsi tövsiyyə edilmişdir. Ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 bildirdi ki, ərizəçi bibisinin nəvəsidir. Ərizəçi ondan üç yaş böyükdür. Onun atasının adı Yusif, anasının adı Tutu olub. Məhkəmədə şahid X3 bildirdi ki, ərizəçi qaynıdır və qohumudur. Qaynı ilə həmyaşıddır, özü ondan ayca böyükdür. Birlikdə böyüyüblər və 8-11-ci siniflərdə birlikdə oxuyublar. Ərizəçinin anası Tutu onun qaynanası, atası Yusif onun qaynatası olub. Məhkəmədə şahid X7 bildirdi ki, ərizəçi qohumudur. Bildiyinə görə hazırda ərizəçinin təxmini olaraq 71-72 yaşı var. Ərizəçinin anası Tutu, atası Yusif olub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci ildə Qubadlı rayonu Xəndə kəndində doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs 05/2-2216-01 saylı xx.xx.2012-ci il tarixli arayışdan görünür ki, Ərizəçi barəsində Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində doğum haqqında akt qeydi aşkar olunmadı. Arxiv məlumatları 1949-1955-ci illər Maraqlı şəxs, Muradxanlı icra nümayəndəliyi və 1959-1974-cü illərə dair isə bərpa akt qeydləri üzrə yoxlanılmışdır. İş materiallarında Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində ölmüşdür. İş materiallarında Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2010-cu il tarixdə Sumqayıt şəhərində ölmüşdür. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 3-16-5/8-R-2xx-xx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təstiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təstiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təstiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi bildirilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi doğum haqqında akt qeydi bərpa edilsin. Doğum haqqında bərpa aktı qeydində Ərizəçi doğulduğu tarix xx.xx.1952-ci il, doğum yeri Qubadlı rayonu Xəndək kəndi, ata qrafasında X5, milliyəti azərbaycanlı, ana qrafasında X4, milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar