Məhkəmə qərarları › İş №2(028)-450/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-450/2022

05.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-450/2022 05.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X15 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə qaydasının müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə iddiaçı iddianı müdafiə edərək göstərdi ki, o, X13 ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuş və həmin nikahlarından iki övladları - xx.xx.2010-cu il təvəllüdlü X17 və xx.xx.2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Onlar bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan münasibətləri pisləşmişdir. Buna görə də aralarında olan nikah Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, ondan hər ay hər bir uşaq üçün 100 manat sabit pul məbləğində aliment tutulub X6 verilməsi qət edilmişdir. O, cavabdehlə aralarında olan söz-söhbət səbəbindən mübahisəli evdə yaşamır. Cavabdeh onu evdən qovmuş və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə buraxmır. Dəfələrlə cavabdehə onu evə buraxmasını bildirsə də, cavabdeh onu evə buraxmamışdır. O da məcburiyyət qarşısında qalaraq mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, məhkəmə onu Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qət edilməlidir. Qeyd edilən evdə onun da haqqı vardır. Çünki o, həmin evin inşası üçün böyük əziyyət çəkmişdir. Cavabdeh tərəfindən həmin evə buraxılmaması qanunsuzdur. Cavabdeh onun da əziyyəti olan evdən onu uzaqlaşdırmaq və özü tək başına evə yiyələnmək istəyir. Onun iddia ərizəsində qeyd etdiklərinə cavabdeh özü də şahiddir. Mübahisəli ev nikah dövründə əldə olunsa da, sənədsiz olduğu üçün o, həmin evi paylara bölüşdürə bilməmiş və bu səbəbə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsində qeyd edilmişdir ki, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. O və cavabdeh tərəflər kimi medasiya sessiyasından keçmiş və onlara arayış təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək- onu satmaq, bağışlamaq icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas göstərməklə tənzimlənir (hüququn analogiyası). Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69-cu maddəsinə əsasən kirayəçinin öz ailə üzvlərini (arrvadını, ərini), uşaqların və valideynlərin) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs Konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının təsirli şəkildə bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konversiyasının 6-cı maddəsinin 1-ci bəndində deyilir: ”Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malikdir.” 13-cü maddəsində deyilir: “Bu Konvensiyada təsbit olunmuş hüquq azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir”. Ədalət Mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 30 mart 2006-cı il tarixli Qərarının 1-ci bəndinə görə “İnsan hüquqları ümumi səciyyəyə malikdir və onların həyata keçirilməsi ilə bağlı məhkəmələr insan hüquq və azadlıqlarının yalnız qanun, konstitusiya və beynəlxalq hüquq normalarında nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilməsini nəzərə almalıdır. Həmin Qərarın 5-ci bəndinə və Azərbaycan Respublikası Konustitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq azadlıqlarının məhkəmə müdafiəsi təminatı müəyyən qanuni məhdudiyyətlərə məruz qoyula bilər. Lakin, ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili və nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək bildirdi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2010-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmuş, tərəflərin xx.xx.2010-cu iİ təvəllüdlü X17 və 21 08.2012-ci il təvəllüdlü X8 övladları dünyaya gəlmişdir. İddiaçı rəsmi ailə münasibətinə daxil olduqdan sonra Cavabdeh atası Abbas Abbasov tərəflərə öz evində yaşamağa icazə vermişdir. Bir müddət normal ər-arvad münasibətlərində yaşasalar da, sonradan Cavabdeh onkoloji xəstəliyə tutulması səbəbindən İddiaçı ilə münasibətləri pisləşməyə başlamışdır.İddiaçı həyat yoldaşına qayğı və diqqət göstərmək əvəzinə tez-tez dava-dalaş salmış və hətta fiziki zorakılıq da etmişdir. Buna görə də Qubadlı Rayon Məhkəməsinin 2(028)-447/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə rəsmi nikahları pozulmuşdur. Mübahisə predmeti olan yaşayış sahəsi Cavabdeh valideynləri X21 və X9 məxsus olmuş, 2000-ci ildə tikilmiş 16 sotdan ibarət olmuş, yaşayış sahəsinin bir giriş qapısı mövcud olmuşdur. İddiaçı tələbi hüquqa və ədalətə, eləcə də məhkəmə praktikasına tamamilə ziddir. Mübahisəyə tətbiq ediləcək normanın müəyyən edilməsi üçün faktın törədildiyi an nəzərə alınır va hüquqi tənzimləmə bu vəziyyətə əsasən heyata keçirilir. Mövcud mübahisəyə əsas hesab ediləcək fakt iddiaçının xx.xx.2010-cu il tarixdə cavabdeh ilə ailə münasibətlərinə daxil olması ilə yaranmışdır. İddiaçının mübahisəli evdən istifadə hüququnun mövcudluğunun müəyyən edilməsi üçün Azərbaycan Respubllkasının Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli " Azərbaycan Respubllkasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Azərbaycan Respubllkası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin şərh edilməsinə dair" Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu iİ oktyabrın 1dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azerbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İddiaçı hesab edir ki, mübahisənin predmeti otan yaşayış sahəsi və ev sənədsiz olduğundan tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir. Azerbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-3558/2021 №-li iş üzrə çıxardığı Qərarının aşağdakı bəndləri həmin məsələnin hansı normayla həll edilməsini daha düzgün olmasını göstərir: Belə ki, məzmunundan göründüyü kimi Mənzil Məcəlləsinin 68-69-cu maddələri dövlət və ya bələdiyyə mənzil fonduna aid mənzillərdə kirayəçinin, onun ailə üzvlərinin və digər şəxslərin istifadə hüququ əldə etməsini və bununla bağlı məsələləri tənzimlədiyi halda, həmin Məcəllənin 30-cu maddəsi xüsusi mülkiyyətdə olan mənzillərdə istifadə hüququnun əldə edilməsi və bununla bağlı məsələləri tənzimləyir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır, eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda ona inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud otmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3558/2021 N-li iş üzrə Qərarının 57-ci bəndində göstərilir ki, "Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən mənzilə istifadə hüququ əldə etmiş şəxsin mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda və buna əsaslar olduğu halda həmin şəxsin mənzildən istifadə hüququ yalnız müəyyən müddət çərçivəsində saxlanda bilər. Ona görə də mübahisə predmeti olan evə iddiaçının istifadə hüququ yaranarsa, həmin maddəyə əsasən iddiaçı həmin evə daimi deyil müəyyən müddətə köçürülməlidir. İddiaçının payının olmasını iddia etdiyi yaşayış sahəsi cavabdehin valideyinlerinə məxsusdur və 2000-ci ildə əldə olunmuşdur.Yaşayış sahəsində cavabdehdən başqa iki qardaşının da (Samir və Anur) evlərinin mövcud olması və həmin yaşayış sahəsinə cəmi bir giriş qapsının olması onu göstərir ki, bu yaşayış sahəsi və ev cavabdehin ailəsinə məxsusdur və nikahdan əvvəlki dövrə təsadüf edir. Obyektiv reallıq onu göstərir ki, iddiaçının tələbi absurddur və hüquqdan sui-istifadədən başqa bir şey deyildir. Azərbaycan Resoublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin iddia olunan yaşayış sahəsinə bir girişin olması, cavabdehin özündən başqa iki qardaşı (Samir və Anur hər iksi ailəli və az yaşlı uşağları vardır) və anasının da orda yaşaması faktı İddiaçı orda yaşamağını mümkünsüz edir. Belə ki, iddiaçının orda yaşamağı söz-söhbətə və digər arzuolunmaz hallara gətirib çıxara bilər. Bu da hüququn əsas funksiyalarından olan tənzimetmə və mühafizə funksiyalarına və hüququn başlanğıc prinsipi olan ədalət prinsipinə ziddir. Həmçinin Cavabdeh onkoloji xəstədir və Milli Onkologiya xəstəxanasında qeydiyyatdadır. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş üzrə iddiaçını, cavabdehin vəkili və nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikahın pozulması, uşaqların Cavabdeh yanında qalması, İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentn hər bir uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün tutulub Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. İş materiallarında olan çoxsaylı müqavilələrin və abonentin saldosunun kserosurətlərindən görünür ki, mübahisəli evdə qaz, su, elektrik enerjisindən istifadəyə görə istehlakçı kimi Cavabdeh göstərilmişdir.Belə olan halda mübahisəli ev Cavabdeh sahibliyindədir. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Kəngərli və Partnyorlar” vəkil bürosuna ünvanlanmış 22 noyabr 2021-ci il tarixli məlumatdan görünür ki, ünvan 2 ofisinin xüsusi notariusun **********298 nömrəli ərizəsinə əsasən Cavabdeh valideynləri ilə birgə yaşadığı fərdi yaşayış evi mərhum atası X21 tərəfindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində tikilmişdir. İş materiallarında olan və X3, X2 və X10 tərəfindən tərtib edilmiş və notarial qaydasında təsdiq edilmiş ərizədə göstərilmişdir ki, ünvan 3 ünvanında yerləşən yaşayış evi həqiqətəndə 1952-ci il tarixdə anadan olmuş və 2013-cü il tarixdə vəfat etmiş X21 tərədindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində inşa edilmişdir. Həmin fərdi yaşayış evində adları qeyd olunan X18, X20, X19 və X14 hal-hazırda yaşamağa davam edirlər. İş materiallarında olan Abşeron RİHB-nin Masazır kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən İddiaçı verilmiş 01 avqust 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Abşeron rayon Masazır kəndində yaşayır. İş materiallarında olan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Masazır qəsəbə sakini İddiaçı xx.xx.2020-ci il tarixindən etibarən "xxxx" MMC-nin Abşeron filialına məxsus ******* saylı nömrə üzərindən telefon və internet xidməti göstərilir. Tərəflər arasında mənzildən istifadə edilməsi ilə əlaqədar mübahisəli hüquq münasibətləri 11 fevral 2010-cu ildə yaranmışdır. Bu isə o, deməkdir ki, mövcud mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normalarına uyğun həll edilməlidir. Nəzərə alınmalıdır ki, özbaşına fərdi yaşayış evlərinin inşa edilməsi dövlət orqanlarının və ya bələdiyyələrin deyil, ayrı-ayrı şəxslərin öz vəsaiti hesabına aparılır. Eyni zamanda son nəticədə bu tikililərə Mülki Məcəllənin 180.3-cü maddəsində nəzərdə tutulmuş hallarda onu inşa etmiş şəxsin mülkiyyət hüququ tanına bilər. Göstərilənlərə əsasən mübahisə predmeti olan tikili qanunsuz tikili olduğundan və qanunvericilikdə qanunsuz tikiliyə istifadə hüququnu tanınmasını və həmin tikiliyə köçürülməni tənzimləyən normalar mövcud olmadığından hazırkı mübahisəyə qanunun analogiyası üzrə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Bundan başqa işin halları ilə müəyyən edilir ki, mübahisə predmeti olan ev iddiaçı həmin evə köçməmişdən əvvəl inşa edilmişdir.Həmin ev cavabdehin atası X21 tərədindən 2000-ci ildə 0,16 ha torpaq sahəsində inşa edilmişdir.Bu hal isə hazırkı mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən hallardan biridir. Avropa İnsan Hüquqları Məhkəməsi İatridis Yunanıstana qarşı işində göstərdi ki,1 saylı Protokolun 1-ci maddəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər və beləliklə, onlar sözügedən müddəanın məqsədləri baxımından «mülkiyyət» sayıla bilər. Tre Traktörer AB İsveçə qarşı iş, b. 53; Van Marle və b. Niderlanda qarşı iş, b. 40 işlər üzrə qərarlarında Avropa İnsan Hüquqları Məhkəməsi geyd etmişdir ki,bu bir həqiqətdir ki, mülkiyyət hüququnun müəyyən olunması və identifikasiya edilməsi milli hüquq sistemi vasitəsilə tənzimlənir və ərizəçi həm tələb etdiyi hüququn dəqiq xarakterini, həm də həmin hüquqdan sərbəst surətdə istifadə etmək imtiyazını müəyyənləşdirməlidir, lakin buna baxmayaraq, Məhkəmə hesab edir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də bu marağın 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşısını almır. “Onaryıldız Türkiyəyə qarşı”işində Avropa Məhkəmə hesab etdi ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar ücün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir. Eyni zamanda həmin qərarında göstərilmişdir ki,ərizəçinin tikmiş olduğu evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ Xəzinədarlığa məxsus idi. Bundan başqa, ərizəci hər hansı mülkiyyət hüququna malik olduğunu sübut edə, yaxud sözügedən torpaqla bağlı iddia tələbi irəli sürə bilməyib; eləcə də o, vicdanlı olmayan sahiblik vasitəsilə əldə edilmiş mülkiyyət hüququnu sübuta yetirmək üçün hər hansı məhkəmə prosesinə başladığını da göstərə bilməyib. Buna görə də, Məhkəmə belə hesab edir ki, ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə cıxarmaq ücün iş üzrə materiallarda hec bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətciyə cevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəci tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (bax: Marks Belçikaya qarşı, b. 50; Zverjinskinin işi, b. 61). Sözügedən torpaq sahəsində ərizəçinin tikdiyi evə fərqli qiymət verilməlidir. Ölkə daxilindəki bütün hüquq normalarının işığında sözügedən evlə bağlı hüquqi mövqeyin müəyyənləşdirilməsi, əlbəttə ki, Məhkəmənin vəzifəsi deyil; lakin hər halda Məhkəmənin öz təşəbbüsü ilə toplaya bildiyi az miqdarda sübutlar göstərir ki, ərizəçinin qurduğu ev şəhərsalma qaydalarını pozub (bax: b. 50, 51, 131). Üstəlik, ərizəçi də buna etiraz etmir. Lakin etiraf etmək lazımdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibi idi və oradakı bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsus idi. 1988-ci ildən bəri o, dövlət orqanları tərəfindən heç bir xəbərdarlıq almadan həmin evdə yaşayırdı (bax: b. 28, 80, 86), bu, o demək idi ki, o, digər ödənişlərlə yanaşı, heç bir icarə haqqı ödəmədən öz qohumlarını orada yerləşdirə bilərdi. Ərizəçi orada sosial mühit, habelə ailə mühiti yaratmışdı və 28 aprel 1993-cü il tarixli bədbəxt hadisəyə qədər özünün və ailəsinin elə həmin yerdə qalacağına ümid etməsinə mane olan heç nə yox idi. Bu amillər və məsələn, qeyd edildiyi kimi, adekvat tədbirlərin görülməməsi (bax: b. 87, 146) Önəryıldızın vəziyyətinə dövlət orqanlarının dolayısı ilə dözümlülük nümayiş etdirməsi demək idi, bu isə cari işi xanım Çepmenin işindən (bax: X5rşı) fərqləndirməyə imkan verir; həmin işdə mənşəcə qaraçı olan ərizəçinin məskunlaşdığı torpaq sahəsini tərk etməsi barədə order verilmişdi; ərizəçi qanuni yaşayış yeri üçün daxili qanunvericiliyin tələb etdiyi icazəni almadan özünün köçəri ev avadanlıqlarını (furqonunu) orada yerləşdirmişdi və həmin yeri tərk etməzdən əvvəl iki dəfə cərimə olunmuşdu. Həmin işin spesifik kontekstində Məhkəmə qeyd etdi ki, qanunun qoyduğu qadağalara bilərəkdən məhəl qoymayan şəxslərə Konvensiyanın 8-ci maddəsi üzrə müdafiə təqdim edilməsi düzgün olmazdı və həmin işin hallarını nəzərə alaraq, bu nəticəyə gəldi ki, bu işdə ərizəçiyə tətbiq edilən məhkəmə tədbirləri, ətraf mühiti mühafizə etmək vasitəsilə «digər şəxslərin hüquqlarının müdafiəsindən» ibarət qanuni məqsədə mütənasib hesab edilə bilər (bax: 82, 102 və 105-ci bəndlərə). Xülasə, Məhkəmə hesab edir ki, ərizəçinin tikdiyi ev və onun ailəsi ilə birlikdə oradakı yaşayış yeri onlar üçün mühüm iqtisadi maraq kəsb edirdi. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyətə» bərabərdir (bax: İatridisin işi üzrə qərara, b. 55). Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, daimi yaşamaları üçün tam yararlıdır, müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara cavab verir, ayrıca yaşayış sahəsidir. Bu baxımdan məhkəmə hesab edir ki, tərəflər arasında hazırki mülki münasibətləri 01 oktyabr 2009-cu ildən sonra əmələ gəldiyindən, hazırki mənzil hüquq münasibətlərinə həmin dövrdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah pozulmuşdur. Məhkəməyə iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanması barədə hər hansi razılaşma təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı Abşeron rayonu, Masazır kəndində yerləşən sənədsiz fərdi yaşayış evinə köçürülməyi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayit Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar