Məhkəmə qərarları › İş №2(028)-466/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-466/2025

15.12.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-466/2025 15.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X21 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il tarixdə Qubadlı rayonu Hal kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı əri – X5 xx.xx.2018-ci ildə Suriya Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1998-ci ildə X11 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladı dünyaya gəlmişdir. Onlar xx.xx.2001-ci il təvəllüdlü X8, xx.xx.2003-cü il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10r. X4 2014-cü ildə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və qabaqcadan əlbir olmuş bir qrup şəxs halında dini düşmənçilik zəminində qəsdən Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə "İŞİD (hazırki adı "İD") adlı cinayətkar birliyinin tərkibinə daxil olmaqla Suriya Ərəb Respublikasının ərazisinə keçmiş, qanunsuz silahlı qrupa qoşularaq ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmək niyyətilə terror təşkilatının digər üzvləri ilə əlaqəyə girməklə müxtəlif silahlı təlimlərdə iştirak edib odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluğa hazırlıq hərəkətləri etmişdir. Əri həmin döyüşlər zamanı xx.xx.2018-ci ildə vəfat etmişdir. Kamil Məhərrəmovun ölmüş elan edilməsi ona ölüm haqqında şəhadətnamə almaq və bir sıra hüquqlarını realizə etmək üçün lazımdır. Göstərilənlər nəzərə alınaraq ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ərizənin məzmununa uyğun çıxış edərək, ərizələrini müdafiə etdiyini, bu səbəbdən təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına onun səlahiyyətli nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X12 bildirdi ki, ərizəçi gəlinləridir. Kamil Məhərrəmov qardaşı olub. Onların üç övladı var. Kamil xx.xx.1975-ci ildə Qubadlı rayonunda anadan olmuşdur. Qardaşı 2015-ci ildə Suriya Ərəb Respublikasına onun oğlu Rüfət Məhərrəmovun yanına getmiş və ondan xx.xx.2018-ci il tarixdən bəri heç bir xəbər yoxdur. Məhkəmə iclasında şahid X2 bildirdi ki, ərizəçi bacısı qızıdır. Kamil Məhərrəmov qaynıdır. Qaynı 2015-ci ildə Suriya Respublikasına bacısı oğlunun yanına getmişdir. Baldızı oğlu Rüfət Məhərrəmov xx.xx.2018-ci il tarixdə zəng edərək dayısı Kamilin öldüyünü bildirmiş, hətta Kamilin dəfnindən məzara qoyulduğu zaman şəkil çəkərək onlara yollamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 3-38- 33/2-3279/25 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.1975-ci il təvəllüdlü X1 dəfə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında qeyd edilmişdir: xx.xx.2015-ci il tarixdə çıxış, sənədin nömrəsi C********. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına əsasən xx.xx.1975-ci il təvəllüdlü X5 Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə bağlı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır və Azərbaycan Respublikasının vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı olmamışdır. X7 Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərərfindən məhkəməyə müraciət edilməmişdir. xx.xx.1975-ci il təvəllüdlü X11 xx.xx.1978-ci il təvəllüdlü Ərizəçi ilə xx.xx.1998-ci il tarixdə Qubadlı rayon VVAQ şöbəsində evlənmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. - 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. - 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. - 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: - 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Göründüyü kimi şəxsin ölmüş elan edilməsinə dair normada iki hal olaraq müstəqil əsas kimi nəzərdə tutulmuşdur. Şəxsin həyat üçün təhlükəli şəraitdə itkin düşməsi halında ölmüş elan edilmə və şəxsin harada olması barədə 5 il ərzində məlumatın olmaması şəraitində. İkinci hal, qanunverici itkin düşmə şəraitini nəzərə alaraq, ölmüş elan edilmə üçün daha qısa müddət nəzərdə tutmuşdur. Bu əsaslardan hər hansı biri müstəqil şəkildə mövcud olarsa, şəxs məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Hazırki işdə ikinci halın mövcud olması müəyyən edilir. Belə ki, şəxs uzun illər əvvəl, ərizəçinin deməsinə görə 2015-ci ildə ölkəni tərk edib getmiş və bir daha geri qayıtmamışdır. İş üzrə verilən sorğuların cavabları da ərizənin dəlillərinə tənqidi yanaşılması üçün əsas vermir. Çünki barəsində ərizə verilən şəxsin göstərilən tarixdə anadan olması, Azərbaycan Respublikasında ailəsinin olması və daimi yaşaması müəyyən edilir, eyni zamanda isə onun 2015-ci ildən sonra Azərbaycana gəlməsi müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, ərizənin dəlilləri maddi hüquq normaları baxımından əsaslıdır. İşin məhkəmə tərəfindən tədqiq edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, xx.xx.1975-ci ildə Qubadlı rayonu Hal kəndində anadan olmuş X3 ölmüş elan edilməsi iş materiallarında olan sübutlarla təsdiq olunduğundan xüsusi icraata qaydasında verilmiş ərizə təmin edilməli, qətnamə qanuni qüvvəyə mindiyi gün Kamil Məhərrəmovun ölüm günü hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220, 307 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1975-ci il tarixdə Qubadlı rayonu Hal kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı X5 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X6 ölüm günü hesab edilsin. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında X5 ölməsi barədə qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi Qubadlı rayomn Qeydiyyat şöbəsinə həvalə olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar