Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-55/2025 02.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, mövcud aliment borcunun ləğvi və uşağın atanın yanında qalması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə müraciət edərək, rəsmi nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X5 cavabdehin himayəsindən alınaraq onun himayəsinə verilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün təyin olunmuş alimentin xx.xx.2024-cü il tarixindən bu iş üzrə qəbul edilmiş qətnamənin qanunu qüvvəyə alınmasına qədər hesablanacaq aliment borcunun ləğv edilməsi və uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən alınraq ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək bildirdi ki, onun cavabdehlə rəsmi nikahdan iki övladı doğulub. Qubadlı Rayon Məhkəməsinin 2(028)-444/2021 saylı qətnaməsi ilə aralarındakı nikah münasibətlərinə xitam verilmiş, uşaqlar cavabdehin himayəsində saxlanılmış və ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin xeyrinə aliment verilməsi qət edilmişdir. Tərəfindən apellyasiya şikayəti verilmiş və şikayəti qismən təmin olunaraq aliment məbləği azaldılmışdır. Övladlarında xx.xx.2011-ci il təvəllüdlü X5 anasının yanında qalması müəyyən edilsə də, o, xx.xx.2024-cü il tarixdən onunla birgə yaşayır. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında xx.xx.2011-ci il təvəllüdlü X7 bildirdi ki, iddiaçı atasıdır. Ailədə iki uşaq olublar. Qardaşı ondan balacadır və anası ilə qalır. O, xx.xx.2024-cü il tarixdən atasının yanında yaşamağa başlayıb. Onunla münasibətləri yaxşıdır. Atası bütün qayğılarını çəkir. Bundan sonra da atası ilə qalmaq istəyir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-444/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, İddiaçı və Cavabdeh arasında xx.xx.2010-cu ildə Qubadlı rayon Qeydiyat şöbəsində bağlanılmış nikahın pozulması, nikahın pozulması ilə əlaqədar İddiaçı 15 (on beş) manat dövlət rüsumunun tutulması, X2 bu rüsumundan azad edilməsi, xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və xx.xx.2014cü il tarixdə doğulmuş X6 X2 yanında qalması, İddiaçı hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2011-ci il tarixdə doğulmuş X7 və hər ay 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X4 verilməsi, qalan hissədə iddianın rədd edilməsi və alimentə dair hissədə qətnamənin dərhal icra edilməsi qət edilmişdir. 6 saylı MKS-nin Aktına əsasən Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 7/11, mənzil 59-un sahibi və yaşayıcısı İddiaçı qızı X7 xx.xx.2024-cü il tarixindən bu ünvada qeydiyyatsız yaşaması müəyyən olunur. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş və ilkin mediasiya sessiyasınin keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında iştirakdan imtina etmişdir. Qubadlı rayon Qəyyumluq və Himayə Komissiyasının 5-62/2-139/2025 saylı xx.xx.2025-ci il tarixli rəyinə əsasən komissiya üzvləri iddiaçı və cavabdehi dinləyib ümumi təhlil edərək, xx.xx.2011-ci il tarixdə doğulmuş X5 istəyini nəzərə alaraq atası İddiaçı himayəsinə verilməsinə etiraz etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 7.8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, nikahın pozulması zamanı uşağın valideynlərdən hansının yanında qalması məsələsinin və ya uşaqla bağlı mübahisənin həll olunması, bu barədə məhkəmə qətnaməsi qüvvəyə mindikdən sonra uşaq tələbinə dair yeni əsaslarla iddia qaldırılmasına mane olmur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 63.1-ci maddəsinə əsasən valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. - 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100.2-ci maddəyə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-ci il qərarına əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə göstərilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. (“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına xx.xx.2024-cü il tarixdə “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı Qərarı ilə dəyişikliklər edilmişdir.) Məhkəmə uşağın fikrini, onun ataya bağlılığını, atanın istəyini və Qubadlı rayon Qəyyumluq və Himayə Komissiyasının rəyini nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X7 ana - İsmayılova (Abışova) Sumaya Zahid qızından alınaraq ata - İddiaçı himayəsinə verilməlidir. İddiaçı bir uşağının saxlanılması üçün cavabdehdən 235 manat aliment tələb edir. Məhkəmə hesab edir ki, cavabdehdən hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,587 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 1637/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman iddia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırki iddia tələbində isə iddiaçı xx.xx.2011-ci il tarixdə doğulmuş qızı Sevda Abışlının xx.xx.2024-cü il tarixdən onunla yaşamasının nəzərə alınaraq aliment borcunun ləğv edilməsini istəmiş, borcun silinməsi ilə bağlı tələbinin əsasını hər hansı xəstəliyi və ya digər üzrlü səbəbinin nəzərə alınması təşkil etməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, idiaçının aliment borcunun silinməsi tələbinin əsasında onun üzrlü səbəblərdən icra edilməməsi ilə bağlı dəlillər məhkəməyə təqdim edilməmişdir. Hazırki işdə iddiaçı xx.xx.2024-cü il tarixdən indiyədək övladının yanında yaşadığını bildirərək icra məmuru tərəfindən hesablanan aliment borcunun məbləği ilə razılaşmamışdır. Qeyd edilir ki, iddiaçı icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verə bilər. Qanunda bu qaydada şikayət vermək imkanının nəzərdə tutulması mübahisəli məsələyə iddia icraatı qaydasında baxılmasını istisna edir. Belə ki, icra məmuru tərəfindən hesablanmış aliment borcunun məbləği ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada məhkəməyə şikayət verə bilər. Məhkəmə bildirir ki, yığılmış aliment borcunun ləğv edilməsinə dair iddiaçının iddiasına mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə içlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə doğulmuş X1 (Abışova) Sumaya Zahid qızının himayəsindən alınaraq yetkinlik yaşına çatanadək İddiaçı himayəsinə verilsin. İsmayılova (Abışova) Sumaya Zahid qızından İddiaçı xeyrinə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2011-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,587 misli həddində sabit pul məbləğində aliment tutulsun. Alimentə dair hissədə qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №2(028)-55/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-55/2025
02.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver