Məhkəmə qərarları › İş №2(029)-1020/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1020/2021

12.11.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1020/2021 12.11.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 08 mart 1992-ci il təvəllüdlü Qusar rayonu Qayakənd kəndində qeydiyyatda olmuş və həmin kənddə yaşamış X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X14 10.09.2014-cü il tarixdə RF Nalçik şəhərindən aviareyslə Türkiyə Respublikasına getmişdir. Daha sonra isə Suriya Ərəb Respublikasına keçməklə İŞİD-in nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün qeyri-qanuni silahli dəstələrə qoşulmuş və 2015-ci ilin yay aylarında məhv edilmişdir. Üstündən 10 il keçməsinə baxmayaraq geri qayıtmamışdır və X9 barəsində onlara hansısa xəbər verən olmamışdır. X1 05.11.2014-cü il tarixdən evdən çıxıb bir daha geri qayıtmaması barəsində Qusar rayon Polis Şöbəsinə məlumat vermiş və Qusar rayon Polis Şöbəsi tərəfindən axtarış elan edilmişdir. Qardaşı 08 mart 1992-ci il təvəllüdlü X9 2011-ci il tarixdən evdən çıxıb bir daha geri qayıtmamasını şahidlər də təsdiq edə bilər. 08 mart 1992-ci il təvəllüdlü X9 Suriya-Ərəb Respublikasında həlak olması ərizəyə əlavə edilmiş sənədlərlə, o cümlədən Qusar RPŞ-nin müvafiq arayışı ilə təsdiq olunur. Ona görə də hesab edir ki, qardaşı 08 mart 1992-ci il təvəllüdlü X14 ölmüş elan edilməlidir. Qardaşının ölmüş elan edilməsi onun adına ölüm haqqında şəhadətnamənin alınması, daha sonra isə vərəsəliyin müəyyən edilməsi, həmçinin digər mülkihüquqi əməliyyatların həyata keçirilməsi məqsədi ilə lazımdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, ərizəni müdafiə edir, qardaşı 08.03.1992-ci il təvəllüdlü Araz Məmmədov 2014-cü ildə evdən çıxıb getmiş və həmin vaxtdan ondan heç bir xəbər yoxdur. Belə ki, o, Türkiyə Respublikasına getməklə Suriya Ərəb Respublikasının İŞİD-in nəzarəti altında olan torpaqlarda gedən döyüşlərdə iştirak etmiş və məlumata görə orada həlak olmuşdur. Bundan başqa ərizəçi şəxsi işləri ilə bağlı məhkəmə iclasına gələ bilmədiyi üçün işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və həmin şöbənin rəisi A.Mövlanov məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.6-ci maddələrinə əsasən ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 19 fevral 2020-ci il tarixli Arayışdan görünür ki, X14 08 mart 1992-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r. İşdə olan XVİİ-ЖГ N 335828 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Yagir oğlu xx xxxx 1993-cü il tarixdə anadan olmuşdur. X2, anası X4r. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 21.02.2020-ci il tarixli 149-3282-1220 saylı Arayışdan görünür ki, Qusar rayonu Qayakənd kənd sakini Ərizəçi Yagir oğlunun qardaşı 08.03.1992-ci il təvəllüdlü, Qusar rayonu Qayakənd kəndində qeydiyyatla yaşamış X14 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk etməklə Rusiya Federasiyası ərazisinə getmiş və bir daha Azərbaycan Respublikasına qayıtmamışdır. X12 barəsində Qusar RPŞ-də 07.11.2014-cü il tarixdən 27784 saylı axtarış işi vardır. Axtarışda olan şəxsin olduğu yer barədə heç bir məlumat yoxdur. İşdə olan 27 sentyabr 2021-ci il tarixdə Qusar rayonu Qayakənd kəndində yaşayan Ərizəçi Yagir oğlu, X3, X6 və X10 tərəfindən Qusar şəhərində tərtib olunmuş aktdan görünür ki, Qusar rayonu Qayakənd kəndində yaşayan X15 2014-cü ilin təxminən sentyabr ayında işləmək üçün Rusiya Federasiyasına getmişdir. Təxminən 2015-2016-cı illərdə Suriyaya getməsi və orada həlak olması barədə eşitsələr də, son bir neçə ildə barəsində heç bir məlumat yoxdur. İşdə olan Qusar rayon Prokurorluğu tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış 22 oktyabr 2021-ci il tarixli 597xid-21 saylı məktubdan görünür ki, 08 mart 1992-ci ildə Qusar rayonunda anadan olmuş, Qusar rayonu Qayakənd kəndində qeydiyyatda olan X9 barəsində Qusar rayon Prokurorluğunda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 20.10.2021-ci il tarixli tələbnamədən görünür ki, X5 RPŞ tərəfindən 07.11.2014-cü il tarixdə axtarışa verilmişdir. Onun məhkumluğu barədə məlumat isə yoxdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış 29 oktyabr 2021-ci il tarixli 17/6-19231 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 08.03.1992-ci il təvəllüdlü X12 haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş 11 noyabr 2021-ci il tarixli 149-25397-1221 saylı Arayışdan görünür ki, Qusar rayonu Qayakənd kənd sakini 08.03.1992-ci il təvəllüdlü X5 rayonu ərazisində 2014-cü il ərzində qrup halında oğurluq cinayətlərində iştirak etdiyi üçün Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinməklə, istintaqdan qaçıb gizləndiyinə görə 05.11.2014-cü il tarixdə Qusar RPŞ tərəfindən dövlətlərarası və beynəlxalq axtarışlara elan olunmuşdur. Keçirilmiş ilkin və sonrakı əməliyyat-axtarış tədbirləri ilə Araz Məmmədovun 2014-cü ilin sentyabr ayında ölkə ərazisini tərk etməklə Rusiya Federasiyasına və oradan da, Nalçik-İstanbul aviareysi ilə Türkiyə Respublikasına gedərək, sonradan Suriya Ərəb Respublikasının ərazisinə keçməsi və “İŞİD”in nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşması müəyyən edilmişdir. Axtarışda olan şəxsin yaxın qohumları, tanışları və əqidə yoldaşları ilə aparılmış sorğularla müəyyən edilmişdir ki, Araz Məmmədov təxminən 2015-ci ilin yay aylarında Suriya Ərəb Respublikasının ərazisində məhv edilmişdir. Onun məhv edilməsi barədə məlumatın olması ilə əlaqədar olaraq Azərbaycan Respublikası Dini Qurumlarlar İş üzrə Dövlət Komitəsindən və DTX-nın Qusar rayon Şöbəsindən də rəsmi məlumatlar alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin qardaşı 08 mart 1992-ci il təvəllüdlü X14 2014-cü ildə ölkə ərazisini tərk edərək Rusiya Federasiyasına getmiş, oradan da Nalçik- İstanbul avia-reysi ilə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan ərazilərdə qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmuşdur. Araz Məmmədovun təxminən 2015-ci ilin yay aylarında Suriya Ərəb Respublikasının ərazisində məhv edilməsi barədə Qusar RPŞ-nə məlumat daxil olmuşdur. Hazırda həmin şəxsin adına ölüm haqqında şəhadətnamənin alınması, əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni qardaşı Araz Məmmədovun 2014-cü ildə Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşməsi, 2014-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 08 mart 1992-ci il təvəllüdlü, Qusar rayonu Qayakənd kəndində qeydiyyatda olmuş X14 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 08 mart 1992-ci il təvəllüdlü, Qusar rayonu Qayakənd kəndində qeydiyyatda olmuş X14 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X9 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar