Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1029/2022 29.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Qusar şəhəri H.Əliyev prospekti ev 174, 4 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qusar şəhəri H.Əliyev prospekti ev 174, 4 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev 2014-cü ildə onun tərəfindən satın alınmış və xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınaraq xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun gəlinidir. Belə ki, həmin şəxs xx.xx.2010-cu il tarixdə onun oğlu X4 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, həmin vaxt yaşadıqları Qusar rayonu Çiləgir kəndində yerləşən evə gəlin köçmüş, özünün bütün cehiz əmlaklarını da həmin evə aparmışdır. Həmin evdə onların Kamran və Kənan adlı iki uşaqları anadan olmuşdur. O, yuxarıda qeyd etdiyi mənzili satın aldıqdan xeyli müddət sonra sonra oğlu Samir Qusar şəhərinə köçərək orada kirayə ev tutub ailəsi ilə birlikdə yaşamaq istədiyini demiş və oğlu əlavə kirayə haqqı ödəməsin deyə bir müddət ona məxsus mənzildə yaşamalarını oğluna bildirmişdir. Bundan sonra onun oğlu Samir həyat yoldaşı Aygün və uşaqları ilə birlikdə həmin mənzilə köçərək orada yaşamağa başlamışlar. Bir neçə ay bundan əvvəl onun oğlu Samirin öz həyat yoldaşı Aygünlə münasibətləri korlanmış və mənzili tərk edərək Qusar rayonu Çiləgir kəndində yerləşən evə qayıtmış, Kamran və Kənan adlı uşaqlar da onunla birlikdə getmişlər. Ailə münasibətləri pozulduğu üçün onun oğlu Samir Aygündən boşanmaq qərarına gəlmiş, bu barədə mediasiya orqanına müraciət etmişdir. Oğlu Samir ona məxsus mənzili tərk etməsinə baxmayaraq Cavabdeh həmin mənzildən çıxmayaraq orada yaşamaqda davam etmişdir. O, dəfələrlə cavabdehdən həmin mənzildən çıxmasını tələb etsə də, həmin şəxs həmin mənzildən çıxmayacağını bildirmişdir. Cavabdeh Qusar rayonu Çiləgir kəndində qeydiyyatdadır və ona məxsus mənzilə istifadə hüququ yoxdur. Buna baxmayaraq həmin şəxs yuxarıda göstərilən mənzilə dair onun qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozur və həmin əmlakdan sərbəst şəkildə istifadə və sahiblik etməyinə mane olur. Bu səbəbdən də, pozulmuş hüquqlarınının məhkəmə müdafiəsindən istifadə edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin onun mülkiyyətinə etdiyi qəsdə son qoyulmaqla həmin şəxs ona məxsus həmin mənzildən çıxarılmalıdır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir, təmin eddilməsini xahiş edir. Həmçinin, işləri ilə əlaqədar 29 dekabr 2022-ci il saat 10:30-a təyin edilmiş məhkəmə baxışı iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işdə olan qeydiyyat nömrəsi ********** olan, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Mənzil İstismarı Müəssisəsindən verilmiş 13 sentyabr 2022-ci il tarixli 242 saylı arayışdan görünür ki, Qusar şəhəri, Heydər Əliyev prospekti, 174 saylı binanın, mənzil 4 saylı mənzil həqiqətən İddiaçı məxsusdur və halhazırda həmin ünvanda yaşayır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, X4 ilə X2 nikahları xx.xx.2010-cu il tarixdə Qusar rayonu Urva kənd İƏN-də 38 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Bundan sonra cavabdeh “Ağasiyeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 577 saylı 15 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, X1 rayonu Çiləgir kənd sakini olub, həmin kənddə yaşayır və aşağıdakı ailə tərkibi vardır: arvadı-Cavabdeh, oğlu-X3, oğlu X5. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektipn ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü m addəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə çağırış vərəqəsini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Göründüyü kimi, Cavabdeh İddiaçı gəlini, yəni oğlu Samir Ağasiyevin arvadıdır, həmin şəxs 30 oktyabr 2010-cu il tarixdə Samir Ağasiyevlə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından Kamran və Kənan adlı iki uşaqları anadan olmuşdur. Cavabdeh Samir Ağasiyevlə nikaha daxil olarkən sonuncunun yaşadığı Qusar rayonu Çiləgir kəndində yerləşən evə gəlin köçmüş, hazırda həmin kənddə qeydiyyatdadır. Mübahisəli Qusar şəhəri H.Əliyev prospekti ev 174, 4 saylı mənzil 2014-cü ildə İddiaçı tərəfindən əldə edilmiş və xüsusi mülkiyyət hüququ üzrə həmin şəxsin adına qeydiyyata alınmaqla xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Həmin mənzil əldə olunduqdan sonra iddiaçının oğlu Samir Ağasiyevlə Cavabdeh azyaşlı uşaqları ilə birlikdə müvəqqəti olaraq həmin mənzilə köçərək bir müddət orada yaşamışlar, sonradan onların ailə münasibətləri pozulmuş, Samir Ağasiyev mənzili tərk edərək azyaşlı uşaqları ilə birlikdə daimi yaşadığı Qusar rayonu Çiləgir kəndinə qayıtmış, Cavabdeh isə həmin mənzildə yaşamaqda davam etmişdir. Bununla da, Cavabdeh iddiaçının gəlini kimi həmin mənzildən istifadə etsə də, onun həmin mənzilə dair mülkiyyət hüququnun tərkib elementlərindən biri olan istifadə hüququ əmələ gəlməmiş, belə bir hüququnun əmələ gəlməsinin hər hansı hüquqi əsası da yoxdur. Belə ki, Cavabdeh ilə İddiaçı arasında mənzildən istifadə istifadə hüququna dair hər hansı yazılı müqavilə bağlanmamış, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan başqa, Cavabdeh həmin mənzilə dair ailə hüquq münasibətlərinə əsaslanan istifadə hüququ da əmələ gəlməmişdir. Çünki, həmin şəxs iddiaçının oğlu ilə nikaha daxil olarkən mübahisəli mənzil əldə olunmamış, cavabdeh daimi yaşamaq üçün həmin mənzilə köçməmişdir. Onun mübahisəli mənzildə yaşaması müvəqqəti xarakter daşımışdır. Odur ki, hazırda Cavabdeh iddiaçı Svetlana Ayasiyevaya məxsus həmin mənzildə sonuncunun iradəsinə zidd olaraq yaşaması mülkiyyətçi şəxs olan İddiaçı mülkiyyətinə əsassız müdaxilədir, bu, həmin şəxsin mülkiyyət hüququnu əsassız olaraq pozur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmaqla onun mülkiyyətinə edilən əsassız müdaxiləyə son qoyulmalı, Cavabdeh həmin mənzildən çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 174, 4 saylı mənzildən çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360cı sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan Qusar şəhəri Heydər Əliyev prospekti ev 174, 4 saylı mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1029/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1029/2022
29.12.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver