Məhkəmə qərarları › İş №2(029)-1031/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1031/2022

27.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1031/2022 27.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar şəhəri Ç.Qurbanov küçəsi 53 ünvanda yerləşən, Cavabdeh məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin eni 6 metr, uzunluğu 41 metr olan hissəsinin onun xeyrinə servitutla yüklü edilməklə ona müvafiq yol verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar şəhəri ərazisində onun xüsusi mülkiyyətində 0.0345 hektar həyətyanı torpaq sahəsi vardır. Mülkiyyət hüququ Seriya RX ******* saylı 17 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsini Qusar bələdiyyəsindən satın almışdır. O, həmin torpaq sahəsini satın alarkən torpaq sahəsinin hər tərəfi bağlı olmuş, lakin bələdiyyədən ona bildirmişlər ki, həmin torpaq sahəsinə gedib gəlmək üçün əvvəllər yol olmuş və həmin yol Cavabdeh tərəfindən qanunsuz olaraq tutularaq istifadə olunur. Bu səbəbdən də, o, Qusar rayon məhkəməsində iddia qaldıraraq Cavabdeh həmin yolun buraxılmasını tələb etmişdir. İşə baxılarkən məhkəmə tərəfindən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və müəyyən olunmuşdur ki, ona satılan torpaq sahəsinə gedib gəlmək üçün yol olmamış, Cavabdeh tərəfindən istifadə olunan torpaq sahəsi bütövlükdə həmin şəxsin xüsusi mülkiyyətindədir. Bu səbəbdən də Qusar rayon məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(029)-61/2021 saylı qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Hal-hazırda ona məxsus torpaq sahəsinin hər tərəfi bağlı olmaqla əsas yoldan oraya giriş yoxdur. Həmin torpaq sahəsinə getmək üçün yalnız Cavabdeh məxsus torpaq sahəsindən keçib getmək olar. Xeyli müddətdir ki, o, Cavabdeh müraciət edərək ona gediş-gəliş üçün öz həyətyanı torpaq sahəsindən yol verilməsini xahiş etsə də, həmin şəxs bundan imtina edir. Nəticədə isə o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə, orada hər hansı iş görə bilmir. Həmin torpaq sahəsinə başqa istiqamətdən getmək isə qeyri-mümkündür. Hesab edir ki, onun mülkiyyətində olan torpaq sahəsinə piyada və avtomobilin gedib gəlməsi üçün Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin eni 6 metr, uzunluğu 41 metr olan hissəsi onun xeyrimə servitutla yüklü edilməli və o, öz torpaq sahəsinə gedib gəlmək üçün müvafiq yol ilə təmin edilməlidir. Buna görə o, Cavabdeh servitutla yüklü olan torpaq sahəsinə görə Cavabdeh müvafiq haqq ödəməyə razıdır. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmisdir ki, İddiaçı ona qarşı “torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair” iddia ərizəsi ilə ünvan 1 ünvanda yerləşən, ona məxsus 0.06 ha həyətyanı torpaq sahəsinin eni 6 metr, uzunluğu 41 metr olan hissəsinin onun xeyrinə servitutla yüklü edilməklə ona müvafiq yol verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin iddianı o, qəbul etmir və aşağıdakı əsaslara görə hesab edir ki, iddia tamamilə qanunsuz və əsassızdır, rədd edilməlidir. Belə ki, Qusar şəhəri Ç.Qurbanov küçəsi 53 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. 2021-ci ildə İddiaçı Qusar rayon məhkəməsində ona qarşı yolun buraxılması tələbinə dair iddia qaldırmış, iddiasını onunla əsaslandırmışdır ki, guya ona məxsus torpaq sahəsinə gedən yol onun tərəfindən tutulmuşdur. İşə baxılarkən məhkəmə tərəfindən məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş və müəyyən olunmuşdur ki, iddiaçıya satılan torpaq sahəsinə gedib gəlmək üçün yol olmamış, onun tərəfindən istifadə olunan torpaq sahəsi bütövlükdə onun xüsusi mülkiyyətindədir. Bu səbəbdən də Qusar rayon məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli 2(029)-61/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası rədd edilmişdir. O, özünə məxsus torpaq sahəsini və fərdi yaşayış evini 2012-ci ildə satın almış, mülkiyyət hüququ müvafiq çıxarışla rəsmiləşdirilmişdir. İddiaçı isə özünün torpaq sahəsini ondan təxminən 6-7 il sonra Qusar bələdiyyəsindən satın almışdır. Həmin torpaq sahəsi ona məxsus torpaq sahəsinə bitişik olmuş, onun torpaq sahəsinin arxa tərəfində yerləşir. İddiaçı həmin torpaq sahəsini alarkən bilirdi ki, həmin əraziyə gediş-gəliş yolu yoxdur və Qusar bələdiyyəsi də bunu yaxşı bilirdi. Lakin, bələdiyyə iddiaçını aldadaraq orada guya yol olduğunu demiş və qanunsuzluğa yol vermişdir. Əslində bələdiyyə həmin torpaq sahəsini ilk öncə ona təklif etməli idi. Buna baxmayaraq, bələdiyyə gizli şəkildə torpaq sahəsini iddiaçıya satmışdır. Hal-hazırda iddiaçının torpaq sahəsinə gediş-gəliş yolunun olmamasında onun heç bir təqsiri yoxdur. O, yalnız öz torpaq sahəsindən istifadə edir. İddiaçı isə ondan eni 6 metr, uzunluğu isə 41 metr olan torpaq sahəsi tələb edir ki, bu da 246 kv.metr ərazi deməkdir. Hazırkı iddia onun mülkiyyət hüququna birbaşa qəsd deməkdir. Çünki, iddiaçı onun iradəsinə zidd olaraq onun torpağını əlindən almaq istəyir. İddiaçı ona məxsus 246 kv.metr torpaq sahəsinin servitutla yüklü edilməsini tələb edir. Lakin, Mülki Məcəllədə servitutun əmələ gəlmə əsası dəqiq göstərilmişdir. Servitut, tərəflər arasında bağlanmış müqavilə əsasında əmələ gəlir, müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin, heç kim müqavilə bağlanmasına məcbur edilə bilməz. O, özünə məxsus torpaq sahəsini iddiaçıya vermək istəmir, bu barədə onunla hər hansı müqavilə bağlamaq niyyəti yoxdur, iddiaçı isə onu buna məcbur etmək istəyir. İddiaçının torpaq sahəsinə gediş-gəliş yolunun olmamasında onun özü məsuliyyət daşıyır, torpaq sahəsini bələdiyyədən satın alarkən bilirdi və bilməli idi ki, orada yol yoxdur. Bələdiyyə də iddiaçını aldadıb torpaq sahəsini ona satmışdır. İddia tamamilə qanunsuz və əsassızdır. Bu səbəbdən də, İddiaçı ona qarşı “torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair” iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, 2018-ci ildə torpaq sahəsini almışdır, həmin torpaq sahəsini alanda orda yol olmadığını bilməmişdir, həmin torpaq sahəsinə yol nəzərə alınmamışdır. Reyestr xidmətinə gedəndə bilmişdir ki, torpaq sahəsinə gediş gəliş üçün yol nəzərdə tutulmayıb. Ona torpaq sahəsini Mehrəddin Qədimov satıb, torpağı alanda torpaq sahəsinin sxemi ona göstərilməmiş, orda yol olduğunu demişlər. O, torpaq sahəsini alanda cavabdehin evi olub. O, torpağı rəsmi alqısatqı yolu ilə almışdır, cavabdehin öz torpaq sahəsinə rəsmi sənədi olduğunu bilmirdi. Servitutla yüklü olmaqla yolun verilməsi barədə cavabdehə bildirmiş, lakin cavabdeh razı olmamışdır. O, torpaq sahəsinə yolun verilməsi ilə bağlı məhkəməyə müraciət etməzdən qabaq başqa hər hansı təşkilata müraciət etməmişdir, o, elə bilmişdir ki, məhkəmədə həll olunacaq. Mehrəddin Qədimov 6 sot torpağı cavabdehə satıb, 4 sotu isə ona satıb. Torpaq sahəsi aldıqdan sonra o, öz torpaq sahəsinə gedə bilməmişdir. Mehrəddin ona torpaq sahəsinin uzunluğu 25 metr olduğunu, 14,70 metr cavabdehin olduğunu 10,30 metrinin də, onun olduğunu demişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, evi və torpaq sahəsini 13 oktyabr 2012-ci il tarixdə rəsmi qaydada notariat kontorunda alqı-satqı müqavilə bağlayaraq almışdır. Onun evinin üç tərəfində qonşular var, evin qabaq tərəfində isə yol var. Cavabdehin torpaq sahəsinə yol olmayıb. Evinin qabağında yay mətbəxi, saray, ortada darvaza, sol tərəfdə tualet yerləşir, oradan cavabdehə yol verilməsi mümkün deyil, onda gərək o, həmin tikililəri sökə, özünü ziyana sala. Onun evinə və torpaq sahəsinə çıxarışı var. Cavabdeh ona ordan yol verilməsi ilə bağlı müraciət edib, lakin o, razı olmamışdır. Mülkiyyətində olan evi və torpaq sahəsini ilk olaraq o, almış, həmin vaxtdan 6 ildən sonra cavabdeh özünə torpaq sahəsi almışdır. Həmin evi və torpaq sahəsini o, Mehrəddin Qədimovdan almışdır, Mehrəddin onu aldatmış, orada artıq torpaq sahəsi olduğunu ona deməmiş, zəbt olunmuş torpaq sahəsinə sonradan özünə sənəd çıxardıb iddiaçıya satmışdır. O, torpağı alanda torpağın arxa tərəfində 4 sot boş torpaq sahəsi olduğunu bilmirdi, ondan gizlədilmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2018-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən yaşayış məntəqələri tipli 0.0345 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhəri, N.Şərifov küçəsi 53-də yerləşən 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 72.6 kv/m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, məhkəmə tikinti texniki və tikinti-texniki obyektlərin tətqiqi ekspertizasının 29 iyun 2021-ci il tarixli 10/2138 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Xaçmaz Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən Seriya RX ******* nömrəli, 17 sentyabr 2018-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus - Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən tutulmamışdır. İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 ha həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yolu nəzərdə tutulmamışdır. Gediş-gəliş yolu üzərində cavabdeh tərəfindən hər hansı tikinti işləri aparılmamışdır. İşdə olan xx.xx.2021-ci il tarixli 2(029)-61/2021-ci il tarixli Qusar rayon məhkəməsinin Qətnaməsindən görünür ki, İddiaçı Qusar şəhəri ərazidində yerləşən 0.0345 ha həyətyanı torpaq sahəsinə gedib-gəlmək üçün istifadə edilən yolun Cavabdeh Bahəddin oğlu tərəfindən buraxılması və həmin yolda cavabdeh tərəfindən çəkilmiş hasarın onun öz hesabına sökülməsi tələbinə dair iddiası rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Qusar şəhəri ərazisində yerləşən 0.0345 hektar həyətyanı torpaq sahəsinə gediş-gəliş yolu mövcud deyildir. İddiaçıya məxsus torpaq sahəsi Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evi və torpaq sahəsi ilə qonşuluqda yerləşir və cavabdeh özünün torpaq sahəsini və fərdi yaşayış evini iddiaçı özünün torpaq sahəsini əldə etdiyi vaxtdan xeyli müddət əvvəl əldə etmişdir. Bununla da, iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun olmamasında cavabdehin hər hansı müəyyən olunmamışdır. Bundan başqa, Mülki Məcəllənin tələblərinə əsasən məhdud əşya hüququ olan servitut, tərəflər arasında bağlanmış müqavilə əsasında əmələ gəlir, müvafiq qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Hazırda İddiaçı Cavabdeh eni 6 metr, uzunluğu isə 41 metr olan torpaq sahəsinin servitutla yüklü edilməsini tələb edir. Lakin, tərəflər arasında servitutla bağlı heç bir müqavilə bağlanmamış, servitut daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və bununla da, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair məhdud əşya hüququ olan servitut hüququ əmələ gəlməmişdir. Cavabdeh özünə məxsus torpaq sahəsindən İddiaçı yol vermək istəmir, bu barədə onunla hər hansı müqavilə bağlamaq fikri yoxdur. Bununla da, iddiaçının iddia tələbinin hüquqi əsasına dair hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüququ sayılır. Həmin Məcəllənin 255.1-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 256.1-ci maddəsinə görə servitutun verilməsi üçün daşınmaz əmlakın dövlət reyestrində onun qeydə alınması zəruridir. Servitutun əldə edilməsi və qeydə alınması üçün torpağa mülkiyyət haqqında müddəalar qüvvədədir. Həmin Məcəllənin 256.2-çi maddəsinə görə servitut verilməsinə dair müqavilə notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsi servitutla yüklü olunmaqla yolun verilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar