Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1099/2025 27.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı, Cavabdeh Məhəmməd oğluna qarşı “borc tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh Məhəmməd oğluna qarşı “borc tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Məhəmməd oğlundan 5000 (beş min) manat məbləğində borc pul və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə Qusar rayonu Kuzun kənd sakini Cavabdeh Məhəmməd oğlu ilə ona məxsus 0.12 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini 39000 (otuz doqquz min) manat almağa razılaşmış, bunun müqabilində isə cavabdehə beh qismində 5000 (beş min) manat pul vermiş və cavabdeh bu barədə qəbz yazaraq imzalamışdır. Cavabdehlə aralarındakı razılığa əsasən cavabdeh torpaq sahəsi üçün çıxarış əldə etdikdən sonra aralarındakı alqı-satqı müqaviləsi baş tutmalı imiş, lakin, Cavabdeh Məhəmməd oğlu sözügedən torpaq sahəsinə çıxarış əldə edə bilməmiş və buna görə də alqı-satqı baş tutmamışdır. Buna baxmayaraq, cavabdehdən beh qismində verdiyi 5000 (beş min) manat pulu dəfələrlə tələb etsə də, o, həmin məbləği bu günə kimi qaytarmamış, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilmiş xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Məhəmməd oğlu iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, İddiaçı ilə aralarında ev alğı-satqısı barədə danışıqlar getmiş, o, özünə məxsus evi İddiaçı satması barədə razılıq vermiş, buna görə də İddiaçı 5000 (beş min) manat məbləğində beh kimi pul almışdır. İşə baxıb,iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan əlyazma qəbzindən görünür ki, Cavabdeh Məhəmməd oğlu, İddiaçı 5.000 manat pul almasını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 460.1. öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1. Öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2. Əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh Məhəmməd oğlu ona məxsus 0.12 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evini 39000 (otuz doqquz min) manat almağa razılaşmış, bunun müqabilində isə cavabdehə beh qismində 5000 (beş min) manat pul vermiş və cavabdeh bu barədə qəbz yazaraq imzalamışdır. Cavabdehlə aralarındakı razılığa əsasən cavabdeh torpaq sahəsi üçün çıxarış əldə etdikdən sonra aralarındakı alqı-satqı müqaviləsi baş tutmalı imiş, lakin, Cavabdeh Məhəmməd oğlu sözügedən torpaq sahəsinə çıxarış əldə edə bilməmiş və buna görə də alqı-satqı baş tutmamışdır. Cavabdehdən beh qismində verdiyi 5000 (beş min) manat pulu dəfələrlə tələb etsə də, o, həmin məbləği bu günə kimi qaytarmamışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Məhəmməd oğlundan 5000 (beş min) manat məbləğində borc pul tutularaq İddiaçı verilməlidir. İddia tələbi təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 70 (yetmiş) manat Cavabdeh Məhəmməd oğlundan tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh Məhəmməd oğlundan 5000 (beş min) manat məbləğində borc pul və 70 (yetmiş) manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 (beş min yetmiş) manat pulun alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİM: ƏLİ CƏLİLOV