Məhkəmə qərarları › İş №2(029)-110/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-110/2021

11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-110/2021 11.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 3420 manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2005-ci ilin mart ayında ona məlum olmuşdur ki, Qusar rayonu Yasab kəndinin sakinləri Əlimətov Zaliddin Mövlüd oğlu və ailə üzvləri əmlak payı kimi mülkiyyətlərində olan 6,50 ha torpaq sahəsini satmaq istəyirlər. Kənd təsərrüfatı məhsulları əkib-becərmək məqsədilə o, həmin torpaq sahəsini almaq barədə cavabdehlərlə danışıb torpağın dəyəri ilə bağlı razılaşmışlar. Bundan sonra, aralarında alqı-satqı barədə müqavilə imzalanmışdır. Aldığı torpaq sahəsinin 2 ha hissəsini sənədləşdirib daha sonra başqa şəxsə satmışdır. Digər 4,50 ha hissəsi ilə əlaqədar isə Əlimətov Zaliddin Mövlüd oğlunun və ailə üzvlərinin adına xx xxx 2006-cı il tarixli JN-0991 saylı dövlət aktı verilmişdir. Həmin ərəfədə o, aralarında bağlanılmış müqavilələri notariat qaydasında təsdiqlətmək üçün cavabdehlərə notariat kontoruna getməyi təklif etsə də, onlardan bir qismi Zaliddin Əlimətov, İlham Əlimətov və Anjella Əlimətova əvvəlcə satdıqları torpaq sahələrində məhsulun yığılmadığını bəhanə edib vaxtı uzatmışlar, daha sonra isə torpaq sahələrinin faktiki olaraq onun sərəncamında olduğunu bildirərək müxtəlif bəhanələrlə notariat kontoruna getməkdən yayınmışlar. Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-565/2019 saylı qətnaməsi ilə Əlimətov Zaliddin Mövlüd oğlu, X5 və X1 onların payına düşən cəmi 2,79 ha torpaq sahəsinin dəyəri kimi hər birindən 2000 manat, cəmi 6000 (altı min) manat pul vəsaitinin tutulması qət edilmişdir. Satıcıların digər qismi, yəni Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da son vaxtlara qədər onunla razılaşıb alqı-satqı aktına imza etmələrinə və torpaq sahəsinə dair etibarnamə vermələrinə baxmayaraq hazırda torpaq sahəsinin qalan 1.71 ha hissəsini onun adına rəsmiləşdirməkdən imtina edirlər. Onunla cavabdehlər arasında torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanılaraq dəyərinin həmin vaxt mövcud olan bazar qiymətlərinə uyğun olaraq ödənilməsi, cavabdehlərin hər birinin bu barədə razılıqlarının olması, müvafiq sənədlərə imza edib torpaq sahəsinin dəyəri kimi pulu qəbul edib imza etmələri, habelə torpaq sahəsinin 1 hektarının hazırkı orta bazar qiymətinin 1800-2500 manat civarında olması Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-565/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş hallardır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, əvvəllər Qusar rayon məhkəməsinin icraatında hazırkı işlə əlaqəli iş olmuş və məhkəmənin müvafiq qətnaməsi vardır. Belə ki, iddiaçı cavabdehlərə və onların digər ailə üzvlərinə məxsus torpaq sahəsini 2005-ci ildə dəyərini ödəməklə satın almışdır. Əvvəlcə hazırkı iş üzrə cavabdehlər torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə razı olmuşlar və bu barədə iddiaçının atası Yarmət Eyyubovun adına etibarnamə vermişlər. Cavabdehlərin digər ailə üzvləri Zaliddin, Anjella və İlham Əlimətov(a)lar torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən yayındıqları üçün həmin şəxslərdən 2.79 ha torpaq sahəsinə dair pul tutulması ilə bağlı iddiaçı həmin şəxslərə qarşı Qusar rayon məhkəməsində iddia qaldırmış və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin şəxslərin hər birindən 2000 manat olmaqla cəmi 6000 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə ilə iddiaçı tərəfindən hazırkı iş üzrə cavabdehlər Sara, Məlahət, Mətanət və Cavabdeh4(a)lara torpaq sahəsinin alınmasına görə pul verilməsi tam olaraq öz təsdiqini tapmışdır. Cavabdehlərin guya torpaq sahəsini iddiaçıya satmamaları, yalnız icarəyə vermələri barədə dəlilləri isə əsassızdır və inandırıcı deyil, bu barədə heç bir icarə müqaviləsi və digər sübut mövcud deyil. Cavabdehlər iddiaçının atasının adına etibarnaməni bu yaxınlarda vermişlər və etibarnamənin məzmunu notarius tərəfindən cavabdehlərə izah edilmişdir. Etibarnamədə isə cavabdehlər özlərinin torpaq sahəsinin satılmasını iddiaçının atası Yarmət Eyyubova etibar etmişlər. Bundan başqa, Qusar rayon məhkəməsinin əvvəlki qətnaməsində də qeyd olunan torpaq sahəsinin məhz iddiaçıya satılması öz təsdiqini tapmışdır. Odur ki, iddia əsaslıdır, tam sübuta yetirilir və ona görə də, təmin olunmalıdır. Nümayəndə qeyd olunanlara əsasən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iuclasında Cavabdeh1 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, o və ailə üzvləri özlərinin mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən pay torpaq sahəsini iddiaçıya satmamışlar, torpağa görə həmin şəxsdən satışa görə pul almamışlar. 2005-ci ildə onun əri Zaliddin ailələrinin mülkiyyətində olan torpaq sahəsini Yarmətə icarəyə vermək istədiyini bildirmiş, o, əvvəlcə buna razı olmamış, lakin əri Yarmətə söz verdiyini bildirmiş və torpaq sahəsini həmin şəxsin icarəsinə vermişlər, Yarmət 900 ABŞ dolları məbləğində pulu əri Zaliddinə vermişdir. Yarmət 15 ildir ki, həmin torpaq sahəsindən istifadə edir, onlara əlavə pul verməmişdir. Yarmətlə onun və ailə üzvlərinin arasında icarə müqaviləsi bağlanmamış, torpaq sahəsini şifahi qaydada icarəyə vermişlər. Bu yaxınlarda isə Yarmət ona və ailə üzvlərinə müraciət edərək torpaq sahəsinə görə vergi ödəyə bilmədiyini, bu səbəbdən onun və digər ailə üzvlərinin adından həmin şəxsin adına etibarnamə verilməli olduğunu bildirmiş və bu səbəbdən o, həmçinin övladları Məlahət, Mətanət və Mövlüd Yarmətin adına etibarnamə vermişlər. Odur ki, iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Cavabdeh1 qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, o və ailə üzvləri özlərinin mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən torpaq sahəsini iddiaçıya satmamışlar, həmin şəxsdən hər hansı məbləğdə pul almamışlar. Onun atası Zaliddin həmin torpaq sahəsini iddiaçının atası Yarmət Eyyubova icarəyə vermiş, lakin hər hansı icarə müqaviləsi yoxdur. Həmin şəxs 15 ildir ki, torpaqdan icarə əsasında istifadə edir. Bu yaxınlarda Yarmət ona və digər ailə üzvlərinə müraciət edərək torpağa görə vergi ödəməli olduğunu, lakin bunu edə bilmədiyini, bunun üçün onların adından etibarnamə verilməli olduğunu bildirmiş, bu səbəbdən də, ona 100 ABŞ dolarə və 30 manat pul vermişdir ki, digər cavabdehləri notariat kontoruna gətirsin. Bundan sonra onlar notariat kontoruna gələrək Yarmət Eyyubovun adına etibarnamə vermişlər. Odur ki, iddia əsassızdır və rədd edilməlidir. Cavabdeh4 qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddianı etiraf etməmişlər və Cavabdeh4la analoji izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan KOD 30126018 JN:991 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu Yasab kəndi ərazisində yerləşən 4.50 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Əlimətov Zaliddin Mövlüd oğlunun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və X2 birgə mülkiyyətlərinə verilmişdir. İşdə olan qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********22, qeydiyyat tarixi xx.xx.2020-ci il olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 4.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Əlimətov Zaliddin Mövlüd oğlunun, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və X2 adlarına qeydiyyata alınmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli 7E-813 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 öz əmlaklarını idarə etmək və barəsində sərəncam vermək səlahiyyətlərini iddiaçının atası X7 etibar etmişlər. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-565/2019 saylı qətnaməsinin surətindən görünür ki, Əlimətov Zaliddin Mövlüd oğlunun, X3 və X2 hər birindən 2000 (iki min) manat olmaqla, ümumilikdə cavabdehlərdən cəmi 6000 (altı min) manat məbləğində pul vəsaitinin alınıb İddiaçı qaytarılması qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, 2005-ci ilin oktyabr ayında cavabdehlər Əlimətov Zaliddin Mövlüd oğlu, X5 və X4, habelə onların digər ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, cəmi 7 nəfər ailə üzvü özlərinə məxsus 6,50 ha torpaq sahəsini İddiaçı 13000000 AZM, indiki pulla 2600 manata satmışlar və bu barədə onların aralarında xx xxxxxxx 2005-ci il tarixli müqavilə bağlanmışdır. Həmçinin, həmin şəxslər həmin vaxt həqiqətən də, hər biri iddiaçıdan özlərinə düşən 0.928720 ha torpaq sahəsinə görə indiki pulla 400 manat məbləğində pul almaları barədə ərizə vermişlər. Lakin, sonradan həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiqlənən heç bir müqavilə bağlanmamışdır. Sonradan iddiaçı cavabdehlərdən və digər ailə üzvlərindən torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsini, torpaq sahələrinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 həmin torpaq sahəsindən hərəsinə düşən 0,93 ha torpaq sahələrini iddiaçının adına rəsmiləşdirməyə razı olsalar da, cavabdehlər Əlimətov Zaliddin Mövlüd oğlu, X5 və X4 müxtəlif bəhanələrlə bundan yayınmağa başlamışlar. Artıq qeyd olunan mübahisəli torpaq sahəsi barədə alqı-satqı əqdinin razılaşmasından və bu barədə müvafiq müqavilənin bağlanmasından uzun müddət keçsə də, cavabdehlər hələ də torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən yayınırlar. İddiaçı isə razılaşmaya uyğun üzərinə düşən bütün öhdəlikləri tam şəkildə icra etmiş və torpaq sahəsinin dəyərini sahiblərinə ödəmişdir. Beləliklə, alqı-satqı müqaviləsinin bağlanmaması cavabdehlər Zaliddin Əlimətovun, İlham Əlimətovun və Anjella Əlimətovanın təqsiri üzündən baş vermiş, bununla da, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2005-ci il tarixli müqavilə əhəmiyyətsiz bir razılaşma olmuşdur. Bu səbəbdən də heç bir hüquqi nəticə doğura bilməzdi. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi və ya pulun cavabdehlərə düşən hissəsinin qaytarılması dəfələrlə cavabdehlərdən tələb olunsa da, sonuncular həmin tələbləri təmin etməmişlər. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının torpaq sahəsinə görə verdiyi pulun dəyəri verildiyi vaxtdan indiyədək olan dövr üzrə indeksasiyası nəzərə alınmaqla hazırda cəmi 6830,20 (altı min səkkiz yüz otuz manat iyirmi qəpik) manat təşkil edir. Bundan başqa, hazırda Qusar rsayonu Yasab kəndində iddiaçının cavabdehlərdən aldığı torpaq sahəsinin yararlılığına və kateqoriyasına uyğun torpaq sahəsinin 1 hektarının dəyərinin 1800-2500 manat civarında olması müəyyən edilmiş, bu barədə Qusar rayon İHB-nın Yasab kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Yasab bələdiyyəsi tərəfindən müvafiq arayışlar verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Qusar rayon Statistika İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 25 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən x xxxxxx 2005-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN-5000 köhnə AZM-ə bərabər tutulmuş və həmin dövr üçün 13000000 AZM denominasiya nəticəsində 2600 AZN olmuşdur. 2021-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 274,4 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,7 dəfə artmışdır. Beləliklə, 2600 manatın yeni qiymət səviyyəsi cari dövr üçün 7134,40 (yeddi min yüz otuz dörd manat qırx qəpik) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 2005-ci ilin oktyabr ayında Əlimətov Zaliddin Mövlüd oğlu, X5 və X4, habelə onların digər ailə üzvləri Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2, cəmi 7 nəfər ailə üzvü özlərinə məxsus 6,50 ha torpaq sahəsini İddiaçı 13000000 AZM, indiki pulla 2600 manata satmışlar və bu barədə onların aralarında xx xxxxxxx 2005-ci il tarixli müqavilə bağlanmışdır. Həmçinin, həmin şəxslər həmin vaxt həqiqətən də, hər biri iddiaçıdan özlərinə düşən 0.928720 ha torpaq sahəsinə görə indiki pulla 400 manat məbləğində pul almaları barədə ərizə vermişlər. Lakin, sonradan həmin torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair notarial qaydada təsdiqlənən heç bir müqavilə bağlanmamışdır. Sonradan iddiaçı mülkiyyətçilərdən torpaq sahələrinə dair bağlanmış alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsini, torpaq sahələrinin onun adına rəsmiləşdirilməsini xahiş etmiş, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 həmin torpaq sahəsindən hərəsinə düşən 0,93 ha torpaq sahələrini iddiaçının adına rəsmiləşdirməyə razı olsalar da, Əlimətov Zaliddin Mövlüd oğlu, X5 və X4 müxtəlif bəhanələrlə bundan yayınmışlar. Bu səbəbdən də, İddiaçı Qusar rayon məhkəməsində sonunculara qarşı pul tələbinə dair iddia qaldırmış və məhkəmənin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə həmin şəxslərin hər birindən 2000 manat olmaqla cəmi 6000 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Yuxarıda qeyd olunan hallar həmin qətnamədə öz təsdiqini tapmışdır. Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 əvvəlcə torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə razı olsalar da və bu barədə iddiaçının atası Yarmət Eyyubovun adına etibarnamə versələr də, hazırda həmin şəxslər də torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsindən imtina edirlər. Bundan başqa, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının torpaq sahəsinə görə verdiyi pulun dəyəri verildiyi vaxtdan indiyədək olan dövr üzrə indeksasiyası nəzərə alınmaqla hazırda cəmi 7134,40 (yeddi min yüz otuz dörd manat qırx qəpik) manat təşkil edir. Bundan başqa, Qusar rayon məhkəməsinin yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunur ki, Qusar rayonu Yasab kəndində iddiaçının cavabdehlərdən aldığı torpaq sahəsinin yararlılığına və kateqoriyasına uyğun torpaq sahəsinin 1 hektarının dəyəri 1800-2500 manat civarında müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə hesab edir ki, İddiaçıla cavabdehlər və sonuncuların ailə üzvləri arasında torpaq sahəsinin alqı-satqısına dair olan yızılı müqavilə əhəmiyyətsiz bir müqavilə olduğundan həmin müqavilə üzrə pulu alan tərəf aldığını geri qaytarmalıdır. Bu səbəbdən də cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 həmin müqavilə üzrə alınmış pul vəsaitinin onlara düşən hissəsini geri qaytarmağa borcludur. Bundan başqa, cavabdehlər iddiaçının verdiyi pul vəsaitinin onlara düşən hissəsini uzun müddət özlərində saxlamaları nəticəsində İddiaçı maddi zərər dəymişdir. Belə ki, o, həm əhəmiyyətsiz əqd üzrə torpaq sahəsini əldə etmək imkanından məhrum olmuş, həm də razılaşma olan vaxtdan indiyədək onun cavabdehlərə verdiyi pul vəsaiti mütəmadi olaraq inflyasiyaya uğramış, əldə etməli olduğu torpaq sahəsinin dəyəri əhəmiyyətli dərəcədə artmışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlərə verdiyi pul vəsaitinin verildiyi vaxtdan-yəni 2005-ci ildən indiyədək olan dövr üzrə indeksasiyası (inflyasiyaya uğraması), o cümlədən torpaq sahələrinin dəyərinin bahalaşması nəzərə alınmaqla tutularaq iddiaçıya verilməlidir. İddiaçının torpaq sahəsinə görə cavabdehlərə və onların ailə üzvlərinə vermiş olduğu pul vəsaiti hazırda inflyasiya faizləri nəzərə alınmaqla 7134,40 manat təşkil edir. Həmin torpaq sahəsinin 1 hektarının orta bazar qiyməti isə 1800-2500 manat təşkil edir. İddiaçının verdiyi pul vəsaitinin 2.79 ha torpağa görə Zaliddin, İlham və Anjella Əlimətov(a)lara düşən hissəsi məhkəmə tərəfindən cəmi 6000 manat qiymətləndirilməklə həmin şəxslərdən tutulmuşdur. Hazırda isə iddiaçı verdiyi pulun 1.71 ha torpaq sahəsinə görə cavabdehlər Sara, Məlahət, Mətanət və Cavabdeh4(a)lara düşən hissəsini 3420 manat dəyərləndirilməklə həmin şəxslərdən tutulmasını tələb etmişdir. Odur ki, məhkəmə iddiaçının həmin hallar nəzərə alınmaqla cavabdehlərdən cəmi 3420 manat məbləğində pul tələb etməsinin əsaslılığı, qanuniliyi və ədalətliliyi ilə razılaşaraq qəbul edir. Məhkəmə cavabdehlərin mübahisəli torpaq sahəsini iddiaçının icarəsinə vermələri, iddiaçının verdiyin pulun icarə haqları kimi verildiyi barədə göstərdikləri izahatları müzakirə edərək hesab edir ki, həmin şəxslər bu barədə məhkəməyə heç bir icarə müqaviləsi və ya digər sübut təqdim etməmişlər. Ona görə də, həmin hallar məhkəmə iclasında öz təsdiqini tapmamış, əksinə yuxarıda sadlalanan sübutlarla təkzib olunmuşdur. Bu səbədən də, məhkəmə həmin izahatları inandırıcı və mötəbər hesab etməyərək qəbul etmir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3420 (üç min dörd yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar