Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1101/2025 09.10.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Qusar Rayon Məhkəməsinin hakimi X1, İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə maneə olan hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə maneə olan hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayon İcra Hakimiyyəti tərəfindən MA seriyalı ******* saylı və MA seriyalı ******* saylı mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışlara əsasən mülkiyyətində olan 0.24 ha torpaq sahəsindən sərbəst şəkildə istifadə etməyinə qarşı törədilən bütün maneçiliklərə son qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququnun təmin edilməsi, yəni orada tikinti işlərini həyata keçirmək üçün Qusar rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin yerləşdiyi ərazidən 35 kV-luq Qusar-Cağar və 10 kV-luq Qusar-Xuray hava elektrik verilişi xətləri keçir, eləcə də həmin ərazidən 1-ci texniki dərəcəli, dörd zolaqlı Qusar-Ləzə avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur, bu səbəbdən həmin ərazidə tikinti işlərinin aparılması məqsədə uyğun hesab olunmur. Bununla da, hazırkı mübahisənin yaranmasının səbəbi inzibati orqanın, yəni Qusar rayon İcra Hakimiyyətinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərini aparmasına rəsmi münasibət bildirməsində ifadə olunan faktiki xarakterli hərəkətləri ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ndan görünür ki, Azərbaycan Respublikası bələdiyyələri inzibati orqan kimi təsnif olunmuşlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4-cü maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 34.2-ci maddəsinə əsasən müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarının 5.1-ci bəndində qeyd olunur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 10.1-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra –ŞTM) müddəalarına uyğun olaraq tikintiyə icazə verilməsi, tikintiyə nəzarətin həyata keçirilməsi, tikinti fəaliyyətinin həyata keçirilməsi (tikinti obyektlərinin inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası və ya sökülməsi), tikinti obyektlərinin istismarına icazə verilməsi ilə əlaqədar inzibati orqanların qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Tikinti fəaliyyətinin həyata keçirilməsinə icazə verilməsi barədə inzibati orqanın qərarı üçüncü şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğu hallarda da eyni qayda tətbiq olunur. Sadalanan xüsusatları və qanunvericilik aktı normalarını nəzərə alaraq qeyd olunmalıdır ki, iddia tələbində qeyd olunan mübahisənin həlli inzibati orqan olan Qusar rayon İcra Hakimiyyətinin tikinti işlərinin aparılmasının məqsədəuyğun olmamasını bildirməsində ifadə olunan faktiki xarakterli hərəkətləri ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bu baxımdan hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalı, həmçinin iddiaçıya hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli olduğu izah edilməlidir. Azərbaycan Respublikasının MPM-in 114.1, 114.1.2-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 153-cü maddəsini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı cavabdeh Qusar rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan torpaq sahəsinin istifadəsinə maneə olan hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunsun və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya qaytarılsın. İddiaçı izah edilsin ki, hazırkı iddia ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Hazırkı iddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş, ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbz üzrə 100.00 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-1101/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1101/2025
09.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver