Məhkəmə qərarları › İş №2(029)-112/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-112/2020

17.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-112/2020 17.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ HakimVəliyevAdilYaquboğlununsədrliyi X2katibliyiilə, İddiaçı, onun vəkili X3, Cavabdeh və onun nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəkilmiş məftil hasarın və beton dayaqların onun öz hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Əmirli X1 Raşbil Yovoviçə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəkilmiş məftil hasarın və beton dayaqların onun öz hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Qusar şəhərində yerşləşən, Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq tərəfdən 3.0 hektar hissəsindən çıxarılması və həmin torpaq sahəsinin alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş məftil hasarın və beton dayaqların onun öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsi ilə onun arasında bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Qusar şəhərində yerləşən 13,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 49 il müddətinə onun icarəsinə verilmiş və icarə hüququ Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin vaxtdan indiyədək həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Cavabdeh məxsus torpaq sahəsi həmin torpaq sahəsi ilə qonşuluqda yerləşir. Həmin şəxs xeyli müddətdir ki, onun qanuni istifadəsində olan həmin torpaq sahəsinin təxminən 3.0 hektar hissəsini qanunsuz olaraq tutmuş və indiyədək oradan istifadə edir. Hətta, cavabdeh onun torpaq sahəsinin hüdudları daxilində olan və onun tərəfindən inşa edilmiş süni göldən qanunsuz olaraq istifadə edir. Bundan başqa, cavabdeh qanunsuz olaraq istifadə etdiyi, onun icarəsində olan torpaq sahəsinə məftildən hasar çəkmişdir. Dəfələrlə cavabdehdən həmin torpaq sahəsini buraxmasını, məftil hasarı sökməsini tələb etsə də, həmin şəxs bundan imtina edərək həmin torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. Bununla da, o, qanuni icarəsində və istifadəsində olan torpaq sahəsinin 3.0 hektar hissəsindən məhrum olmuşdur. Beləliklə, Cavabdeh oğlu xeyli müddətdir ki, ona məxsus həmin torpaq sahəsini qanunsuz zəbt etməklə istifadə edir, orada özbaşına şumlama işləri görür. Bununla da, onun həmin torpaq sahəsinə dair qanunla müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını pozmuş və hazırda mübahisəli torpaq sahəsi onun qanunsuz sahibliyində və istifadəsindədir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, cavabdeh zəbt etdiyi,onun qanuni icarəsində və istifadəsində olan 13.53 hektar torpaq sahəsinin 3.0 hektar hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi onun qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Həmçinin, cavabdeh tərəfindən oraya çəkilmiş məftil hasar və beton dayaqlar onun öz hesabına sökülməlidir. İddiaçı həmçinin məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmə-torpaqşünaslıq ekspertizasının ekspert rəyində göstərilən qaydada Cavabdeh Qusar şəhərində yerləşən ona məxsus 13.53 hektar torpaq sahəsinin şimal-şərq tərəfdən 0.82 hektar hissəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/202 saylı ekspert rəyi ilə təsdiq olunmuşdur ki, Cavabdeh onun icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0,82 ha hissəsini qanunsuz olaraq istifadə edir. Bundan başqa, onun icarəsində olan torpaq sahəsinin hüdudları daxilində göl yerləşir və Cavabdeh həmin göldən də istifadə edir. Hazırda o, cavabdehlə həmin göldən birgə istifadə etmək barədə razılığa gəlmişdir. Odur ki, rəydə göstərilən ölçüdə torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması, orada cavabdeh tərəfindən çəkilmiş məftil hasarın və beton dayaqların həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X5 iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsi, məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/202 saylı ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən alınaraq iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılması, orada cavabdeh tərəfindən çəkilmiş məftil hasarın və beton dayaqların həmin şəxsin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin qaytarılması, çəkilmiş məftil hasarın sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Qusar şəhərində yerləşən seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən icarəsində olan 13,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şərq tərəfdən 3,0 hektar hissəsindən çıxarılması və həmin torpaq sahəsinin alınaraq onun qanuni sahibliyinə və istifadəsinə verilməsi, həmin torpaq sahəsinə cavabdeh tərəfindən çəkilmiş məftil hasarın və beton dayaqların onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının cavabdehə qarşı irəli sürdüyü iddia tələblərini sübut etmək vəzifəsi də iddiaçının üzərinə düşür. Qusar şəhərində yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019 qeydiyyat tarixli çıxarışa əsasən 2,5 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli çıxarışa əsasən 9,8969 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 2,648 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 0,66 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 0,2205 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 0,66 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 2,6822 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 1,1035 ha; ********** qeydiyyat nömrəli, xx.xx.2017 qeydiyyat tarixli çıxarışa əsasən 1,324 ha və Torpağa Mülkiyyət hüququna dair JN-00xx xxx 30100004 saylı Dövlət Aktına əsasən 0,66 ha torpaq sahəsini cavabdeh almış və həmin torpaq sahələrinə mülkiyyət hüququnu həyata keçirir. İddia ərizəsində yazılanların əksinə olaraq göstərilən torpaq sahələrini cavabdeh almışdır. Bundan bir müddət sonra iddiaçı həmin ərazidə torpaq sahəsini icarəyə alaraq cavabdehlə qonşu olmuşdur. İddiaçının bildirdiyi süni gölü əslində cavabdeh özü yaratmışdır. Həmin göl cavabdeh tərəfindən yaradılan həmin torpaq sahəsi heç kimin olmamış, cavabdeh həmin göldən bağ sahələrinin sulanması üçün istifadə etmişdir. Sonradan iddiaçı həmin əraziləri icarayə almış və cavabdehin yaratdığı göl iddiaçının icarəyə aldığı əraziyə düşmüşdür. Bundan sonra iddiaçı cavabdehə bağ sahələrinin suvarılması üçün göldən su verməmiş, bunun nəticəsində cavabdehin bağ sahəsinin bir hissəsi qurumuşdur. Bundan başqa, iddiaçı cavabdehə məxsus torpaq sahəsinin bir hissəsinə də iddia edərək həmin ərazinin ona məxsus olduğunu, Qusar bələdiyyəsindən icarəyə əsasən aldığını bildirmişdir. Hesab edir ki, iddiaçı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018 qeydiyyat tarixli çıxarışa əsasən 13,53 ha torpaq sahəsindən artıq sahə istifadə edir. İddiaçının iddia tələbi tamamilə əsassızdır. Ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh məhkəməyə ərizə təqdim edərək iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, o, hazırda İddiaçı ilə aralarında mübahisə yaranmasına səbəb olan göldən birgə istifadə edilməsi barədə həmin şəxslə razılığa gəlmiş və həmin şərtlə iddiaçının torpaq sahəsini qaytarmağa və orada çəkilmiş məftil hasarın, beton dayaqlarının öz hesabına sökülməsinə razı olmuşdur. Odur ki, iddianın qismən təmin edilməsi, məhkəmətorpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/202 saylı ekspert rəyində göstərilən ölçüdə torpaq sahəsinin-yəni şimal-şərq tərəfdən 0.82 ha hissəsinin iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X6 həmçinin Cavabdeh izahatında göstərilən halları təsdiq etmiş və həmin şəxsin qeyd etdiyi məzmunda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan Seriya RX ******* saylı xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qusar şəhərində yerləşən 13.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2067-ci il tarixədək Qusar bələdiyyəsi tərəfindən İddiaçı icarəsinə verilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********92 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş məhkəmətorpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli C-44 saylı mütəxəssis rəyindən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsində olan torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları daxilində torpaq sahəsi naturada yerində mövcuddur. Həmin torpaq sahəsinin şimalşərq tərəfindən 0,82 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/202 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxx 2020-ci il tarixli **********92 nömrəli mütəxəssis rəyinə əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı icarəsində olan, “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində torpaq sahəsinin naturada yerində mövcud olduğu və həmin torpaq sahəsinin şimal-şərq tərəfdən 0,82 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirıliyi yanında Əmlak Məslələri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********92 saylı məktubundan görünür ki, xx xxxx 2020-ci il tarixli C-44 saylı mütəxəssis rəyi üzrə aparılmış tədqiqatın dəyəri 193,20 (yüz doxsan üç manat iyirmi qəpik) manatdır. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 10/202 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin xx xxxx 2020-ci il tarixli **********92 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli C-44 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 10/202 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar şəhərində yerləşməklə İddiaçı icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.82 hektar hissəsi Cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunur, həmçinin orada həmin şəxsin tərəfindən məftil hasar və beton dayaqları inşa olunmuşdur. Bu isə, həmin torpaq sahəsinə dair iddiaçının qanunla qorunan əmlak hüquqlarını-yəni sahiblik və istifadə hüquqlarını pozur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1, 158.1.1-158.1.3-cü maddələrinə əsasən maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi, Cavabdeh İddiaçı icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.82 hektar hissəsinə qanunsuz sahiblik etməklə və ondan istifadə etməklə iddiaçının həmin torpaq sahəsinə dair əmlak hüquqlarına əsassız müdaxilə etmiş və bununla da, həmin şəxsin həmin hüquqlarını pozmuşdur. Bundan başqa, Cavabdeh həmin torpaq sahəsinə özbaşına beton dayaqlarla məftil hasar çəkmişdir ki, bu da öz növbəsində iddiaçının həmin hüquqlarını pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh Qusar şəhərində yerləşən, Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.82 hektar hissəsindən çıxarılmalı və həmin torpaq sahəsi alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilməli, həmin hissəyə çəkilmiş məftil hasar və beton dayaqları Cavabdeh hesabına sökülməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası hər iki tərəfin təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən də, iş üzrə 193,20 (yüz doxsan üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilməlidir. Bundan başqa, iş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri də İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar şəhərində yerləşən, Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı icarəsində olan 13.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal-şərq tərəfdən 0.82 hektar hissəsindən çıxarılsın və həmin torpaq sahəsi alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilsin, həmin hissəyə çəkilmiş məftil hasar və beton dayaqları Cavabdeh hesabına sökülsün. İş üzrə 193,20 (yüz doxsan üç manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC-nin hesabına (Kapitalbankın 1 saylı Xətai filialı, Kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab: AZ37NABZ********************, SWİFT kod:AİİBAZ2X, xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx MMC VÖEN:**********, Hesab N:AZ23AİİB********************) keçirilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinadarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar