Məhkəmə qərarları › İş №2(029)-114/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-114/2021

01.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-114/2021 01.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və onun vəkili X13 Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun verilməsinə və həmin evə köçürülməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunmasına, mərhum X3 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququnun tanınmasına və həmin evə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən Cavabdeh ilə evlənmiş və Qusar rayonunun Bədişqala kəndində cavabdehin atası X4 məxsus evə gəlin köçmüşdür. Cavabdeh ilə aralarındakı nikahı xx xxxxxx 2004-cü il tarixdə rəsmi qeyd etdirmişlər. Cavabdehlə nikahllarından anadan olmuş xx xxxxxx 2002-ci il təvəllüdlü Naira və xx xxxxxxx 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqların hər ikisi sözügedən mübahisəli evdə anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin xx xxxxxx 2019cu il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarında olan nikah pozulmuş və nikahlarından anadan olmuş hər iki uşağı Cavabdeh himayəsində saxlanılmışdır. Cavabdehlə ayrılana kimi mübahisəli evdə yaşamışlar. Hazırda da bütün ona məxsus əmlaklar həmin evdə qalmışdır. O, həmin evdə qeydiyyata düşməmişdir. Cavabdeh Rusiya Federasiyasında olduğu vaxt o, torpaq sahəsi almış, lakin savadsız olduğu üçün həmin torpaq sahəsini də cavabdehin adına rəsmiləşdirmişlər. Cavabdeh ilə ayrıldıqdan sonra o, barışmaqları üçün gözləsə də, cavabdehlə barışmamışlar. Hazırda onun yaşamağa heç bir yeri yoxdu, valideynləri onun evlərində yaşamağına etiraz edirlər. Ona görə də, gəlin köçdüyü, uzun illər yaşadığı, uşaqlarının anadan oluduğu və əmlakları olan mübahisəli evdə yaşamaq üçün getsə onu evə buraxmamışlar. Ona görə də, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2011-ci ildə nikahı rəsmi qeyd etdirmədən İddiaçı ilə evlənmiş və birgə yaşadıqları müddətdə xx xxxxxx 2002-ci il təvəllüdlü Naira və xx xxxxxxx 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarındakı nikahı xx xxxxxx 2004-ci il tarixdə rəsmiləşdirmişlər. O, iddiaçı ilə evləndikdən sonra iddiaçının dediyi kimi atasına məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə köçməmişlər. Evləndikdən sonra ünvan 1 ünvanında yaşamışlar və uşaqları da həmin evdə anadan olmuşlar. O, 2007-ci ildə Rusiya Federasiyasına gedəndə iddiaçı və uşaqları atası X4 məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən evə getmişlər. Lakin o, Rusiya Federasiyasında olduğu vaxt iddiaçı 2-3 gün həmin evdə yaşadıqdan sonra onun valideynləri və bacıları ilə yola getməmiş, uşaqlarla birlikdə öz valideynlərinin evinə qayıtmışdır. X21 2011-ci ildə vəfat etmişdir. O, Rusiya Federasiyasından qayıtdıqdan sonra ayrılana kimi iddiaçı və uşaqları ilə birlikdə qardaşına məxsus evdə yaşamışlar. İddiaçının tələbi tamamilə əsassızdır. Belə ki, iddiaçı mübahisələndirdiyi evə gəlin köçməmiş, uşaqlar həmin evdə anadan olmamışlar, iddiaçı həmin evdə demək olar ki, yaşamamışdır. Daha sonra İddiaçı ilə ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuş və uşaqlar onun himayəsinə verilmişlər. İddiaçının həmin evə istifadə hüququnun tanınması və həmin evə köçürülməsi üçün heç bir əsas yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə İddiaçı və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 715 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar rayonunun Gündüzqala kənd sakinidir və həyat yoldaşı Cavabdeh Nofel oğlu, 2002ci il təvəllüdlü X9, 2004-cü il təvəllüdlü X6 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-755/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Nofel oğlu ilə cavabdeh İddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə Qusar rayonu Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 23 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqlar- xx xxxxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2004-cü il təvəllüdlü X8 iddiaçı Cavabdeh Nofel oğlunun himayəsində saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X23 tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X16 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********91 saylı cavab məktubundan görünür ki, X3 və Cavabdeh Nofel oğlunun adına Qusar rayonu, Bədişqala kəndində ümumi birgə 0.8149 hektar (**********49) və 4.241 hektar (**********8) kənd təsərrüfatı təyinatlı torpaq sahələri, həmin kənddə ümumi birgə 0.09 hektar torpaq sahəsinə verilmiş JN-045A KOD 30107028 nömrəli və 0.25 hektar torpaq sahəsinə verilmiş JN-045F KOD 30107028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dfair Şəhadətnamələr, X3 adına Qusar rayonunun Bədişqala kəndində fərdi yaşayış evi (qeydiyyat vəsiqəsi yoxdur) aşkar edilmişdir. Qusar rayonunun Bədişqala kəndində ümumi birgə 4.241 hektar (**********48) kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X4 məxsus olan hissəsi Qusar rayon notariat kontorunun xx xxxxxx 2019-cu il tarixli, 2V-856 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X1 adına özgəninkiləşdirilmişdir. İşdə olan Azərbaycan Respublikası Qusar rayonunun Gündüzqala Bələdiyyəsi tərəfindən fərdi qaydada fəaliyyət göstərən vəkil X16 ünvanlanmış xx xxxxxxxx 2020-ci il tarixli 48 nömrəli cavab məktubundan görünür ki, Cavabdeh Nofel oğlu həyat yoldaşı İddiaçı ilə birgə Bədişqala kəndində qardaşı X7 adına olan həyətyanı torpaq sahəsində bir mərtəbəli yaşayış evi tikərək uzun müddət həmin evdə yaşamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı X23 tərəfindən verilmiş məlumatı əsas tutaraq Cavabdeh Nofel oğlunun mərhum atası ilə birgə Bədişqala kəndində yerləşən JN- 045F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.25 hektar həyətyanı torpaq sahəsində mövcud olan yaşayış evində anası və kiçik qardaşı ailəsi ilə yaşayır, JN-045A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilmiş 0.09 hektar həyətyanı torpaq sahəsində isə qardaşı X10 yaşayış evi tikərək ailəsi ilə birgə yaşayırlar. İşdə olan Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 911 nömrəli Arayışdan görünür ki, İddiaçı 2001-ci ildə Bədişqala kənd sakini Cavabdeh Nofel oğlu ilə ailə həyatı quraraq Bədişqala kəndində yerləşən X5 məxsus evə gəlin köçmüşdür. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 2001-ci ildə nikahı rəsmi qeyd etdirmədən evlənmiş, aralarındakı nikahı isə xx xxxxxx 2004-cü il tarixdə rəsmiləşdirmişlər. Tərəflərin birgə yaşadıqları müddətdə xx xxxxxx 2002ci il təvəllüdlü Naira və xx xxxxxxx 2004-cü il təvəllüdlü Rəvan adlı uşaqları anadan olmuşdur. İddiaçı 2001-ci ildə cavabdeh ilə evləndikdən sonra cavabdehin atası mərhum X5 məxsus Qusar rayonunun Bədişqala kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(029)-755/2019 saylı qətnaməsinə əsasən Cavabdeh Nofel oğlu ilə İddiaçı arasında xx xxxxxx 2004-cü il tarixdə Qusar rayonu Gedəzeyxur kənd İƏD üzrə nümayəndəliyində 23 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra uşaqlar- xx xxxxxx 2002-ci il təvəllüdlü X9 və xx xxxxxxx 2004-cü il təvəllüdlü X8 Cavabdeh Nofel oğlunun himayəsində saxlanılması qət edilmişdir. Tərələr ayrıldıqları vaxtda kimi iddiaçı mübahisə edilən fərdi yaşayış evində yaşamış, hazırda da bütün əmlakları həmin evdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla da, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evinə istifadə hüququnu əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı istifadə hüququ müdafiə olunmalıdır. Ona görə də, iddia təmin edilməli, İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququ tanınmalı və iddiaçı həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı mərhum X2 adına olan Qusar rayonunun Bədişqala kəndi ərazisində yerləşən evdən istifadə hüququ tanınsın və iddiaçı həmin evə köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar