Məhkəmə qərarları › İş №2(029)-1234/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1234/2025

18.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1234/2025 18.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X17 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi ilkin hüquqmüəyyənedici sənədlər əsasında, yəni Arxiv arayışına və texniki pasporta əsasən atası X8 məxsus olmuş, sonuncu isə xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 5 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır:

1. O, Ərizəçi,

2. Qardaşı Nümayəndə

3. X3

4. X1

5. X9 Hazırda mərhum atasından miras qalmış əmlaklar onun sahibliyində və idarəçiliyindədir, vaxtaşırı olaraq həmin evə və həyətyanı torpaq sahəsinə gedib gəlir, əmlaklara nəzarət edir. Mərhum atasının digər vərəsələri olan bacı-qardaşları mərhum atasından qalmış mirası qəbul etmək istəmir, bu barədə notarial qaydada təsdiqlənmiş ərizələr vermişlər. O, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 17 aprel 2025-ci il tarixli 785 saylı məktub verilmişdir. Bildirir ki, mərhum atası Şeydabəy Şixov vəfat edən zaman o, həmin evdə yaşamış, mirasa faktiki olaraq yiyələnmişdir. Bununla da, miras əmlakları qəbul edən yeganə vərəsə o, olmuşdur. Hesab edir ki, mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququm vardır. Həmçinin, mirasa dair vərəsələr arasında hər hansı mübahisə yoxdur. Ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizə üzrə tələbini müdafiə edir, məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-30RA/2-Ş-6xx-xx/2024 saylı Arxiv arayışından görünür ki, X7 təsərrüfatın şəxsi mülkiyyətində 1959-cu ildə tikilmiş ümumi (yararlı) sahə 74 kv.metr, o cümlədən yaşayış sahəsi 48 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1986-1990-cı illərdə cəmi 0.20 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-3-34Ə2- 17757/2025 saylı məktubdan görünür ki, mərhum X7 adına Qusar rayonu Hil kəndi ərazisində yerləşən fərdi yaşayış evinə dair texniki pasport işlənmiş, lakin qeydiyyat vəsiqəsi verilməmişdir. İşdə olan AZ-İİ 455104 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 20 iyul 1993-cü il tarixdə vəfat etmişdir. İşdə olan AZ-T 276085 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Ərizəçi atasıdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Hil kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 yanvar 2025-ci il tarixli 5-63-12/2-Ş-83-8- 81/2025 saylı arayışdan görünür ki, X7 ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır:

1. Oğlu Nümayəndə

2. X5

3. Qızı Ərizəçi

4. X2

5. X9. Mərhumun ölümündən sonra miras əmlakını Ərizəçi idarə edir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 17 aprel 2025-ci il tarixli 785 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.1993-cü il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, hazırkı iş üzrə vərəsəlik hüquq münasibəti Azərbaycan Respubliksının hazırda qüvvədə olan Mülki Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmışdır. Belə ki, miras qoyan Şeydabəy Şixov 20 iyul 1993-cü il tarixdə vəfat etmiş və həmin vaxtdan miras açılmışdır. Ona görə də, hazırkı işin hallarına həmin vaxt qüvvədə olan Mülki Məcəllənin vərəsəlik hüququ münasibətlərini tənzimləyən müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göründüyü kimi, Ərizəçi miras qoyan Şeydabəy Şixovun qızıdır və belə olan halda hazırda miras qoyan Şeydabəy Şixovun yuxarıda göstərilən miras əmlaklarını vərəsəlik qaydasında qəbul etmək üçün Ərizəçi subyektiv vərəsəlik hüququ vardır. Həmin hüququ eyni zamanda ərizəçinin bacı və qardaşlarına mənsub olsa da, həmin şəxslər həmin mirası qəbul etmək istəmirlər. Bununla da, mirasa dair subyektiv hüquqa malik şəxslər arasında hər hansı mübahisə mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Şeydabəy Şixovun miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən əmlakları faktiki idarə edir və belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Şeydabəy Şixovun miras əmlakını mirasın qəbul edilməsini faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi :

Ərizə təmin edilsin. Miras qoyan X7 miras kütləsinə daxil olan, Qusar rayonu Hil kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar