Məhkəmə qərarları › İş №2(029)-1237/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1237/2025

28.01.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1237/2025 28.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı maneələrin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin müayinə və ölçü işlərinin aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahda olduqları müddətdə ünvan 1 ünvanda fərdi yaşayış evini müvafiq icazə alınmaqla inşa etmişlər. Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(029)-909/2022-ci il tarixli qətnaməsi cavabdehlə arasındakı olan nikah pozulmuşdur. Cavabdehlə birgə nikah dövründə inşa etdikləri və yuxarıda qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin gələcəkdə cavabdehlə aralarında bölünməsi məqsədilə həmin evə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın alınması üçün DƏDKR phş-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin əməkdaşları qeyd olunan ünvana gələrək ölçü işləri aparmaq istəmiş, lakin Cavabdeh onları evə və evin həyətinə buraxmamış və bununla da həmin əməkdaşlar ölçü işlərini apara bilməyərək xx.xx.2024-cü il tarixli məktubla ona bildirilmişlər müayinə işlərinin aparılmasına şərait yaradılmadığı üçün həmin əmlakın müayinəsi baş tutmamış və evin qeydiyyata alınması mümkün olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisəli fərdi yaşayış evinin yerləşdiyi 0,04 ha torpaq sahəsini Qusar şəhər sakini X1 Qusar rayon dövlət notariat kontorunda təsdiq edilmiş 22 iyun 2002-ci il tarixli dəyişmə müqaviləsi əsasında almışdır. Cavabdeh öz qanunsuz hərəkətləri ilə qeyd olunan evə dair mülkiyyət sənədinin, yəni çıxarışın alınmasına maneçilik törədir ki, məhkəmə qaydasında cavabdehə həmin hərəkətlərin edilməsi qadağan edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5 və 185.6-cı maddələrinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan 22 iyun 2002-ci il tarixli 4ə-1-59 reyestr nömrəli dəyişmə müqaviləsinin surətindən görünür ki, İddiaçı X2 məxsus Qusar şəhəri L.Nemət küçəsində yerləşən 400 kv.metr torpaq sahəsindəki yarımçıq tikilini dəyişmə əsasında əldə etmişdir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Qusar şəhəri ərazisində inşa olunmuş 1 mərtəbəli fərdi yaşayış evinin layihəsi Qusar rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmışdır. İşdə olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-17850/2024 saylı məktubundan görünür ki, İddiaçı Qusar şəhəri ərazisində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və texniki pasportun hazırlanması üçün daxil olmuş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmışdır. Sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evi üzərində mübahisə mövcud olduğundan müayinə işlərinin aparılması mümkün olmamışdır və nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Göründüyü kimi, yuxarıda göstərilən fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüququ ilə bağlı “qanuni gözləntisi” mövcuddur, həmin şəxs özünün mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması barədə qeydiyyat orqanına müraciət etmiş, lakin cavabdeh tərəfindən qeydiyyat orqanının əməkdaşlarının müayinə aparmasına maneçilik törətməsi nəticəsində müayinə baş tutmamış, nəticədə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması mümkün olmamışdır. Bununla da, cavabdehin həmin hərəkətləri nəticəsində iddiaçının əmlak hüququ pozulmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarının daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport hazırlanması məqsədi ilə ünvan 4 ünvanda yerləşən evdə və həyətyanı torpaq sahəsində müayinə işlərinin aparılmasına törədilən maneçilik əsassız olmaqla iddiaçının əmlak hüququnu məhdudlaşdırdığından həmin maneçiliyin törədilməsi cavabdehə qadağan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin müayinə və ölçü işlərinin aparılmasına Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşlarına maneçilik törədilməsi Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar