Məhkəmə qərarları › İş №2(029)-1296/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1296/2025

12.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1296/2025 12.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Şinğarova (Əlinəzərova) Aynurə Əbülfət qızına və Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Şinğarova (Əlinəzərova) Aynurə Əbülfət qızına və Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-33 saylı qərarı ilə mərhum X2, Qusar şəhəri ərazisində yerləşən 94 kv.metr torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, o, iddia ərizəsində torpaq sahəsinin ölçüsünü texniki səhv olaraq 94 kv.metr qeyd etmişdir. Odur ki, həmin hissədə iddia ərizəsinə dəqiqləşmə verərək Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4- 33 saylı qərarı ilə mərhum X2, Qusar şəhəri ərazisində yerləşən 64 kv metr torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-33 saylı qərarı ilə Qusar şəhəri ərazisində yerləşən 64,0 kv.metr torpaq sahəsi həyat yoldaşı X1. Torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 14 dekabr 2006- cı il tarixdə 1352 nömrə ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsi onların birgə istifadəsində olmuş, torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Həyat yoldaşı X4 02 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhum həyat yoldaşı Nəzakət Əlinəzərovanın qanun üzrə aşağıdakı vərəsələri qalmışdır: o, oğlu Maraqlı şəxs2, Şinğarova (Əlinəzərova) Aynurə Əbülfət qızı. Mərhum həyat yoldaşı Nəzakət Əlinəzərova vəfat etdikdən sonra torpaq sahəsinin istifadəçisi tək o özü olmuş, indiyədək onun sahibliyində və idarəçiliyindədir. Mərhum həyat yoldaşının qanun üzrə birinci dərəcəli digər vərəsəli olan övladları miras əmlakdan pay tələb etmirlər, bu barədə ərizə verirlər. O, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək mirasın qəbulu faktının müəyyən edilməsi və ya müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 20 noyabr 2025-ci il tarixli 2735 saylı məktub verilmişdir. Bildirir ki, onun mərhum Nəzakət Əlinəzərovanın miras kütləsinə daxil olan fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə vərəsəlik qaydasında qəbul etmək üçün subyektiv hüququ vardır. Həmçinin, yuxarıda qeyd etdiyi kimi həmin miras əmlakları o, faktiki olaraq qəbul etmiş, miras qoyanın vərəsəsi kimi həmin əmlaka sahiblik edir və onlardan istifadə edir. Göründüyü kimi, o, miras qoyan mərhum Nəzakət Əlinəzərovanın mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakların onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Şinğarova (Əlinəzərova) Aynurə Əbülfət qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişlər ki, ərizəçi onların atası, miras qoyan mərhum X4 isə analarıdır. Onlar, mərhum analarının miras əmlaklarını qəbul etməmişlər, etmək niyyətində deyillər, bununla bağlı hər hansı tələbi yoxdur, miras əmlakların atası Ərizəçi adına rəsmiləşdirilməsinə etiraz etmir. Həmçinin bildirmişlər ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılaraq Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, X4 02 iyul 2021-cı ildə ölmüşdür. İşdə olan Vİ-ЖГ 268318 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 nikahları 03 iyul 1993-cü ildə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra qadın “Əlinəzərova” soyadını qəbul etmişdir. İşdə olan 14 dekabr 2006-cı il tarixli 1352 saylı torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Qusar şəhəri ərazisindən 0.0064 ha torpaq sahəsi X3 128 manata satılmışıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-33 saylı qərarı ilə Qusar şəhəri ərazisində yerləşən 64,0 kv.metr torpaq sahəsi ərizəçinin həyat yoldaşı X1. Torpaq sahəsinin dəyəri tam şəkildə ödənilmiş, torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, həmin akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsində 14 dekabr 2006- cı il tarixdə 1352 nömrə ilə qeydiyyata alınmışdır. Həmin vaxtdan etibarən torpaq sahəsi onların birgə istifadəsində olmuş, torpaq sahəsindən təyinatı üzrə istifadə etməyə başlamışdır. Ərizəçi həyat yoldaşı X4 02 iyul 2021-ci il tarixdə vəfat etmişdir. Ərizəçinin mərhum həyat yoldaşı Nəzakət Əlinəzərova vəfat etdikdən sonra torpaq sahəsinin istifadəçisi tək o özü olmuş, indiyədək onun sahibliyində və idarəçiliyindədir. Həmçinin miras qoyanın övladları məhkəməyə təqdim etdikləri ərizələrdə həmin miras əmlakdan ataları iş üzrə Ərizəçi xeyrinə imtina etmişlər. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-33 saylı qərarı ilə mərhum X2, Qusar şəhəri ərazisində yerləşən 64 kv.metr torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Qusar bələdiyyəsinin 14 noyabr 2006-cı il tarixli 24/4-33 saylı qərarı ilə mərhum X2, Qusar şəhəri ərazisində yerləşən 64 kv.metr torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar