Məhkəmə qərarları › İş №2(029)-143/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-143/2021

23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-143/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayon Notariat Ofisində təsdiq edilmiş onun adından verilmiş Cavabdeh ona məxsus ünvan 2a saylı evə qeydiyyata düşməsi barədə ərizəsinin və həmin ərizə əsasında Qusar rayon Polis Şöbəsində aparılmış Cavabdeh həmin evə dair yaşayış yeri üzrə qeydiyyatının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsinə dair Ərizə təqdim edərək, Cavabdeh ona məxsus ünvan 1 a saylı ünvanda yerləşən evdən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, ünvan 2 a saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evə dair xüsusi mülkiyyət hüququ xx xxxxxx 2014-cü il tarixli Seriya RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh onun qaynıdır. Həmin şəxs onunla qonşuluqda yaşayır. Yaxın zamanlarda ona məlum olmuşdur ki, Cavabdeh ona məxsus evdə qeydiyyata düşmüşdür. Lakin cavabdehin özünün ayrıca yaşayış evi var və ailə üzvləri ilə birlikdə özünə məxsus evdə yaşayır. Cavabdehin onun evində qeydiyyatda qalması üçün heç bir əsas yoxdur. Odur ki, cavabdehin ona məxsus ünvan 1a saylı ünvanda yerləşən evdən istifadə hüququna xitam verilməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh, iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ünvan 1 ünvanında yaşasa da, iddiaçının mübahisələndirdiyi ünvan 1 A ünvanında qeydiyyatdadır. İddiaçı onun qardaşı arvadıdır. O özünə məxsus torpaq sahəsindən iddiaçıya istifadə etmək üçün vermiş, iddiaçı isə onun xəbəri olmadan torpaq sahəsinə Çıxarış almışdır. O, hazırda yaşadığı evin çıxarışı olmadığı üçün müvəqqəti olaraq, yəni evinin Çıxarışı düzələnə kimi ünvan 1A ünvanında qeydiyyata düşmüşdür. O iddiaçıya torpaq sahəsini istifadə etmək üçün versə də, iddiaçı onun xəbəri olmadan torpaq sahəsini və üzərində yerləşən yaşayış evini özününkiləşdirməklə Çıxarış almışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Çıxarış saxtadır. Ona görə də, iddiaçı torpaq sahəsini ona qaytardıqdan sonra iddiaçıya məxsus evdən qeydiyyatdan çıxacaqdır. Qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı, **********20- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx xxxxxx 2014-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, Həzi Aslanov küçəsi 2A-da, xüsüsi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, ümumi sahəsi 184.2 kv.m olan ev tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 67 nömrəli vərəq ində qeydiyyata alınmışdır. İşdə olan “Elektron notariat” X1 Çıxarışdan görünür ki, Qusar şəhəri, H.Aslanov küçəsi 2A, saylı evdə İddiaçı, X2, Cavabdeh qeydiyyatdadırlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 2551 nömrəli Arayışdan görünür ki, İddiaçı Qusar şəhəri, H.Aslanov küçəsi 2A, saylı evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Qusar şəhəri, H.Aslanov küçəsi 2A saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin yaşayış evi iddiaçının adına Seriya RX № ******* saylı, **********20-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx xxxxxx 2014-ci il qeydiyyat tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ilə rəsmiləşdirilmişdir. Cavabdeh həmin ünvanda qeydiyyatdadır. Lakin cavabdeh həmin ünvanda yaşamır. Həmin ünvanda cavabdehə məxsus olan hər hansı bir əmlak yoxdur. Cavabdehin mübahisəli fərdi yaşayış evində qeydiyyatı formal xarakter daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus ünvan 2 a saylı ünvanda formal qeydiyyatdadır. Belə ki, faktiki olaraq Cavabdeh həmin ünvanda yaşamır. Fərdi yaşayış evindən istifadəyə dair iddiaçı ilə cavabdeh arasında hər hansı bir razılaşma yoxdur. Cavabdeh ünvan 2 a ünvanda formal olaraq qeydiyyatda olması mülkiyyətçi kimi İddiaçı hüququnu pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan ünvan 2 A saylı ünvanda yerləşən yaşayış evinə dair istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan ünvan 2 A saylı ünvanda yerləşən yaşayış evinə dair istifadə hüququna xitam verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar