Məhkəmə qərarları › İş №2(029)-147/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-147/2022

23.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-147/2022 23.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi, evdən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı kompensasiya ödənilməklə evdən istifadə hüququna xitam verilməsi, evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı tərəfindən 3600 manat məbləğində kompensasiya verilməklə cavabdehin İddiaçı məxsus Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Cibir kəndində yerləşən 0.16 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmin əmlaklara dair mülkiyyət hüququ 26.09.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan “Çıxarış”la həmin şəxsin adına rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçının mərhum oğlu X4 həyat yoldaşıdır. Cavabdeh 1988-ci ildə həmin evə gəlin köçmüş və bir müddət Rusiya Fedarasiyasında yaşadıqdan sonra yenidən iddiaçıya məxsus evə qayıdaraq həmin evdə yaşamağa başlamışdır. Halhazırda iddiaçı, cavabdehin özünə məxsus həmin evdə yaşamasını istəmir. Belə ki, cavabdeh iddiaçı ilə yola getmir, evdə söz-söhbətlər yarandığından birgə yaşayış qaydaları pozulur. Nəticədə iddiaçı, öz mülkiyyətində olan evə sahiblik edə bilmir. Hətta, cavabdeh 2020-cil tarixinədək iddiaçını ümumiyyətlə həmin evə buraxmayaraq onu şəxsi mülkiyyətindən məhrum etmişdir. Bununla əlaqədar iddiaçı, iddia ərizəsi ilə Qusar rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 2(029)-149/2020 saylı,13.02.2020-ci il tarixli qətnaməsi əsasında həmin şəxs öz evinə köçürülmüşdür. Hazırda iddiaçı, öz evində şəraitsiz halda olan yalnız bir otaqdan istifadə edə bilir. Bundan başqa cavabdeh iddiaçının öz həyətində əkdiyi 35 illik 7 ədəd qoz ağaclarını məhv etməklə həmin şəxsə xeyli miqdarda zərər vurmuşdur. Cavabdehlə iddiaçının arasında yuxarıda göstərilən evdən istifadə hüququna və həmin hüquqa xitam verilməsinə dair hər hansı razılaşma yoxdur və bu səbəbdən də ona müvafiq kompensasiya verilməsi yolu ilə cavabdehin istifadə hüququna xitam verilməlidir. Hal-hazırda cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə edir və onların yaşadıqları Cibir kəndində oxşar evin aylıq kirayə haqqı 50-100 manat təşkil edir. Yəni, cavabdehə ayda 100 manat ödəməklə onun evi ilə eyni şəraitli evdə normal şəkildə yaşaya bilər. İddiaçı, mülkiyyətçi kimi cavabdehə evdən istifadə hüququna xitam verilməsi üçün cavabdehin kirayədə yaşayacağı evin 3 illik kirayə haqqını, yəni 3600 manat məbləğində kompensasiya verilməsinə razıdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, Qusar rayonu Cibir kəndində olan hazırda yaşadığı fərdi yaşayış evi, mülkiyyət hüququ əsasında ona məxsusdur. O, 16 yaşından ”Revolyusiya” sovxozunda işləmiş, mübahisəli evi öz zəhməti hesabına tikmişdir. Həmin vaxtlar o, motosiklet almış, kənddə evin damını dəmirlə bağlayan ikinci adam olmuşdur. O, bir müddət Rusiya Federasiyasında yaşamış, oradan qayıdanda cavabdeh onu evə buraxmamış, sonradan məhkəməyə müraciət etdikdən sonra, Qusar rayon Məhkəməsinin 2(029)-149/2020 saylı qətnaməsi ilə onun həmin evə köçürülməsi qət edilmişdir. Əvvəllər evin hər bir şəraiti olmuş, divarlar və döşəmə xalçalarla döşənmişdir. O, RF-də yaşadığı müddətdə cavabdeh onu evə baxmamış, evin şəraiti pis vəziyyətə düşmüşdür. Onun tərəfindən vaxtilə qoyulmuş qapı-pəncərələr sonradan dəyişdirilmiş, pəncərələr arasında 3 metr 70 sm vardır, evin çəkisi həmin pəncərələrə uyğun deyil, ev uça bilər. Cavabdehin oğlu, onun tərəfindən qoyulmuş pəncərələri çıxardıb, doğramış, onun boya vurduğu qapıları söküb dağıtmışdır. O, evin 2-ci mərtəbəsində olan 1 otaqdan istifadə edir, həmin otağın şəraiti yoxdur, sahəsi təxminən 10 kv.metrdir, 2-ci mərtəbədə olan digər iki otaqlardan cavabdeh istifadə edir, evin 1-ci mərtəbəsində yaşayış sahəsi yoxdur, oradan cavabdeh istifadə edir. Otağı odun sobası ilə isitməsinə baxmayaraq qışda soyuq olur. Cavabdeh ona evin eyvanından 2 metr istifadə etmək üçün yer vermiş, moydadır qoymağa icazə verməmiş, ayaq yolundan istifadə etməyə imkan vermir, toyuq-cücə və hinduşka saxlamağa yer istəyəndə cavabdeh ona “sənin burda torpağın və yerin yoxdur deyir”. Cavabdehlə həmin evdə yaşamaq qeyri-mümkündür, aralarında mütəmadi olaraq mübahisələr yaranır, cavabdeh ona yaşamağa imkan vermir. 27 ildir ki, o, ciyər xəstəliyindən əziyyət çəkir, qalan ömrünü sakit yaşamaq istəyir, lakin cavabdeh buna imkan vermir. Cavabdehə 3600 manat məbləğində kompensasiya verməyə razıdır, bunun müqabilində həmin şəxsin ona məxsus evdən istifadə hüququna xitam verilsin və o, həmin evdən çıxarılsın. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil oğli iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdeh iddiaçının mərhum oğlu Nizaməddinin həyat yoldaşıdır. Həmin ev və torpaq sahəsi iddiaçıya məxsusdur, sözü gedən fərdi yaşayış evinə 26.09.2019-cu il tarixdə iddiaçının adına çıxarış alınmışdır. Cavabdeh ailəsi ilə bir müddət Rusiya Federasiyasında yaşamış, sonradan qayıdıb həmin evdə yaşamışdır. Cavabdeh iddiaçını 2020-ci ilə kimi evə buraxmamış, buna görə iddiaçı məhkəməyə müraciət edərək evə köçürülməsini tələb etmiş, Qusar rayon məhkəməsinin 2(029)-149/2020 saylı qətnaməsi ilə iddiaçının həmin evə köçürülməsi qət edilmişdir. Hazırda iddiaçı, həmin evdə 1 otaqdan istifadə edir. Həmin ev 2 mərtəbədən ibarətdir, çiy kərpicdən tikilmişdir, 1-ci mərtəbəsində yaşayış sahəsi yoxdur, 2-ci mərtəbədə 1 otaqdan iddiaçı, o biri 2 otaqdan isə cavabdeh istifadə edir. Evin hamam-tualeti yoxdur, həmin evin bazar qiyməti təxminən 15-20 min manat olar. Cavabdeh iddiaçıya özünə məxsus evdən istifadə etməyə imkan vermir, aralarında mütəmadi olaraq mübahisələr yaranır, ailə polis şöbəsində münaqişəli ailə kimi qeydiyyatdadır. Hal-hazırda cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə edir və onların yaşadıqları Cibir kəndində oxşar evin aylıq kirayə haqqı 50-80 manat təşkil edir. Yəni, cavabdehə ayda 100 manat ödəməklə iddiaçının evi ilə eyni şəraitli evdə normal şəkildə yaşaya bilər. İddiaçı mülkiyyətçi kimi cavabdehə evdən istifadə hüququna xitam verilməsi üçün cavabdehin kirayədə yaşayacağı evin 3 illik kirayə haqqının, yəni 3600 manat məbləğində kompensasiya verilməsinə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, İddiaçı onun qaynatasıdır. O, 35 il əvvəl iddiaçının oğlu ilə ailə həyatı qurmuşdur. 5 il ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşamış, sonradan oradan qayıdaraq ailəsi və qaynanası ilə birlikdə həmin evdə yaşamışdır. 30 il ərzində iddiaçı 1 dəfə də olsa evə 1 paket konfet də gətirməmişdir. İddiaçı öz həyat yoldaşı ilə küsülü olmuşdur. Mübahisəli ev çiy kərpicdən tikilmiş, 2 mərtəbədən ibarətdir. 1-ci mərtəbədə yaşayış yoxdur, 2-ci mərtəbənin 3 otağında yaşayış vardır. O, mütəmmadi olaraq evə baxmış, evin pəncərələri köhnə olduğundan onun tərəfindən dəyişdirilərək plastik pəncərələr qoyulmuş, 1 qapı köhnə olduğundan yenisi ilə dəyişdirilmişdir. İddiaçı 45 il həmin evdə yaşamamış, o, iddiaçını evdən qovmamışdır. Evin 1 otağında o, 1 otağında oğlu Rəşad, digər otağında isə iddiaçı yaşayır. Həmin evə dair onun heç bir hüquqmüəyyənedici sənədi yoxdur. O, həmin evdən çıxmayacaq, həmin ev gəlin köçdüyü evdir, həmin evdə yaşamaq istəyir, başqa yaşayış yeri yoxdur. Qoy iddiaçının özü həmin evdən çıxsın. Atası 50 yaşında, anası 48 yaşında vəfat etmişlər. O, iddiaçı ilə mübahisə etmir, iddiaçı özü onu nalayiq ifadələrlə söyür, ölmüş valideynlərini söyür və onun barəsində polisə şikayət edir. O, Azərbaycan Respublikasının vətəndaşıdır, iddiaçı isə Rusiya Federasiyasının vətəndaşıdır. O, oğlunu evləndirmək, gəlin, nəvə görmək istəyir, iddiaçı isə ona yaşamağa imkan vermir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 26 sentyabr 2019-cu il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən 0.16 ha torpaq sahəsində 85.80 kv/m-lik fərdi yaşayış evi İddiaçı və X7 xüsusi mülkiyyətindədir. İşdə olan İddiaçı məxsus olan, Qusar rayon Cibir kəndində yerləşən fərdi yaşayış evinə dair tərtib olunmuş **********43-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, həmin ev 1966-cı ildə tikilmiş, ümumi sahəsi 85.8 kv.metr, yaşayış sahəsi 37.3 kv.metr olmaqla 2 mərtəbədən, 3 yaşayış otağından ibarətdir. İşdə olan Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş 10 noyabr 2021-ci il tarixli 443 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Piral kənd XDS İcraiyyə Komitəsinin Cibir kəndi üzrə 1972-1974-ci illərin 7 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 487 olan İddiaçı təsərrüfatında aşağıda göstərilən ailə üzvlərinin olduğu qeyd edilmişdir: İddiaçı, X18, X8, X13, X19, X29, X21, X25. İşdə olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 noyabr 2021-ci il tarixli 626 saylı arayışdan görünür ki, İddiaçı Rusiya Federasiyasında qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Qusar rayonu Cibir kəndində müvəqqəti olaraq yaşayır. İşdə olan Qusar rayon Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(029)-149/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı 26 sentyabr 2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışa əsasən İddiaçı və X7 birgə mülkiyyətində olan Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 07 yanvar 2022-ci il tarixli “nikah haqqında akt qeydi”ndən çıxarışdan görünür ki, X13 ilə X20 02.02.1986-cı il tarixdə Qusar rayonu Yasab kənd İƏD üzrə nümayəndəliyində 06 saylı akt qeydi ilə nikahları qeydə alınmışdır. Bundan sonra qadına “Vələdova” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli 61 saylı arayışdan görünür ki, Cavabdeh 1988-ci ildə X13 ilə rəsmi nikaha daxil olaraq evlənmiş və həmin vaxtdan hal-hazıra kimi Qusar rayonu Cibir kəndində yerləşən İddiaçı məxsus evdə qeydiyyatda olmaqla yaşayır. Onların birgə nikahlarından üç uşaqları anadan olmuşdur. Həmin uşaqlardan iki qız uşağı ailə həyatı qurmuş, bir oğlan uşağı 25 avqust 1992-ci il təvəllüdlü X14 ilə birlikdə həmin evdə yaşayır. Cavabdeh və X5 başqa yaşayış evi yoxdur. İşdə olan Vİ-РУ № 354298 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 avqust 1992-ci il tarixdə Rusiya Federasiyası Saratov vilayətində anadan olmuşdur. X1, anası Cavabdehdır. İşdə olan XT-Жİ 310612 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 dekabr 1986-cı il tarixdə anadan olmuşdur. X1, anası Cavabdehdır. İşdə olan İİ-АЖ № 459764 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 06 sentyabr 1988-ci il tarixdə anadan olmuşdur. X1, anası Cavabdehdır. İşdə olan Qusar rayon Polis Şöbəsinin TB-nin 24 oktyabr 2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı Qusar RPŞ-nə Cavabdeh barəsində verdiyi şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsinin TB-nin 27 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarının surətindən görünür ki, X6 barəsində cinayət işinin başlanılması rədd edilmiş, İddiaçı onunla birlikdə bir evdə yaşayan gəlini Cavabdeh və nəvəsi X6 aralarında gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə profilaktiki tədbirlərin görülməsindən ötrü onların münaqişəli ailə kimi qeydiyyata götürülməsindən ötrü qərarın surəti Qusar RPŞ-nin İTB-nə göndərilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin 11 fevral 2022-ci il tarixli 2-102 saylı məktubundan görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən, İddiaçı və X11 birgə mülkiyyətində olan 2 mərtəbəli fərdi yaşayış evinin ümumi sahəsi 119.6 k.metr, yaşayış sahəsi 43.3 k.metrdir. Divarları çiy kərpicdən inşa edilmiş fərdi evin 1-ci mərtəbəsi təmirsizdir, evin 2-ci mərtəbəsinin yalnız 43.3 kv.metr sahəsi yaşayışa yararlıdır. Fərdi yaşayış evində kommunikasiya (qaz, işıq) xətləri mövcuddur, istismara yararlıdır və ətrafdakı evlər üçün heç bir təhlükə yaratmır. İşdə olan JN:0067 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 22 iyul 1997-ci il tarixli 09 nömrəli qərarı ilə Qusar rayonu Çibir kəndi ərazisindən 7.03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X2, X3, X5 və X11 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 sentyabr 2021-ci il tarixli 655 saylı arayışın surətindən görünür ki, X18 26 mart 2008-ci il tarixdə ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Qusar rayonu Cibir kəndində yerləşən mübahisəli fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.16 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və X7 adlarına qeydiyyata alınmışdır. X18 26 mart 2008-ci il tarixdə ölmüşdür. Həmin fərdi yaşayış evi 2 mərtəbədən və 3 yaşayış otağından ibarət olmaqla 1966-cı ildə inşa edilmişdir. Cavabdeh X20 02.02.1986-cı il tarixdə iddiaçının oğlu Nizaməddin Vələdovla rəsmi nikaha daxil olmuş və həmin vaxtdan mübahisəli evdə yaşamaqla orada qeydiyyatdadır. Bununla da, həmin şəxsin həmin evdə istifadə hüququ yaranmışdır. İddiaçı ilə cavabdehin ailə-məişət zəminində bir neçə dəfə aralarında münaqişələr olmuş, bu barədə Qusar RPŞ-də araşdırma materialları olmuşdur. Bununla da, həmin ailə münaqişəli ailəyə çevrilmişdir. Bundan başqa, Cavabdeh İddiaçı özünün mülkiyyətində olan evdə yaşamasına mane olduğuna görə sonuncu, mübahisəli evə köçürülməsi tələbi barədə iddia ərizəsi ilə Qusar rayon məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 13 fevral 2020-ci il tarixli 2(029)-149/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı həmin evə köçürülmüşdür. Beləliklə, yuxarıda göstərilən məlum fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı mülkiyyət hüququ ilə Cavabdeh həmin evə dair istifadə hüququ toqquşmuş, həmin hüquqlar arasında balans pozulmuş, sonuncunun istifadə hüququ iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Bundan başqa, cavabdehin iddiaçıya məxsus 0.16 hektar həyətyanı torpaq sahəsinə dair heç bir hüququ olmadan həmin torpaq sahəsindən iddiaçının iradəsinə zidd olaraq istifadə etməsi onun mülkiyyət hüququna əsassız müdaxiləyə səbəb olmuş və iddiaçının həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X12 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, Qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli evə dair istifadə hüququ iddiaçının mülkiyyət hüququ ilə toqquşduğundan və onu məhdudlaşdırdığından iddiaçı haqlı olaraq mülkiyyət hüququnun müdafiəsi üçün cavabdehin istifadə hüquqlarına xitam verilməsi tələbini irəli sürmüşdür. Məhkəmə iddiaçının cavabdehə kompensasiya verilməsi təklifini müzakirə edərək hesab edir ki, cavabdehin istifadə hüququna 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya müqabilində xitam verilməsi məqsədəmüvafiqdir. Belə ki, məhkəmənin qənaətinə görə həmin məbləğdə pul cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün kifayətdir. İddiaçı cavabdehə 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya verilməsini iddia ərizəsində təklif etmişdir. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh 3600 (üç min altı yüz) manat məbləğində kompensasiya ödənilməklə həmin şəxsin Qusar rayonu Cibir kəndində yerləşən, 26 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X7 mülkiyyətində olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməli və o, həmin evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 3600 manat məbləğində kompensasiya ödənilməklə Qusar rayonu Cibir kəndində yerləşən, 26 sentyabr 2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı və X7 mülkiyyətində olan fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilsin və o, həmin evdən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar