Məhkəmə qərarları › İş №2(029)-165/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-165/2021

02.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-165/2021 02.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin buraxılması tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərzisəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qeyri-qanuni şəkildə tutulmuş, Seriya RX ******* saylı xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla xüsusi mülkiyyət hüququ üzrə adına rəsmiləşdirilmiş, Qusar rayonu Gilahoba kəndində yerləşən 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən buraxılması, torpaq sahəsinin onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Qusar rayonunun Gilahoba kəndində yerləşən 0.47 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Onun mülkiyyət hüququ müvafiq qaydada dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı xx xxxxxx 2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh xeyli müddətdir ki, daha doğrusu 2005-ci ildən həmin torpaq sahəsini qanunsuz olaraq tutumuş və onun iradəsinə zidd olaraq istifadə edir. Belə ki, o, torpaq sahəsini satmaq niyyətində olmamışdır. Cavabdeh özü ona yaxılaşaraq torpaq sahəsini satıbsatmadığını sorşmuşdur. Həmin vaxt torpaq sahəsinin sənədi, yəni çıxarışı olmamışdır. Belə ki, mübahisə edilən torpaq sahəsi onun adına vərəsəlik yolu ilə rəsmiləşdirilmişdir. Aralarındakı razılaşmaya əsasən torpaq sahəsinin çıxarışı düzəldikdən sonra cavabdeh ona 650 (altı yüz əlli) ABŞ dolları verməli idi, lakin cavabdeh aralarındakı razılaşmaya əməl etməmiş, həmçinin onun torpaq sahəsini də geri qaytarmaqdan imtina etmişdir. Cavabdehlə aralarında torpağın alqısatqısına dair heç bir müqavilə imzalanmamışdır. Bunun nəticəsində isə o, özünə məxsus torpaq sahəsindən təyinatı üzrə istifadə edə, orada hər hansı kənd təsərrüfatı məhsulları əkib-becərə və gəlir əldə edə bilmir. Bu barədə dəfələrlə Cavabdeh bildirsə də, cavabdeh ona məxsus torpaq sahəsini könüllü qaytarmaqdan imtina etmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçının mənə qarşı irli sürmüş olduğu hazırki iddia tələbi tamamilə əsassızdır. Belə ki, mübahisə edilən Qusar rayonunun Gilahoba kəndində yerləşən 0.47 hektar torpaq sahəsini İddiaçı özü 2005-ci ildə ona satmışdır. Bu barədə aralarında xx xxxxxxxx 2005-ci il tarixdə 0.48 hektar torpaq sahəsinin alqı-satqısına dair müqavilə imzalanmış və həmin müqavilə ərazi nümayəndəliyində təsdiq edilmişdir. Aralarında hər hansı bir alqı-satqı, rəsmiləşdirmə olmamasının səbəbi isə həmin torpaq sahəsinin Çıxarışının olmaması olmuşdur. Aralarındakı razılaşmaya əsasən o iddiaçıya 650 (altı yüz əlli) ABŞ dolları pul vermiş və torpaq sahəsinin Çıxarışı alındıqdan sonra isə aralarında alqısatqı aparılmalı idi. Lakin İddiaçı verdiyi sözə əməl etməmiş, torpaq sahəsinə çıxarış aldıqdan sonra o, 2020-ci ilin avqust ayında iddiaçıya alqı-satqı müqaviləsinin gerçəkləşdirilməsi üçün notariat ofisinə getmələrini bildirsə də, iddiaçı ondan 4500 (dör min beş yüz) manat pul istəmiş və bu səbəbdən aralarında mübahisə edilən torpaq sahəsinə alqı-satqı baş tutmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonunun Gilahoba kəndində yerləşən **********54 reyestr nömrəli 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan № 03/6323 saylı daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair Arayışın surətindən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixli ********** nömrəli ərizəsinə və xx xxxxxx 2017-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan torpaq sahəsinin qiymətləndirilməsi işi aparılmış və obyektin xx xxxxxx 2017-ci il tarixli bazar dəyərinin 2000 (iki min) manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(029)-884/2017 saylı qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı iddiasının təmin edilməsi, Qusar rayonu Gilah-oba kəndində yerləşən KOD 30109018 JN-0075 saylı xx xxxxxxx 2000-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mərhum atası X2, mərhum anası X1 və X3 xüsusi mülkiyyətində olan 4.27 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mərhum atasının və anasının hər birinin mülkiyyət payının 1/3 hissə müəyyən edilməsi və həmin torpaq sahəsinin 1/3 hissəsinin mərhum X2, digər 1/3 hissəsinin isə mərhum X1 miras kütləsinə daxil edilməsi, mərhum X2 miras kütləsinə daxil olan həmin torpaq sahəsinin 1/3 hissəsinin və mərhum X1 miras kütləsinə daxil olan həmin torpaq sahəsinin digər 1/3 hissəsinin, ümumilikdə isə həmin torpaq sahəsinin 2/3 hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması və həmin torpaq sahəsinə dair vərəsəlik hüququnun tanınması qət edilmişdir. İşdə olan Qusar RİHB-nın Gilahoba kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, 123 nömrəli Arayışdan görünür ki, İddiaçı hal-hazırda Qusar rayonunun Gilahoba kəndində yaşayır. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1976-cı il tarixdə Qusar rayonunun Qılah kəndində anadan olmuş, hazırda Qusar rayonunun Qılah-oba kəndində qeydiyyatdadır. İşdə olan xx xxxxxxxx 2005-ci il tarixli Qusar RİHB-nın Qilah oba kənd İƏD üzrə nümayəndəliyində təsdiq edilmiş müqavilənin surətindən görünür ki, İddiaçı 0.48 ha torpaq sahəsini Cavabdeh satmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışa əsasən Qusar rayonunun Gilahoba kəndində yerləşən **********54 reyestr nömrəli 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsinin alqı-satqısı qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməmişdir. Ona görə məhkəmə hesab edir ki, Qusar rayonunun Gilahoba kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışa əsasən İddiaçı məxsus 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən buraxılmalı, torpaq sahəsi iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Qusar rayonunun Gilahoba kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən Çıxarışa əsasən İddiaçı məxsus 0.4722 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh tərəfindən buraxılsın, torpaq sahəsi iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar