Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-167/2023 07.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər X2, Cavabdeh2 və X1 müştərək qaydada 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 30.00 (otuz) manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəsilə birlikdə Qusar rayonu Mucuq kəndində yaşayır və təsərrüfatla məşğul olur. Onun təsərrüfatında 1 baş inək, 1 baş 1-2 yaşda düyə və 1 baş dişi dana olmuşdur. Həmin heyvanlar 16 avqust 2022-ci il tarixdə naxırda olmuş, naxır növbəsində isə həmkəndliləri Cavabdeh1, Cavabdeh2 və X4 olmuşlar. Həmin tarixdə ona məxsus heyvanlardan diri çəkisi 170 kq. olan 1-2 yaşlı düyə naxırdan geri qayıtmamışdır. Həmin düyəni axtararkən məlum olmuşdur ki, düyəni canavar parçalayaraq yemişdir. Bununla da həmin düyə naxır növbəsində olan şəxslərin səhlənkarlığı ucbatından tələf olmuşdur. Belə ki, həmin heyvan nəzarətində olan Cavabdeh1, Cavabdeh2 və X4 tərəfindən nəzarətsiz buraxılmış, nəticədə heyvan canavar tərəfindən yeyilərək tələf olmuşdur. Həmin heyvanın diri çəkisi 170 kq., təmiz ət çəkisi isə təxminən 85 kq. olmuşdur. Hazırda yaşadığı kənddə bir kiloqram dana ətinin bazar qiyməti təxminən 10 manat təşkil edir. Bu barədə yaşadığı kənd üzrə İcra Nümyəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Bununla da, cavabdehlər ona 850 (85x10=850) manat məbləğində ziyan vurmuşlar. Belə ki, həmin şəxslər ona məxsus həmin heyvanı səhər saatlarında sağlam şəkildə təhvil almışlar, axşam saatlarında isə sağ və salamat şəkildə ona təhvil verməli olmuşlar. Lakin, həmin öhdəliklərini pozmaqla ona ziyan vurmuşlar.Hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 öz öhdəliklərini yerinə yetirməmələri nəticəsində ona dəymiş zərərin əvəzi kimi 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaiti həmin şəxslərdənmüştərək qaydada tutularaq ona verilməlidir. Həmçinin, onun tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, o, ona dəymiş ziyanın ödənilməsini istəyir, başqa heç nə istəmir. Naxır növbəsini icra nümayəndəsi müəyyən edir, naxırda mal-qara az olduğuna görə naxıra üç nəfər gedir. O, özü də növbəyə gedir, ayda 2-3 dəfə növbə ona düşür. Əvvəllər naxırda mallar çox olmuş, indi isə 50-60 baş iribuynuzlu mal olur.Onun inəyi tələf olan gün səhər saatlarında o, özünün malları naxır toplanan yerə aparmış, həmin gün növbədə kimlərin olduqlarını bilməmiş, ona heç kim bu barədə deməmişdir. Səhər malları o, özü kənd camaatının və qonşularının malları apardığı yerə aparmış və malları həmin gün növbədə olan naxırçılara, yəni cavabdehlərə vermişdir. Cavabdehləri səhər saat 6-da görmüş, həmin şəxslər naxırın yanında kənd mərkəzində olmuşlar. Həmin gün ola da bilsin ki, o, özü getməmiş,malları qonşusu aparıb təhvil vermişdir. Həmin gün cavabdehlər üç nəfər naxırda olmuş, o, səhər vaxtı malı naxıra buraxmış, axşam naxırdan mal qayıtmamışdır.Onun düyəsi gəlməyən gün növbədə kimlərin olduğunu icra nümayəndəsindən soruşmuşdur. O, cavabdehlərə telefonla zəng edərək səhər malı axtarmağa gedəcəyini demiş, lakin cavabdehlər səhər heç kim malı axtarmağa gəlməmişlər.Cavabdehlərlə aralarında hər hansı yazılı müqavilə və razılaşma olmamışdır. O, səhər tezdən cavabdehlərin naxırda olduqlarını bilməmişdir. İnəyin öldüyü, canavarın yediyi, qayadan düşüb tələf olduğu təqdirdə cavabdehlərin ona ziyanın ödəməsi barədə yazılı və ya şifahi razılaşma olmamışdır. Səhər onun malını canavarın yediyini və ona ziyan dəydiyini o, cavabdehlərə demiş və cavabdehlər pulu qaytaracaqlarını demişlər, bu barədə icra nümayəndəliyində razılaşma olmuşdur. İnək bir il səkkiz aylıq düyə olmaqla təqribi çəkisi 80-85 kq, qiyməti 600 manat olmuşdur. Tərəzidə ölçülməklə düyənin dəqiq çəkisi barədə onda hər hansı sübut və baytar arayışı yoxdur. O, malı axtarmağa tək getmiş, “Qay dərə” adlanan ərazidə malın canavar tərəfindən parçalandığını görmüşdür. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, yazda mallar naxıra buraxılmamışdan əvvəl icra nümayəndəliyi və kənd camaatı arasında iclas keçirilmiş, həmin iclasda mallara yaşa görə qiymət qoyulmuş və protokollaşdırılmışdır. Əvvəllər naxırda 150-180 yaxın inək olmuş, naxıra dörd nəfər getmiş, hazırda isə mal-qara az olduğuna görə naxıra üç nəfər gedir. Naxır növbəsini əvvəlcədən icra nümayəndəsi bildirir. Mal tələf olanda dəyəri malın sahibi və naxırda olan üç nəfər arasında bölünmüşdür. Kənd camaatı malları körpünün yanına gətirib buraxır, elə şəxslər var ki, malları bir saat əvvəl gətirib gedir, iddiaçı səhər tezdən gətirib malların verməsini o, görməmiş, iddiaçının qardaşı və ya qonşusu da gətirib onlara malı onlara təhvil verməmişdir.Onlar həmin gün cavabdehin mallarının naxırda olub-olmadığını bilmirlər. Onlar naxırda olan bütün malları aparmışlar. Mal-qara hər gün apardıqları yuxarı sahədə olmuş, ancaq iddiaçının dediyinə görə onun malı həmin yerdən aşağı tərəfdə olmuşdur. O,iddiaçının malını tanımır, axşam naxırdan qayıdanda hər hansı malın canavar tərəfindən yeyildiyini görməmişdir. İddiaçı axşam ona zəng edib düyənin qayıtmadığını demiş, səhər iddiaçı ilə getməyə onun vaxtı olmamış, sonradan iddiaçı ona demişdir ki, onun malı sahənin aşağı tərəfində canavar tərəfindən yeyilmişdir. O da,iddiaçıya “canın sağ olsun biz də pulunu verərik” demişdir. İddiaçının malının canavar tərəfindən yeyilməsində onun günahı yoxdur, bəlkə həmin gün iddiaçının malı naxırda olmamış, o, iddiaçının malını görməmişdir. İki yaşına kimi düyələri naxıra buraxmırlar. Həmin gün naxırda üç yaşdan yuxarı inəklər olmuşdur. 2022-ci ilin aprel ayında iddiaçının düyəsi bir yaş dörd aylıq olmuşdur. Malları otardıqları sahə yaşadıqları kənddən 8-12 kilometr aralıda yerləşir. Həmin gün o, malları otardıqları ərazidə canavar görməmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, onlar iclasda razılaşmışlar ki, iki yaşdan yuxarı mallar naxır malları hesab edilir. İddiaçının malı bir yaş səkkiz ay olmuşdur. Həmin gün iddiaçının inəyini o, naxırda görmüş, ancaq iddiaçının danasını görməmişdir.O,kənd camaatının bütün mallarını tanıyır, sahiblərinin kim olduqlarını da bilir. Həmin gün onlar naxırı yuxarı sahəyə aparmışlar, naxırda olan vaxt sahədə canavar görməmişdir. O, növbədən qayıdarkən, nahar edərkən leş, yeyilmiş mal görməmişdir. Səhərisi gün iddiaçı ona zəng edib malın canavar tərəfindən yeyildiyini demişdir. İddiaçı həmin gün malı axtarmağa getməmiş, üç gündən sonra gedib axtarmışdır. Həmin vaxt kənddə mallara xəstəlik düşmüş,o, icra nümayəndəsinə və digər şəxslərə demişdir ki, həmin mala baytar baxsın, xəstəlikdən ölüb-ölmədiyi yoxlanılsın. Lakin,onun sözünə baxan olmamışdır. Həmin dananın çəkisi 180 kq olmamış, çəkisi az olmuşdur. O, malları yaxşı tanıyır. 10-15 manat verəndə o,başqalarının əvəzinə də naxıra gedir, iddiaçının danasıın təmiz ət çəkisi təxminən 50 kq olmuşdur. İddiaçının malının canavar tərəfindən yeyilməsində onun günahı yoxdur. Mal-qaranın tələf olduğu təqdirdə dəymiş zərərin ödənilməsi barədə iddiaçı ilə aralarında şifahi və ya yazılı razılaşma olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, digər cavabdehlərdən fərqli olaraq o iddiaçının qonşusudur, iddiaçı ondan sol məhəllədə yaşayır. Onlar, kəndin ayağında yaşayır. İddiaçı malları səhər saat 4-5 də həyətdən buraxır, iddiaçının malları yolun qırağındakı otları yeyə-yeyə gah onların məhəlləsinə gəlir, gahda başqa məhəlləyə gedir. O, səhər malları naxıra aparanda iddiaçının mallarını görəndə naxıra özü aparır, mallar digər məhəllərə gedəndə məhəllə sakinləri öz malları ilə birlikdə iddiaçının da mallarını naxıra aparırlar. Mallar yolun qırağındakı otları yeyə-yeyə yolunu azaraq çayın qırağı ilə aşağı sahələrə gedir. Halbuki naxır yuxarı sahələrə çıxarılır. İddiaçının malları bəzən yolun qırağındakı otları yeyə-yeyə aşağı sahəyə gedirlər. Kənd camaatı naxırı kəndin körpüsünə kimi gətirir, naxırda olanlar ordan aparırlar. Naxıra növbəyə çıxanlar saat altıya bir neçə dəqiqə qalmış çıxırlar. Malları o, gündəlik aparır. İddiaçı, onun qardaşı və ya qonşusu həmin gün səhər tezdən mal qarasını onlara təhvil verməmişlər. Həmin gün o, iddiaçının mallarını görməmişdir. Onlar malları yuxarı sahələrə aparmışlar. Həmin gün iddiaçının malı aşağı tərəfdə olmuşdur. Mal tələf olanda naxırçının, bir-iki nəfər şahidin iştirakı ilə yerində baxılmalı və qiymətləndirilib protokol tərtib olunmalıdır. Mallara qan iyi gələn kimi, mallar hamısı yığışıb səs-küy salırlar. Həmin gün belə bir şey olmamışdır. O, naxırdan qayıdarkən tələf olmuş heyvan cəmdəyi görməmişdir. Düyəsi tələf olduqdan sonra iddiaçı ona müraciət edərək dana almaq istədiyini, bir az pul çatmadığını deyib ondan 250 manat borc pul istəmiş, o da ona 150 manat pul vermişdir.İddiaçının düyəsinin tələf olmasında onların heç bir günahı yoxdur. İddiaçı ilə aralarında malların aparılıb-gətirilməsi barədə heç bir razılaşma və ya müqavilə olmamışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 350 saylı arayışın surətindən görünür ki, Nümayəndəliyin təsərrüfatbaşına kitablarda İddiaçı adına xx.xx.2022-ci il vəziyətinə 1 baş inək, 1 baş 1-2 yaşda düyə və 1 baş dişi dana qeydə alınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Göründüyü kimi, İddiaçı 16 avqust 2022-ci il tarixdə səhər saatlarında özünün təsərrüfatında olan 1 baş inəyi, 1-2 yaşlarında olan düyəni və 1 baş dişi dananı kəndin ümumi naxırına qoşmaqla otlamağa göndərmiş, həmin gün naxır növbəsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olmuşlar. İddiaçının bildirdiyinə görə onun diri çəkisi 170 kiloqram olan 1-2 yaşlarında olan düyəsini canavar tələf etmişdir. Lakin, cavabdehlərlə iddiaçı arasında sonuncunun inəklərinin otarılması üsulu, qaydası və yeri barədə heç bir yazılı və ya şifahi müqavilə bağlanmamışdır, bunu iddiaçı özü də izahatında bildirmişdir. Bundan başqa, iddiaçının öz inəklərinin otarılmasını şəxsən cavabdehlərə tapşırması barədə də hər hansı sənəd mövcud deyildir. Bununla da, cavabdehlərin iddiaçının tələf olmuş inəyinin otarılmasının xüsusi qaydası barədə əvvəlcədən hər hansı müqavilə öhdəlikləri mövcud olmamışdır.Həmçinin,cavabdehlərin həmin iri buynuzlu heyvanın tələf olmasına hər hansı qəsd və ya ehtiyyatsızlıqdan təqsirləri mövcud olmamışdır. Bu səbəbdən də, iddiaçının tələf olmuş 1-2 yaşlarında düyəsinin tələf olmasına görə cavabdehlərin məsuliyyəti yaranmamış, həmin inəyin tələf olmasında həmin şəxslərin hər hansı təqsirlərinin olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bununla da, cavabdehlərin təqsiri ucbatından iddiaçıya maddi ziyan vurulması sübuta yetirilməmiş, həmin hallara dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, iddia tələbi qanunsuz və əsassızdır, təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair iddiası əsassız olduğundan və iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə” dair iddiası rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-167/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-167/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver