Məhkəmə qərarları › İş №2(029)-175/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-175/2024

19.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-175/2024 19.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.6044 ha torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin onun qanunsuz sahibliyindən və istifadəsindən alınaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2018-ci ildə müvafiq alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.60 ha torpaq sahəsini satın almışdır. Daha sonra isə həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. 2021-ci ildə Qusar rayonu Gündüzqala kəndinin sakini Cavabdeh adlı şəxs onun satın aldığı torpaq sahəsinin onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi olduğunu, onun tərəfindən həmin torpaq sahəsinin qanunsuz əldə olunduğunu bildirməklə ona qarşı torpaq sahəsini əldə etdiyi alqı-satqı müqaviləsinin və adına verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Qusar rayon məhkəməsində iddia qaldırmışdır. Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-713/2021 saylı qətnaməsi ilə Cavabdeh, X3 ilə onun arasında Qusar rayonu Gündüzqala kəndində yerləşən 1.6044 ha torpaq sahəsinə dair bağlanmış 31 iyul 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında onun adına verilmiş xx.xx.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh tərəfindən Qusar rayon məhkəməsinin xx.xx.2021ci il tarixli 2(029)-713/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-720/2022 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Cavabdeh tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)- 720/2022 saylı qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-4950/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(105)- 720/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd etdiyi 1.6044 ha torpaq sahəsinin onun tərəfindən qanuni əsaslarla əldə edilməsi və qanuni əsaslarla xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə tam təsdiq olunmuşdur. Buna baxmayaraq, Cavabdeh xeyli müddətdir ki, onun iradəsinə zidd olaraq həmin torpaq sahəsindən qanunsuz olaraq istifadə etməklə ona sahiblik edir, torpaq sahəsini buraxmayacağını bildirir. Bununla da, həmin şəxs həmin hərəkətləri ilə onun xüsusi mülkiyyətinə qanunsuz müdaxilə etməklə qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Dəfələrlə Cavabdeh torpaq sahəsini buraxaraq onun qanuni sahibliyinə və istifadəsinə qaytarması tələb olunsa da, buna məhəl qoymamışdır. Bu səbəbdən də, pozulmuş mülkiyyət hüququnun müdafiə olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi, Cavabdeh ona məxsus torpaq sahəsini xeyli müddətdir ki, onun iradəsinə zidd istifadə etməklə və ona sahiblik etməklə onun mülkiyyət hüququna müdaxilə edir, həmin hüququnu mütəmadi olaraq pozur. Odur ki, hesab edir ki, Cavabdeh həmin torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı, həmin torpaq sahəsi cavabdehin qanunsuz sahibliyindən və istifadəsindən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında İddiaçı oğlu iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, 2018-ci ildə müvafiq alqı-satqı müqaviləsinə əsasən Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.60 ha torpaq sahəsini satın almışdır. Daha sonra isə həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. 2021-ci ildə Qusar rayonu Gündüzqala kəndinin sakini Cavabdeh adlı şəxs onun satın aldığı torpaq sahəsinin onun ailə üzvlərinə məxsus olan torpaq sahəsi olduğunu, onun tərəfindən həmin torpaq sahəsinin qanunsuz əldə olunduğunu bildirməklə ona qarşı torpaq sahəsini əldə etdiyi alqı-satqı müqaviləsinin və adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi tələbi ilə Qusar rayon məhkəməsində iddia qaldırmışdır. Kassasiya instansiya məhkəməsinə kimi onun xeyrinə qərar çıxarılmışdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, torpağı satmamışdır. O, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını mübahisələndirmiş, bütün instansiya məhkəmələrində onun əleyhinə qərar çıxarılmışdır. Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddianı o mübahisələndirmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsi ona məxsusdur. X4 Komissiyasının qərarı ilə 1998-ci ildə həmin torpaq sahəsi Dövlət aktı ilə onun ailəsinə verilmişdir. O, sözü gedən torpağın ona məxsus olmasını Dövlət aktı və arxiv çıxarışı ilə sübut edir. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan seriya RX ******* olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Gündüzqələ kəndində yerləşən 1.60 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2021-ci il tarixli 2(029)-713/2021 saylı Qusar rayon məhkəməsinin qətnaməsinin surətindən görünür ki, Cavabdeh, X3 ilə İddiaçı arasında Qusar rayonu Gündüzqala kəndində yerləşən 1.6044 ha torpaq sahəsinə dair bağlanmış 31 iyul 2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında İddiaçı adında verilmiş xx.xx.2018-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-720/2022 saylı qətnaməsinin surətindən görünür ki, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(029)-713/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-4950/2022 saylı Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-720/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh RX ******* olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan, Qusar rayonu Gündüzqala kəndi ərazisində yerləşən 1.60 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini iddiaçının iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respubikası Mülki Məcəlləsinin 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140.reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1. mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2.mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8. mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 239.2. fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, icazə verilmir Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.2. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.. “İnsan hüquqlarının və X1 haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)

1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İş materialları ilə təsdiq olunur ki, iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququ mövcuddur, o qüvvədədir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin qanunsuz zəbt edilməsi və hazırda da oradan istifadə edilməsi müəyyən edilmişdir. İşdə olan seriya RX ******* olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Gündüzqələ kəndində yerləşən 1.60 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Göründüyü kimi, həmin torpaq sahəsinin ölçüsü 1.60 ha-dır. Məhkəmə hesab edir ki, iddiaçının qeydə alınmış mülkiyyət hüququnu təsdiq edən sənəddə 1.60 ha olduğuna görə həmin sənəddə göstərilən ölçülərə uyğun olaraq iddiaçının iddiası qismən edilməli, Cavabdeh ona məxsus olan, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.60 ha torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsinin onun qanunsuz sahibliyindən və istifadəsindən alınaraq iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. İddiaçı öz iddia tələbində qeyd olunan torpaq sahəsini 1.6044 ha qeyd etsə də, onun mülkiyyət hüququnu təsdiq edən sənəddə 1.60 ha olduğuna görə məhkəmə hesab edir ki, mülkiyyət hüququnu təsdiq edən sənədə uyğun ölçülərdə iddia təmin edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.60 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus olan, Qusar rayonu Gündüzqala kəndinin qışlaq ərazisində yerləşən 1.60 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən alınaraq İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar