Məhkəmə qərarları › İş №2(029)-177/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-177/2021

04.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-177/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Şixvəli qızının Cavabdeh iştirakları ilə, İddiaçı Şixvəli qızının Cavabdeh qarşı evə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Şixvəli qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 saylı evə köçürülməsi, həmin evdə yaşamasına Cavabdeh tərəfindən edilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Şixvəli qızı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh ilə xx xxxx 1994-cü il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Cavabdeh ilə birgə nikahlarından 2002-ci il təvəllüdlü Alina adlı bir qız uşaqları vardır. Cavabdehlə birgə nikahda olarkən xx xxxxx 2004-cü il tarixli notariat qaydasında təsdiqlənmiş müqavilə əsasında ünvan 1 saylı ünvanda yerləşən yarımçıq tikili X6 tərəfindən ona satılmış, cavabdehlə birlikdə həmin evin tikintisini başa çatdırmaqla tam təmir edib yaşayış sahəsinə çevirmişlər. Uzun müddət cavabdehlə münasibətləri yaxşı olmuş, birlikdə həmin evdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Sonradan Cavabdeh evdə tez-tez mübahisələr yaratması, dava-dalaş salması səbəbindən münasibətləri soyumuş və normal həyat şəraitləri pozulmuşdur. Bunun əsas səbəbi isə cavabdehin mütəmadi olaraq spirtli içkilər qəbul etməsi olmuşdur. Cavabdeh spirtli içki qəbul etdikdən sonra hərəkətlərini idarə edə bilmir, aqressiv olur və evdə dava salır. Son zamanlar cavabdehlə münasibətləri daha da kəskinləşmiş və bu səbəbdən də ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-795/2020 saylı qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuşdur. Hazırda cavabdeh onun ünvan 1 saylı ünvanda yerləşən evdə yaşamağına mane olur, ona hədə-qorxu gəlir. Sonuncu dəfə 2020-ci ilin mart ayında onu evdən qovmuş və keçən müddət ərzində o, qızı ilə birlikdə qardaşı Əlimurad İsmixanovun evində yaşamışdır. Mübahisəli evin ilkin sənədləri onun adınadır, ev birgə nikah dövründə əldə olunmuş və ona görə də onun həmin evdən istifadə hüququ vardır. Cavabdeh isə onun həmin hüququna maneçilik yaradır. Ona görə də, onun ünvan 1 saylı evdən istifadə hüququna cavabdeh tərəfindən edilən maneə aradan qaldırılmalı və o, həmin evə köçürülməlidir. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxx 1994-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə İddiaçı Şixvəli qızı ilə evlənmiş və birgə nikahlarından 2002-ci il təvəllüdlü Alina adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ayrılmışlar və Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-795/2020 saylı qətnaməsinə əsasən aralarındaki nikah pozulmuşdur. ünvan 1 saylı evi iddiaçı ilə birgə nikahda olduqları müddətdə əldə edib, inşa etmişlər. İddiaçı Şixvəli qızını evdən qovmamışdır, iddiaçı qızları Alina ilə birlikdə evdən çıxıb getmişlər. Onun İddiaçı Şixvəli qızının həmin evə köçürülməsinə və həmin evdə yaşamasına heç bir etirazı yoxdur. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Qusar rayon X10 xx xxxx 1994-cü il tarixli 43/19 saylı qərarının təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, Qoqol küçəsi, 19 nömrəli evin sakini X2 fərdi yaşayış evinin tikintisi üçün rayon XDS Rəyasət heyətinin xx xxxxxx 1998-ci il tarixli, 27/8 nömrəli qərarı ilə Müqtədir 277 nömrəli ünvanda ayrılmış 600 kv.metr həyətyanı torpaq sahəsinin şəhəri Karls Marks küçəsi 2/15 nömrəli evin sakini X9 fərdi yaşayış evinin tikintisi üçün rayon XDS Rəyasət heyətinin xx xxxx 1994-cü il tarixli, 43/12 nömrəli qərarı ilə “Aerodrom” adlı yaşayış massivində 4/10 nömrəli ünvanda ayrılmış 400 kv.metr həyətyanı torpaq sahəsi ilə dəyişdirilməsinə icazə verilmiş, X2 “Aerodrom” yaşayış massivində 4/10 nömrəli ünvanda 400 kv.metr həyətyanı torpaq sahəsi, X9 Müqtədir küçəsi 277 nömrəli ünvanda 600 kv.metr həyətyanı torpaq sahəsi təhkim edilmişdir. İşdə olan Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2009-cu il tarixdə 82 nömrə ilə uçota alınmış A № 216144 saylı Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri ərazisində yerləşən 600 kv.metr torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Qusar rayon X8 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarı X3 verilmişdir. İşdə olan xx xxxxx 2004-cü il tarixdə Qusar rayon Dövlət Notariat Kontorunda təsdiq edilmiş Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X6 xx xxxxx 2004-cü il tarixli 2V-İ-54/55 saylı şəhadətnaməyə əsasən özünə məxsus olan ünvan 3 saylı ünvanda yerləşən 600.0 kv.metr torpaq sahəsində yerləşən divarları 40 sm hündürlükdə tikilmiş yarımçıq tikilini ******* (beş milyon) manata X1. İşdə olan Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)-795/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Qusar rayonu Əniğ kənd inzibati ərazi nümayəndəliyində xx xxxx 1994-cü il tarixli 03 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. İşdə olan AZ-İ № 366856 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İddiaçı Şixvəli qızı arasında olan nikah ləğv edilmiş. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx xxxxxxx 2020-ci il tarixdə 119 nömrə ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki,İddiaçı Şixvəli qızı ilə Cavabdeh xx xxxx 1991-cü il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişlər. Qusar rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(029)- 795/2020 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Tərəflər birgə nikah dövründə xx xxxxx 2004-cü il tarixli notarial qaydada təsdiq olunmuş müqaviləyə əsasən ünvan 1 saylı ünvanda yerləşən 600.0 kv.metr torpaq sahəsində yerləşən divarları 40 sm hündürlükdə tikilmiş yarımçıq tikilini alaraq, cavabdehlə birlikdə həmin evin tikintisini başa çatdırmaqla tam təmir edib yaşayış sahəsinə çevirmişlər və həmin fərdi yaşayış evində yaşamağa başlamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Bununla da, iddiaçı Vərdixanova X13 şəhəri, Z.Əliyeva (Muxtadır) küçəsi 277 saylı ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnu əldə etmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Şixvəli qızının istifadə hüququ mülkiyyətçi və digər şəxslərdən müdafiə olunmalıdır. Ona görə də, iddia təmin edilməli, iddiaçı Vərdixanova X13 şəhəri, Z.Əliyeva (Muxtadır) küçəsi 277 saylı evə köçürülməli, iddiaçının həmin evdə yaşamasına Cavabdeh tərəfindən edilən maneçilik aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Vərdixanova X13 şəhəri, Z.Əliyeva (Muxtadır) küçəsi 277 saylı evə köçürülsün, iddiaçının həmin evdə yaşamasına Cavabdeh tərəfindən edilən maneçilik aradan qaldırılsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar