Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-178/2023 07.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı İlyasbəyovRadik Əli oğlunun, cavabdeh X1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 Qusar rayonu Köhnə Xudat kəndində yerləşən, Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2011- 2015-ci illərin Köhnə Xudat kənd üzrə 5 nömrəli təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 464 olub mülkiyyətində olan 2003-cü ildə tikilmiş ümumi sahəsi 60 kv.metr, o cümlədən yaşayış sahəsi 30 kv metr olan yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qusar rayonu Köhnə Xudat kənd sakinidir, həmin kənddə özünə məxsus yaşayış evində yaşayır. O, nikahı 19 mart 2013-cü tarixdə Qusar rayon Qeydiyyat şöbəsində qeydiyyatdan keçirərək X4 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların uşaqları olmamışdır. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyi üçün aralarında mübahisələr olmuşdur. Bu səbəbdən aralarında olan nikahın pozulması ilə əlaqədar olaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Qusar Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(029)-390/2022 saylı qətnaməsi ilə onunla X4 arasında Qusar rayon Qeydiyyat şöbəsində 19 mart 2013-cü il tarixdə 41 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Aralarında olan nikah pozulduqdan sonra X4 gəlin köçən zaman özü ilə gətirmiş olduğu bütün əmlakı və bir yerdə yaşadıqları dövrdə əldə etdikləri əmlakı qardaşı Polad Muradxanovun evinə aparmışdır. Hazırda cavabdehin ona məxsus evdə heç bir əmlakı qalmamışdır. Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə ona 0,12 hektar fərdi yaşayış evi tikmək üçün həyətyanı torpaq sahəsi verilmişdir. Cavabdeh Aybəniz İlyasbəyova ilə ailə qurmamışdan xeyli əvvəl o, həmin torpaq sahəsində özünə ev tikmişdir. Onun həmin evə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış yoxdur, lakin Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2011-2015-ci illərin Köhnə Xudat kənd üzrə 5 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 464 olan onun təsərrüfatın xüsusi mülkiyyətində 2003-cü ildə tikilmiş ümumi sahəsi 60 kv. metr, o cümlədən yaşayış sahəsi 30 kv.metr olan yaşayış evinin olduğu qeyd edilmişdir. O, cavabdeh Aybəniz İlyasbəyovadan ona məxsus yaşayış evindən könüllü olaraq çıxmasını xahiş etmişdir. Onun isə başqa yaşamağa yeri yoxdur, hazırda qardaşının evində qalır. Cavabdeh Aybəniz İlyasbəyova ilə həmin evdə yaşamaq mümkün deyil, orada yaşasa axırı cinayətlə bitər. Aralarında baş vermiş mübahisələrə və cavabdehin özünə məxsus və ona məxsus bütün əmlakın aparılmasına görə Qusar RPŞ-nə müraciət etmişdir. Həmçinin cavabdeh Aybəniz İlyasbəyovaona məxsus yaşayış evindən onun razılığı olmadan yaşamaqla onun mülkiyyətçi kimi hüquqlarını pozur. Cavabdeh X4 məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, o, İddiaçı ona qarşı həmin iddiasını qəbul etmir və həmin iddiaya aşağıdakı etirazlarını bildirir.O, İddiaçı ilə 2003-cü ildə rəsmi nikah qeyd etdirmədən evlənmişdir. Onlar 10 il müddətində faktiki ərarvad münasibətlərində yaşadıqdan sonra 19 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı ilə 2003-cü ildə evləndiyi zaman Qusar rayonu Köhnə Xudat kəndində yerləşən İddiaçı məxsus 0,12 ha həyətyanı torpaq sahəsində yerləşən 1 otaqdan ibarət müvəqqəti yaşayış otağında yaşamağa başlamışlar. Həmin otaq çox darısqal və şəraitsiz olduğu üçün onlar həmin otaqdan bir az aralıda yaşayış evini tikməyə başlamışlar. Həmin şəraitsiz otağı isə yaşayış üçün yararsız olduğu üçün sökmüşlər. İddiaçı ilə birgə nikahda yaşadıqları müddət ərzində onlar bir mərtəbəli yaşayış evini tikmiş, həmin evi təmir eləmiş və yaşamaq üçün həmin evə köçmüşlər. İddiaçı ilə birgə nikahda yaşadıqları müddət ərzində həmin yaşayış evinə bütün zəruri məişət avadanlıqları, təsərrüfatda istifadə olunacaq alətlər almışlar, habelə təsərrüfatda iribuynuzlu mal-qara və ev quşları yetişdirmişlər. Bundan əlavə İddiaçı ilə birgə nikah dövründə “LADA KALİNA” markalı minik avtomaşını almışlar ki, həmin avtomaşın hal-hazırda İddiaçı istifadəsindədir. Onun İddiaçı ilə birgə nikahdan uşaqları olmamışdır. O, İddiaçı ilə uzun illər mehriban yaşasa da axırıncı 1 il ərzində İddiaçı ona qarşı münasibəti dəyişmiş, evdə onunla dava-dalaş salmağa, onu tez-tez döyməyə başlamışdır. Bu səbəbdən o, bir neçə dəfə İddiaçı onu döyməsi faktı ilə əlaqədar Qusar Rayon Polis Şöbəsinə şikayət etmiş, Polis Şöbəsi tərəfindən həmin məsələlər araşdırılıb İlyasbəyovRadik Əli oğlu barəsində müvafiq cəza tədbirləri görülmüşdür.Bundan sonra İddiaçı ondan ayrılmış, birgə nikah dövründə tikdikləri evdən çıxıb valideynlərinin evinə getmişdir. Hal-hazırda həmin evdə o, özü qalmışdır. İddiaçı ondan ayrılıb həmin evdən çıxarkən özü ilə birgə nikah dövründə aldıqları “LADA KALİNA” markalı avtomaşını, 1 baş cöngəni və həyətdə saxlanılan toyuqların da çox hissəsini aparmışdır. Bundan sonra İddiaçı onunla olan nikahın pozulması üçün Qusar Rayon Məhkəməsində iddia qaldırmış, Qusar Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli, 2(029)-390/2022 saylı qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur.Hal-hazırda İddiaçı ilə birgə nikahda olduqları müddətdə tikdikləri yaşayış evində o, yaşayır, özünə məxsus bütün cehiz əmlakı, sair əmlakları həmin evdədir. İddiaçı ilə birgə nikahda olduqları müddətdə tikdikləri yaşayış evi bütünlüklə onun zəhməti və vəsaiti hesabına tikilmişdir. Belə ki, birgə nikahda yaşadıqları müddətdə İddiaçı heç yerdə işləməmiş, evə heç bir qazanc gətirməmişdir. O, isə Qusar şəhər bazarında ticarət fəaliyyəti ilə məşğul olaraq əldə etdiyi qazancla həmin evin tikilib təmir edilməsini təmin etmişdir. Həmin evdə olan bütün məişət əşyaları və avadanlıqları, habelə hal-hazırda İddiaçı istifadəsindəki “LADA KALİNA” markalı minik avtomaşını onun vəsaiti hesabına alınmış, təsərrüfatdakı mal-qara, ev quşları onun tərəfindən yetişdirilmişdir. İndi isə iddiaçı İlyasbəyovRadik Əli oğlu evin özünə məxsus olduğunu iddia edərək onu halal zəhmətinin bəhrəsi olan evindən çıxarmaq istəyir. Odur ki, İddiaçı iddiası əsassızdır və aşağıdakı hallara görə rədd edilməlidir: İddiaçı iddiası ona görə əsassızdır ki, mübahisənin predmeti olan yaşayış evi onun iddiaçı İlyasbəyovRadik Əli oğlu ilə birgə yaşadıqları müddətdə, rəsmi nikahda olduqları müddətdə əldə edilmiş birgə əmlakıdır. Həmin yaşayış evinin yarısı Mülki Məcəllənin və Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq ona məxsusdur. Buna görə də İddiaçı iddiası rədd edilməlidir. İddiaçı iddiası həm də ona görə əsassızdır ki, iddiaçı İlyasbəyovRadik Əli oğlu mübahisənin predmeti olan yaşayış evinin ona məxsus torpaq sahəsində yerləşdiyini iddia etsə də faktiki olaraq həmin yaşayış evi onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsində deyil, həmin torpaq sahəsindən bir qədər kənarda, Qusar rayonu X14 məxsus torpaq sahəsində yerləşir. Həmin yaşayış evinə İddiaçı adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da verilməmişdir. Onlar həmin yaşayış evini tikərkən iddiaçı İlyasbəyovRadik Əli oğluna məxsus 0,12 ha torpaq sahəsində əvvəlcədən olan 1 otaqlı yararsız tikilinin yerində deyil, bir az aralıda tikmişlər. Sonradan həmin yaşayış evi barəsində İddiaçı ilə mübahisələri başlayandan sonra İddiaçı həmin yaşayış evinə öz adına mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Qusar rayonu X14 və DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Qusar rayonu X16 tərəfindən, habelə DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin məsələ araşdırılmış, torpaq sahəsinə baxış keçirilmiş və mübahisəli yaşayış evinin iddiaçıya məxsus torpaq sahəsində deyil, Qusar rayonu X14 məxsus torpaq sahəsində yerləşməsi müəyyən olunmuşdur. Bu səbəbdən DƏDKR publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi İddiaçı adına həmin yaşayış evinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verməkdən imtina etmişdir. Hətta, yaşayış evinin yerləşdiyi torpaq sahəsinin Qusar rayonu X14 məxsus olması barədə X16 tərəfindən ona 14 yanvar 2023- cü il tarixli rəsmi arayış da verilmişdir. Buna görə də həmçinin İddiaçı iddiası rədd edilməlidir. Həmçinin cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Şair oğlu məhkəməyə etiraz ərizəsi göndərərək cavabdehin etiraz ərizəsində qeyd etdiyi halları təsdiq etmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, cavabdehin onun tikdiyi evdən çıxmasını istəyir, həmin evi o, tikmişdir, cavabdeh onun evinə gəlib. İki ildən artıqdır ki, o, evdən çıxmış, öz evinə gedə bilmir, başqaların evində qalır, cavabdehin öz şəxsi evi də var, həmin ev olan torpaq sahəsini cavabdehə o, almışdır. Cavabdeh onun qonşusu olub, əvvəllər bir yerdə yaşamışlar, sonradan cavabdeh onun evindən pul oğurlayıb, evdə həmişə o işləmişdir, pulu qazanıb stolun üstünə qoymuş, sonra o, pul istəyəndə pulu ona verməmişdir. O, cavabdehlə 2005-ci ildə qeyri-rəsmi ailə qurmuş, 2017-ci ildə isə nikahlarını rəsmiləşdirmişlər. Onun adına 12 sot həyətyanı torpaq sahəsi var, ancaq faktiki onun istifadəsində torpaq sahəsi çoxdur. Mübahisəli ev bələdiyyəyə məxsus torpaq sahəsində inşa olunub. Cavabdeh onun evinə gələndən sonra bir xərək evi və bir tövlə tikilib. Ev iki otaqdan və bir eyvandan ibarətdir. Mübahisəli evi o, 1999-cu ildə tikməyə başlamış və 2003-cü ildə isə tikib qurtarmışdır. Cavabdeh onun evinə gələndə evin iki otağı və bir eyvanı hazır olub. Cavabdehlə bir yerdə yaşadıqları vaxtda xərək evi, tövlə və hasar tikmişdir. O, tikintidə işləmiş, ayda 200-500-700 manat pul qazanmışdır. Mübahisəli evə çıxarış almamış, həmin evin rəsmi sənədi yoxdur. Onun yaşadığı kənddə çox adamın evə sənədi yoxdur. Həmin torpaq sahəsini o, bələdiyyələr yaranmamışdan əvvəl almışdır. Evə və torpaq sahəsinə sənəd alması üçün bələdiyyəyə bir dəfə müraciət etmişdir.İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı və cavabdeh 2003-cü ildə qeyri-rəsmi olaraq evlənmişlər. Həmin vaxt iddiaçının torpaq sahəsində bir otaqlı balaca köşk olmuşdur. Sonradan tərəflər bir yerdə həmin köşkün yanında iki otaqlı yaşayış evi tikmişlər. Ev iki otaqlı bir eyvandan ibarətdir. İddiaçının 12 sot torpaq sahəsi var, lakin faktiki istifadəsində 20-25 sotdur. Mübahisəli ev ciy kərpiçdən iddiaçı ilə cavabdehin birgə yaşadıqları müddətdə tikilmişdir. İddiaçı və cavabdeh 2022-ci ildə rəsmi boşanıblar. Təsərrüfatbaşına kitablarda tərəflərin 2011-2013-cü illərdə ev tikdikləri qeyd olunub, bundan da müəyyən olunur ki, tərəflər evi bir yerdə olanda tikiblər. Mübahisəli ev iddiaçıya məxsus torpaq sahəsində deyil, bələdiyyəyə məxsus torpaq sahəsində inşa edilib. Cavabdeh iddiaçı ilə yaşadığı vaxtda işləyib, hazırda da mağazada satıcı işləyir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, vəkilin dediklərini təsdiq edir, əlavə olaraq bildirir ki, mübahisəli evi onlar bir yerdə olanda tikmişlər, əlavə tikililər də tikmişlər. İddiaçı ilə bir yerdə yaşadıqları vaxt o da, bağlarda fəhlə işləmiş, birgə qazandıqları pulları olub. Hazırda iddiaçı qardaşlarına məxsus evdə yaşayır. O, isə hazırda mübahisəli evdə yaşayır. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, tərəflər onun həmkəndliləridir. O, 1997-ci ildə həmin kəndə gəlin köçmüşdür. Həmin vaxtdan o, cavabdeh X3 tanıyır. Aybəniz 2003-cü ildə Radiklə qeyri-rəsmi evlənmiş, nikahları isə sonradan rəsmiləşdirilmişdir. Onların toyları da olub, o, Aybənizin toyuna getmiş, toy anasının evində olmuşdur. Mübahisəli ev iddiaçıya məxsus 12 sot torpaq sahəsində deyil, bələdiyyəyə məxsus torpaq sahəsində tikilib. Əvvəllər orada bir balaca ev olub, tərəflər ailə qurduqdan sonra təmir və tikinti işləri aparılıb və evi böyüdüblər. Hətta toydan əvvəl Aybənizin anası “evi təmir etməmiş qızı vermərəm” demişdir. Evin təmirinə Aybənizin valideynləri də kömək etmişlər. Tərəflər ailə qurduqdan 7-8 il sonra həmin evə getmiş, həyətdə tövlə, “naves” tikilmişdir. Ev çiy kərpicdən tikilib. Evin çıxarışı yoxdur. İddiaçı ev tikilmiş torpaq sahəsini almaq üçün bələdiyəyə ərizə ilə müraciət etmiş, sonradan həmin ərizəni geri götürmüşdür. Əgər iddiaçı tələb etsəydi, həmin torpağı ona rəsmi verə bilərdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, cavabdeh Aybəniz onun bacısıdır. Bacısı 2003-cü ildə qeyri-rəsmi olaraq Radiklə ailə qurmuş, nikahı isə 2013-cü ildə rəsmiləşdirmişlər. 2003-cü ildə onlar ailə quranda orada bir otaqlı balaca ev olmuşdur. Sonradan orada ev tikilib, evin tikinti materiallarını o vermiş, valideynləri isə pul vermişdir. Sonra tərəflər bir yerdə yaşadıqları vaxtda orada iki otaqlı, bir eyvanı olan ev tikmişlər. Bacısı Aybəniz ailə qurmamışdan əvvəl onların evində yaşayıb. Aybəniz ərə gedəndə toy da olmuşdur. Həmin yerdə əvvəl bir otaqlı balaca bir ev olub, sonradan ev tikilmiş, mətbəx tikilmiş, dam vurulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, cavabdeh Aybəniz onun baldızıdır. Aybəniz 20 il olar ki, Radiklə ailə qurub. Mübahisəli evi onlar ikisi bir yerdə olanda tikiblər. O, həmin evdə olmuş, əvvəllər evin təmiri olmamışdır. Onlar ailə qurduqdan sonra orada əlavə tikililər aparılıb, təmir işi görülüb, əvvəl isə həmin evdə heç nə olmamışdır. O, həmin evin təmirində iştirak etməmişdir. Həmin ev iki otaqdan və bir eyvandan ibarətdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan JN-481A KOD 30116018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000-ci il tarixli 12/8 saylı qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndi ərazisində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(029)-390/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X4 arasında Qusar rayon Qeydiyyat şöbəsində 19 mart 2013-cü il tarixdə 41 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə X1 nikahları xx.xx.2022-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində ləğv edilmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2022-ci il tarixli 69 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon İHB-nın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2011-2015-ci illərin Köhnə Xudat kəndi üzrə 5 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 464 olan İddiaçı təsərrüfatın xüsusi mülkiyyətində 2003-cü ildə tikilmiş ümumi (yararlı) sahəsi 60 kv.metr, o cümlədən yaşayış sahəsi 30 kv.metr olan yaşayış evinin olduğu qeyd edilmişdir. İşdə olan Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2023-cü il tarixli 3-48-30/RA-1- İ-xx-xx/2023 saylı arxiv arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayon İHBnın Köhnə Xudat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin Köhnə Xudat kəndi üzrə 6 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 537 olan təsərrüfatında İddiaçı təsərrüfatın birinci üzv olduğu göstərilmişdir. İddiaçı özündən başqa həmin təsərrüfatda başqa heç bir üzv qeyd edilməmişdir. İşdə olan Qusar rayon X16ndən verilmiş xx.xx.2022-ci il tarixli 04 saylı məktubdan görünür ki, iddiaçı Köhnə Xudat kənd sakini İlyasbəyovRadik Əli oğlu və onun keçmiş həyat yoldaşı X4 tərəfindən birgə yaşadıqları fərdi yaşayış evi Qusar rayon X16nin mülkiyyətinə aid torpaq sahəsində tikilmişdir. İşdə olan 25 iyul 2022-ci il tarixli X13, X5, X6, Allahverdiyev NəbiXaspalat oğlu, X7 və X15 tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar rayonu Köhnə Xudat kənd sakinləri Cavabdeh və İlyasbəyovRadik Əli oğlu 2003-cü ildə rəsmi nikah qeyd etdirmədənevlənmişlər. Onlar 10 il müddətində faktiki ər-arvad münasibətlərində yaşadıqdan sonra 19 mart 2013-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bundan sonra da onlar halhazıradək birgə nikahda yaşamışlar. Birgə nikahdan Cavabdeh və İddiaçı uşaqları olmamışdır. Cavabdeh və İddiaçı birgə nikahda yaşadıqları müddət ərzində Qusar rayonunun Köhnə Xudat kəndində bir mərtəbəli yaşayış evini tikmişlər və evi təmir edib yaşamaq üçün həmin evə köçmüşlər. Cavabdeh və İlyasbəyovRadik Əli oğlu birgə nikahda yaşadıqları müddət ərzində həmin yaşayış evinə bütün zəruri məişət avadanlıqları, təsərrüfatda istifadə olunacaq alətlər almışlar, habelə təsərrüfatda iribuynuzlu mal-qara və ev quşları yetişdirmişlər. Bundan əlavə Cavabdeh və İlyasbəyovRadik Əli oğlu birgə nikah dövründə “LADA KALİNA” markalı minik avtomaşını almışlar, həmin avtomaşın hal-hazırda İlyasbəyovRadik Əli oğlunun istifadəsindədir.Cavabdeh və İlyasbəyovRadik Əli oğlu uzun illər mehriban yaşasalar da axırıncı 1 il ərzində İlyasbəyovRadik Əli oğlunun Cavabdeh qarşı münasibəti dəyişmiş, evdə onunla dava-dalaş salmağa, onu tez-tez döyməyə başlamışdır. Bu səbəbdən Cavabdeh bir neçə dəfə İddiaçı onu döyməsi faktı ilə əlaqədar Qusar Rayon Polis Şöbəsinə şikayət etmiş, Qusar Rayon Polis Şöbəsi tərəfindən həmin məsələlər araşdırılıb İddiaçı barəsində müvafiq cəza tədbirləri görülmüşdür.Bundan sonra İddiaçı Cavabdeh ayrılmış, birgə nikah dövründə tikdikləri evdən çıxıb valideynlərinin evinə getmişdir. Hal-hazırda həmin evdə Cavabdeh qalmışdır. İddiaçı Cavabdeh ayrılıb həmin evdən çıxarkən özü ilə birgə nikah dövründə aldıqları “LADA KALİNA” markalı avtomaşını, 1 baş cöngəni və həyətdə saxlanılan toyuqların da çox hissəsini aparmışdır.Bundan sonra İddiaçı Cavabdeh ilə olan nikahın pozulması üçün Qusar Rayon Məhkəməsində iddia qaldırmışdır.Cavabdeh hal-hazırda İddiaçı ilə ilə birgə nikahda olduqları müddətdə tikdikləri Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən yaşayış evində yaşayır. Lakin İlyasbəyovRadik Əli oğlu onu həmin evdə yaşamağa qoymur, evin özünə məxsus olduğunu iddia edərək onu evdən qovmaq istəyir. Cavabdeh isə həmin evdən çıxıb getməyə başqa heç bir yaşayış yeri yoxdur. İlyasbəyovRadik Əli oğlu onu dəfələrlə döyərək müxtəlif bədən xəsarətlərini yetirmiş, zorla həmin evdən qovmağa çalışmışdır.Biz təsdiq edirik ki, Cavabdeh və İlyasbəyovRadik Əli oğlunun birgə nikahda olduqları müddətdə tikdikləri Qusar rayonunun Köhnə Xudat kəndində yerləşən yaşayış evi bütünlüklə Cavabdeh zəhməti və vəsaiti hesabına tikilmişdir. Belə ki, birgə nikahda yaşadıqları müddətdə İddiaçı heç yerdə işləməmiş, evə heç bir qazanc gətirməmişdir. Cavabdeh isə Qusar şəhər bazarında ticarət fəaliyyəti ilə məşğul olaraq əldə etdiyi qazancla, həmin evin tikilib təmir edilməsini təmin etmişdir. Həmin evdə olan bütün məişət əşyaları və avadanlıqları, habelə hal-hazırda İlyasbəyovRadik Əli oğlunun istifadəsindəki “LADA KALİNA” markalı minik avtomaşını Cavabdeh vəsaiti hesabına alınmış, təsərrüfatdakı mal- qara, ev quşları Cavabdeh tərəfindən yetişdirilmişdir. Beləliklə, işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi hər hansı hüquq üzrə hər hansı şəxsin, o cümlədən iddiaçının adına dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, həmin fərdi yaşayış evinin iddiaçının 0.12 ha torpaq sahəsində inşa edilməsi də hər hansı mötəbər sübutla təsdiq olunmamış, əksinə Qusar rayonu X16nin xx.xx.2022-ci il tarixli 04 saylı arayışı ilə həmin hal inkar olunmuş, həmin fərdi yaşayış evinin bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsində inşa edildiyi qeyd edilmişdir. Bununla da, həmin fərdi yaşayış evi özbaşına tikinti olmaqla iddiaçının həmin fərdi yaşayış evinə dair mülkiyyət və ya digər əmlak hüquqları yoxdur. Həmçinin, şahid ifadələri ilə müəyyən olunmuşdur ki, həmin fərdi yaşayış evi tərəflərin birgə yaşadıqları dövrdə inşa edilmişdir.Həmçinin iddiaçı özü etiraf edərək bildirmişdir ki, cavabdehlə bir yerdə yaşadıqları vaxtda xərək evi, tövlə və hasar tikintisi olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasəb daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinin hüquqi əsasını mülkiyyət hüququnun müdafiəsi təşkil edir. Lakin, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə dair qanunla qorunmalı olan mülkiyyət hüququ, o cümlədən digər əmlak hüquqları mövcud deyildir və cavabdehin həmin evdə yaşaması iddiaçının hər hansı hüququnu pozmur.(iddiaçının iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir). Bununla da, iddiaçının iddia tələbinin əsası kimi istinad olunmuş hallar məhkəmə iclasında sübuta yetirilməmişdir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının iddia tələbi qanuni və əsaslı sayıla bilməz və bu səbəbdən də iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hərbir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbərtutaraq, məhkəmə QƏT E T D İ : İddiaçı cavabdeh X2 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-178/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-178/2023
07.03.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver