Məhkəmə qərarları › İş №2(029)-198/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-198/2021

03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-198/2021 03.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsmunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh onun tanışıdır və uzun müddət cavabdehlə münasibətləri yaxşı olmuşdur. 2006-cı ildə o, özünə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi axtararkən cavabdeh, onun istədiyi torpaq sahəsini tapa biləcəyini bildirmişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh 100 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini taparaq onun adına rəsmiləşdirməyi öz öhdəliyinə götürmüşdür. Bu səbəbdən o, şahid Əkbər Əliyevin yanında 40000 (qırx min) ABŞ dolları məbləğində pulu Cavabdeh vermiş, bu barədə cavabdeh ona öz xətti ilə yazaraq xx xxxx 2006-cı il tarixli qəbz vermişdir. Həmin vaxtdan sonra mütəmadi olaraq cavabdehdən torpaq sahələrini tələb etdikdə, cavabdeh müxtəlif bəhanələrlə bundan yayınmış, torpaq sahələrini onun adına rəsmiləşdirməmişdir. Cavabdeh hər dəfə ilin sonunadək məsələni həll edəcəyini bildirmiş, təxminən 5 ildir bu cür davam etmişdir. Bundan sonra o, cavabdehdən ona verdiyi 40000 (qırx min) ABŞ dollarını qaytarmasını tələb etmiş, cavabdeh isə torpaq sahələrini rəsmiləşdirəcəyini bildirmiş, 2016-2017-ci illərdə isə 2018-ci ilədək verdiyi pulu qaytaracağını söz vermişdir. Bundan sonra cavabdeh yenə vədinə əməl etməmiş və artıq 2 ildən artıqdır ki, verdiyi pulu qaytarmaqdan yayınır. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin o, iddia müddətini ötürməmişdir, belə ki, cavabdeh 2020-ci ilədək ona torpaq sahələrini satıb pulu qaytaracağını vəd etmiş, hətta cavabdehə torpaq sahələrinin satılması üçün müştərilər belə tapmış, lakin cavabdeh torpaq sahələrini satıb pulu qaytarmaqdan imtina etmişdir. Hazırda Cavabdeh pulun əvəzinə ona 10 hektar torpaq sahəsinin qaytarılmasını söz verir lakin o, cavabdehə inanmır, belə ki cavabdeh onu uzun müddətdir ki, aldadır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar şəhərində yaşayır. İddiaçı onun dostudur və onunla münasibətləri yaxşı olmuşdur. 2005-ci ildə iddiaçının sinif yoldaşı Xuray kənd İcra nümayəndəsi Əkbər Əliyev və keçmiş Yanğın Söndürmə rəisi Qaraxan ona müraciət edərək iddiaçıya 100 hektar torpaq sahəsinin lazım olduğunu bildirmişdir. Bundan əvvəl o, torpaq işlərinin alqısatqısı ilə məşğul olmamışdır. İddiaçı həmin vaxtlarda Qusar rayon Prokurorluğunda təzə işə qəbul olunmuşdu. 2006-cı ilin iyul-avqust aylarında dəqiq tarixi yadında deyil, iddiaçı X1 binasında torpaq sahəsinin alınması üçün ona 40000 (qırx min) ABŞ dolları beh vermişdir, 100 hektar torpaq sahəsinə görə əlavə olaraq ona 168000 (bir yüz altmış səkkiz min) ABŞ dolları verilməsi barədə razılaşmışdır. Həmin vaxt onların yanında heç kim olmamışdır. Razılaşmaya əsasən o, ayrı-ayrı vətəndaşlardan ayrı-ayrı Dövlət Aktlarına əsasən 157 ha torpaq sahəsini almışdır. Lakin iddiaçı həmin torpaq sahələrinin 1 Dövlət Aktında olmasını istəmiş və torpaq sahələrini almaqdan imtina etmişdir. Buna görə də o, həmin Dövlət Aktlarını bir Aktda birləşdirərək yenidən iddiaçıya təqdim etmişdir. İddiaçı 100 hektardan artıq torpaq sahəsini istəməməsini bəhanə gətirərək həmin torpaq sahələrini almaqdan imtina etmişdir. Buna görə, o, iddiaçının verdiyi 40000 (qırx min) ABŞ dolları beh pulunu qaytarmayacağını bildirmişdir. Bundan sonra iddiaçı torpaq sahələrinin mülkiyyətçilərini taparaq, ondan xəbərsiz həmin torpaq sahələrini alqı-satqı yoluyla almışdır. Bir müddət keçdikdən sonra iddiaçı onun barəsində Qusar DTX-yə, Qusar rayon Polis Şöbəsinə, Qusar rayon İcra Hakimiyyətinə şikayət etmişdir. Həmin orqanlar tərəfindən aralarındaki mübahisənin mülki xarakter daşıması bildirilmişdir. Hazırda onun mülkiyyətində Qusar rayonu ərazisində 43.97 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsindən 10 ha hissəsini iddiaçıya, iddiaçı iddianı geri götürdüyü halda verməyə razıdır. Bundan əlavə o, iddiaçıdan 40000 (qırx min) ABŞ dolları məbləğində pulu 2006-cı ildə almışdır, həmin vaxtdan 10 ildən çox vaxt keçmişdir. İddiaçı qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Buna görə də iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsinə dair məhkəməyə yazılı ərizə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qəbzdən görünür ki, Cavabdeh xx xxxx 2006-cı il tarixdə İddiaçı 40000 (qırx min) ABŞ dolları almış, əvəzində ona 100 ha-1700 dollar olmaqla Notariusda qeydiyyata alıb verilməsini təmin etməyi öhdəsinə götürmüşdür. İşdə olan Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı x xxxxxxx 1973-cü il tarixdə Qusar rayonu Xuray kəndində anadan olmuş, hazırda Qusar rayonu Xuray kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE № 14255343 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx xxxx 1964-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı 2006-cı ildə 100 hektar torpaq sahəsinin alınması müqabilində Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pul vermişdir. Lakin Cavabdeh 2020-ci ilədək iddiaçının adına torpaq sahələrini rəsmiləşdirməmiş, həmçinin 40000 (qırx min) ABŞ dollarını qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Bundan başqa, məhkəmə Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizəni müzakirə edərək belə qənaətə gəlir ki, İddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı mütəmadi olaraq hər il cavabdehdən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək torpaq sahəsini adına rəsmiləşdirilməsini tələb etsə də, cavabdeh müvafiq ilin sonunadək həmin öhdəliyi yerinə yetirəcəyinə söz vermişdir. Hətta hazırki məhkəmə iclasında da, cavabdeh mülkiyyətində olan torpaq sahəsindən 10 hektar torpaq sahəsini iddiaçıya verəcəyinə söz verdiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir, iddiaçının hüququ müdafiə olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-i və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə bu normaların tələblərindən çıxış edərək hesab edir ki, Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : İddia təmin edilsin. Cavabdeh 40000 (qırx min) ABŞ dolları məbləğində pul qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar