Məhkəmə qərarları › İş №2(029)-20/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-20/2024

10.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-20/2024 10.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Qusar bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Qusar bələdiyyəsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tutulmuş torpaq sahəsinin buraxılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Qusar bələdiyyəsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı özbaşına tutulmuş torpaq sahəsinin buraxılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 tərəfindən qanunsuz olaraq özbaşına zəbt edilmiş 124 kv.metr və Cavabdeh1 tərəfindən qanunsuz olaraq özbaşına zəbt edilmiş 197 kv.metr Qusar bələdiyyəsinə məxsus torpaq sahələrinin cavabdehlərin öz hesabına buraxılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qusar bələdiyyəsi iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Qusar şəhəri, T.İsmayılov küçəsində 132 və 134 ünvanında yaşamaqla qonşudurlar və onlara məxsus yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinə bitişik olmaqla Qusar bələdiyəsinə məxsus olan 124 kv. metr torpaq sahəsi Cavabdeh2 tərəfindən, 197 kv.metr torpaq sahəsi isə Cavabdeh1 tərəfindən özbaşına olaraq zəbt edilmiş və onlar zəbt etdikləri torpaq sahələrini özəlləşdirmək istədiklərini bildirmişlər. Torpaqayırma işlərinin aparılması üçün cavabdehlərin həmin torpaq sahələrini buraxmaları zəruri olduğuna görə qeyd olunan torpaq sahələrinin buraxılması onlara təklif olunsa da sonuncular bundan imtina etmişlər. Ona görə də cavabdehlərin barəsində qanuni tədbir görülməsi üçün Qusar Rayon Polis Şöbəsinə 23 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Qusar RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Namik Umudov tərəfindən araşdırma aparılmış və xx.xx.2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilməklə cavabdehlərin əməllərində cinayət tərkibi olmadığı üçün bu barədə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə etmiş və izahatında göstərdi ki, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edir və əlavə olaraq bildirir ki, cavabdehlərə məxsus yaşayış evlərinin yerləşdiyi həyətyanı torpaq sahələrinə bitişik olan Qusar bələdiyyəsinə məxsus 124 kv. metr torpaq sahəsi Cavabdeh2, 197 kv.metr torpaq sahəsi isə Cavabdeh1 tərəfindən özbaşına olaraq zəbt edilmişdir. Hazırda cavabdehlər zəbt etdikləri torpaq sahələrini özəlləşdirmək istədiklərini bildirmişlər və həmin sahələrdə ölçmə işləri aparmaqdan ötrü mütəxəssislər gəlsələr də, mübahisə olduğunu bilib ölçmə işləri aparmamışlar. Cavabdehlər tərəfindən həmin yer hasara alınmışdır və həmin hasar açılmalıdır. Torpaqayırma işlərinin aparılması üçün cavabdehlərin həmin torpaq sahələrini buraxmaları zəruri olduğuna görə qeyd olunan torpaq sahələrinin boşaldılması təklif olunsa da, cavabdehlər bundan imtina etmişlər. Ona görə də cavabdehlərin barəsində qanuni tədbir görülməsi üçün Qusar Rayon Polis Şöbəsinə 23 avqust 2022-ci il tarixdə ərizə ilə müraciət olunmuş, lakin cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İş üzrə təyin olunmuş məhkəmə ekspertizası bir daha iddianın əsaslı olduğunu təsdiq etmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərdi ki, onun tərəfindən hər hansı torpaq sahəsi zəbt edilməmiş və hələ 1989-cu ildən onun 0.06 ha torpaq sahəsi olmuş, torpaq sahəsinə kadastr planı tərtib edilmişdir. Həmin dövrə aid sənədlərə əsasən onun istifadəsində zəbt torpaq sahəsi olmamışdır. 2015-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yenidən sənədlər tərtib etmiş və bu zaman onun həyətyanı torpaq sahəsinin bir hissəsi dalan ərazisi kimi göstərilmiş, həmçinin istifadəsində zəbt torpaq sahəsinin olması qeyd edilmişdir. Lakin, o, heç vaxt heç bir torpaq sahəsini zəbt etməmiş, yalnız özünün torpaq sahəsindən istifadə etmişdir. Həmçinin, onun sənədlərində istifadəsində 0.0095 ha zəbt torpaq sahəsinin olduğu qeyd olunsa da, bələdiyyə ondan 0.0124 ha torpaq sahəsini tələb edir. İş üzrə keçirilmiş ekspertizanın rəyini nəzərə alaraq zəbt etdiş olduğu sahəni boşaldılmasına razıdır. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etmiş və izahatında göstərmişdir ki, o, 1960-cı illərdən mübahisəli torpaq sahəsində yerləşən evdə yaşayır. Həmin torpaq sahəsi bibisinin və əmisinin torpaq sahələri ilə yanaşıdır. Həmin torpaq sahəsinin ölçüsü əvvəllər 4 sot olmuş, sonradan artaraq 5 sot olmuşdur. Onlar 5 sot torpağa görə torpaq vergiləri də ödəmişlər. Onun mülkiyyətində olan torpaq sahəsindən əlavə eni 20, uzunluğu 80 sm. olan künc vardır, həmin ərazi daşlıq ərazidir, oranı zəbt etdiyini etiraf edir, buraxmağa razıdır. Həmin ərazini digər Cavabdeh2 ilə aralarında olan mübahisəyə görə indiyədək açıb buraxmamışdır. Belə ki, həmin şəxs iddia etmişdir ki, guya həmin ərazi ona məxsus torpaq sahəsidir. Lakin, ekspertiza zamanı müəyyən olunmuşdur ki, əslində həmin ərazi bələdiyyəyə aid dalan ərazisidir və hər ikisi istifadə edə bilərlər. Bundan başqa, onun evinin bir hissəsi zəbt etdiyi torpaq sahəsinə düşür, həmin hal nəzərə alınmalıdır. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Seriya RX ******* saylı ********** qeydiyyat nömrəli xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ¼ hissədə Cavabdeh2 və ¾ hissədə X1 adlarına qeydiyyata alınmışdır. İşdə olan ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.04 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasının 07 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/8061 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Faiq Seyidov mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh1 məxsus olan Qusar şəhəri, T.İsmayılov küçəsi 134 saylı ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.04 ha həyətyanı torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənədə uyğundur. Cavabdeh1 faktiki istifadəsində mülkiyyətindəki torpaq sahəsindən əlavə Qusar bələdiyyəsinin mülkiyyətinə məxsus 0.0197 ha torpaq sahəsi vardır, həmin 0.0197 ha torpaq sahəsi Cavabdeh1 faktiki istifadə etdiyi torpaq sahəsinin cənub-şərq tərəfində yerləşir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh2 və X2 məxsus olan, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənədə uyğundur. Cavabdeh2 faktiki istifadəsində mülkiyyətindəki torpaq sahəsindən əlavə Qusar bələdiyyəsinin mülkiyyətinə məxsus 0.0124 ha torpaq sahəsi vardır, həmin 0.0124 ha torpaq sahəsi Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinin cənub-şərq tərəfində yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 13-cü maddəsinin 2-ci hissəsinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, həqiqətən də, Cavabdeh2 ünvan 2 ünvanda yerləşməklə özünə məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən əlavə Qusar bələdiyyəsinin mülkiyyətinə aid olan 124 kv.metr torpaq sahəsini, Cavabdeh1 isə ünvan 3 ünvanda yerləşməklə özünə məxsus olan fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən əlavə Qusar bələdiyyəsinin mülkiyyətinə aid olan 197 kv.metr torpaq sahəsini özbaşına tutmaqla bələdiyyənin iradəsinə zidd olaraq istifadə edirlər. Bununla da, həmin şəxslər iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşlar. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh2 tərəfindən özbaşına tutulmuş, ünvan 4 ünvanda faktiki istifadəsində olan torpaq sahəsinin cənub şərq tərəfində yerləşən 124 kv.metr torpaq sahəsi Cavabdeh2 öz hesabına, Cavabdeh1 tərəfindən özbaşına tutulmuş, ünvan 5 ünvanda faktiki istifadəsində olan torpaq sahəsinin cənub şərq tərəfində yerləşən 197 kv.metr torpaq sahəsi Cavabdeh1 öz hesabına boşaldılmalı və həmin torpaq sahələri Qusar bələdiyyəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən özbaşına tutulmuş, ünvan 4 ünvanda faktiki istifadəsində olan torpaq sahəsinin cənub şərq tərəfində yerləşən 124 kv.metr torpaq sahəsi Cavabdeh2 öz hesabına buraxılsın və həmin torpaq sahəsi Qusar bələdiyyəsinə qaytarılsın. Cavabdeh1 tərəfindən özbaşına tutulmuş, ünvan 5 ünvanda faktiki istifadəsində olan torpaq sahəsinin cənub şərq tərəfində yerləşən 197 kv.metr torpaq sahəsi Cavabdeh1 öz hesabına buraxılsın və həmin torpaq sahəsi Qusar bələdiyyəsinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar