Məhkəmə qərarları › İş №2(029)-211/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-211/2022

02.03.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-211/2022 02.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X25ə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X25ə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X21 hüquq məsləhətçisi vəzifəsinə işə bərpa olunmağına və məcburi iş buraxma müddəti üçün, yəni 28 avqust 2018-ci il tarixindən hal-hazıradək olan dövr üçün əmək haqqının alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 01 iyun 2015-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X21 hüquq məsləhətçisi vəzifəsində işləmişdir. “Qusar Rayon Mərkəzi Xəstəxanası” X23 üzrə verilmiş 28 avqust 2018-ci il tarixli 866-K saylı əmrinə əsasən o, 28 avqust 2018-ci il tarixdən həmin vəzifədən azad edilmişdir. O, işdən azad olunmağını qeyri-qanuni hesab edir, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 28 avqust 2018-ci il tarixli 866-K saylı əmrini qanunsuz hesab edir və ona görə də o, tutduğu vəzifəyə, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X21 hüquq məsləhətçisi vəzifəsinə işə bərpa olunmalıdır. Belə ki, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 keçmiş direktoru X5 cavabdeh təşkilatın rəhbərliyinə gəldiyi gündən onunla yola getməmiş, onu, özünün xəstəxanada gördüyü qanunsuz işlərə təhrik etməyə çalışmış, onun qanunsuz işlərə baş qoşmadığını gördükdən sonra isə onunla açıq surətdə düşmənçilik etməyə, ona qarşı qərəzli hərəkətlər etməyə başlamışdır. X5 hələ 2017-ci ildə onu işdən çıxartmaq istəmiş, o, məzuniyyətdə olduğu zaman kabinetinin kilidini dəyişərək məzuniyyətdən qayıtdıqdan sonra onu kabinetinə buraxmamış, kabinetin və kreslonun pulu olaraq ondan 500 manat rüşvət tələb etmişdir. O, X2 bu qanunsuz hərəkətlərindən yuxarı orqanlara çoxsaylı şikayətlər etdikdən sonra X5, onu həmin vaxt iş otağına buraxmışdır. 28 avqust 2018-ci il tarixdə isə cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 keçmiş direktoru X5 ona hədə-qorxu gələrək, onun üstünə böhtan atmaqla tutduracağı ilə qorxudaraq ondan işdən çıxmaq barədə ərizə almış və onu guya öz ərizəsinə əsasən işdən azad etmişdir. İşdən çıxarıldıqdan sonra o, ciddi stress keçirmiş, əsəbləri pozulmuş, sağlamlıq durumu pisləşmişdir. Ötən müddət ərzində o, X2 ona qarşı etdiyi qanunsuz əməllərindən, onu qanunsuz olaraq işdən çıxarmasından Azərbaycan Respublikasının Prezidentindən başlayaraq bütün yuxarı instansiya orqanlara şikayətlər yazmışdır. Həm də, həmin müddət ərzində o, aylarla xəstəliyilə əlaqədar müalicədə olmuşdur. Bu səbəbdən məhkəməyə müraciət etməmişdir. X5 ona və onun kimi bir çox işçilərə qarşı elədiyi çoxsaylı qanunsuz hərəkətlərinin qurbanı olmuş, 19 oktyabr 2021-ci il tarixdə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 həkim stomatoloqu X9 dövlət tərəfindən havayı verilməli olan stomatoloji ləvazimatlara görə 1000 manat rüşvət alarkən Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanmışdır. Hal-hazırda X5 həmin cinayətə və bir çox başqa cinayətlərə görə həbsdədir və barəsində istintaq davam edir. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X15 etdiyi çoxsaylı müraciətlərinə baxmayaraq onu işə qəbul və işdən çıxarma əmrlərin surətlərini və aldığı əmək haqqı barəsində arayış verməkdən imtina etmişdir. Halbuki Əmək Məcəlləsinin 88-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X19 qanunsuz olaraq işdən çıxartdığı üçün o, məcburi işburaxma üzündən aldığı əmək haqqından məhrum olmuşdur. Artıq 3 ildən artıq müddətdir ki, o, cavabdehin təqsiri üzündən aldığı əmək haqqısından məhrum olmuşdur. Ona görə də cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X18 28 avqust 2018-ci il tarixindən hal-hazıradək olan dövr üçün, məcburi işburaxma müddəti üçün əmək haqqı alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsindəki halları təsdiq edərək izahatında bildirmişdir ki, o, ali təhsilli olmaqla Rusiya Federasiyasının YUJDAQ Universitetinin hüquq fakultəsini bitirmişdir. Hüquqşunas kimi hüquq və vəzifələri yaxşı bilir və başa düşür. 2012-ci ildə X5 özü ona iş təklif etmiş, Köhnə Xudat KHM-da fəhlə işinə təyin olunmuş, 2 ildən sonra Qusar rayon X8 məsləhətçisi işinə qəbul etmişdir. İşlədiyi müddət ərzində, Mübariz Zeynaov onu qanunsuz işlərə təkid etmiş, hər gün aralarında mübahisə yaranmışdır. O, məzuniyyətdə olanda Rusiya Federasiyasında olmuş, məzuniyyət bitməsinə 10 gün qalmış, Mübariz Zeynalov onun otağını başqa şəxsə satmışdır. O, dərhal işə qayıtmış və Mübariz Zeynalovun yanına getmiş, Mübariz Zeynalov həmin otağa və kresloya görə ondan 500 manat pul istəmişdir. Bununla əlaqədar o, Qusar rayon İcra Hakimiyyəti aparatına müraciət etmiş, bundan sonra Mübariz Zeynalov məcbur olub otağı ona qaytarmışdır. Mübariz Zeynalovun qanunsuz hərəkətlərindən məcbur qalaraq o, işdən çıxmışdır. Bundan sonra o, Prezident Aparatına, X13 müraciətlər etmiş, bundan sonra Mübariz Zeynalov onu işə götürəcəyinə vəd verərək aldatmış, sonradan vədinə əməl etməmişdir. İşdən çıxması barədə əmri bu günə kimi almamışdır. 28 avqust 2018-ci ildə ərizə ilə müraciət edərək işdən çıxmışdır. Əmək kitabçası həmin vaxt ona təhvil verilmişdir. Mübariz Zeynalov onu dəfələrlə ölümlə hədələmiş, Mübariz Zeynalovun adamları dəfələrlə onu maşınla vurmaq istəmişdir. Mübariz Zeynalovun bu hərəkətləri barədə şifahi müraciətlər olunmuş, lakin onun şifahi müraciətlərinə heç kim baxmamış, hüquq mühafizə orqanlarına Mübariz Zeynalovun hərəkətləri barədə yazılı şikayət etməmişdir. İşdən çıxması barədə ərizə yazdıqdan bir müddət sonra, peşmançılıq ərizəsini yazıb Mübariz Zeynalova təqdim etmiş, lakin o, həmin ərizəni qeydiyyata salmamış, ona həmin ərizəni göstərərək “görürsən sənin ərizəndir” demişdir. O, peşmanlıq ərizəsini poçt vasitəsi ilə Mübarizə göndərməkdən qorxmuşdur. İşdən çıxması barədə ərizə yazdıqdan 1 ay sonra o, xəstə olmuş, ciddi stress keçirmiş, evdə müalicə almışdır. Bu barədə heç bir rəsmi sənədi yoxdur. 1 ildən sonra isə Nəsrəddin Tusi adına Klinikada nevroz xəstəliyindən müalicə almışdır. Həmçinin, həmin vaxt anası Qusar rayon Mərkəzi Xəstəxanasında 7 dəfə əməliyyat olunmuş, sonuncu dəfə OKİ özəl tibb klinikasında əməliyyat olunmuşdur. Mübariz Zeynalov yaxşı insan olmadığından onunla işləmək çox çətin olmuşdur. İşdən çıxarkən o, son haqq-hesabları almamış, yalnız əmək kitabçası ona təqdim olunmuşdur. Bir neçə dəfə məzuniyyətlərdə və ezamiyyətlərdə olmuşdur. Anası xəstə olduğuna görə, işə çıxa bilməmiş, buna görə də Mübariz Zeynalov ona töhmət vermişdir. İddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə əlaqədar bildirir ki, işdən çıxması barədə əmr ona təqdim olunmamış, əmr təqdim olunduqdan 1 ay ərzində onun şikayət etmək hüququ vardır. Əmək kitabçası ona təqdim ediləndə o, işdən çıxarıldığını bilmişdir. İşdən çıxdıqdan bir müddət sonra hüquq məsləhətxanası açmış və orada işləmiş, lakin Mübariz Zeynalov oraya gələrək onu incitmiş və onu işləməyə qoymamışdır. Buna görə də, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X22 nümayəndəsi və vəkili X6 iddianı qəbul etməyərək, məhkəməyə ərizə təqdim edərək izahatında göstərmişdir ki, İddiaçı 28.08.2018-ci il tarixdə öz ərizəsinə əsasən işdən çıxmışdır. Ərizə yazdığı bir ay müddət ərzində, ərizənin geri götürülməsi barədə müraciət etməmiş, bu da onun işdən çıxmağına razı olduğunu göstərir. Mübariz Zeynalov və onun adamlarının iddiaçını öldürtməklə hədələməsinin bu işə heç bir aidiyyəti yoxdur, ümumi deyilmiş sözlərdir. İddiaçının bu barədə müvafiq hüquq mühafizə orqanlarına şikayət etmək hüququ vardır. Lakin, iddiaçının özünün də dediyinə görə, belə şikayətlər halhazıra kimi olmamışdır. Bundan başqa, iddiaçı məhz özünün ərizəsinə əsasən 28.08.2018-ci il tarixdə işdən azad olunmuşdur. Əgər iddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi hər hansı təsirə və ya təzyiqə məruz qalmışdırsa, o, işdən çıxma barədə ərizəni verdikdən sonra həmin ərizənin ləğv edilməsi və ya etibarsız hesab edilməsi barədə yeni bir ərizə ilə müraciət edə bilərdi, ərizəni poçt vasitəsi ilə də göndərə bilərdi. Lakin, iddiaçı həmin müddət ərzində belə bir ərizə verməmişdir. İddiaçının xəstə olması barədə dəlilləri də əsassızdır, həmin şəxs yalnız işdən çıxdığı vaxtdan bir ildən artıq müddət keçdikdən sonra həkimə müraciət etmişdir. Ona görə də, hesab edir ki, iddia əsassızdır, iddiaçının işdən çıxarılması barədə əmr qanuni və əsaslı olmuşdur. Xanlar Aydınbəyov həmçinin məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr 28.08.2018-ci il tarixdə qəbul edilmiş, həmin vaxtdan 3 ildən artıq müddət keçmişdir. Bununla da, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. İddiaçı hüquqşunasdır, bütün bunları yaxşı bilir. Odur ki, iddia əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Mərkəzi Xəstəxanasının 01 dekabr 2012-ci il tarixli 427 saylı əmrindən görünür ki, İddiaçı 01.12.2012-ci il tarixdən ƏM-nin 44 maddəsinə əsasən əmək müqaviləsi bağlanmaqla 1 ştat vahidi ilə Köhnə Xudat KHM-da fəhlə işinə təyin olunmuşdur. İşdə olan 01 dekabr 2012-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Köhnə Xudat KHM-da fəhlə işinə təyin olunmuşdur. İşdə olan 01 iyun 2015-ci il tarixli 540 saylı əmrdən görünür ki, Köhnə Xudat KHMnin fəhləsi İddiaçı 01.06.2015-ci il tarixdən işdən azad edilərək 2 ay sınaq müddəti ilə əmək müqaviləsi bağlanılmaqla MRX-da vakant olan 1 ştat vahidi Hüquq məsləhətçisi vəzifəsinə təyin edilmişdir. İşdə olan 01 iyun 2015-ci il tarixli əmək müqaviləsinə və əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Qusar rayon X8 Məsləhətçisi vəzifəsinə işə götürülmüşür. İşdə olan “Qusar Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş 05 yanvar 2022-ci il tarixli 04/01-22 saylı arayışdan görünür ki, İddiaçı həqiqətən 01.12.2012-ci il tarixdən 427 saylı 01.12.2012-ci il tarixli əmrlə Qusar rayon X12 Xudat kənd həkim məntəqəsində fəhlə işinə təyin edilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının 540 saylı 01.06.2015-ci il tarixli əmri ilə 01.06.2015-ci il tarixdən həmin xəstəxananın hüquq məsləhətçisi vəzifəsinə keçirilmişdir. Qusar rayon Mərkəzi Xəstəxanasının 866-K saylı 28.08.2018-ci il tarixli əmri ilə 28.08.2018-ci il tarixdən həmin vəzifədən azad edilmişdir. İşdə olan İddiaçı Qusar rayon Mərkəzi Xəstəxanasının baş həkimi X3 ünvanlanmış 28.08.2018-ci il tarixli ərizəsindən görünür ki, o, 28.08.2018-ci il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan Qusar rayon Mərkəzi Xəstəxanasının 28.08.2018-ci il tarixli 866-k saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrindən görünür ki, 28.08.2018-ci il tarixdən MRX-nın hüquq məsləhətçisi İddiaçı ilə bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69.3 maddəsinə əsasən xitam verilmişdir. İddiaçı son haqq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilməsi qərara alınmışdır. Həmin əmrə qələm vasitəsi ilə edilmiş qeyddən görünür ki, İddiaçı 28.08.2018-ci il tarixdə əmək kitabçasını aldığını qeyd etmişdir. İşdə olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilmiş 19 dekabr 2021-ci il tarixli PHŞ/1-2-2021-34985 saylı məktubdan görünür ki, “Qusar Rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilən müvafiq məlumatda tibb müəssəsinin direktorunun 28.08.2018-ci il tarixli 866-K nömrəli əmri ilə ərizəyə əsasən 28.08.2018-ci il tarixində İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi bildirilmişdir. Eyni zamanda qeyd edilir ki, yenidən işə qəbul olunmaq müvafiq tibb müəssisəsi tərəfindən məqsədəuyğun hesab edilmədiyi üçün köməklik göstərilməsi mümkün olmamışdır. İşdə olan 09.07.2018-ci il tarixli 601-K saylı Qusar rayon X4 surətindən görünür ki, 04 və 05 iyul 2018-ci il tarixdə üzürsüz səbəblərdən işdən yayınaraq əmək vəzifəsini kobud şəkildə pozduğuna görə hüquq məsləhətçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186 maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. İşdə olan 05.07.2018-ci il tarixli Qusar RMS-sı əməkdaşlar Məhsimov R.R, İbrahimova Ə.V, Ağarəhimova R.T, tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar RMX-si üzrə işçilərin işə davamiyyətini öyrənmək məqsədi ilə 05.07.2018-ci il tarixdə 09:20 saatdan axşama kimi hüquq məsləhətçisi İddiaçı işdə olmamışdır. İşdə olan 04.07.2018-ci il tarixli Qusar RMS-sı əməkdaşlar Məhsimov R, Babayeva G, Ağarəhimova R, tərəfindən tərtib olunmuş aktdan görünür ki, Qusar RMX-si üzrə işçilərin işə davamiyyətini öyrənmək məqsədi ilə 04.07.2018-ci il tarixdə 09:30 radələrində hüquq məsləhətçisi iş yerində tapılmamış və iş vaxtının sonuna kimi iş yerinə qayıtmamışdır. İşdə olan X7 06.07.2018-ci il tarixli izahatının surətindən görünür ki, o, 05.07.2018ci il tarixdə səhər işə gəldiyini, saat 09:30-da prokurorluğa getmək üçün işdən çıxdığını, lakin yolda halı pisləşdiyi üçün evə getməli olduğunu, təzyiqi qalxdığını, 06.07.2018-ci il tarixdə də halı yaxşı olmadığından işə gələ bilmədiyini bildirmiş, üzürlü hesab olunmasını xahiş etmişdir. İşdə olan Nəsrəddin Tusi adına Klinikadan verilmiş MR3 saylı 28.11.2019-cu il tarixli xəstəlik haqqında arayışdan görünür ki, İddiaçı baş beynin hər iki yarımkürəsində frontal payların subkorteksində tək-tək fokal gliotik ocaqlar vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 83-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin həmin Maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, Qusar rayon Mərkəzi Xəstəxanasının hüquq məsləhətçisi vəzifəsində işləmiş İddiaçı 28 avqust 2018-ci il tarixdə ərizə yazaraq həmin tarixdən işdən azad olunmasını xahiş etmiş və həmin xəstəxananın həmin tarixdə qəbul etdiyi 866-K saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmin tarixdə İddiaçı həmin əmrlə tanış edilməklə əmrin surəti ona təqdim edilmiş, həmçinin əmək kitabçası həmin şəxsə təhvil verilmişdir. Bununla da, əmək müqaviləsi işçi İddiaçı özü tərəfindən onun iradəsinə əsasən ləğv edilmiş və həmin vaxt işəgötürən Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindən Əmək Məcəlləsinin hər hansı tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmamışdır. İddiaçı həmin ərizəni təsir və təzyiq altında yazdığını göstərsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan başqa, İddiaçı işdən azad olunduqdan sonra hər hansı qanun pozuntuları ilə bağlı müvafiq səlahiyyətli orqanlara müraciət etməmiş, özünün işdən azad olunma barədə ərizəsinin geri götürülməsi və ya etibarsız hesab olunması barədə işəgötürənə yeni ərizə verməmiş, hüquqşünas olmaqla hüquqlarını yaxşı bilmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan başqa, Əmək Məcəlləsində fərdi əmək mübahisələri üzrə 1 ay qısaldılmış iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 28 avqust 2018-ci il tarixdə tutduğu vəzifədən azad olunarkən həmin gün əmək müqaviləsinə xitam verilməsi barədə əmrə imza etməklə əmək kitabçasını götürməklə, həmin gün əmək hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 3 il 4 ay keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətini xəstəliyi ilə əlaqədar ötürməsi barədə dəlillərini isə məhkəmə qəbul etmir. Belə ki, İddiaçı işdən azad olunduğu vaxtdan təxminən 1 il müddət keçdikdən-yəni artıq iddia müddəti ötürüldükdən sonra xəstəliyi ilə əlaqədar tibb müəssisəsinə müraciət etmiş, həmin vaxta qədər onun hər hansı ağır xəstəlikdən əziyyət çəkməsi barədə isə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və həm də həmin əsasa görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı qızının “Qusar rayon Mərkəzi Xəstəxanası” X25ə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X25ə qarşı işə bərpa olunmasına və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar