Məhkəmə qərarları › İş №2(029)-213/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-213/2022

16.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-213/2022 16.03.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququ itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən onun yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, 2005-ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsini bağlamaqla ünvan 1 ünvanda yerləşənyaşayış evini və həyətyanı torpaq sahəsini Cavabdeh1 almışdır. Cavabdeh2 Cavabdeh1 doğma qızıdır. Cavabdeh1 həmin yaşayış evini və həyətyanı torpaq sahəsini ona satdıqdan sonra özü və digər cavabdeh, yəni qızı Cavabdeh2 oradan çıxıb getmişlər. 2005-ci ildən etibarən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə yaşamamışlar. Həmin yaşayış evində o, qızı X10 və onun uşağı X2 qeydiyyatda olmaqla faktiki yaşayırlar. Artıq 16 ildir ki, Cavabdeh1 həmin yaşayış evini ona satıb çıxıb getmişdir. Lakin, Cavabdeh1, habelə onun qızı iş üzrə digər Cavabdeh2 həmin evdə qeydiyyatda qalmışlar. O, cavbdehlərə yaşayış evindən qeydiyyatdan çıxmaları barədə xəbər göndərsədə, onlar könüllü olaraq onun evindən qeydiyyatdan çıxmaq istəmirlər. Yuxarıda qeyd etdiyi kimi, ünvan 2 ünvanda yerləşən yaşayış evini və həyətyanı torpaq sahəsini cavbdeh Cavabdeh1 2005ci il tarixdə notarial qaydada alqı-satqı müqaviləsini bağlamaqla almışdır. Artıq 16 ildən çoxdur ki, cavabdehlər həmin evdə yaşamırlar. Onlar həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarını çoxdan itirmişdirlər. 2005-ci ildə, yəni həmin yaşayış evini aldığı zaman, qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Şəxsin müəyyən edildikdən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı müdafiə etdiyini, səhhəti ilə əlaqədar 16 mart 2022-ci il tarixə saat 10:00-a təyin olunmuş məhkəmə iclasına gələ bilmədiyini göstərərək işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək iddianı qəbul etdiyini, iddiaçıya məxsus ünvan 3 ünvanda yerləşən evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qeydiyyatda olduğu yuxarıda göstərilən ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi və çağırış vərəqəsi göndərilməsinə baxmayaraq həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan 30.03.2021-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 29 aprel 2021-ci il tarixli 952 saylı arayışdan görünür ki, ünvan 2 evdə aşağıdakı vətəndaşlar qeydiyyatdadır. 1. Cavabdeh1-01.10.1947 il. 2.İddiaçı-xx.xx.1954 il. 3. Cavabdeh2-11.01.1977 il. 4. X10-31.03.1986 il. 5.X2- 26.08.2008 il. İşdə olan “elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan 29.04.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 5 ünvanda 31.03.1986-cı il təvəllüdlü X10, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı, xx.xx.1947-ci il təvəllüdlü Cavabdeh1, 11.01.1977-ci il təvəllüdlü Cavabdeh2 və 26.08.2008-ci il təvəllüdlü X2 qeydiyyatdadırlar. İşdə olan 04.05.2021-ci il tarixli X8, X3, X6 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar şəhəri, M. Həsrətov küçəsi 35 saylı ev bildiklərinə görə 2005-ci il tarixindən Cavabdeh1 İddiaçı satmış və həmən tarixdən Cavabdeh1 sözügedən ünvanda yaşamır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli 989 saylı arayışdan görünür ki, Cavabdeh1 Qusar şəhəri M.Həsrətov (köhnə M.Ə.Sabir) küçəsi ev 35-də 2005-ci il tarixdən yaşamır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evdə qeydiyyatdadırlar, lakin 2005-ci ildən Cavabdeh1 həmin evi İddiaçı satmışdır. Cavabdehlər 2005-ci il tarixdən həmin evdə yaşamırlar və onların həmin evə olan qeydiyyatı formal xarakter daşıyır. Həmin şəxslərə məxsus həmin ünvanda uzun müddətdir ki, heç bir əmlak yoxdur, onların başqa daimi yaşayış yeri vardır. Bununla da, həmin şəxslərin həmin ünvana olan qeydiyyatı uzun müddətdir ki, formal xarakter daşıyır, faktiki olaraq isə həmin evə dair istifadə hüquqlarını itirmişlər. Cavabdehlərin həmin ünvana formal qeydiyyatı isə iddiaçının həmin evə dair mülkiyyət hüququnu pozur, evə dair sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, cavabdehlər mübahisəli evi 2005-ci ildən iddiaçıya sataraq tərk etdiyindən və həmin vaxtdan özlərinə başqa daimi yaşayış yeri seçdiyindən, həmin şəxslərin əvəzinə iddiaçı əlavə kommunal xərclər ödədiyindən hazırkı mübahisəyə həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. «Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının 30 iyun 2009-cu il tarixli qanunu ilə qüvvədən düşmüş Azərbaycan Respublikasının 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 60-cı maddəsinin 5-ci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Həmin Məcəllənin 60-cı maddəsinin 6-cı hissəsinə əsasən şəxsin, müəyyən etdiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 132-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar yaşayış sahəsindən istifadə və kommunal xidmətlər üçün müntəzəm surətdə haqq vermədiyi, icarədarın və onun ailə üzvlərinin bu Məcəllənin 60-cı maddəsində göstərilən müddətlərdən artıq başqa yerə getdiyi hallarda, eləcə də bu Məcəllənin 97-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsaslara görə ev mülkiyyətçisi icarə müqaviləsinin pozulmasını tələb etmək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1 və 5-ci bəndlərinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 uzun müddətdir ki, İddiaçı məxsus mübahisəli evdə yaşamadıqlarından, həmin evdə onlara məxsus heç bir əmlaklar olmadığından, onların formal olaraq pasport qeydiyyatında qalması mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozduğundan və evə dair mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik törətdiyindən onların ünvan 2 ünvanda yerləşən yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar