Məhkəmə qərarları › İş №2(029)-215/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-215/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-215/2024 23.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 7500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2023-cü ilin yanvar ayında Cavabdeh ondan 8000 (səkkiz min) manat pul almış, həmin pul müqabilində X4 adına bitkoin növündə kripto valyuta alacağını, həmin kriptovalyutanın bir ay ərzində X5 50.000 (əlli min) manat gəlir gətirəcəyini demiş, bundan əlavə ondan aldığı 8000 (səkkiz min) manat pulu da həmin bir ay müddətinin sonunda nağd olaraq ona qaytaracağını bildirmişdir. Lakin, ondan 8000 (səkkiz min) manat pul almasından 7-8 ay vaxt keçməsinə baxmayaraq Cavabdeh onun adına bitkoin və ya digər növdə hər hansı kriptovalyuta almamış, kriptovalyutadan əldə ediləcək gəlirlərdən hər hansı bir məbləğdə gəliri ona verməmiş, ondan aldığı 8000 (səkkiz min) manat pulu da geri qaytarmamışdır. O, cavabdehdən alınan pulların geri qaytarılması üçün dəfələrlə Cavabdeh müraciət etmişdir. Lakin cavabdeh, ona hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. Onun şikayəti Qusar rayon Polis Şöbəsinin İB-də araşdırılan dövrdə Cavabdeh tərəfindən ona 500 (beş yüz) manat qaytarılmış, qalan məbləğlər isə bu günədək qaytarılmamışdır. Hesab edir ki, Cavabdeh ondan aldığı pulları qaytarmamaqla və özündə saxlamaqla cavabdehin onun qarşısında pul öhdəliyi var, onun cavabdehdən 7500 manat məbləğində pulu tələb etmək hüququ vardır. Odur ki, Cavabdeh 7500 manat məbləğində pul vəsaiti, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 95 manat tutularaq ona qaytarılmalıdır. Bundan başqa iddiaçılar İddiaçı və X3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində pul vəsaiti, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Cəlil oğluna, Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçıl Xəlil oğlunun və X1 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia “Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X2 verilməsi” tələbi hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən tələb etdiyi 8000 (səkkiz min) manat məbləğində pulu özü Xidirov Nazimin adına açdığı saytla "İNSTPOVER” saytına köçürmüş, sadəcə o, onlara sayt açmağına kömək etmişdir. Bundan əlavə onlara izah etmişdir ki, pulların qaytarılmasına zəmanət verə bilməz, sonradan problem olmasın, qarşı tərəfi tanımır və bütün əməliyyatlar internet vasitəsilə həyata keçirilir.İddiaçı tələb etdiyi 8000( səkkiz min) manat pul məbləği dəqiq deyil,yalandır və böhtan xarakterlidir. İddiaçı pulu hissə-hissə qaytarmışdır: 700(yeddi yüz) manat, 700 (yeddi yüz) manat,300(üç yüz) manat, 800 (səkkiz yüz) manat,500 (beş yüz) manat, 170 ( bir yüz yetmiş) manat, 50(əlli) manat, cəmi:3.220manat məbləğində pulu qaytarmışdır və bu məbləğ Qusar RPŞ-də araşdırma zamanı öz izahatı ilə təsdiq etmişdir. Həmin sayt sonradan bağlanılıb və o, da bu dələduzların qurbanı olmuşdur, 5000 (beş min) manat məbləğində ziyana düşmüş və Qusar RPŞ-də həmin faktla bağlı araşdırma aparılır. Bununla da aydın olur ki, iddiaçının iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçıların öz şəxsi fikirləridir və məhkəmə tərəfindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, 2023-cü ilin yanvar ayında cavabdeh ondan kriptovalyuta oyunları oynadığına görə 200 manat pul almışdır. Cavabdeh ona aldığı pulun 2-3 qatını fevral ayının sonuna kimi qaytaracağını bildirmişdir. Sonrada cavabdeh ondan yenə 2000 manat pul istəmişdir. O, ümumilikdə cavabdehə 8000 manat pul vermişdir. O, həmin puldan 2000 manatı cavabdehin kartına atmış, qalan 6000 manatı nəğd şəkildə iddiaçıya vermişdir. O, həmin puldan 500 manatı polis şöbəsində cavabdehin xeyrinə imtina etmişdir. Sonradan cavabdeh vəd etdiyi 7500 manatı qaytarmadığına görə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdehin etiraf ərizəsində qeyd olunan 6600 manatın ona qaytarılmasına razıdır. O, cavabdehdən 6600 manat tələb edir, qalan məbləği isə tələb etmir. Cavabdeh iddianı qismən qəbul etmiş, izahatında bildirmişdir ki, o, iddiaçıdan ümumilikdə 6600 manat pul almışdır. O, həmin puldan 1000 manatı iddiaçıya verilməsi üçün kənd bələdiyyəsi sədrinin vasitəsi ilə qaytarmışdır. Bu barədə qəbz və yaxud başqa bir sübutu yoxdur. Bundan başqa iddiaçının kartına 500 manat göndərmişdir. İddiaçıya 1000 və 500 manat qaytarması barədə sənəd, sübut təqdim edə bilmir, bu barədə onun heç bir sübutu yoxdur. Cavabdeh məhkəməyə yazılı qaydada ərizə təqdim edərək iddiaçıdan 6600 manat pul aldığını etiraf etmişdir. İddianın qismən təmin edilməsinə razıdır. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan 02 avqust 2023-cü il tarixli Qusar RPŞ-dən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Gican kəndində qeydiyyatda olan və yaşayan İddiaçı Qusar RPŞ-nə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar-fevral aylarında Qusar rayonu Gican kənd sakini Cavabdeh onun üçün kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə hissə-hissə ümumilikdə 8000 manat pul verdiyini, lakin Cavabdeh vədinə əməl etmədiyini,verdiyi pulu geri qaytarmayaraq onu aldatdığını bildirmişdir. Həmin məlumat xx.xx.2023-cü il tarixdə HK-1/556 sayı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Gican kənd sakini Cavabdeh 2023-cü ilin yanvar ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda həmkəndliləri X6, X3 və İddiaçı müvafiq olaraq 6300, 2500 və 7750 manat məbləğində pulları borca alıb, həmin pulları kriptovalyuta bitkoin almaq üçün xərcləmişdir. Bundan sonra Cavabdeh həmkəndlisi Nəsimi Məlikova 1500 manat, İddiaçı isə 500 manat pulu qaytarmış, qalıq qalan pulları ilə maddi vəziyyəti zəif olduğu üçün qaytara bilməmişdir. Qusar rayonu Gican kənd sakinləri X6, X3 və İddiaçı ərizələri əsasında toplanılmış material üzrə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş. X6, X3 və İddiaçı Qusar rayon sakini Cavabdeh qarşı borc pulun geri qaytarılmasına dair tələbi mülki mübahisəli olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh iddiaçıdan 6600 manatı kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə pul götürmüş, ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh məhkəmə iclasında İddiaçı 6600 manat pul aldığını etiraf etmiş, İddiaçı həmin etirafı qəbul etmiş, Cavabdeh iddia ərizəsində qeyd etmiş olduğu pulu deyil, 6600 (altı min altı yüz) manat tələb etdiyini bildirmişdir. Cavabdeh məhkəməyə yazılı qaydada ərizə təqdim edərək iddiaçıdan 6600 manatı qəbul etdiyini etiraf etmişdir. Azərbaycan Respublikası MPM-nin 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh izahatında göstərdiyi iddiaçıya 1500 manatı qaytarması dair sübut təqdim etmədiyindən məhkəmə cavabdehin izahatının həmin hissəsini inandırıcı hesab etmir. Belə ki, cavabdeh özü etiraf edərək bildirmişdir ki, iddiaçıdan 6600 manat pul alıb. Bu işin mübahisə olunmayan halıdır. Cavabdeh 1500 manatı iddiaçıya qaytarması barədə yazılı qəbz, sənəd, mötəbər sübut təqdim etsə idi, məhkəmə həmin halda da cavabdehin xeyrinə qərar qəbul edə bilərdi. Lakin həmin hala dair mötəbər sübut cavabdeh tərəfindən təqdim edilmədiyindən və iddiaçıdan 6600 manat pul qəbul etdiyini etiraf etdiyinə görə məhkəmə hesab edir ki, cavabdehin etiraf ərizəsində göstərdiyi kimi 6600 manat pul iddiaçıya verilməlidir. Həmçinin Cavabdeh etiraz ərizəsində göstərdiyi hallara dair məhkəməyə sübut, dəlil təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 6600 (altı min altı yüz) manat borc pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən tələb olunan dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə nisbətdə tutulmalıdır. 6600 manat pulun tələbinə nisbətdə dövlət rüsumunu hesabladıqda 86 (səksən altı) manat olur. Odur ki, 86 (səksən altı) manat məbləğində dövlət rüsumu kimi ödənilmiş pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun digər hissəsi iddiaçının özünüə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6600 (altmı min altı yüz)) manat borc pul və 86 (səksən altı) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar