Məhkəmə qərarları › İş №2(029)-240/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-240/2025

26.02.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-240/2025 26.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X8 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı, onun vəkili Vəkil, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tutduğu vəzifədən azad edilməyi barədə Cavabdeh QSC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmri ləğv edilməklə Cavabdeh QSC-nin Texniki Xidmət Departamentinin direkoru vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, 1973-cü ildə anadan olmuş, 1995-ci ildə Bakı Dövlət universitetini bitirmişdir. Bakı Dövlət Universitetində təhsil aldığı dövründə 1992-ci ildə ölkənin konsititusiya quruluşunun bərpası və ərazi bütövlüyü uğrunda gedən vuruşmalarda iştirak etmiş, güllə yarası, döyüş meydanından çıxarılarkən əlavə qəlpə yaralanmaları ilə yaralanmışdır. 2011-ci ildən 2019-cu ilə kimi Şahdağ kompleksinin tikintisində və istismarında müxtəlif vəzifələrdə-mühəndis, aparıcı mühəndis və sonuncu baş mühəndis vəzifəsində işləmişdir. 2019-cu ildə haqsız olaraq əmək müqaviləsinin bitməsi bəhanəsi ilə işdən azad edilmiş, işdən azad edilməyinin əsl səbəbi isə bəzi şəxslərin iş fəaliyyətinə qarşı qərəzli mövqeyi olmuşdur. Qanunsuz işdən azad edildiyi üçün ölkə Prezidentinə Qarabağ müharibəsi qazisi olaraq əvvəlki işinə bərpa edilməyi üçün müraciət etmişdir. Prezident aparatının göstərişi əsasında müraciəti X9 müfəttişliyi tərəfindən araşdırılmış və nəticədə o, Şahdağ TM-də işinə bərpa olunmuşdur. 2024-cü ilin iyun ayının sonlarında rəhbərliyə əmək məzuniyyətinə çıxmaq haqqında ərizə ilə müraciət etmişdir. Məzuniyyət müddətində işləri nəzarətdə saxlamaq şərtilə ona məzuniyyət verilmişdir. Avgust ayının birindən məzuniyyəti bitdiyi üçün işə çıxmış, amma xidmət avtomobili rəhbərlik tərəfindən müxtəlif bəhanələr gətirilməklə onun istifadəsinə qaytarılmamışdır. Məzuniyyətdən qayıtdığdan sonra Turizm Mərkəzinin yanına çağırılmış və ona bildirmişdir ki, kurasiya etdiyi Yaşıllaşdırma və Landşaft dizaynı şöbəsi işçiləri sabotaj edərək işə çıxmamışlar və bu gündən həmin şöbənin işi onun tərəfindən idarə edilməməsini xahiş etmişdir. Onsuz ay yarımdan artıq müddət o, həmin şöbənin işini idarə etməmiş. sabotajı isə şöbə müdiri və briqadir təşkil etmişlər. Bunu səbəbi kimi isə təsərrüfat şöbəsində işçi çatışmamazlığını nəzərə alaraq həmin şöbəyə əlavə olaraq avtomobil parklanma yerlərinin təmizliyinin həvalə olunması olmuşdur. Bu göstərişi şöbə müdirinə TM rəhbəri vermişdi. Şöbə müdiri isə dezinformasiya edərək işçilərə bu əlavə göstərişin onlara onun tərəfindən verildiyini deməklə, işçiləri onun əleyhinə qaldırmışdır. Onun şöbə müdirinin apardığı qeyri- konstruktiv təbliğat işindən xəbəri olmuş və müvafiq informasiyanı İR departamenti rəhbərinə bir ay qabaqdan versə də, heç bir tədbir görülməmişdir. Həmin işçilər bir ay sonra da başqa bir tələblə, yenə də heç bir xəbərdarlıq etmədən sabotaj edərək işi saxlamış, TM rəhbərliyi onlar haqqında tədbir görülməsi üçün polis bölməsinə müraciət etmişdir. Avqust ayının 6-da TM rəhbəri “votsap” mesajında Şahdağ otelində müəyyən problemlərin olduğunu bildirmiş və ciddi şəkildə məsələnin həllinə nail olmağını tələb etmişdir. Günortadan sonra o, müvafiq sahə mühəndisləri ilə toplantı keçirmiş və məsələnin qısa zamanda həll edilməsi üçün göstərişlər vermiş, lakin, sahə mühəndisləri iş yerlərinə qayıdaraq onun eləyhinə ərizə tərtib etmişlər. Ərizədə onda olan məlumata görə müxtəlif tələblər, o cümlədən onun işdən çıxarılmağı tələb edilmiş, aldadıldığını başa düşən bəzi şəxslər sonradan imzalarını geri almış və bu barədə ona xəbər vermişlər. Paralel olaraq həmin gün rəhbərlik etdiyi elektrik və istilik təminatı şöbəsi müdiri də eyni qaydada əleyhinə ərizənin yazılmasını və imzalanmasını təşkil etmişdir. Xüsusilə qeyd etmək istəyir ki, həmin ərizədə imzalarını atan işçilərin yalnız 4-5 nəfərini şəxsən tanıyır, qalanlarını qətiyyən tanımır və işlədiyi bütün müddətdə onlarla heç bir iş görməmiş, təması olmamışdır. Avqust ayının 7 və 8 tarixlərində istirahət günlərində olduğu üçün rəhbərlik ona zəng edərək, işlədiyi müddətdə yaranmış xeyli miqdarda (56 gün) əvəz günlərini almağını və işə çıxmamağını tapşırmış o da işə getməmişdir. Avgust ayının sonlarına döğru İR departamenti rəhbəri onu TM-nə dəvət edərək, onun vəzifəsinin dəyişdiriləcəyini bildirməklə, ona hansısa şəkildə töhmət vermək fikrində olduqlarını bildirmiş və ona təklif etmişdir ki, töhməti qəbul etsin. Töhmətin hansı əsasla veriləcəyi ona bildirilməmiş, onun əleyhinə yazılan ərizələrdə yazılanların isə sirr olduğunu deyərək onu ərizələrlə tanış etməmişdir. Sentyabr ayının 28-də rəhbərlik onu TM-yə çağıraraq, əleyhinə verilmiş ərizələrin onun üzərində ciddi təzyiq yaratdığını, sabotajla təhdid edildiyini və bu şəraitdə onunla bağlanmış əmək müqaviləsini daha uzada bilməyəcəyini bildirmiş və təklif etmişdir ki, öz ərizəsi ilə işdən çıxsın. O, buna etiraz etmiş və hələ əvəz günlərinin hamısının verilmədiyini bildirmişdir. İR departamenti rəhbəri əmək müqaviləsinin, tərəfindən ayın 21 tarixində işdən gedəcəyi haqqında ərizə verəcəyi halda oktyabr ayının sonuna kimi-bir ay müddətinə uzadacağını bildirmişdir. O, buna da etiraz etmişdir. Oktyabr ayının 4-də İR departamenti rəhbəri kəskin şəkildə TM-ə gələrək xidməti istifadəsində olan avdanlıqları geri verməyini tələb etmişdir. O, 4 oktyabr tarixində Şahdağ TM-də 28 sentyabr tarixi ilə, oktyabr ayının 21-i öz xahişi ilə işdən azad edilməyi haqqında ərizə verməyinə məcbur edilmiş və istifadəsində olan əsas avadanlıqlar ondan geri alınmışdır. X9 Müfəttişliyinə müraciət etməklə baş verənlər haqqında yazılı məlumat vermişdir. Həmin idarənin mütəxəsisinin tövsiyyəsi ilə o, 4 oktyabrda verilmiş ərizənin etibarsız hesab edilməsi üçün Şahdağ TM-i sədrinə ərizə yazmışdır. Daha sonra 14 oktyabr tarixində Şahdağ TM QSC rəhbərliyinə 2022-2023 və 2023-2024-cü illər üçün istifadə etmədiyi 48 gün əmək məzuniyyətinə buraxılmağı haqqında ərizə vermişdir. Həmin tarixlərdən keçən müddət ərzində ona Şahdağ TM QSC-i tərəfindən ərizələrinin qəbul edilib-edilmədiyi haqqında heç bir məlumat verilməmişdir. Oktyabr ayının 21 tarixinə o, heç bir əvəz gününün qalmadığı halda işə çıxa bilməmiş və faktiki olaraq bəzi şəxslərin qərəzli mövqeyi üzündən faktiki işdən kənarlaşdıılmışdır. O, 2011-ildən 2019-cu ilə kimi, ilk olaraq X1 tikintisində, 2012-ci ildən həmin kompleksin istismarında işləməyinə baxmayaraq əmək müqaviləsi müddətsiz statusa keçirilməmişdir. Halbuki, qanun beş ildən artıq müddətdə işləyən işçinin əmək müqaviləsinin müddətsiz olmasını tələb edir. 2016-cı ildə X5 ləğv edilərək, Şahdağ TM QSC yaradılanda ona işdən çıxarılma ilə bağlı heç bir kompensasiya verilməmişdir. O, fasiləsiz, adi rejimdə, 2012-ci ilin dekabrından 2019-cu il 7 marta kimi eyni müəssisədə işini davam etdirmiş, dir. 2019-cu ildə isə onu formal olaraq əmək müqaviləsinin müddətinin başa çatması ilə işdən çıxarmışlar. Əmək müqaviləsinin müddətli olmasının günahkarı məhz X1 hüquqi varisi olan X6 QSC-dir. Onu da qeyd edir ki, hətta işdən çıxarıldığı 07 mart 2019-cu il tarixində əmək müqaviləsinin müddəti bitməmiş, sadəcə İR departamenti sənədlərimi saxtalaşdırmış və müvafiq qurumların tələbinə görə təqdim etməyərək gizlətmişlər. Təkrar müraciətlərinə baxmayaraq, ölkədə həmin illərdə mövcud olan pandemiya şəraitində bu saxtakarlığın üstünü açmaq mümkün olmamışdır. Yalnız 2022-ci ildə Quba-Xaçmaz regional idarəsinin rəisinin şəxsən məsələni araşdırması ilə saxtakarlıq üzə çıxarılmış, əmək hüququnun pozulması aradan qaldırılaraq o, işinə bərpa olunmuşdur. İndi formal olaraq yenə də əmək müqaviləsinin bitməsi səbəbilə, amma faktiki olaraq işində tutduğu prinsipial və yaradıcı mövqeyinə görə işdən çıxarmışlar. Şahdağ TM-i QSC-də Texniki Xidmət Departamenti direktoru vəzifəsinə təyin olunduğu vaxtdan indiyiə kimi rəhbərlik tərəfindən heç bir inzibati tenbeh və ya xəbərdarlıq almamış, keçən müddətdə vəzifə öhdəliklərini tam olaraq yerinə yetirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh QSC onunla müddətli əmək müqaviləsi bağlamaqla əmək qanunvericiliyinin tələblərini pozmuş, ona görə də onun işdən azad edilməyi barədə Cavabdeh QSC-i tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmr qanunsuz olduğundan ləğv edilməli və o, Şahdağ TM QSC-i Texniki Xidmət Departamenti direkoru vəzifəsinə bərpa olunmalıdır. Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddiaya qarşı etiraz ərizəsi göndərmişdir. Etirazda qeyd edilir ki, İddiaçı 1995-2011-ci illərdə pedaqoji fəaliyyətlə məşğul olması, müharibə veteranı olmaqla birinci Qarabağ döyüşləri zamanı yaralanması ilə əlaqədar müalicədən sonra qan təzyiqinin aşağı olması səbəbindən müalicə həkimlərinin tövsiyəsinə görə coğrafi olaraq daha hündür ərazidə yerləşən Cavabdeh QSC-nin işləməyə məcbur olmasını bildirməsi halları ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin l-İV hissələrinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır, heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Bu baxımdan İddiaçı Cavabdeh QSC-də işləmək arzusu nəzərə alınaraq 2011-ci ildən X2 ərazisində fəaliyyət göstərən şirkətə işə qəbul edilmişdir. Başqa sözlə İddiaçı iddia ərizəsinin birinci abzasının doqquz-onuncu sətirlərində qeyd etdiyi “X3 işləməyə məcbur qalması” fikirləri Cəmiyyət qarşısında əmək hüquqları baxımından heç bir güzəştli hüquqlar yaratmır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin c) bəndinə əsasən işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Eyni zamanda bu maddənin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə işçilərlə əmək müqaviləsi müddətli bağlanıla bilər. Cavabdeh QSC tikilməkdə və tikintisi genişlənməkdə olan dövlət əhəmiyyətli turizm kompleksidir ki, burada dağlıq ərazidə turizmin inkişafı ilə əlaqədar müxtəlif yeni aspektdə layihələr həyata keçirilir. Bununla əlaqədar olaraq burada tikinti, quraşdırma, yaşıllıqların salınması, avtomobil yolların və kanat xətlərinin çəkilməsi və s. qısa müddətli iş həcmləri yerinə yetirilir. Bu işlərin görülməsi ilə əlaqədar Mərkəzin strukturu daima təkmilləşdirilir və müddətli işlərin yerinə yetirilməsi ilə əlaqədar strukturda yaradılan bir sıra vəzifələrə müddətli əmək müqavilələri bağlanılmaqla işçilər işə qəbul edilirlər. İddiaçı işə qəbul edildiyi vəzifələrlə bağlı işlər daimi xarakterə malik olmadığı üçün onunla müddətli əmək müqaviləsi bağlanılmışdır ki, bu da Əmək Məcəlləsinin 45-ci maddəsinin1-ci və 4-cü hissələrinin tələblərinə uyğun olmuşdur. İddiaçı ilə Cəmiyyət arasında bağlanılmış əmək müqaviləsinə Cəmiyyətin xx.xx.2019-cu il tarixli 037K/19 nömrəli əmri ilə müddətinin bitməsi əsası ilə xitam verilmiş və 3 il 6 aydan sonra Cəmiyyətin xx.xx.2022-ci il tarixli 275/22 nömrəli əmri ilə İddiaçı digər bir vəzifəyə işə qəbul edilmişdir. Qeyd edilməlidir ki, İddiaçı Cəmiyyətə yenidən işə qəbul edilməsi heç də onun qanunsuz işdən azad edilməsi ilə əlaqədar X4 Xidmətinə işə bərpa üçün şikayəti, düzgün işdən azad edilməməsi ilə bağlı X4 Xidməti tərəfindən işə bərpa halı olmamışdır, halbuki, İddiaçı bu halı iddia ərizəsində təsvir edərək bu cür qələmə verir. Həmin dövrdə də İddiaçı əmək kolllektivi ilə birgə işləmək bacarıqlarının aşağı olması, işçilərlə kobud davranış etməsi halları müşahidə edilmiş, onun sosial vəziyyəti və müharibə veteranı olması kimi hallar nəzərə alınaraq İddiaçı yenidən Cəmiyyətə işə qəbul edilmişdir. İddiaçının işlədiyi dövrdə deyil, işdən azad edildikdən sonra əmək müqaviləsinin müddətsiz deyil, müddətli bağlanılmısını iddia etməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş iddia müddətinə (hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində) uyğun deyildir. Bu hissəyə əsasən işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər ki, iddiaçı mahiyyət etibarı ilə hüququnun pozulduğunu (əgər pozulmuşdursa) əmək müqaviləsini imzalayarkən aşkar etmiş və mahiyyət etibarı ilə iddia müddətini ötürmüşdür. Yerinə yetirilən işlərin xarakteri nəzərə alınmaqla İddiaçı ilə Cavabdeh QSC arasında bağlanılan əmək müqaviləsi müddətli bağlanılmış (1 il müddətinədək) və görülən işlərin xarakteri və müddəti nəzərə alınaraq iddiaçının işlədiyi müddət ərzində özünün qeyd etdiyi kimi müxtəlif vəzifələrdə (mühəndis, aparıcı mühəndis, baş mühəndis, texniki xidmət departamentinin direktoru) onunla müddətli əmək müqaviləsi bağlanılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir ki, İddiaçı ilə münasibətdə heç vaxt onunla bağlanmış əmək müqaviləsinin müddəti fasiləsiz olaraq 5 ili ötməmişdir. Başqa sözlə, İddiaçı müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsinə çevrilməmişdir (əmək müqavilələri bildirişləri əlavə olunur). İddiaçı ilə işəgötürən arasında əmək müqavilələrinin müxtəlif dövrlərdə müxtəlif vəzifələr üzrə müddətli bağlanılması Əmək Məcəlləsinin tələblərinə uyğun olmuşdur. İddiaçı ərizəsində onunla bağlanılmış əmək müqaviləsinə qərəzli olaraq xitam verildiyini, işinə olduqca məsuliyyətli yanaşdığı üçün bilavasitə tabeliyində olan işçilərin ona paxıllıq edərək onu sevmədiyini, Mərkəzdə görülən bir çox işlərin məhz onun təşəbbüsü və əzimkarlığı hesabına alındığını, səmələşdirici olaraq dünyada analoğu olmayan aparat yaratmaqla hotelin girişində quraşdırılmış çilçıraqların lampalarının dəyişdirilmə müddətini qısaltdığını və s. işlər nəticəsində Mərkəzin 100 min manatlarla vəsaitinə qənaət etdiyini vurğulayır ki, işəgötürənin mövqeyinə görə bu kimi hallar təvəzükarlıqdan olduqca uzaqdır. Belə ki, işəgötürənin mövqeyinə əsasən İddiaçı Cavabdeh QSC-də daha iş təcrübəsi topladıqca və daha yüksək vəzifəyə irəli çəkildikcə tabeliyində olan işçilərlə qarşılıqlı ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirə bilməmişdir. Tabeliyindəki işçilərlə kobud davranmaq, onları söyüşlərlə təhqir etmək və s. bu kimi kobud davranışlara yol vermişdir ki, nəticədə tabeliyindəki işçilər kollektiv formada işəgötürənə ərizə ilə müraciət edərək onun işdən azad edilməsini işəgötürəndən tələb etmiş və belə olmayacağı təqdirdə tətil edəcəklərini bildirmişlər. İddiaçı müharibə veteranı, eləcə də ailə başçısı olması amilləri işəgötürən tərəfindən nəzərə alınaraq onun əmək kollektivi qarşısında mövqeyi bir neçə dəfə müdafiə edilmiş, lakin o, bu kimi hallardan nəticə çıxara bilməmişdir. Yaranmış vəziyyətlə əlaqədar olaraq sonuncu dəfə işəgötürən onunla bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi barədə iddiaçıdan razılıq almış, yəni onun əmək müqaviləsinə xitam veriləcəyi təqdirdə iddia etdiyi əvəzgünlərə görə kompensasiya ödənildikdən sonra əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçı işəgötürənə ərizə ilə müraciət etmişdir (əlavə olunur). İddiaçı məhkəməyə qədər ölkə Prezidentinə, aidiyyəti dövlət orqanlarına çoxsaylı müraciətlər etmiş, bu müraciətlərində hər dəfə məsələyə aidiyyəti olmayan müxtəlif hallara istinad edərək ədalətsiz olaraq işdən çıxarıldığını sübut etməyə çalışmış, işlədiyi dövrdə təsərrüfat fəaliyyətində üzləşdiyi məsələləri əmək müqaviləsinə xitam məsələsində qərəzli hal kimi qələmə verməyə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına və vətəndaşa verilən cavabda işəgötürən tərəfindən bildirilmişdir ki, “X7” QSC-nin 4 nəfər şöbə müdiri vəzifəsində çalışan işçisinin iş prosesində istehsalat məsələləri ilə bağlı iddiaçının əleyhinə çıxması, rəhbərlik yanında iddiaçı barədə mənfi fikir yaratması, rəhbərliyin iş prosesində onlara deyil məhz iddiaçıya üstünlük verməsi zərurəti və həmin şəxslərin təsiri ilə işdən azad edilməsi kimi iddialar iş prosesində ortaya çıxan məsələlərlə bağlı rəhbər işçilərin fikir mübadiləsi prosesinin elementləridir ki, bu kimi hallarda kimin mövqeyinə üstünlük verilməsi işəgötürənin səlahiyyətindədir. Əmək qanunvericiliyində müddətli əmək müqaviləsinə müddətinin bitməsi əsası ilə xitam verildikdə iddiaçının ərizəsində vurğulanan müharibə veteranlarına, döyüşdə yaralananlara, qan təzyiqi aşağı olanlara, özünü təşəbbüskar işçi sayanlara və s. hallara görə üstünlük və güzəştin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X4 Xidmətinin Quba-Xaçmaz regional şöbəsinə verilən cavabda bir daha məsələ ilə bağlı izah verilmişdir ki, İddiaçı müddətli əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixində bitənədək ona müqavilə müddəti bitdikdə əmək müqaviləsinə xitam veriləcəyi barədə məlumat verilmiş və İddiaçı 2024-cü il ərzində müəyyən hallarda istirahət və iş günü hesab edilməyən bayram günlərində işə cəlb edilməsi və bununla əlaqədar olaraq ona əlavə ödənişin verilməsi tələbini irəli sürmüşdür. Cavabdeh QSC-də istehsalat zərurəti ilə əlaqədar olaraq müəyyən istisna hallarda rəhbər işçilərin, o cümlədən İddiaçı istirahət və iş günü hesab edilməyən bayram günlərində işlə əlaqədar (işlə bağlı telefon zəngi, görülən işlərə nəzarət, işdə olan işçilərə bəzi göstərişlərin verilməsi və s.), işə cəlb edilmə barədə əmrin verildiyi nəzərə alınaraq rəhbərlik tərəfindən İddiaçı müvafiq əmr əsasında xx.xx.2024 - xx.xx.2024-cü il dövründə ödənişli istirahət günləri verilmiş, daha sonra onun təkrar müraciəti nəzərə alınaraq bu ödənişli istirahət günlərinin müddəti 31.10.24-cü il tarixinədək uzadılmışdır kı, işçinin bu məsələyə şifahi razılığı onun müddətli əmək müqaviləsinin müddətinin uzadılması barədə əmək müqaviləsinə dəyişikliyi imzalaması, müqavilənin müddətinin uzadıldığı günlərdə işdə olmaması və işdə olmadığı günlərdə ödəniş alması ilə sübut olunur. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarına istinad edərək onunla bağlanılan əmək müqaviləsinin bu qərara əsasən müddətsiz olmasını tələb etməsi əsassızdır, çünki həmin qərar mahiyyət etibarı ilə işəgötürənlərin mövqeyini müdafiə etmiş, Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinin Əmək Məcəlləsindən çıxarılmasını dəstəkləməmişdir. İddiaçı iddia ərizəsinin birinci abzasında onun işdən azad edilməsi ilə heç bir bağlılığı olmayan yeni bir hal da vurğulanır. Burada iddiaçı yol qəzası nəticəsində xidməti avtomobillə yolda mal-qaranı vurmasını, nəticədə işəgötürənə xidməti avtomobilin təmiri üçün 4850 manat məbləğində ziyan vurmasını, bu ziyanın 2000 manatının məhkəmə qaydasında mal-qara sahibindən tutulmasını, qalan 1850 manatının isə özünün ödəməsini qeyd etməklə əmək müqaviləsinə xitam verilməsinin qərəzlılıyını göstərməyə çalışsa da, bu məsələnin onun əmək müqaviləsinə xitam verilməsi ilə heç bir bağlılığı yoxdur. Odur ki, İddiaçı cavabdeh “X6 QSC-nə qarşı “xx.xx.2024-cü il tarixli 3-46-29/3-1-362/K/2024 nömrəli əmrinin ləğv edilməklə Cəmiyyətin Texniki Xidmət Departamentinin direktoru vəzifəsinə işə bərpa olunması” tələbi əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilənləri təsdiq edərək izahatında göstərdi ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü hissəsinə görə əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Şahdağ TM QSC-nin nizamnaməsi və Texniki Xidmət Departamenti direktoru olaraq əmək müqavilənin ayrılmaz hissəsi hesab edilən vəzifə öhdəliklərim bir mənalı olaraq subut edir ki, Texniki Xidmət departament direktorunun işi daimi xarakterlidir. Bu halda həmin Məcəllənin tələbinə əsasən əmək müqaviləsi bütün hallarda müddəti müəyyən edilmədən bağlanmalı idi. Əmək qanunvericiliyi tərəflərin qarşılıqlı razılığı əmək müqaviləsinin xitamının müstəqil əsası kimi fərqləndirmir. O, yalnız əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinə xitam verilməsinin əlavə halı kimi nəzərdə tutula bilər. Əmək müqaviləsinə edilən dəyişikliklərə və sonradan xitam verilməsinə qətiyyən razı olmamış və işinin, ailəsinin dolanışığında müstəsna əhəmiyyətinə görə əmək münasibətlərinin davam etdirilməsinə ciddi ehtiyacı var idi və bunun üçün Əmək müfəttişliyindən də əlavə köməklik istəmişdir. Bağlanan əmək müqaviləsinin müddəti müəyyən olunarkən qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın göründüyü kimi, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək onunla qabaqlar bir illik müddətlə bağlanmış müqavilənin şərtlərini mənafeyi eleyhinə olaraq dəyişməklə bir aylıq əmək müqaviləsi bağlamışdır. Bu dəyişikliyə imza atmağı, başqa sözlə bir aylıq müddətin bitməsi ilə işdən azad edilməyinə imkan yaratmağı öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilə bilməz. İşçinin bu cür öz xeyrinə olmayan dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanmasının birbaşa sübutudur. Bütün bunları və həmçinin veteranlar haqqında Azərbaycan Respublikasının 1 və 9 cu maddələrinin tələbini nəzərə alaraq, məhkəmədən Azərbaycan Respublikası müharibə veteranı, birinci Qarabağ müharibəsi qazisi, daha aşağı coğrafi hündürlükdə işləmək imkanı məhdudlaşmış şəxs olaraq, tutduğum vəzifədən azad edilməyim barədə cavabdeh X6 QSC-i tərəfindən verilmiş xx.xx.2024 tarixli əmrin ləğv edilməklə X6 QSC-nin Texniki Xidmət Departamenti Direktoru vəzifəsinə bərpa olunmağım barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh QSC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı, "X6" QSC-də işləyən hər bir işçi kimi, işlərin mövsümi xarakter daşıdığını bilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsi mövsümi xarekterli işlərdə işləyən işçilərin əmək müqavilələrinin müddətli bağlanmasını əsasını müəyyən edir. Bunlardan biri də tərəflərdən birinin hüquq bərabərliyi prinspinə əməl etməklə tərəflərin razılığı ilə müqavilənin müddətli bağlanmasına ehtiva edir. İddiaçı ilə məhz həmin əsasla müddətli müqavilə bağlanmışdır. İddia tələbi əmrin ləğvindən və işə bərpadan ibarət olsa da, iddiaçı çıxışında hansı qanunvericiliyin normasını pozub onunla əmək müqaviləsinə xitam verildiyini bildirməmişdir. Əmək Məcəlləsinin 11-ci maddəsində işəgötürənin hüquqları müəyyənləşdirilib. Bunlardan biri də müqaviləyə qanuni əsasla xitam verilməsini ehtiva edir. Məhz müddətli əsasla bağlanmış müqavilənin müddətinin bitməsi əsası ilə xitam verilməsi qaydaları Əmək Məcəlləsinin 73-cü maddənin 1-ci hissəsində nəzərdə tutulub. Orada qeyd olunur ki, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış qarşı tərəf xəbərdar edilərək müqaviləyə xitam verilir. İşə götürən həmin qaydalara tam olaraq riayət etmişdir. Belə ki, oktyabr ayının 17-də tərəfin “SİMA” proqramına müddətin uzadılmaması ilə bağlı məlumat göndərilmiş, 31 oktyabrda müddətin bitməsi ona bildirilmiş, həmçinin müqaviləyə xitam verilməsinin nəzərdə tutulması ona bildirilmişdir. Bu qaydalara əməl etməklə müqaviləyə xitam verilməsinin qanunsuzdur deyilməsinin əsası yoxdur. Əgər tərəf iddia edirsə ki, müqaviləyə qanuni əsaslarla xitam verilməyib heç olmasa qanunvericilikdən bir əsas gətirsin. İddia ərizəsində tələbin əsaslığı Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 47-ci maddəsinə verdiyi şərhlə əlaqələndirilsə də, əslində həmin qərar üzrə yanaşma ondan ibarət olub ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin tətbiq edilməsi, yəni tərəflərin hüquq bərabərliyi prinsipinə əməl etməklə əmək müqaviləsinin müddətli bağlanması qanunvericiliyə uyğunluğunu müəyyənləşdirir. İddiaçının gətirdiyi yeganə əsas budur, burada isə müqavilə qanuni əsasla bağlanmışdır. Hesab edir iddia tələbi əsaslandırılmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbinin əsas dəlili ondan ibarətdir ki, onunla bağlanmış əmək müqaviləsi müddətsiz bağlanmalı olduğu halda Əmək Məcəlləsinin tələbləri pozulmaqla müddətli bağlanmış, bununla da əmək müqaviləsinə xitam verilərkən onun əmək hüquqları pozulmuşdur. Belə olan halda iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi həmin halları sübut etməlidir. İşdə olan Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin 31 oktyabr 2024-cü il tarixli 3-46-29/3-1-362/K/2024 saylı əmrinin surətindən görünür ki, texniki xidmət departamentinin direktoru vəzifəsində işləyən İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. İşdə olan İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixli 275/22 saylı əmrə əsasən Cavabdeh QSC-nin Texniki Xidmət Departamentinin baş direktoru vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2024-cü il tarixli 3-46-29/3-1050/K/2024 saylı əmrə əsasən Texniki Xidmət Departamentinə departament direktoru vəzifəsinə keçirilmişdir. İşdə olan İddiaçı ilə Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsindən görünür ki, həmin müqavilə tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onlaeın qarşılıqlı razılığı ilə xx.xx.2024-cü il tarixədək 2 il 27 gün müddətinə bağlanmışdır. İşdə olan Cavabdeh QSC-nin 30 sentyabr 2024-cü il tarixli 3-46-29/3-1-322- 1/K/2024 saylı əmrindən görünür ki, həmin QSC-də Texniki xidmət departamentinin direktoru vəzifəsində işləyən İddiaçı arzusu nəzərə alınaraq ona 2024-cü il oktyabr ayının 02-21 tarixlərində əmək haqqı saxlanılmaqla istirahət günü verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək Məcəlləsinin 45-ci maddəsinin 4-cü və 5-ci hissələrinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Əmək Məcəlləsinin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. Həmin Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, ...Qeyd edilməlidir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin Konstitusiyaya uyğunluğunun yoxlanılması və şərh edilməsi xahiş olunan “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Yəni faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 20 oktyabr tarixli Qərarı). Məhz qeyd olunanlar baxımından qanunverici işaxtaranların daimi məşğulluğunun, sosial müdafiəsinin təmin edilməsi, əmək bazarında qeyri-sabit vəziyyətin yaranmasının qarşısının alınması məqsədi ilə müddətli əmək müqaviləsinin bağlanmasına imkan verən istisnaların siyahısını Əmək Məcəlləsinin 47-ci maddəsində müəyyən etmişdir. Bununla yanaşı, qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Göründüyü kimi, əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqaviləsinin qanunda nəzərdə tutulan hallarda, o cümlədən əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli bağlanmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən 73-cü maddəsində müddətli əmək müqaviləsinə xitam verilməsi onun müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən birinin digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməsi halı ilə şərtləndirilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə qarşılıqlı razılaşma əsasında xx.xx.2022-ci il tarixdə müddətli əmək müqaviləsi bağlamaqla həmin QSC-nin Texniki Xidmət Departamentinin baş direktoru vəzifəsinə işə qəbul olunmuş, həmin QSC-nin xx.xx.2024-cü il tarixli əmri ilə texniki xidmət departamentinə departament direktoru vəzifəsinə keçirilmişdir. Əmək müqaviləsi bağlanarkən İddiaçı müqaviləsinin müddətli olmasına etiraz etməmiş, müqavilənin şərtlərini və əmək funksiyalarını yerinə yetirməklə faktiki olaraq bütövlükdə əmək müqaviləsinin məzmunu, o cümlədən müqavilənin müddətlə bağlı şərtilə razı olduğunu öz hərəkətləri ilə nümayiş etdirmişdir. Bununla da, əmək müqaviləsi bağlanarkən Əmək Məcəlləsinin, o cümlədən İddiaçı əmək hüquqlarının pozulması hallarına yol verilməmişdir. Bundan başqa, müəyyən olundu ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitənədək ona əmək müqaviləsinə müddətin bitməsinə görə xitam veriləcəyi barədə məlumat verilmiş, həmin şəxs istirahət və iş günü hesab edilməyən bayram günlərində işlədiyinə görə ona əlavə ödənişin verilməli olduğunu bildirdiyindən QSC-nin 30 sentyabr 2024-cü il tarixli əmri ilə ona 02-21 oktyabr 2024-cü il tarixlərdə əmək haqqı saxlanılmaqla istirahət günləri verilmiş, eyni zamanda qarşılıqlı razılaşma əsasında əmək müqaviləsinin müddəti 31 oktyabr 2024-cü il tarixədək uzadılmış, 17 oktyabr 2024-cü il tarixdə həmin şəxsə xəbərdarlıq məktubu verilməklə ona əmək müqaviləsinə xitam veriləcəyi bildirilmiş, 31 oktyabr 2024-cü il tarixdə isə müddət bitdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Bununla da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulan qaydaya və şərtlərə tam əməl olunmuşdur. Belə olan halda, iddiaçının əmək müqaviləsinə xitam verilərkən həmin şəxsin əmək hüquqlarının və Əmək Məcəlləsinin tələblərinin pozulmasına hallarına da yol verilməmişdir. İddiaçının dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh müəssisə tərəfindən əmək müqaviləsi iddiaçının göstərdiyi əsaslara görə deyil, əmək müqaviləsinin müddətinin qurtarması əsasına görə ləğv edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan hallar sübuta yetirilmədiyindən və bununla da iddia əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar