Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-252/2022 20.04.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Aslanov X2 Leyla Sabir qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 2000 (iki min) manat əsas borcun və iddia qaldırmaqla əlaqədar ödədiyi 40 (qırx) manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Cavabdeh çoxdan tanıyır. 2015-2016cı illərdə onlar hər ikisi də Qusar rayonu Gedəzeyxur kənd məktəbində müəllim işləmişlər. Onun kimi cavabdeh də Qusar şəhərindən Gedəzeyxur kəndinə gedib məktəbdə uşaqlara dərs deyib Qusar şəhərinə qayıdırmış və çox vaxtlar yolda, avtobusda rast gəlirmişlər. 2016-cı ilin iyun ayında Cavabdeh ondan 2000 manat borc istəmişdir. Onda isə həmin pul nağd olaraq olmamışdır. Ona görə də o, cavabdehin müəllim yoldaşı olduğunu nəzərə alıb, onu tanıyıb inandığı üçün 06 iyun 2016-cı il tarixdə “KapitalBank”ın Qusar rayon filialından 2300 manat kredit almış və sabahısı gün, yəni 07 iyun 2016-cı il tarixdə həmin puldan 2000 (iki min) manatı cavabdehə borc vermişdir. O, cavabdehdən ondan pulu alması barədə notariat müqaviləsi bağlamağı və ya ona yazılı qəbz verməyi xahiş etmişdir. Lakin, Cavabdeh 3-4 ay ərzində pulu ona geri qaytaracağını və ona görə də notarial qaydada müqavilə bağlamağa və ya ona yazılı qəbz verməyə ehtiyac olmadığını bildirmişdir. Lakin, bununla belə həmin pulu cavabdehə borc verdiyi zaman bacıları Xanəhmədova (Aslanova) Hürüzad Mərdan qızı və Rəfiyeva (Aslanova) Rəisə Mərdan qızı onun yanında olmuşlar. Həmin pulu o, Cavabdeh 07 iyun 2016-cı il tarixdə öz evinin qabağında küçədə vermiş və həmin vaxt onunla birlikdə bazardan qayıdan bacıları Hürüzad və Rəisə də bunun şahidi olmuşlar. Lakin, Cavabdeh razılaşdıqları kimi 3-4 aydan sonra borc aldığı pulu ona qaytarmamışdır. Bir neçə dəfə ona desə də, hər dəfə bir bəhanə gətirərək ona pulu qaytarmamışdır. Sonradan o, qocalığa görə pensiyaya çıxmışdır. Artıq bundan sonra cavabdeh pulunu qaytarmaqdan ümumiyyətlə imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Gədəzeyxur kənd orta məktəbində müəllim işləmiş, 2 ildir ki, pensiyaya çıxmışdır. Cavabdeh da Qusar rayonu Gədəzeyxur kənd orta məktəbində işləyir və onlar 2 il eyni məktəbdə işləmişlər. 2016-cı ilin iyun ayında cavabdeh ondan 2000 manat borc pul istəmiş, o isə əlində nağd pul olmadığını bildirmişdir. Cavabdeh banka borcu olduğu üçün kredit götürə bilmədiyindən bunu ondan xahiş etmişdir. 06 iyun 2016-cı il tarixdə o, "xxxx"ın Qusar filialından 2300 manat kredit götürmüşdür və cavabdehin xahişi ilə X3 həmin kredit müqaviləsi üzrə bank qarşısında zamin durmuşdur. 07 iyun 2016-cı il tarixdə o, bacıları Hürüzad və Rəisə ilə birlikdə Qusar şəhərində həmin pulun 300 manatına bazarlıq etmiş, qalan 2000 manat pulu isə cavabdehin evinə gedərək, həyətdə bacılarının yanında cavabdehə vermişdir. Həmin vaxt o, cavabdehə borcla bağlı notarial qaydada müqavilə bağlamalarını və ya qəbz yazmasını təklif etsə də, cavabdeh 3-4 aya pulu qaytaracağını və bunun üçün hər hansı rəsmiləşdirmə aparılmasına ehtiyac olmadığını bildirmişdir. Lakin, cavabdeh dediyi müddətə borcunu qaytarmamış və o, pulunu tələb etdikdə isə uşaqları təhsil aldıqları üçün xərcinin çox olmasını və pulu hələki qaytara bilməyəcəyini bildirmişdir. O isə cavabdehin uşaqlarının təhsili bitdikdən sonra pulu qaytaracağını düşündüyündən ötən bu müddət ərzində məhkəməyə müraciət etməmişdir. Həmin krediti isə o, tam vaxtında 01.01.2018-ci ildə ödəyərək banka olan borcu bağlamışdır. O, Cavabdeh pulu qaytarmaq niyyətinin olmadığını görüb ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Polis şöbəsində araşdırma aparıldıqdan sonra məsələnin öz aralarında sülh yolu ilə həll olunması təhsil şöbəsinə tapşırılmışdır. Bundan sonra onlar təhsil şöbəsinə çağırılmışlar və orada 6 nəfərin iştirakı ilə təhsil şöbəsinin müdiri Yüzbəy müəllimin otağında müzakirə aparılmışdır. Təhsil şöbəsinin müdiri ona həmkarlar ittifaqları tərəfindən 200 manat veriləcəyini bildirmiş, Cavabdeh tərəfindən isə əvvəlcə 1000 manat, sonra isə 800 manat verilməsinə razı olub-olmadığını soruşduqda o, buna razılığını bildirsə də, sonradan cavabdeh aralarında hər hansı bir müqavilə olmadığını və ümumiyyətlə ona borclu olmadığını bildirərək razılaşmamışdır. Ona görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia müddətini ötürməsini bilmir, cavabdehin nə vaxtsa borcu qaytaracağını güman etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavbadeh Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, Qusar rayonu Gədəzeyxur kənd orta məktəbində ibtiadi sinif müəlliməsi işləyir, İddiaçı da 2016-cı ildə birlikdə işlədikləri məktəbdən müəllim yoldaşı kimi tanımışdır. O, işlədiyi məktəbə Qusar şəhərindən avtobusla getmiş, iddiaçı onun da həmin məktəbdə işlədiyini biləndən sonra avtobusda onun əvəzinə də yol pulunu vermiş və bu hal bir neçə gün təkrar olunduğundan o iddiaçıya etirazını bildirərək bir daha onun yerinə yol pulunu verməməsini demişdir. Bir müddət sonra o, onurğasında yaranmış xəstəliyə görə yatağa düşmüş və işə gedə bilməmişdir. Xəstə olduğu müddətdə İddiaçı ərzaq alaraq onların evinə gəlmiş və həmin ərzaqları qapıdan onun həyat yoldaşına vermiş, həyat yoldaşı isə bunun səbəbini soruşduqda insanlıq xatirinə etdiyini bildirmişdir. Daha sonra isə İddiaçı onun paltosu köhnə olduğu üçün təzə palto alaraq onlara gəlmiş və müəlliməyə soyuq olub xəstələnməsin deyə aldığını demiş, o buna ehtiyac olmadığını və paltonu istəmədiyini bildirmişdir. Bundan sonra iddiaçı həmin paltonu aparıb başqa bir palto alaraq evlərinin qapısında qoymuş və ona zəng edərək paltonu götürməsini demişdir. İddiaçı tez-tez ona zəng edib narahat etdiyinə görə ona zəng edə bilməsin deyə həmin şəxsin nömrəsini bloka atmış, məktəbə gedəndə ondan nə üçün telefonuna zəng çatmadığını soruşduqda, telefonun oğlunda olduğunu, ona görə də zəng etməməsini xahiş etmişdir. Bundan sonra isə iddiaçı onların evinə gəlib təzə aldığı telefon, nömrə və konturu qoyub getmişdir. O, isə həmin telefonu işlətməmiş, ümumiyyətlə qutusunu açmamışdır. İddiaçı daha sonra onun həyat yoldaşı ilə münasibət quraraq onlara gəlməyə başlamış, əri spirtli içkilərə meyilli olduğu üçün əri ilə araq içərək onun etibarını qazanmış, əri sərxoş olandan sonra evlərində də, ona qeyri-etik təkliflər etmişdir. İddiaçı onun ərinə evinin təmiri üçün tikinti materialları almamasını, onda evinin təmirindən tikinti materialları qaldığını bildirmiş və istəmədikləri halda belə özü armaturlar gətirərək onların həyətinə boşaltmışdır. O, iddiaçının ona qarşı pis niyyətinin olduğunu görüb onu evdən qovmuşdur. Bir müddət sonra iddiaçı onu küçədə görüb yaxınlaşmış, ona etdiklərinin əsl səbəbini deyərək ona qeyri-etik təklif etmiş, o isə buna əsəbiləşib qışqıraraq rədd olmasını bildirmişdir. O, bundan bir müddət sonra evə gələrkən ərinin əlində hansısa sənədlərin olduğunu görmüş, nə olduğunu ərindən soruşduqda əri bildirmişdir ki, İddiaçı gələrək bankdan pul götürüb guya ona verdiyini və həmin pulu geri istədiyini demişdir. O, isə buna əsəbiləşərək hər şeyi, həmçinin Əmirbəyin ona etdiyi qeyri-etik təklifləri də ərinə demiş və bundan sonra polis şöbəsinə gedərək İddiaçı şikayət etmişdir. Polis şöbəsində araşdırma aparılan zaman o, məsələdən onun ailəsinin məlumatı olduğu üçün iddiaçının da həyat yoldaşının çağırılmasını istəmişdir. Həmin vaxt İddiaçı ağlayaraq bu yaşında ailəsi dağılmasın deyə həyat yoldaşının çağırılmaması üçün yalvarmışdır. Polis şöbəsindəki araşdırmadan sonra ona iddiaçının onlara alıb gətirdiyi ərzaqların əvəzinə 500 manat pulu, paltonu, mobil telefonu gətirərək geri qaytarmışdır. Bununla belə, iddiaçı ona qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, iddiaçıdan borc pul almamış, bu barədə həmin şəxsin dedikləri yalandır, nəyə görə onun əvəzinə iddiaçı bankdan pul götürməli idi. Hesab edir, iddia tələbi tamamilə əsassızdır və rədd edilməlidir. Bundan başqa, iddiaçı tərəfindən iddia müddəti də ötürülmüş, 2016-cı ildən indiyədək 3 ildən artıq müddət keçmişdir və ona görə də, iddia həm də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. İddia müddətinin tətbiqi ilə əlaqədar onun tərəfindən məhkəməyə ərizə təqdim edilmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil izahat verərək cavabdehin qeyd etdiyi xüsusatları təsdiq etmiş, həmçinin göstərmişdir ki, iddia əsassız olmaqla yanaşı iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti də ötürülmüşdür. Belə ki, müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 ildir. 2016-cı ildən indiyədək isə 3 ildən artıq müddət keçmişdir. Odur ki, iddia həm əsassız olduğundan, həm də, iddia müddəti ötürüldüyündən rədd edilməlidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, iddiaçının, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyib iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan "xxxx" ASC-nin Qusar filialı ilə İddiaçı arasında bağlanmış 06.06.2016-cı il tarixli, 148GTKR161580502 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən İddiaçı illik 31 faiz dərəcəsi ilə 24 ay müddətinə 2300 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" ASC-nin Qusar filialı ilə X3 arasında bağlanmış 06.06.2016-cı il tarixli Z-148GTKR161580502 saylı zaminlik müqaviləsindən görünür ki, Nərgiz Məlikova 148GTKR161580502 saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq bank qarşısında zamin durmuşdur. Məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş 17.03.2020-ci il tarixli ərizədən görünür ki, o, İddiaçı ona qarşı 2000 (iki min) manat borcun, 40 (qırx) manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2040 (iki min qırx) manat pul tələbinə dair iddiası üzrə iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 324.6-cı maddəsinə əsasən əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göründüyü kimi, mülki qanunvericilikdə borc müqaviləsinin şifahi formada bağlanması halı nəzərdə tutulsa da, İddiaçı tərəfindən Cavabdeh hər hansı məbləğdə və hər hansı müddət üçün borc pul verilməsi, həmin şəxsin onun qarşısında pul öhdəliyinin yaranması, cavabdehin hər hansı davranışlar edərək iddiaçı ilə şifahi borc müqaviləsinin bağlanmasına dair iradə ifadəsi bildirməsi və bununla da tərəflər arasında borc münasibətlərinin əmələ gəlməsi məhkəmə iclasında öz təsdiqini tapmamış, iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi kredit və zaminlik müqavilələri isə onun özünün bank qarşısında yaranmış öhdəliyi və X1 onun öhdəliklərinin icrasının təmini kimi bank qarşısında zamin durması barədədir. Bu səbəbdən də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin şəxsin iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmamış, cavabdehin həmin şəxsin qarşısında hər hansı öhdəliyinin olması sübuta yetirilməmiş, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bundan başqa, Mülki Məcəllədə müqavilə öhdəlikləri üzrə 3 il iddia müddəti nəzərdə tutulmuşdur. İddiaçı 07 iyun 2016-cı il tarixdə 3-4 ay ərzində qaytarılmaq şərti ilə cavabdehə borc pul verdiyini bildirmişdir. Lakin, özünün qeyd etdiyi kimi 3-4 ay keçdikdən sonra cavabdeh ona borclu olduğu pulu qaytarmadığı təqdirdə o, özünün hüquqlarının pozulduğunu güman etsə və ya güman etməli olsa da, həmin vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra-yəni təxminən 5 il keçdikdən sonra hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti tətbiq edilməli və həm də həmin əsasa görə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat məbləğində borcun ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan və sübuta yetirilmədiyindən, həmçinin iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119, 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı 2000 (iki min) manat məbləğində borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-252/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-252/2022
20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver