Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-259/2023 23.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X5, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10 dekabr 2005ci il tarixdə verdiyi 6 milyon manat və 30 dekabr 2006-cı il tarixdə verdiyi 5 milyon manat cəmi 11 milyon manat pulun əvəzi olaraq cavabdehdən qeyri-rəsmi aldığı 0.90 ha torpaq sahəsi əvəzinə torpağın hal-hazırki bazar qiyməti olan 20 min manat, ona vurduğu zərərə görə 5000 manat və 165 dövlət rüsumunun ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun tanışıdır. O və ailə üzvləri cavabdehə məxsus torpaq aralarında olan razılaşmaya əsasən istifadə edirdi. Cavabdeh 2005-ci ildə onlara bildirmişdir ki, Quba rayon AİK-nın 1999-cu il 18 fevral tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə verilmiş və JN:204 Kod 30313018 saylı Torpağa Mülkiyyət Hüququna Dair Dövlət aktına əsasən onlara məxsus 2,97 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.90 ha satmaq istəyirlər. O, da həmin torpaq sahəsini almaq istədiyindən həmin torpağı o vaxtki pul ilə 11 (on bir milyon) manata, yəni 11 paçka şirvana cavabdehlə razılaşmışdır. Beləliklə də, cavabdehlə öz aralarında 10 dekabr 2005-ci il tarixdə akt tərtib edərək, torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatını ilkin olaraq Cavabdeh vermiş, qalan 5 (beş) milyon manatını isə alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirəcəkləri zaman verəcəyini bildirmişdir. Cavabdehdə həmin aktla razılaşaraq torpaq sahəsini ona satması barədə akta imza etmiş və Dövlət Aktının əslini ona təhvil vermişdir. Bundan sonra xx.xx.2006-cı il tarixdə torpağın dəyərindən qalıq 5 milyon manatı cavabdehə verərək bildirmişdir ki, torpaq sahəsini ona satmasına dair alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirək. Cavabdeh 5 milyon manatı götürüb bildirmişdir ki, tez bir zamanda notariat kontoruna gələrək alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini öhdəsinə götürməsini bildirmişdir və bu barədə qəbz yazaraq vermişdir. Bundan sonra cavabdehə dəfələrlə torpaq sahəsinə dair alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirməyi bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqını rəsmiləşdirməkdən boyun qaçırmış, sonda isə yaşadığı ünvanı onlardan gizlətmişdir. Cavabdeh Quba rayon məhkəməsinə ərizə ilə müraciət edərək onların həmin torpaq sahəsindən çıxmağını tələb etmiş, alqı-satqı müqaviləsini rəsmiləşdirməyi tələb etdikdə isə ondan 5000 manat pul istəmişdir. Halbuki, cavabdeh 10 dekabr 2005-ci il tarixli akt tərtib edilərkən, gələcəkdə torpaq sahəsinin bahalaşmasının alqı-satqı müqaviləsinin notariat kontorunda rəsmiləşməməsi üçün əsas ola bilməməsi, əgər belə bir hərəkət edilərsə ona istənilən məbləğdə maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh torpaq sahəsinin dəyərini tam şəkildə almasına baxmayaraq, alqı-satqı müqaviləsini rəsmiləşdirməkdən imtina etmiş, əvəzində 5000 manat pul tələb etmiş və onu torpaq sahəsindən çıxararaq torpaq sahəsini satışa çıxarmışdır. Ondan aldığı pulu isə geri qaytarmamış, sonda isə borclu olduğu pulu ödəməkdən imtina etmişdir. Quba rayon məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən görünür ki, Məhkəmə ekspertizası mərkəzinin 23 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən pul alması barədə qəbzdəki yazıların və imzanın Cavabdeh tərəfindən icra olunduğu qeyd olunmuşdur. Hazırda həmin 0.90 ha torpaq sahəsinin bazar qiyməti 20 min manat təşkil edir. Hesab edir ki, Cavabdeh torpaq sahəsinə görə pulunu tam aldığından və cavabdeh notariat kontoruna getməkdən imtina etdiyinə görə ona torpaq sahəsini qaytardığı halda onun bazar qiymətini, yəni 20 min manatı ona ödəməlidir. Məhkəmə iclasında iddiaçı X11 iddianı müdafiə edərək bildirmişdir ki, 2005-ci ildən 2022-ci ilə kimi torpaq sahəsi onun istifadəsində olub, əvvəllər Rusiya Federasiyasına gəlib getmişdir, pandemiyadan sonra getməmişdir, yaşlı olduğuna görə torpaq sahəsindən istifadə etmişdir, sonradan Bahar xanıma torpaq sahəsinə dair alqısatqı müqaviləsi notarial qaydada rəsmiləşdirməsini xahiş etmiş, lakin Bahar xanım razı olmamış, əlavə ondan beş min manat pul istəmişdir. Torpağı alan kimi alqı-satqı müqaviləsi notarial qaydada rəsmiləşdirməməsi onun günahı olub, karantindən əvvəl o, Rusiya Federasiyasında olmuşdur, arxayın olmuşdur ki, pulu verib torpağı alıb. O, arxayın olmuşdur ki, Bahar xanım istədiyi vaxt onunla alqı-satqı müqaviləsi bağlayar. O, vaxt alqı-satqı müqaviləsi bağlamamış, səhv etmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X4 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, Cavabdeh özünə məxsus 2,97 ha torpaq sahəsində 0,90 ha hissəsini 2005-ci ilin dekabr ayında öz aralarında akt tərtib edərək alqı-satqı edərək 11 milyon manata satmışdır. Bununla bağlı Cavabdeh öz xətti ilə yazdığı, ekspertizanın da onun imzası olduğunu təsdiq etdiyi qəbz də vardır. Bahar xanım 10 dekabr 2005-ci il tarixli aktda gələcəkdə torpaq sahəsinin bahalaşmasının alqı-satqı müqaviləsinin notariat kontorunda rəsmiləşməməsi üçün əsas ola bilməməsi, əgər belə bir hərəkət edilərsə ondan istənilən məbləğdə maddi və mənəvi ziyanın ödənilməsini öhdəsinə götürmüşdür. Cavabdeh altı milyonu aralarında akt tərtib edərək qəbul edib, sonradan Qusar rayonda fəaliyyət göstərən vəkil Rauf Kazımovun yazdığı qəbzdə də cavabdeh pulun hamısı qəbul etdiyini, aralarında heç bir narazılığın olmadığını, yaxın zamanlarda alqı-satqını notarial qaydada rəsmiləşdirəcəyini qeyd etmişdir. Sonradan iddiaçı alqısatqını notarial qaydada rəsmiləşdirməsini iddiaçıdan tələb etsə də cavabdeh bundan imtina edib. Daha sonra cavabdeh məhkəməyə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını xahiş etmiş, məhkəmə də cavabdehin iddiasını təmin etmişdir. Belə olan halda Ruslanın əlindən həm pul həm də torpaq sahəsi çıxmışdır. Buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda torpaq sahəsinə görə 20 min manat tələb edir, çünki həmin ərazidə hal hazırda bir hektar torpaq sahəsinin dəyəri 25 min manatdır, bu barədə hər hansı bir sənəd yoxdur, Quba rayon məhkəməsinin qərardadına əsasən ekspertiza təyin olunmuşdur, ekspertin rəyində qiymət göstərilib. Bütün sübutlar iddia ərizəsinə əlavə olunub, buna görə də iddianın tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsi mülkiyyət hüququ əsasında ona məxsusdur, onun həmin torpaq sahəsinə çıxarışı var. O, aktı iddiaçıya 2005-ci ildə altı milyon manat pul alanda vermişdir. İddiaçı özü gəlib torpaq sahəni almaq istədiyini deyib, o da razı olmuşdur. Onlar o vaxtın pulu ilə 11 paçka şirvana razılaşmışlar. İddiaçının dedikləri yalandır. 6 milyon manatı o almışdır, bunu təsdiq edir. Sonradan iki üç il o, iddiaçının qapısına gedib qalan beş milyonu tələb edib torpağını ona verməsini demişdir. Alqı-satqını rəsmiləşdirməmişlər, onların arasında şifahi razılaşma olmuşdur. Cavabdeh onun torpağından istifadə edib əkib-becərib. Sonradan iddiaçı özü onun qapısına gəlmiş və torpağı almağa imkanı olmadığını və torpağı istifadə etmək istədiyini demişdir. Onların aralarında şifahi razılaşma olmuş, o iddiaçıya “əgər torpağı alacaqsansa istifadə edərsən” demişdir. İddiaçı imkanı olanda pulu verəcəyini, sonra alqı-satqı müqaviləsini rəsmiləşdirəcəyini demişdir. O, iddiaçıdan aldığı pulu qaytarmamışdır, çünki iddiaçı 2005-ci ildən 2022-ci ilə kimi onun torpaq sahəsindən istifadə edib, xeyir götürüb. Sonda Cavabdeh məhkəməyə ərizə təqdim etmiş və izahatında bildirmişdir ki, iddiaçı iddia müddətini ötürmüşdür, həmin vaxtdan uzun müddət keçmişdir. Həmin 20 il müddətində iddiaçı onun torpaq sahəsindən istifadə etmişdir və gəlir əldə etmişdir. Buna görə də, iddia müddətini tətbiq edərək iddiaçının iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, JN-204 KOD30313018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 18 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə ünvan 2 ərazisindən Cavabdeh Əzimbək qızının, X6, X16, X14, X2 və X7 mülkiyyətinə 2.97 ha torpaq sahəsi verilmişdir. İşdə olan qeydiyyat tarixi xx.xx.2013-cü il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.9052 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X21, X17, X13 və X10 payları ümumi birgə olmaqla xüsusi mülkiyyətlərindədir. İşdə olan 10 dekabr 2005-ci il tarixli Cavabdeh, X12 və X24 tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, Quba rayonunun Hacı Hüseynli kənd sakini Cavabdeh onun ailə üzvlərinə verilmiş əmlak payı 90 sot torpaq sahəsini X8 satılması razılığını əldə etmişlər. Bu məqsədlə X12 qeyd olunmuş 90 sot torpaq sahəsini 11 (on bir) milyon manata satın alacağı razılığına gəlmişlər. Satın alınacaq torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatı Cavabdeh vermiş, qalan 5 (beş) milyon manatı altısatqı müqaviləsini notariat qaydasında təsdiq ediləsi vaxt qaytaracağını bildirmişdir. Gələcəkdə torpağın qiymətinin bahalaşması müqavilənin bağlanılmamasına əsas ola bilməz. Belə bir hərəkət edilərsə, Cavabdeh X8 istənilən məbləğdə maddi və mənəvi zayanın ödənilməsini öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2006-cı il tarixli qəbzdən görünür ki, Məhərova X1 olan torpaq sahəsini X8 satmış və pulun hamısını götürmüşdür. Öhdəsinə götürmüşdür ki, alqı-satqı müqaviləsini notarius qeydiyyatının aparılmasına etirazı olmayacaqdır. İşdə olan 03 oktyabr 2023-cü il tarixli AB consulting MMC-dən verilmiş ekspertiza rəyindən görünür ki, ünvan 2i ünvanında yerləşən 2.97 ha və Cavabdeh **********19 reyest nömrəli çıxarış üzrə məxsus olan 0.9052 ha torpaq sahəsinin hazırki bazar və likvid qiyməti aşağıdakı kimidir. 2.97 ha torpaq sahəsinin bazar qiyməti 75500 (yetmiş beş min beş yüz) manat, 0.9052 ha torpaq sahəsinin bazar qiyməti 22800 (iyirmi iki min səkkiz yüz) manat. Məhkəməyə Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iş üzrə mülki qanun vericiliyin tələblərinə uyğun olaraq iddia müddəti keçmişdir. Buna görə də, iddia müddəti keçdiyinə görə iddi müddəti tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 382-ci maddəsinə əsasən iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Həmin Məcəllənin 567.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1. və 600.2-ci maddələrinə əsasən Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 601.1 və 601.2-ci maddələrinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; Hissəhissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İddiaçı Ruslan Yulçiyev Cavabdeh ilk dəfə 0.90 ha ərazi üçün 10 dekabr 2005-ci il tarixdə akt tərtib edərək, torpaq sahəsinin dəyərindən 6 (altı) milyon manatını ilkin olaraq vermiş, qalan 5 (beş) milyon manatını isə alqı-satqı müqaviləsini notariat kontorunda rəsmiləşdirəcəkləri zaman verəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2006cı il tarixdə torpağın dəyərindən qalıq 5 milyon manatı cavabdehə verərək bildirmişdir ki, torpaq sahəsini alqı-satqı ilə rəsmiləşdirsinlər. Bununla da, həmin vaxtdan o, hüququnun pozulduğunu bilməli olsa da, 15 ildən çox müddət ötməsinə baxmayaraq məhkəməyə müraciət etməmişdir. Beləliklə, Ruslan Yulçiyev tərəfindən iddia müddəti ötürülmüşdür. Onun iddia müddətinin ötürülməsinin üzürlü səbəbdən baş verməsi barədə isə qanunla müəyyən edilmiş əsaslar müəyyən edilməmiş, bu barədə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı Ruslan Yulçiyev Cavabdeh ona 5000 manat zərər vurması barədə nə iddia ərizəsində hər hansı sübut göstərilməmiş, nə də ki, məhkəmə iclasında da ona zərər vurulması ilə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh 10 dekabr 2005-ci il tarixdə verdiyi 6 milyon manat və 30 dekabr 2006-cı il tarixdə verdiyi 5 milyon manat cəmi 11 milyon manat pulun əvəzi olaraq cavabdehdən qeyri-rəsmi aldığı 0.90 ha torpaq sahəsi əvəzinə torpağın hal-hazırki bazar qiyməti olan 20 min manat pulun tutulması hissəsinə münasibətdə iddia müddəti tədniq edilməklə rədd edilməli, Cavabdeh iddiaçı X9 vurduğu zərərə görə 5000 manat alınıb ona verilməsi barədə isə sübut təqdim edilmədiyindən rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X5 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-259/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-259/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver